Görkəmli maarifçi Həsən bəy Sultanovla bağlı elmi-praktik konfrans olub

 

 

Beynəlxalq Mətbuat Mərkəzində görkəmli maarif xadimi Həsən bəy Sultanovun 130 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib. Konfrans "Soy" elmi-kütləvi jurnalının təşkilatçılığı ilə reallaşdırılıb.

Əvvəlcə Həsən bəy Sultanovun həyat fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub. "Soy" jurnalının elmi məsləhətçisi, Sumqayıt Dövlət Universitetinin kafedra müdiri, dosent, tarix üzrə fəlsəfə doktoru Bəhram Məmmədli tariximizin, mədəniyyətimizin öyrənilməsi baxımından konfransın əhəmiyyətini vurğulayıb: "Xalqın savadlanmasında iştirak etmiş Həsən bəy Sultanov 1885-ci ildə Zəngəzur qəzasının Qubadlı kəndində doğulub. O, kənddə ibtidai təhsili başa vurduqdan sonra Şuşada real məktəbi Qori Müəllimlər Seminariyasını bitirib. Qubadlı məktəbi iki sinifli, dörd illik olduğu üçün 1-ci 3-cü sinif şagirdlərini bir sinif otağına, 2-ci 4-cü sinif şagirdlərini isə başqa bir sinif otağına yığıb bir yerdə dərs keçərmişlər. Daha sonralar Həsən bəy Sultanovun təşəbbüsü yerli hökumətin köməyi ilə qarşı tərəfdə üçotaqlı yeni məktəb binası tikilib.Çox maarifpərvər bir insan olan Qubadlıda təhsilin inkişafı üçün bacardığını əsirgəməyən Həsən bəy Sultanov xeyli müddət Qubadlı məktəbinin direktoru işləyib. Məktəbə peşəkar müəllim kollektivi yığan Həsən bəy özü şagirdlərə rus dili hesab öyrədib".

Konfransda Elm Texnika Sənədləri Arxivinin direktoru, əməkdar mədəniyyət işçisi Şahsuvar Həşimov məruzə ilə çıxış edib. O, arxiv sənədləri əsasında Qubadlı kənd məktəbinin açılmasından, sonralar Həsən bəy Sultanovun burada yeni məktəb binasının məktəbdə təhsilin təşkilindəki xidmətlərindən danışıb. Tədbirdə digər çıxış edənlər bildiriblər ki, Həsən bəy Sultanov ictimai inkişafın ən mürəkkəb dövrlərindən biri olan XX əsrin əvvəllərində Azərbaycanda maarif məsələlərinin tarixini dərindən hərtərəfli tədqiq edən ilk azərbaycanlı pedaqoq olub. Onun ictimai pedaqoji fəaliyyəti sübut edir ki, Həsən bəy nəinki, respublikamızda xalq maarifinin ilk təşkilatçılarından, həmçinin tədqiqatçılarından biri olub.  Konfransda, həmçinin Həsən bəy Sultanovun insani keyfiyyətlərindən, humanistliyindən, təşkilatçılıq qabiliyyətindən söhbət açılıb. Sonda Həsən bəy Sultanovun adının əbədiləşdirilməsi məqsədilə doğma məktəbinə onun adının verilməsi barədə müraciət qəbul edilib.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2014.- 15 aprel.- S.7.