Kurt Vonnequt kimi düşünmək və
yazmaq...
Hər
birimizin danışmaq istədiyimiz, ya da danışmalı
olduğumuz bir hekayə var, məncə. Bəlkə də,
bu hekayəmizin hamını təəccübləndirə,
ağlada, kövrəldə biləcəyini
düşünür və bununla qürur duyuruq. Ancaq bir nəfər
var ki, o, bizim qəmli-kədərli, faciəli hekayəmizi
diqqətlə dinləyəcək və sakitcə, təmkinini
pozmadan deyəcək: olan işdi. Təəssüf ki, bunu
praktik cəhətdən yoxlamağımız mümkün
deyil. Amma sözümü qəribçiliyə salmayın,
yolunuz “o tərəflərə” düşəndə təcrübədən
keçirərsiniz...
Kurt
Vonnequtun bioqrafiyası haqqında uzun-uzadı danışmaq
fikrindən tamam uzağam. Onun barəsində məlumat almaq qəliz
məsələ deyil. Bunun üçün “Google”da Kurt
Vonnequt yazıb “enter” düyməsini sıxmaq kifayətdir. Bu
səbəbdən yazıçını tez dünyaya gətirib
tez də yola salırıq: 1922-ci ildə İndiana
ştatının İndianapolis şəhərində anadan
olub, 11 aprel 2007-ci ildə isə dünyasını dəyişib.
Onun
adı çəkiləndə ilk yada düşən yumor və
ironiyadır. Ancaq sərt bir yumor, ağrılı bir ironiya. Kurt Vonnequt elə
bir estetikanın yazıçısıdır ki, hər səhifəni
çevirdikcə oxucu romanın bir parçasına
çevrilir və bir də görürsən ki, sən də
obraza çevrilib hadisələrin mərkəzində
dayanmısan. Onun romanlarından nələrisə
əxz eləmək, ona hansı rakursdan yanaşmaq, hansı
yozumları vermək oxucunun mütaliəsindən, dünyagörüşündən,
ədəbiyyata baxışından asılıdır.
Ölümündən
bir neçə ay öncə “US Airways Magazine” jurnalı
üçün ondan müsahibə alan
(bu, yazıçının son müsahibəsi idi) jurnalist
soruşur:
– İlk əsəriniz də daxil olmaqla artıq qırx
ildir ki, insanlar sizin kitablarınızı sevə-sevə
oxuyurlar. Sizcə, bunun səbəbi nədədir?
Kurt
Vonnequt:
– Mən
uşaq dili ilə yazıram. Məhz bu səbəbdən
əsərlərimi məktəblərdə oxuyurlar.
Bu, həqiqətən də belədir. Onun cümlələri
qısa və akademizmdən uzaqdır. Lakin
yazıçı uşaq dilində yazsa da, ciddi və böyük mətləblərdən
danışır. Məsələn, Drezdenin bombalanması,
Xirosimaya atom bombasının atılması kimi...
“Pişik beşiyi” romanı Xirosimaya atom bombası
atılan gün bomba ilə bağlı insanların nə
işlə məşğul olduğu haqqında əsər
yazmaq istəyən Con adlı bir jurnalistin kitabıdır. “Dünyanın sona
çatdığı gün” kitabını yazmaq istəyən
Con material toplamaq üçün müxtəlif adamlarla
görüşür, səfərlər edir. Bununla
da mətnin yazılma prosesinin də mətnə daxil edilməsi
fəndi (metafiction) gerçəkləşir. Postmodern romanlarda bu metoddan geniş istifadə olunur.
Müəllifin bu fənddən istifadə etməsinin
məqsədi budur ki, oxucu mətnin qurama olduğunu, hər
şeyin yazıçı təxəyyülünün məhsulu
olduğunu anlasın. Romanın əvvəlində
yazıçının qeydi də bunu təsdiqləyir: “Bu
kitabda heç nə doğru deyil”. Bu metod elə
qurulur ki, sanki, burada əvvəlcədən hesablanmış
heç bir şey yoxdu, hər şey heç ekspromt, gözlənilmədən
baş verir. Bununla yanaşı həm də
yazıçı öz mətnindən xəbərdar
olduğuna tez-tez işarələr edir.
Əsərin ilk səhifəsində Con yazmaq istədiyi
kitabın xristian dininə uyğun bir kitab olacağını
deyir. O vaxtlar
xristian olduğunu vurğulayır və ardından əlavə
edir: “İndi isə Bokononçuyam”. Postmodern
romanların əsas xüsusiyyətlərindən (?) biri də
budur ki, bu estetika ilə yazılmış əsərlərin
mərkəzi nöqtəsi, mütləq həqiqəti olmur.
