İşıqlı şəxsiyyət
(“Ürəyimdən kimlər keçdi”
silsiləsindən)
Görkəmli bəstəkar, Respublikanın Xalq artisti,
Respublika dövlət mükafatı laureatı, professor Süleyman Əyyub oğlu Ələsgərov 22 fevral 1924-cü ildə Şuşa şəhərində anadan olub. 1940-cı ildə Şuşa
orta ixtisas musiqi məktəbinin tar sinfini, 1948-ci ildə isə
Azərbaycan Dövlət Konservatoriyasını bitirib.
A.Zeynallı adına Bakı Orta İxtisas Musiqi məktəbinin
direktoru, daha sonra Azərbaycan Dövlət
Filarmoniyasının Mahnı və Rəqs ansamblının bədii
rəhbəri, uzun müddət Bakı Musiqi
Akademiyasının professoru olub, Azərbaycan xalq musiqisi
kafedrasına başçılıq edib.
60-cı
illərdə Musiqili Komediya Teatrının direktoru və
baş dirijoru olan Süleyman Ələsgərov “Bahadır və
Sona”, “Solğun çiçəklər” operalarının,
“Milyonçunun dilənçi oğlu” (libretto müəllifi
Şıxəli Qurbanovdur), “Özümüz bilərik”,
“Hardasan, ay subaylıq”, “Həmişə xanım”, “Ulduz” və
başqa operettaların müəllifidir. “Ulduz”
operettası “Azərbaycanfilm” kinostudiyasında
ekranlaşdırılıb. “Bayatı-Şiraz” simfonik
muğamının, tar ilə xalq çalğı alətləri
orkestri üçün 3 konsertin, “Vətənə eşq
olsun”, “Bahar təranələri”, “Bir bayraq altında”
kantatalarının, çoxlu mahnı və romansların
müəllifidir.
Xalq artisti Süleyman Ələsgərov 21 yanvar 2000-ci
ildə Bakı şəhərində vəfat edib, Fəxri
Xiyabanda dəfn olunub.
lll
Hər dəfə Hüsü Hacıyev küçəsi
ilə Yazıçılar Poliklinikasına sarı gedəndə
elə bilirəm bu saat Süleyman müəllim qarşıma
çıxacaq. Həmişəki kimi hal-əhval tutduqdan
sonra söhbəti Qarabağdan salacaq, Şuşadan,
Ağdamdan... danışacaq. Bir anda
sevincimiz qəmə dönəcək. Sonra Süleyman
müəllim dünya görmüş bir ağsaqqal kimi mənə
ürək-dirək verəcək:
– Yaman
günün ömrü az olar, inşallah,
bir gün Qarabağ da geri alınacaq.
Doğrusu,
bu gün görkəmli bəstəkarımız,
Respublikanın Xalq artisti Süleyman Ələsgərovla
harada, neçənci ildə tanış
olduğumu xatırlaya bilmirəm. Amma dəqiq
bilirəm ki, onu sənətkarlardan kiminsə haqqında
yazdığım radio verilişində ürək
sözünü deməyə
çağırmışdım. Süleyman
müəllim də vaxt tapıb verilişdə iştirak
etmişdi.
O, son dərəcə
diqqətcil, mədəni, xeyirxah, sözünün sahibi olan
işıqlı bir şəxsiyyət idi. Xeyirxahlıq
mücəssəməsiydi.
İndi hər dəfə Süleyman müəllimi
xatırlayanda, ilkin olaraq, uşaqlığım, kəndimiz, əzizlərim
–babam, nənəm yadıma düşür. Çünki
mənim yaddaşımda uşaqlıq illərim,
televiziyanın hələ kəndlərə ayaq
açmadığı çağlar, o dövrlərdə
respublika radiosunda tez-tez səsləndirilən “Ulduz”
operettasının musiqisi canlanır. Süleyman
Ələsgərovun xalq ruhunda yoğrulmuş musiqisi –
xüsusən Məhəmmədlə Züleyxanın dueti kəndimizdə
dillər əzbəriydi və bizim ailəmizdə də bu
şən, oynaq musiqiyə çox böyük məhəbbət
bəslənilirdi.
Onda
heç mənim ağlıma da gəlməzdi ki, bir gün
Bakıya gələcəm, ali təhsil
alacam, yazıçılıq fikrinə düşəcəm,
Azərbaycan radiosunda vaxtaşırı musiqili verilişlərim
səslənəcək. Məhz bu yazmaq həvəsi
məni dövrümüzün bir çox böyük şəxsiyyətləri
ilə görüşüb söhbət etməyə
sövq edəcək və belə unudulmaz şəxsiyyətlərin
biri də Süleyman Ələsgərov olacaqdır.
Haqqında verilişlər yazdığım elə bir
müğənni yoxdur ki, Süleyman müəllim onun
haqqında hörmətlə danışmasın.
Mən sonralar Süleyman müəllimlə müxtəlif
tədbirlərdə, xeyir-şər məclislərində
tez-tez görüşərdim. Mədəni
davranışı, alicənablığı məndə ona
qarşı böyük rəğbət hissi oyadardı.
