Sosial müdafiə və
insan amili
Gəlirlərin ədalətli paylanması, rifah və
tərəqqi içində bir cəmiyyət qurulması
sosial siyasətin başlıca vəzifələridir. Bu vəzifələri
reallaşdırmaq üçün sosial müdafiə ən əhəmiyyətli
vasitədir. Onun ən mühüm cəhəti cəmiyyətdə hər bir şəxsin mənafeyinə
cavab verməsilə bağlıdır. Başqa sözlə,
sosial müdafiə bütün həyatı boyu ən çətin,
riskli məqamlarda belə, insanın üstün mövqeyini
qoruyub saxlayır. Elə buna görə də inkişaf etmiş ölkələrdə
Ümumi Daxili Məhsulun 20-35 faizi bir qayda olaraq sosial müdafiə
xərclərinə ayrılır.
Ümumiyyətlə,
sosial müdafiə insanın
qarşılaşdığı
sosial risklərin iqtisadi nəticələrinin aradan
qaldırılmasında müdafiə təminatını nəzərdə
tutan bir anlayışdır. Bu anlayış həm də
ehtiyac içində yaşayan insanların sözügedən
probleminin həlli anlamını özündə ifadə
edir. Yoxsul həyat şəraitindən xilas olmaq yolunda qəfil
rast gəlinən qorxunun dəf olunması sosial müdafiənin
başlıca fəlsəfəsidir.
Sosial
müdafiənin inkişaf tarixi
Sosial
müdafiə insanın əzəli və əbədi
ehtiyacı olmasına baxmayaraq, XVIII əsrin sonu və XIX əsrin
əvvəllərində cəmiyyətdə baş verən
iqtisadi və sosial dəyişikliklər fonunda müşahidə
olunan sənaye inqilabından sonra meydana çıxaraq ötən əsrdə geniş vüsət
alıb. Əl əməyinin mexanikləşdirilməsi nəticəsində
manufakturalar iri fabriklərə çevrilib və bununla da yeni
istehsal sahələri yaradılıb, işçi sinfi formalaşıb.
Sənayeləşmənin güclənməsilə bərabər kəndlərdən
şəhərlərə köç başlaması
işçi qüvvəsində böyük artıma gətirib
çıxarıb. Məhz bu səbəbdən
də işəgötürənlər işçiləri
istehsal vasitəsi kimi görməyə və onları
ağır şərtlər altında aşağı
maaşla işlətməyə başlayıblar. Beləliklə,
dövlətin əmək müqavilələrinə loyal
münasibəti işəgötürənlərin
işçilərə biganə münasibətində, əmək
haqlarının simvolik xarakter daşımasında, əmək şəraitinin çətinləşməsində
və təhlükəli iş şəraitində
sağlamlıqlarını itirən
işçilərin yerinə yenilərinin götürülməsində,
uşaq əməyinin istismarında
özünü göstərib. Eyni zamanda, ağır
iş şəraitində məvaciblərin aşağı
olması, qidalanmanın zəifliyi, fizioloji xəstəliklərin
güclənməsi insanlarda sosial müdafiə
ehtiyacını artırmışdır.
Sənayeləşmənin
surətlə inkişaf etdiyi Almaniyada 1870-1871-ci illərdə Fransa ilə müharibədən
sonra iqtisadi böhranın baş verməsi fabriklərin
bağlanmasına və işsizliyin ortaya
çıxmasına səbəb oldu. Nəticədə gəlirsiz
qalan işçilər Alman İşçiləri Həmkarlar
İttifaqı təşkilatında birləşərək
Sosial-Demokratik Partiyasını seçkilərdə dəstəkləməyi
qərarlaşdırdılar. Alman kansleri Otto Van Bismark 1877-ci
il seçkilərində sosial demokratların
şanslarının artdığını gördükdə,
bir qrup iqtisadçını ətrafına toplayaraq, cəmiyyətdə
mövcud olan sosial-iqtisadi problemləri aradan
qaldırmağın zəruriliyini bildirdi.
Yığıncaqlarda əsasən, islahatlar yolu ilə
dövlət gəlirlərinin işçilərə ədalətli
paylanmasını reallaşdıracaq proqramların həyata
keçirilməsi müzakirə edildi. Hətta "Sosial Proqram" da
hazırlanaraq kansler Bismark tərəfindən parlamentə-Reichstag'a
təqdim edildi. Həmin
"Sosial Proqram" çərçivəsində
1883-cü il iyunun 15-də "Xəstəlik
sığortası", 1884-cü il iyulun 6-da "Peşə
qəzası sığortası" və 1889-cu il iyunun 22-də
"Yaşlılıq sığortası" qanunları qəbul
edildi. Beləliklə, dünyada ilk dəfə olaraq sosial
sığorta prinsiplərinə əsaslanan müasir sosial
müdafiə sisteminin əsası qoyuldu.
