“Gedəndə də qalır Adam...”
Bəlkə
də 20 ildən artıq vaxt keçib...Amma səhərin əsrarəngiz
alatoranında radiodan eşidərək yuxudan
ayıldığım “Duamız başa varsın” səsinin
ilahi sehri bugünkü kimi yaddaşımdadır... Və
aradan zaman axıb getsə də SƏSin yaddaşı
olduğuna bir daha əmin oldum... O mənim yadımda “Səs”lə
qalıb. Bütün anlamlarda...”Səs” hər
mənasında nostalgiyaya sürükləyə bilər...Xalq
yazıçısı Mövlud Süleymanlı ilə ilk
tanışlığımız təxminən 5 ilə əvvəl
gənc şair Əli Əlioğlunun vasitəsilə olub.
Və maraqlıdır ki, bugünlərdə
görüşəndə həmin
tanışlığı təfərrüatlarıyla
xatırlaması məni sevindirdi də,
qürurlandırdı da. Şimşəyin göyün
bağrını yardığı, ildırımın
gurladığı, yağış damlalarının səpələndiyi,
romantik olduğu qədər də nostalji hisslər oyadan yaz
axşamında Xalq yazıçısı daha bir gözəl
şeirini yazdı sanki
danışdıqlarıyla...Uşaqlığımı
xatırladan və nostalji hisslər oyadan o əfsunlu səsi
yenidən eşitdim...Sözünü kəsməməyə
çalışaraq Mövlud Süleymanlını dinlədim...
Ürək döyüntüsü kimi alınıb söhbətimiz
məncə,- gah həyəcanlı, gah
aram...İnanırıq ki, bu söhbət
oxucularımızın da ürəyincə olacaq...
Ölçülər
– nizam, sahman pozulanda nostalji hisslər oyana bilər
Mən də səsə bağlı adamam,
yazılarımı da içimdəki səslə yazıram,
yəni, danışa-danışa, dillənə-dillənə,
özümdən asılı deyil. Bu cür, səslənə-səslənə
yazmağımı da çox-çox sonralar anlamışam,
bəlkə də əlli ildən sonra...İndilərdə də
fikirləşirəm ki, əgər özüm öz
pıçıltılarımı eşidirəmsə, daha
doğrusu, eşitmyə başlamışamsa yəqin
yaradıcılığımın sonu gəlib
çatıb. (gülür) Onu da düşünürəm ki, bu səs əslində
işlətdiyim, çaldığım
“külüngümün” səsidi. Eşidilən
bütün səslər bir çox hallarda nəyisə,
hansı mənalarısa ifadə eləyir. Mən belə düşünürəm ki,
xaraktersiz səs yoxdu. Səsi eşidən
kimi ağrısını-acısını, sevincini, kədərini
anlamaq mümkündü...Sözü adını çəkdiyiniz
duaların yaranmasına, ən əsası da ifasına, ifadəsinə
gətirmək istəyirəm. Bunun həm də bizim
nostalji üstündə olan mövzumuzla güclü
bağlantısı var...
Əvvəla onu deyim ki, nostalgiya sözü də XXL əsrlə
bir yerdə gəldi üstümüzə. Mənası
yaranışdan bizimləydi... Mənə elə
gəlir ki, bir başa qəribsəmək, xiffət çəkmək
mənasına uyğundu. Siz deyəndən sonra nostalji
sözünün üstə bir xeyli
düşündüm...Yaşanan, keçirilən nostalji
hissləri əslində ayrılığa, həsrətə
dalmaqdı, sulara qərq olmaq kimi... Bu
boşalmış yaddaşın duyğularla
dolmağıdı həm də, doğmalıqla dolmaq da demək
istəyirəm. Nostaljinin maraqlı tərəfi bir də
odu ki, yazı prosesinə yaxındı, qəribsəmək,
həsrət çəkmək daxilin,-için, iç aləminin
dillənməyidi. Çox anlarda da yazıya gəlib
çıxa bilir. Çox misallar çəkmək
olar...
“Tanrı duaları”nı
da xalqın minilliklər öncəsi yaddaşına tuş gəldiyim,
toxunduğum üçün işləyib hazırlaya bildim. Daha doğrusu, xalqın islamdan qabaq, minilliklər
öncə düşüncəsində, mədəni qatlarında
yaşatdığı inam-inanc ifadələrini bərpa
etdim. İfadə etməyə də səs
lazım idi. Bu səsi başqa yerdə yox, öz
içimdə tapdım, öz səsimlə oxudum...Duaları
xatırladığınız üçün dərin təşəkkürlərimi
bildirirəm...