Süleyman müəllimin dilində “yox”
sözü yoxdu. Dəvət edildiyi
heç bir məclisdən qalmayan, bəhanələr gətirməyən
çox işıqlı bir ziyalıydı.
Süleyman müəllim xoşbəxt sənətkardı. O, Üzeyir bəy kimi dahi bir şəxsiyyətin tələbəsi olmuşdu. İlk mahnısını – “Gözlə məni” Bülbül kimi dahi bir müğənni oxumuşdu. Süleyman müəllim dövrünün bütün mədəniyyət, incəsənət adamlarıyla dostluq etmiş, ünsiyyətdə olmuşdu. Buna görə də çox zəngin xatirələri vardı. Ölümündən bir il qabaq baş redaktoru olduğum “Gənclik” nəşriyyatına gəlmişdi. Ordan-burdan söhbət edirdik. Məşhur komik aktyorumuz Lütfəli Abdullayevdən bir-iki lətifə söylədi, çox xoşuma gəldi. Birdən ağlıma gəldi ki, onun xatirələrini yazmaq lazımdır. Buna görə:
–
Süleyman müəllim, – dedim, – icazə verin sizin xatirələrinizi
yazım. Çox gözəl bir kitab alınar.
Gündə görüşüb bir-iki saat
söhbət etsək bəsdi.
Dedi:
– Qoy bir az işlərimi qaydaya salım, sonra yazarsan.
Mən yazılmamış bu xatirələr
kitabını o qədər əyani görürdüm ki, bəzən
yaradıcılıq həyəcanı məni
bürüyürdü. Qarşılaşanda istəyimi ona yenə
xatırladırdım, amma nədənsə bu istəklə
bağlı görüşümüz baş tutmurdu. İndi Süleyman müəllim əbədiyyətə
qovuşandan sonra necə böyük bir xəzinə
itirdiyimizi, böyük bəstəkarın özü ilə
nə qədər dəyərli xatirələr
apardığını təsəvvür edəndə itkinin
böyüklüyündə ürəyim sıxılır.
1992-ci ilin fevralında Qarabağ xanlığının
tarixindən bəhs edən “Xallı gürzə” adlı
tarixi romanım təzəcə çapdan
çıxmışdı. Aradan altı-yeddi ay
keçmişdi. Bir gün Süleyman müəllim zəng
elədi:
– Romanını Arif Babayevdən alıb oxudum. Təbrik edirəm,
çox gözəl yazmısan. Bütün
gecəni yata bilmədim. Elə bildim
Şuşadayam.
Süleyman müəllim bax belə diqqətcil
adamdı.
1997-ci ildə Süleyman müəllimə zəng
vurdum. Sentyabr ayı idi. Dəstəyi
özü götürdü. Hal-əhvaldan sonra: –
Sentyabrın 16-də Rəşid Behbudov adına
Mahnı Teatrında yubileyim keçirilir, arzu edirəm gəlib
iştirak edəsiniz.
Soruşdu:
–
Neçə yaşın tamam olur?
–
Əlli!
– Boy, ə
nə tez?!
–
Ömür-gündü də, Süleyman müəllim, gəlib-geçir,
– dedim.
– Düz
deyirsən. Təbrik edirəm. Hökmən gələcəm.
Gəldi
də, çıxış da etdi, hədiyyə də verdi. İndi o gecənin
videokasetinə baxanda Süleyman müəllimin lentin
yaddaşına həkk olunmuş əksini görüb,
çıxışına qulaq asanda kövrəlirəm.
O gecə Süleyman müəllimin:
– Kim Qarabağın həqiqi tarixini bilmək istəyirsə,
Mustafa Çəmənlinin “Xallı gürzə”
romanını oxusun. Orda hər şey yazılıb, – sözləri
böyük bəstəkarın mənim
yaradıcılığıma verdiyi çox böyük bir
qiymət idi. Yubiley gecəsində mənim
xalq həyatından alınmış etnoqrafik “Halallıq”
hekayəmi çox tərifləmişdilər. Xalq şairi Qabil “Halallıq” hekayəsindən
söz salaraq – əgər xaricdə ingilis dilində Azərbaycan
hekayələrindən ibarət antologiya çap olunsa, Mustafa
Çəmənlinin “Halallıq” hekayəsini kitabın ilk səhifəsində
yerləşdirərdilər, – deyə dəyərləndirmişdi.
Səhəri gün Süleyman müəllim zəng
edib hekayəni oxumaq istədiyini söylədi. Hekayənin çap olunduğu “Səs qərib olmur”
kitabımı Süleyman müəllimə verdim. Bircə gün keçmiş oxuyub təqdirəlayiq
fikirlər söylədi. Hekayəni, hətta
ömür-gün sirdaşı Ağgül xanıma da
oxutdurmuşdu. Çünki bir dəfə onlara zəng
edəndə Ağgül xanım:
– Hekayəni
oxudum, oğul, səni Allah qorusun, – dedi və hekayəm barədə
xoş sözlər söylədi. Sonra Süleyman müəllim
dəstəyi Ağgül xanımdan alıb mənimlə
danışdı:
– Mustafa,
o kitabdan satışda var? – soruşdu.