Postmodern yazıçılar ənənəvi
dəyərləri yenidən, daha rasional şəkildə dəyərləndirməyi
təklif edirlər. “Pişik beşiyi” romanında
Vonnequtun dinə ironyasını, bütün stereotipləri
dağıtmaq istəyini görürük və şübhəsiz
ki, usta yazıçının bu istəyi sadəcə istək
olaraq qalmır: o, öz yeni dinini uydurur və onun
kitabını da yazır. Bu kitabın dinə
ironyası ilə (və öz yeni “din”inə də
aftoironyası) yanaşı, həm də özlüyündə
yeni bir fəndi gerçəkləşdirir – kitab içində
kitab (mətn içində mətn). Beləliklə,
oxucu iç-içə keçirilmiş üç kitab
oxuyur: birincisi, Kurt Vonnequtun “Pişik beşiyi”; ikincisi,
jurnalist Conun yazdığı “Dünyanın sona
çatdığı gün”; üçüncüsü,
Bokonon dininin kutsal kitabı olan “Bokononun kitabları”.
Yazıçı
xristian dininə, onun peyğəmbərinə, müqəddəs
kitabına tez-tez ironiya edir: “Növbəti səhifədə
“Bokononun Kitabları”ndan bir cümlə vardı. Sözlər səhifədən çıxıb
beynimə girdi və sevgiylə qarşılandı.
Bokonon İsanın “Sezarın haqqını Sezara verin” fikrini
dəyişdirərək deyirdi: “Sezarı boş verin,
Sezarın dünyadan xəbəri yoxdu”.
Və ya
çılpaq vəziyyətdə adaya düşən Bokonon
deyir:
Uşaq
kimi ol –
deyir İncil.
Uşaq kimiyəm
bugün mən.
Kurt Vonnequt həm xristian dininə, həm də öz
uydurduğu dinə, onun yaradıcısına, kitabına
ironiya ilə yanaşır. Məsələn,
Bokononçuluğun “müqəddəs” kitabında
yazılır:
İstədim
ki, hər şeyin
bir mənası
olsun.
Ki, sevinək,
hirslənməyək.
Yalanlar uydurdum.
Hamısına
inandılar.
Və dünya cənnət
oldu.
Və
yaxud: “Hökmətin apardığı islahatların
insanları səfalətdən qurtara bilməyəciyini
anlayanda, bu din tək ümid yeri olaraq qaldı. Həqiqət
xalqın düşməniydi, çünki həqiqətlər
qorxuncdu. Bokononun işi isə xalqa getdikcə
daha gözəl yalanlar danışmaq idi”.
İndi isə əsərin digər estetik tərəflərinə
– ikiləşmə və intertekstuallığa (mətnlərarası
əlaqə) keçirik. Postmodern romanlarda ənənəvi
daş xarakterli obrazlar olmur. Olsa belə,
bu, yazıçının ironiyası kimi ortaya
çıxır. Bu romanlar
üçün “çoxüzlü”, “simasız” obrazlar
xarakterikdir. Məsələn, öz vətənində
qanunsuz bir işdə adı hallandığından Frank Hoenikker San
Lorenzo adasının vətəndaşlığına
keçir və həyatında yeni səhifə
açılır. İndi keçmişdə
başına gələn hadisəyə görə onu ittiham
etmək mümkün deyil, o artıq başqa Frankdır.
Yaxud Newtun Hoenikkerin sevgilisi Zinkanın mühacirət
oyunları, sonra onun iyirmi üç yaşında yox,
qırx iki yaşında olduğunun ortaya çıxması.
Və ya Bokononun əsl adı Consondur. Adanın yerli sakinləri isə onu Conson kimi yox,
Bokonon kimi tanıyırlar. Yaxud da jurnalist Conun ona Conah
deyə müraciət etməsini istəməsi ikiləşməyə
misal ola bilər. Romanın
intertekstuallığına gəldikdə isə Herman Melvillin
“Mobi Dik”, Conatan Sviftin “Qulliverin səyahəti” və İncil arasında qurulan əlaqələri
göstərmək olar.
Kollaj üsulundan istifadə edən yazıçı əsəri
127 kiçik fəsilə bölüb. Biz tez-tez qəzetlərdən
götürülmüş hissələrlə, məktublardan
parçalarla qarşılaşırıq. Bu roman haqqında ən maraqlı hadisə isə
budur ki, 1946-cı antropologiyadan magistr dərəcəsini ala
bilməyən Vonnequt sonralar “Pişik beşiyi” romanına
görə bu adı qazanır.
Kurt Vonnequtun ən səs-küylü romanı “Sallaqxana
¹5 və ya uşaqların səlib
yürüşü”dür (1969). Bundan əvvəl
yazıçı çoxlu sayda hekayələr, bir neçə
roman yazsa da “Sallaqxana ¹5” ona dünya şöhrəti
qazandırdı. Romanın çap
olunduğu zamanda siyasi, ictimai hadisələrdə
qarışıqlıq vardı. Çox
keçmir ki, bu romanın oxunması qadağan olunur. Lakin bütün qadağalara baxmayaraq “Sallaqxana ¹5”
ingilis dilində yazılmış ən yaxşı 100
romandan biri hesab olunur.