Mən niyəsə ayrılığın əslində
nə olduğunu uzun müddət bilməmişəm, indi
bunu da demək istəyirəm ki, yəqin heç bilmək də
lazım deyilmiş; torpaqlarımızın,
yurdlarımızın əlimizdən getdiyi vaxtacan. Ən
böyük dərd yurdu, torpağı itirəndən sonra gəlir.
Yer üzünün ən ağır itgisi
torpaqlarını itirməkdir.
Mən
Bakıya keçən əsrin 60-cı illərində gəldim,
doğulduğum kənd Bakıdan min kilometrdən də
çox aralıda Türkiyə sınırlarında yerləşən
ucqar bir dağ rayonuna daxil idi. Yay tətillərində
kəndə gedər, ordan da yaylağa, qardaşımın
yanına qalxardım. Son vaxtlar yaylaqda
darıxmağa başladım. Doğrudan da elə oldu,
darıxmağım dözülməz hala gəldi: –Yaman
darıxıram-dedim, qardaşıma,- Bəlkə
mən gedim.
Qardaşım
xeyli dinmədi, başını salıb əlindəki
işi görməkdəydi:
–Bilirsən,-dedi,-niyə
darıxırsan? İşin-gücün yoxdu
ona görə, əlin boşdu. Bayaqdan
fikir verirəm, əlin heç cibində də durmur, əlini
qoymağa yer axtarırsan. Başımızın
üstünü almış qara buludları,
çaxnaşan, yellənən ilxıları, narahat
sürüləri görüb bunun nə demək olduğunu
bilsən, darıxmazsan...Şəhərçün
darıxırsan. Hamısı bilirsənmi
nə üçündü? Ona görədi
ki, yaylağa lazım deyilsən. Amma
işsiz-gücsüz adamlar harda olurlar olsunlar,
darıxmalıdırlar...
Bu baxımdan məncə, nostalgiya həm də zəiflik
əlamətidir. Ölçülər-nizam, sahman pozulanda nostalji hissləri
oyana bilər, bu cür də düşünmək olar...
Vaxt
yaranan bütün boşluqları doldura-doldura bizdən
keçib getməkdədir...
Təbiətdə canlı nə varsa eyni
harmoniyadadır, eyni ahəngə tabedir. Bu harmoniyanın, bu ahəngin
yanında hətta bu şəkildə parçalanmalar,
çəkilmiş sınırlar- sərhədlər də
mənasız görünür... Bütün
bu döyüntüləri, ahəngi tənzim edən
Vaxtın özü də yaranan bütün boşluqları
doldura-doldura bizdən keçib getməkdədi...Yaraları
sağaldan da bu əbədi hərəkətdi. Yaşayırsan, zədələr, zərbələr
ala- ala...Torpaq həsrətinin, ayrılığının
yanında bütün ayrılıqlar boş şeydi.
Keçən
il artıq özümü saxlaya bilmədim,
sentyabrın 6-da oğlumla maşına oturub düz
doğulduğum kəndlə sərhəddə getdim.
Bütün Aran Borçalı boyu tanış yerlərə
baxa-baxa, qohum-əqrabaları görə-görə gedib indi
Ermənistan adlanan Dağ Borçalıya
çıxdım...(kövrəlir) Dözmək çətindi,
başa düşürsünüz, torpaq adamı dəli eləyir...Doğulub
boya-başa çatdığım bir yana, yaradıcı adam
kimi indinin özündə də ruhumun qonduğu yerlərdi,
boylana-boylana qalıram, heç nə tapa blmirəm, vəssalam. Təxminən iki
kilometrə qədər aralıdan durub baxmaqdan başqa nə
eləyə bilərsən. Özümlə
binokl da götürmüşdüm. Bir
göyün, bir Günəşin altında hər yeri qara
gördum, yeddi para kənddi, hamısının üstünə
qara rəng çökmüşdü, qara bir rəngin
içində idi... nostalgiya rəngi. Bayaq
dediyim yaşayışda-ömürdə həmin
boşluğların yaranma səbəblərindən biri də
budur. Nostalgiya həm də çox
qüdrətli anlayışdı. “Mən qürbətdə
deyiləm, qürbət mənim içimdə” kimi möhtəşəm
misralar yazdıra bilir nostalgiya...