– “Təranə”
mağazasında var, – dedim.
– Oldu,
alaram, – dedi.
Sonra
eşitdim ki, Süleyman müəllim “Təranə”
mağazasından (burada, əsasən, musiqiyə aid kitablar,
vallar satılırdı) on-on beş
kitabı alıb Dövlət Televiziyasına aparıb. Şirkətin sədrinə, jurnalist Mailə
xanım Muradxanlıya, rejissor Ələkbər Kazımovskiyə
verib ki, mənim “Halallıq” hekayəmi oxusunlar. Mümkün olarsa ekranlaşdırsınlar. Məhz
bu təqdimatdan sonra Rauf Kazımovski mənə zəng vurub,
bu hekayəni səhnələşdirmək olar, – dedi. – Bizim vəsaitimiz yoxdur, əgər özün
“sponsor” taparsansa heç bir problem yoxdur”.
Təəssüf ki, vəsait
tapmadığımızdan bu film məsələsi bir arzu
olaraq bu gün də həyata keçməyib.
Süleyman müəllim vəsait ucbatından hekayənin
səhnələşdirilməyəcəyini biləndə
tutuldu, astaca köks ötürdü. O, hətta əgər çəkilərsə,
bu filmə musiqi yazmaq fikrində olduğunu da söylədi.
Mən bu kiçik xatirəmdə Süleyman Ələsgərovun bəstəkarlıq fəaliyyətindən söz açmadım (Bu da bir başqa yazının mövzusudur). Bu yazıda onu ancaq bir insan, bir vətəndaş, dost kimi xatırladım. O, doğrudan da, əvəzsiz insan idi. Ağlıma da gəlməzdi ki, Süleyman müəllimi belə tez itirə bilərik. Çünki o çox gümrah, nikbin bir insan idi. Onu bu dünyadan Qarabağ dərdi, bir də əbədi itirdiyi ömür-gün yoldaşı Ağgül xanımın ayrılığı apardı... Ağgül xanımın qəfil vəfatı onu o qədər sarsıtmışdı ki... Bu ağır xəbəri eşidib ona başsağlığı verməyə getmişdim. Həyət adamla dolu idi. Sakit bir payız günü, noyabrın 7-si idi. Kədər içində boğulan Süleyman müəllimə yanaşdım. O:
– Mustafa, gözümün qabağında bir dəqiqənin içində Ağgül öldü. Onu xilas edə bilmədik. Xəstə yatmırdı axı... – dedi.
Ağgül xanımın vəfatı sevimli bəstəkarımız üçün doğrudan da, ağır itki idi. Çünki “Hər bir görkəmli kişinin arxasında gözə görünmədən bir xanım dayanır” fikrini böyük anlamda Süleyman müəllimin ömür-gün yoldaşı Ağgül xanıma şamil etmək olardı. Onlar birinci sinifdən yeddinci sinfə kimi Şuşada oxumuş, sonra elə orada Pedaqoji Texnikumda təhsil almışdılar. Bakıya da eyni vaxtda gəlmişdilər. Burada isə sənət yolları ayrılmışdı. Süleyman müəllim Konservatoriyaya, Ağgül xanım isə indiki Bakı Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olunmuşdu. Süleyman müəllimlə Ağgül xanım 1949-cu ildə ailə qurmuşdular. İki oğul, bir qızları, altı nəvələri vardı.
Bir sözlə, hər kəsə örnək olası ailələri vardı... 67 il bir yerdə yaşadığı, həmişə ona həyan olan, ən başlıcası, onu başa düşən həyat yoldaşını itirən Süleyman müəllimin qəlbindən keçənləri duyub-anlamaq elə də çətin deyildi.
Bu sətirləri yazanda Süleyman müəllimin yaşla dolmuş kədərli gözləri xəyalımda canlanır...
Ağgül xanımdan sonra Süleyman müəllim heç üç ay da tam yaşamadı. Gündüz televiziyanın “Xəbərlər” proqramından eşitdim ki, Süleyman müəllim rəhmətə gedib. Bu bəd xəbərin ardınca məlum oldu ki, Süleyman müəllimin cənazəsi saat 3-də Konservatoriyanın binasından götürüləcək. Mən tez Konservatoriyaya yollandım. Ora çatanda Süleyman müəllimin cənazəsini tələbələrinin çiyinləri üstündə gördüm. Ona bir daha el məhəbbətinin şahidi oldum.
Süleyman Ələsgərov həyatda tək-tək şəxsiyyətlərdən idi ki, yaradıcılığı ilə şəxsiyyəti üst-üstə düşürdü. Allah ona rəhmət eləsin. Onun işıqlı xatirəsi heç vaxt unudulmaz.
Mustafa Çəmənli
525-ci qəzet.- 2014.- 12 aprel.- S.18.