Sevgi etirafı
İndi sən yeganə ümidimsən. Heç bilirsənmi yeganə
ümidin ətəyindən
yapışıb yaşamaq
nə deməkdi?
Xəbərin varmı sən
olmayanda nələr çəkdiyimdən? Mən səni
çoxdan tanıyıram,
laaap çoxdan.
Bəlkə də uşaqdım
onda, bəlkə də artıq bir neçə dəfə reinkarnasiya nəticəsində gəlmişdim,
görmüşdüm dünyanın
hər üzünü.
Səni məndən əvvəl də tanımışdılar.
Hərə özünəməxsus sevmişdi səni. Mənim sevgim isə bir başqadır. Sən mənim üçün hava və su misalı kimisən desəm, inan səmimiyyətimə. Mənim üçün
adından başlayır
hər şey. Adını dodadığmda vird edərək sənə yaxınlaşıram...Üzün
çox doğmadır
mənə. Hər
şeydən öncə
ustufca əlimi üzünə toxundururam
və başqa dünyaya daxil oluram sanki... Ecazkar, maraqlı, cazibəli, sirli və heç, heç ayrılmaq istəmədiyim bir dünyaya... O dünya mənim xəyallarımın
məskənidir çünki...
Orada uşaqlığım,
gəncliyim, qocalığım,
itirdiklərim, qazandıqlarım
var. Orada qadınlığım
var... Səni səhifə- səhifə
oxuduqca, vərəq-vərəq
çevirdikcə daha
maraqlı olursan mənə. Səni Yaradana şükür
oxuyuram.
Səninlə baş-başa qalmaqdan aldığım şövqü,
zövqü nə əvəzləyə bilər
ki? Mənimlə kəlmə də
kəsmirsən, amma səni belə də anlayıram. Bəzən anlatdıqlarını yanlış
qavradığım, səbirsizləndiyim
də, qısqandığım
da olur. Sevgimə bağışla
bunları...
İnsan sevgisindən əzab çəkir həmişə. Sən də
zalımlıqdan xali deyilsən hərdən.
Amma bunu belə təbəssümlə
qarşılayacaq qədər
çox sevirəm səni...Bəzən günlərlə sürən
depressiyamın, bəzən
dayanmadan süzülən
göz yaşlarımın,
bəzən saatlarla davam edən dalğınlığımın, bəzən ani çılğınlığımın müəllifisən sən...
Üzümdəki təbəssümün, gözümdəki parıltının,
baxışlarımdakı şölənin səbəbkarısan
hərdən. Sən bunları
görə bilməyəcək
qədər diqqətsizsən
deməzdim, amma bunlara dalmayacaq, bunları eyninə almayacaq qədər fövqəladəsən axı.
Səninlə vüsalımız bəzən saatlarla çəkir, bəzən
də sadəcə bir neçə dəqiqə. Amma bu zaman ölçüsü
şərtidir mənim
üçün. Çünki
səninlə keçirdiyimiz
hər an əbədiyyət qədər
dəyərlidir.
Sənin özünəməxsus qoxunu
heç nə əvəzləməz. Bu qoxunu hər cür bahalı ətirdən bir anda ayıra bilirəm və sövq-təbii sənə
çevrilirəm. Sən
elə doğmasan ki... Bəzən anamdan, bəzən balamdan belə doğma.. Çünki
onların məni anlamadığı bəzi
məqamlar, “hərdən”lər,
“bəzən”lər mövcuddur.
Amma səninlə heç vaxt belə olmayıb. Sən istisnasan. Həmişə sakitcə, təvazökarlıqla
açmısan ürəyini
mənə. Bəzən
islatmışam səni
göz yaşlarımla...
Bağışla, sənə
o yaşlarla ləkə
salmışamsa... Qarşıma
süslü- püslü,
bəzəkli-düzəkli çıxanda da, əzilmiş görkəmdə
olanda da eyni məhəbbətlə,
eyni ehtirasla, eyni şəfqətlə
süzmüşəm səni...
İllərin sınağından sonra
anlamışam ki, sən mənim yeganə məhəbbətimsən...
xəyalımsan... arzumsan...ümidimsən, təsəllimsən...güvənc yerimsən...tutalqamsan... və ən ümdəsi vazkeçilməzimsən...
Sənin
qarşında başımı
əyərək oturmuşam
həmişə...Amma
gözlərimi sənə
dikmədən, səninlə
ünsiyyətdə ola bilmərəm ki, bunu bilirsən...
Bəzən bütün bəlalarımın, sarsıntılarımın səbəbkarı bilib ayrılmaq da istəmişəm səndən, bunu danmıram...Amma bacarmamışam... Bəzən günlərlə sənə yaxın düşməmişəm, səndən də çox bu ayrılıq məni yandırıb, göynədib, cızdağımı çıxarıb. Başıma gələn bədbəxtlikləri səninlə tanış olmaqda görmüşəm...Səni tanıyandan həyatımın tar- mar olduğunu düşündüyüm də olub. Müdrikcəsinə susmaqla məni yenə qaytarmısan özünə...Dolanıb sənə qayıtmışam yenə...Çünki sən tək cazibə mərkəzimsən. Mən sənin cazibəndən qopmağı bacarmıram...Həmişə bilmişəm, indi də bilirəm ki, bu qayıdış, bu dönüş səndən də çox mənə lazımdı, amma vecimə də olmayıb bu, qürurumu sındırmayıb. Axı sevəndə qüruru düşünmürsən, sevirsən, tutulursan dəli kimi, qurban gedirsən onun uğruna...düşünmədən, kor kimi. Amma kor olsaydım belə, əllərimin dili ilə oxuyardım səni... Barmaqlarımın təması hər halını anladardı mənə, əminəm... Mən səndən ayrı yaşaya bilməzdim. Kor da olsaydım, kar da doğulsaydım... Əllərim olmasa gözlərimlə, gözlərim tutulsa əllərimlə sənə nüfuz edərdim...
Məndə indi olanları sənə borcluyam. Amma sən öz borcunu istəməyəcək qədər alicənabsan...
Mənə o qədər çox şey vermisən ki, bu Hatəm Tai səxavətinə mat qalmışam...
Məndən sənin aldığın yeganə şey zamandı, dolayısı ilə ömrümdü... Ömrümə ömür qatandan ömür əsirgəyərəmmi heç? Sevgimi etiraf etməkdən çəkinmirəm...Bayaqdan “sən”, “sən” deməkdən də utanmıram, görürsənmi? Dilimdə əzbərə dönmüsən, səni hərf-hərf loxmalasam, heca-heca udsam, söz-söz yesəm, doymaram səndən, doymaram...
Sən ehtiraslı sevgilimsən...
Sən sadiq dostumsan...
Sən müdrik müəllimimsən...
Sən hər şeyimsən- ƏLAHƏZRƏT KİTAB!
Sevinc Mürvətqızı
525-ci qəzet.-
2014.- 12 aprel.- S.17.