İçimdəki
layları-qatları qaldırdıqca mənsub olduğumuz xalqın
böyüklüyünü görürdüm...
Universitetin dördüncü kursundan Azərbaycan Radiosu
ilə əlaqə saxlamağa başladım. Bir- iki il
işlədim. Sonra öz verilişimi tapdım-
“Bulaq” verilişini. O mənim qismətim, alın
yazımmış,
“Bulaq” məni
ardınca tale kimi çəkib apardı. “Bulaq”
verilişini yazdıqca, şairlik çıxmasın, özümə
rast gəldim, yaddaşımın qatları
açıldı; bu qatlarda yaşayan Xalqımın,
elimin-obamın dahilik dərəcəsində
yaratdıqlarını-yaradıcılığını
gördüm. Öyrəndiklərim, bildiklərim
artdıqca neçə-neçə minilliklərin o tayında
qalmış varlığına rast gəldim,
özləri özlərinə “Qarabaşlılar” deyən
Şumerlər olduğuna bir daha inandım. Mən
orada “Bulaq” verilişində yaşayışın
qatlarını açırdım. Yazdıqca
xalqın özü, xalqdan əxz elədiyim tərbiyə,
insanın kökündə, nəcabətində olan qanla,
sümüklə gələn duyğular görünməyə
başlayırdı. Bu yəqin ki, hər adamda var. Məndə
isə bu qatın üstünü Radio açdı, Vaxt tələb
edirmiş, Milli Radioya zamanında bu duyğular
lazımmış...
Radio səsin, sözün üstündə qurulur. Radio verilişlərində
insana səslənən söz diri olmasa, o söz iç səsiylə
deyilməsə o veriliş alınmayacaq. Radio
yaradıcılığımda mən həmişə
çalışırdım ki, ərəb-fars sözlərindən
bacardıqca qaçım. Bir-bir xalqdan dənləyib
gətirdiklərimi xalqa çatdırmağı
qarşıma məqsəd qoymuşdum. İçimdəki
layları-qatları
qaldırdıqca həmişə mənsub
olduğumuz xalqın böyüklüyünü
görürdum...Bu xalqın böyüklüyü
qarşısında dayanaraq ondan eşitdiyimi, bildiyimi
yazmağa başladım. Yaxşı ifadələr
tapmağa çalışdım. “Koroğlu”
dastanında bir cümlə var: “Koroğlu Qıratın belində
elə gəlirdi, elə gəlirdi, elə bil bir dağ idi,
buludu başına alıb gəlirdi..” Təsəvvür edin, azacıq yazmaq meyli və
istedadı olan adamı bu bircə cümlə neyləyər,
haralara qaldıra bilər? Bu, hələ
xalqdan çəkdiyim bircə misaldı. Mənim
doğulduğum kənd indi yoxdu. Bax, həmin
o, yox olan kəndin adicə gündəlik
danışığı da belə sözlərdən ibarət
idi. Hansı ki adi,
danışığında həmin o “Koroğlu”
dastanındakı ifadələrlə danışırdı.
İnsan adi bir adamın ölməyinə
dözə bilmir, kəndin yox olmağına dözmək
olarmı? Bu, təkcə keçmişin
yox olmağı deyil, həm də gələcəyin yox
olmağıdı...O kənddə eşitdiyim minlərlə
sözdən ibarət “Söz içində söz” adlı
kitab ərsəyə gətirdim.
Saz
çalınan kimi elə bil bütün əzalarım
bir-birindən ayrılır...
Yaxşılıqlar yadımda qalır, pislikləri
unuduram. Nifrət
eləməyin özü də sağlam hiss deyil. El
arasında məsəl var: “Düşməninə nifrət
elədinsə, yalnız nifrət edəcəksən,
qisasını ala bilməyəcəksən”. Nifrət
insanı xılt içində saxlayır, durulub yaşamaq
lazımdır. Bu hissləri “Yer
üzünə məktub” adında etnoqrafik romanımda qələmə
aldım. O əsərdə göstərməyə
çalışmışam ki, mən belə bir xalqa mənsubam.
Xalq mahnıları və saz havaları məni bir anda nostalgiyaya
aparır. Qəribədir, saz çalınan
kimi elə bil bütün əzalarım bir-birindən
ayrılır. Əlbəttə, ifa
yaxşı olanda. Mənim
doğulduğum kənddə heç aşıq olmayıb.