Sosial
müdafiə termini ilk dəfə ABŞ-da istifadə
olunub.1929-cu ildə dünyada hökm sürən Böyük
İqtisadi Böhranın ABŞ-ın və digər ölkələrin
sosial müdafiə sisteminin inkişafına böyük təsiri
olub. Böhran nəticəsində Amerikada işsizliyin səviyyəsi
yüksəlib və xalq səfalətlə üz-üzə
dayanıb. Sosial risklərə qarşı xalqın kifayət
qədər qoruna bilməməsi prezident Ruzveltin
başçılığıyla 14 avqust 1935-ci il tarixli "Sosial müdafiə
qanunu"nun qüvvəyə minməsinə səbəb
olub. Daha sonra bu anlayış 1942-ci ildə məşhur ingilis
iqtisadçısı Vilyam Beveric tərəfindən
hazırlanan "Beveric hesabatı" ilə öz gerçək
mənasını tapıb.
Sosial
müdafiə modelləri
Dünyada
qəbul olunmuş əsas sosial müdafiə modelləri,
yuxarıda da adlarını çəkdiyimiz şəxsiyyətlərin
- Bismark və Bevericin yaratmış olduğu modellərdir.
Bismark
modeli əmək fəaliyyətinə əsaslanan sosial
sığorta mexanizminə söykənir. Fərdlər
gördükləri iş qarşılığında sosial
müdafiə ilə əhatə olunurlar. Modeldə maliyyələşmə
sığortaolunanların ödədikləri sığorta
haqqı ilə reallaşır. Bununla da işçi
qazancına və ödədiyi sığorta haqqına
düz mütənasib olaraq sosial müdafiə
hüquqları əldə edir. Bu səbəbdən hər kəs
sosial müdafiə ilə əhatə olunmaya da bilər. Bismark modeli dedikdə həm
də ağıla ilk olaraq məhz pensiya sistemi gəlir.
Beveric
modelini isə universal sistem kimi
xarakterizə etmək olar. Bu sistemdə fərdin sosial
müdafiəsi onun işləməsindən asılı
deyildir. İşləyən və işləməyən hər
kəs, o cümlədən ölkənin bütün vətəndaşları,
həmçinin ölkə daxilində hər bir şəxs,
bir sözlə, bütün əhali sosial müdafiə ilə
əhatə olunurlar. Bu sistemin əsas fərqli cəhətlərindən
biri sosial yardım və sosial xidmət formalarının təqdim
edilməsidir. Beveric modelinə ən uyğun ölkə
İngiltərədir. İngiltərəni Almaniyadan sonra
sosial rifahın inkişafı
baxımından ikinci əsas ölkə hesab etmək olar.
Almaniyada reallaşdırılan sosial islahatlar sənayesi surətlə
inkişaf edən İngiltərəyə böyük təsir
göstərmişdir. II Dünya müharibəsindən dərhal
sonra İngiltərədə sosial sığorta əsasında
qurulan sosial müdafiə sistemində dövlət
işçi və işəgötürəndən sonra
üçüncü tərəf kimi iştirak etməyə
başlamışdır. Bu sistem də Bismark modeli kimi sosial
sığortalar əsasında qurulmuşdur. Amma Beveric modelində
ödənilən sığorta haqları və vergilər yalnız şəxsin
özünün sosial müdafiəsinə deyil, həm də
yoxsulların sosial rifahının
yaxşılaşdırılmasına yönəldilib.
Sözün əsl mənasında, Bismark modelində sosial
siyasət yalnız işləyənlərin sosial vəziyyətini
yaxşılaşdırmaqla bağlıdır, əhalinin
yoxsulluğunu azaltmaq və əmək qabilliyyəti
olmayanların sosial vəziyyətini
yaxşılaşdırmaq əsas məqsəd kimi nəzərdə
tutulmamışdır. Məhz bu ,
iki modeli bir-birindən fərqləndirən əsas cəhət
hesab olunur.
Digər
tərəfdən, heç bir ölkədə bu modellərdən
yalnız biri tətbiq edilmir. Hər iki model dünya ölkələri
tərəfindən mənimsənilib. Bunlardan biri daha
çox, digəri isə qismən sosial müdafiə sistemində
yer alır. Bəzi ölkələrdə isə hər iki
model paralel , bərabər səviyyədə
həyata keçirilir. Məsələn, ölkəmizdə sosial
sığorta prinsiplərinə əsaslanan sosial müdafiə
sistemini Dövlət Sosial Müdafiə Fondu, yoxsulluğun
azaldılmasına yönəldilmiş sosial yardım və
sosial xidmət formalarını isə Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi reallaşdırır.
Sosial
müdafiənin əhəmiyyəti artır
Beynəlxalq
Əmək Təşkilatının məlumatına görə,
dünyada insanların sadəcə olaraq 20 faizi sosial
müdafiə çətiri altına
alınmışdır. Dünya əhalisinin 80 faizinin isə
heç bir sosial müdafiə təminatı yoxdur.
