Abşeron 2014-cü ilin “Sənətkarlıq
paytaxtı” kimi
Mədəniyyət və Turizm Nazirliyinin “2010-2014-cü illər üçün xalq yaradıcılığı paytaxtları” proqramı çərçivəsində Abşeron rayonu 2014-cü ilin “Sənətkarlıq paytaxtı” seçilib. Bu münasibətlə Abşeron rayonunun inzibati mərkəzi – Xırdalan şəhərində yerləşən rayon mədəniyyət evində təqdimat mərasimi keçirilib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə mədəniyyət evinin foyesində xalq tətbiqi sənəti ustalarının əl işləri və rayon rəssamlarının əsərlərindən ibarət sərgi ilə tanış olub.
Tədbirdə çıxış edən rayon mədəniyyət və turizm şöbəsinin müdiri İlham Manafov bildirib ki, Azərbaycan xalqının qədim və rəngarəng qeyri-maddi mədəni irsi minilliklər boyu millətin mentalitetini və şüurunu formalaşdıran əsas mənbələrdən biri olmaqla xalq yaradıcılığının nailiyyətlərini özündə ehtiva edən nadir bəşəri fenomendir. O, xalqımızın maddi-mədəni irsinin Azərbaycan dövlətinin daim diqqətində olduğunu vurğulayıb. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO –nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın müvafiq istiqamətdə məqsədyönlü fəaliyyətinin nəticəsi olaraq Azərbaycan muğamı, Novruz bayramı, xalça, aşıq, tar ifaçılığı sənətləri, UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib: “2010-2014-cü illər üçün xalq yaradıcılığı paytaxtları” proqramının əsas məqsədi regionlarda məqsədyönlü tədbirlərin təşkil etməklə Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunmasına, xalq yaradıcılığının təşviqinə, tarazlı regional və davamlı sosial iqtisadi inkişafa, ümumilikdə mədəni həyatın daha da rəngarəng olmasına töhfə verməkdir. Cari ildə rayonda təntənəli mərasimlər, elmi-praktik konfranslar, “dəyirmi masa”, müsabiqə, festival, sərgi, infotur və konsertlər təşkil ediləcəkdir”.
Sonda Xırdalan şəhər uşaq musiqi məktəbinin şagirdləri dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından parçalar ifa ediblər.
S.ABDULLAYEVA
525-ci qəzet.-
2014.- 12 aprel.- S.17.