Əsərin
mövzusu 1945-ci ildə Amerika və ingilis hərbi
qüvvələrinin Drezdeni bombalamasından
götürülüb. Kurt Vonnequt da 135.000
adamın öldüyü bu hadisənin canlı şahidlərindən
biri idi. Drezden şəhərinin
xarabalığını, minlərlə insanın adi şeylər
üstündə güllələnməsi (məsələn,
başqasının çaydanını
götürdüyü üçün öldürülən
əsgər) yazıçıda dərin iz buraxır. Əsərin
ilk cümləsi belədir: “Demək olar ki,
yazdıqlarımın hamısı həqiqətdir. Ən azından, müharibə ilə bağlı
hissə”. Şübhəsiz ki, romanın əsas qəhrəmanı
Billi Pliqrimin başına gələn əhvalatların bir
çoxu yazıçının öz yaşantılarıdır.
Lakin romanda həqiqət və təxəyyül
iç-içə keçirilib. Reallıq
və uydurma arasındakı sərhədlər silinib. Birdə ki, hadisələrin doğrudan da
yazıçının başına gəlib-gəlməməsi
əsas deyil və bunun haqqında qəti şəkildə nəsə
demək çətindir. Yazıçı
da oxucunun bu fikrə köklənməsini heç istəmir.
Çünki romanın ötürdüyü
mesaj tamam başqadır.
Bu romanında da Vonnequt hər şeyə ironik
yanaşması ilə seçilir. O, ustalıqla hadisələri elə
nəql edir ki, oxucu ən ağır faciəyə belə
gülür. Ancaq bu gülüşün altındakı
ağrını da duyursan və güldüyün
üçün özünü günahkar hiss edirsən.
Romanın süjeti başlanğıcdan sona, birxətli
deyil. Bir çox paralel zamanlar qurulub. Əsərin
qəhrəmanı Billi Pliqrim tez-tez zamandan qopur və o, bir
qapıdan 1955-ci ildə girib, o birindən 1945-ci ildə
çıxır. Həmin qapıdan
qayıdıb gözünü 1963-cü ildə
açır. Beləliklə Billi
doğulmasını və ölümünü dəfələrlə
görür. O, hansı zamana düşməsini idarə
edə bilmir, gah müharibə illərinə, gah
uşaqlığına, gah gəncliyinə, gah da
qocalığına səyahət edir.
Bütün estetik tərəfləri ilə
yanaşı, “Sallaqxana ¹5” romanında mənim
üçün ən dəyərli məsələ
yazıçının müharibəyə
baxışıdır. Bu əsər pafosdan,
şişirdilmiş qəhrəmanlıqdan, yalançı vətənpərvərlikdən
kilometrlərlə uzaqdır. Yazıçı hər
stiuasiyadan məharətlə çıxan, bütün
hallarda təmkinini, soyuqqanlılığını itirməyən,
bir sözlə, suda batmaz, odda yanmaz personajlar yox, həyat təcrübəsi
olmayan, xəyalpərəst, müəllifin diliylə desək
“uşaqlığın son anlarını yaşayan axmaq bakirlər”
obrazları yaradıb. Vonnequtun romana ikinci ad kimi
“Uşaqların səlib yürüşü” verməsinin də
səbəbi budur.
Tralfamadorlular tərəfindən oğurlananda Billi
onlardan sülhün sirrini öyrənmək və onu Yerə
aparıb hamını xilas etmək istəyir. Bir az
söhbətdən sonra isə aydın olur ki, müharibələrin
qarşısını almaq mənasız fikirdir. Və ona
verilən məsləhət belə olur:
“Dünyalıların öyrənməli olduğu yeganə
şey budur, əgər onlar kifayət qədər
yorulmayıblarsa, pis günlərə fikir verməsinlər və
diqqətlərini yaxşı günlərə cəmləsinlər”.
...Görəsən, müharibə haqqında əsər yazmaqla müharibələrin, qırğınların qarşısını almaq mümkündürmü? Kurt Vonnequt “Sallaqxana ¹5”, “Pişik beşiyi” kimi romanlarını yazanda müharibələrin birdəfəlik bitəcəyinə inanırdımı? Məncə, bu sualların cavabı Vonnequt üçün çoxdan aydındır. Diqqətli oxucular da yazıçının nəyə işarə etdiyindən xəbərsiz deyil. Mən bu işarələrdən yalnız birini yazıb, məqaləni bitirmək istəyirəm:
– Bilirsən, mən adamların müharibə əleyhinə kitab yazdıqlarını eşidəndə onlara nə deyirəm?.
– Yox, nə
deyirsiniz, cənab Starr?
– Mən
deyirəm ki, onun əvəzinə niyə buzlaşma əleyhinə
kitab yazmırsınız?
Əlbəttə, o demək istəyirdi ki, müharibələr
həmişə olacaq. Qırğınların
qarşısını almaq buzlaşmanın
qarşısını almaq qədər “asan”dır. Mən də buna inanıram. Müharibələr
buzlaqlar kimi üstümüzə hərəkət etməsələr
də, köhnə tanış –
ölüm həmişə olacaq.
Ramil Əhməd
525-ci qəzet.-
2014.- 12 aprel.- S.16.