Dünyanın 1,4 milyard nəfər
əhalisi gündəlik 1,25 ABŞ dolları gəlirlə
həyatını davam etdirmək məcburiyyətindədir.
Son 20 illik bir dövrdə dünya ölkələrinin rifah səviyyəsindəki
artıma, bir çox ölkələrdə müşahidə edilən iqtisadi
inkişafa baxmayaraq, yoxsulluq səviyyəsi hələ də
mövcudluğunu qorumuşdur.
Sosial
müdafiə sisteminin inkişafına təsir göstərən
və yaxud, ləngidən əsas faktorlara demoqrafik prosesləri,
ölkələrarası miqrasiyanı, qeydiyyatdan kənar məşğulluğu
misal göstərə bilərik. Bunlara daha ətraflı nəzər
yetirək:
Demoqrafik
proseslər - yaşlı əhalinin artması, eyni zamanda
doğum səviyyəsinin düşməsinin nəticəsində
orta ömür müddətinin uzanması sosial müdafiə
sisteminin sosial sığorta sahəsinə mənfi təsirlər
göstərir. İşçi qüvvəsinin
sayının aşağı düşdüyünə
görə sığorta haqqı ödəyənlərin də
sayı azalır və nəticədə gəlirlər
azalmış olur. Bundan başqa, orta ömür müddəti
uzandıqca, yaşlı əhalinin sayının artması
pensiya xərclərini artırmış olur. Sosial müdafiə
sisteminin qəbul olunmuş normalarına əsasən,
ümumi xərc hissəsinin minimum 60 faizi yaşlılara
yönəldilir. Bir sözlə, əhalinin yaşlanması
sosial müdafiə sisteminin gəlir-xərc
tarazlığını pozur və sistemin maliyyə baxımdan
dayanıqlığını şübhə altına
alır.
Ölkələrarası
miqrasiya - XXI əsrin ilk illərində dünyaya göz
açan insanlardan 175 milyonu doğulduğu və vətəndaşı
olduğu ölkənin xaricində yaşayır. Bunlardan 60
milyon nəfəri miqrant statusunu daşıyır. Ölkə
içində və xüsusilə ölkələr
arasında insan köçü sosial müdafiə sisteminə
bir sıra problemlər yaradır. Məsələn, miqrantlar
doğma vətənlərindən kənarda əmək fəaliyyəti göstərib
geri döndükdə işlədikləri müddətlə
bağlı sosial müdafiə haqlarının transferi məsələsi
ölkələrin sosial müdafiə sisteminə təsirsiz
ötüşmür. Həmçinin miqrasiya miqrantların
doğma ölkələrindəki ailələrinə də
sosial müdafiə problemləri yaradır. Vətənində yaşayışına davam edən
ailəsinin sosial müdafiəsinin , hansı ölkə - köçdüyü-işlədiyi,
yoxsa yaşadığı-vətəndaşı olduğu
ölkə tərəfindən qarşılanacağı
sualı, ölkələr arasında ikili sosial müdafiə
müqavilələrinin imzalanmasını zəruriləşdirib.
Fərqli ölkələrdə işləyən şəxslərin
sosial sığorta stajlarını birləşdirərək
pensiyaya çıxma hüquqları da məhz dövlətlər
arasında imzalanan ikili sazişlərə əsaslanır.
Qeydiyyatdan
kənar məşğulluq - sosial müdafiə sisteminin
inkişafı yolunda ən böyük təhdiddir. Eyni
zamanda dünya ölkələrinin
və beynəlxalq təşkilatların əmək bazarının inkişafına
yönəldilmiş fəaliyyətlərdə ən
uğursuz olduqları sahədir.
Qeydiyyatdan kənar sektorun Afrika qitəsində əhatə
dairəsinin çox geniş olması problemin nə dərəcədə
böyük olduğunu göstərir. Bu qitədə şəhərdəki
məşğulluğun 60 faizi, son illərdə yaradılan
iş yerlərinin 90 faizdən çoxu qeydiyyatdan kənar
sektorun payına düşür.
Qeydiyyatdan
kənar məşğulluğun sosial müdafiə
baxımından əhəmiyyəti işləyənlərin
heç bir sosial təminatı olmamasıdır. Bu sektorda
işləyənlər daha aşağı maaşla, uzun
iş vaxtı və təhlükəli şəraitdə
çalışırlar. Buna
görə də qeydiyyatdan kənar
məşğulluq əslində məşğulluq problemini
həll edən deyil, əksinə məşğulluq siyasətinə
mənfi təsir edən amil hesab olunur. Bununla bərabər bu
sektorda işləyənlər sosial sığorta haqları
ödəməməsi nəticəsində, həm özlərinin
gələcək sosial müdafiəsinə, həm də
sosial sığorta prinsiplərinə zərər yetirərək
sosial müdafiənin maliyyələşməsinə
böyük problemlər yaradırlar.
Ayxan MƏCİDOV
525-ci qəzet.- 2014.- 15 aprel.- S.4.