Düzdür, atamın sazı olub, həmişə
evimizin orta dirəyində asılı görmüşəm
o sazı. O dirək indi də gözümün
qarşısındadı, o qədər köhnəlmişdi
ki, qırmızı rəngə çalırdı. Nə qədər ki, boyum balaca idi, o saza əlim
çatmırdı. Yavaş-yavaş əlim
çatdı, bir dəfə telinə də toxundum. Bir də gözümü açdım ki, saz yoxdu.
Anamdan soruşdum hanı saz? Cavab verdi ki, gördüm, sən ayağının
ucuna qalxdın, sazı dınqıldatdın. Ona
görə onu itirdim ki, çalmayasan. Atan
çaldı, çaldı, qayıtmadı davadan. Birdən bu saz səni də aparar, itirər...Amma mən
gəldim Bakıda saz tapdım, yaxşı saz
çalmağı da öyrəndim. İndi
də hansı otağımı açsanız, saz görərsiz
orda. Amma artıq çoxdandı
çalmıram. Deyəndə də şüara
oxşayacaq, bəlkə, torpaqlarımızın getməyinə
dözürəm, amma acıya-acıya dözürəm.. adamın içi qana bələnir...
İçin qan necə çalasan? Yəni elə bir çalmağım da yox idi.
Mənim deməyə sözum
yazı-pozularımdı. Mən iki ildə,
bir ildə bir şeir ya yazaram, ya yazmaram. O da necə
yaranır, elə bil, tumurcuq asfaltı deşib
çıxır. Buna oxşayır şeir
yazmağım.
Bakı
anayabənzər şəhərdir...
Bakı doğrudan da anayabənzər şəhərdi;
qollarını açmış, qoynu- qucağı hiss olunan
şəhər. Nə qədər
ağrıları-acıları, gözü yaşlı nə
qədər insanı qoynuna yığdı...Nə qədər
sarsıntılara, dönüklüyə, zərbələrə
dözdü. Yadelli tənələrinə,
yadlar biganəliyinə dözdü, hamıya yurd oldu,
acları doyurdu, çılpağı donatdı,
üşüyəni isitdi, ağlayanı kiritdi...Bizi
yaşatdı...Biz yaşadıq. Yadlar-
bizi istəməyənlər, görmək istədiklərini
görmədilər.
Bunun
özü nəcabətli bir xalq olduğumuzu bir daha sübut
etdi, bütün zamanlarda da edəcək... Təmsil
olunduğumuz Xalq elə bir sahə, elə bir istiqamət yoxdu
ki, o haqda öz sözünü deməmiş olsun. Biz indi də bundan istifadə edib
yaşayırıq, bu gün də o özülün
üstündəyik. Biz öz qədrimizi
özümüzdən uzaqlaşandan sonra biləcəyik.
Ağlı başında olan millət
üçün keçmiş əslində elə gələcəkdi.
Bilin ki,
gedənlər də elə –belə getmir...
Onu istəyirəm
ki, məni dərindən oxsunlar, gözucu baxmaqla məni
tanımaq, anlamaq olmaz. Məni oxuyub dərk eləyən
xatırlayacaq, məni yazıçı kimi xatırlamamaq
mümkün deyil:
Qanadın yorulmasın,
Məndən sonra uçan Quş,
Sağlığa uçasan səni.
Məndən sonra gələn Qış,
Soyuğun sünbülə dönsün,
Gül kimi açasan səni.
Məndən sonra axan Su,
ruhumdan keç.
Beləcə bütöv, sağlam,
duru,
Aranımdan, Dağımdan
keç...
Məndən sonra gedən Yol,
Mən sənə vardım getdim...
səni başa
varasan.
Məndən sonra gələn
Söz,
səni
aradım, getdim,
həmişə
uca durasan!...
Aramızda yalan olmadı...
Biri üzündən aldı,
Biri tozundan aldı,
Özündən alan
olmadı...
Məndən sonra gələnlər,
Sağlıqla yaşayın,
Amma bilin ki,
Doğulan kimi vaxtın oğlu olur
Adam,
Bilin ki, gedənlər də elə-belə
getmir,
Gedəndə də qalır Adam...
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet.- 2014.-
12 aprel.- S.14.