Qloballaşan dünyanın yeni
çağırışı: elmi sferanı necə gəncləşdirməli?
Elmin
qlobal dünyada mahiyyətinin dəyişdiyi, onun üzərinə
daha fundamental və mürəkkəb problemlərin həlli
yollarını göstərmək məsuliyyətinin
qoyulduğu müasir dövrdə regionun əsas iqtisadi və
siyasi aktoru olan Azərbaycan yeni inkişaf mərhələsinə
qədəm qoyaraq biliklər cəmiyyətinə transformasiya
olunmaqla yanaşı, bölgənin elm mərkəzinə də
çevrilmək istəyindədir. Məhz bu amilləri nəzərə
alaraq, ölkənin gələcəyi üçün həyati
vacib əhəmiyyətə malik olan, dünya standartlarına
cavab verən mükəmməl elmi-tədqiqat mühitinin
yaradılması məqsədilə Prezident İlham
Əliyevin rəhbərliyi ilə son 10 ildə olduqca önəmli
tədbirlər həyata keçirilib, silsilə qərarlar qəbul
edilib. Azərbaycan elmi fundamental dövlət sənədlərində
əksini tapmış strateji vəzifələrin həlli
üçün yollar axtarışındadır.
Hazırkı dövrdə bu sahə mürəkkəb
problemlərlə xarakterizə olunan keçid mərhələsini
arxada qoyaraq dövlətimizin miqyaslı islahatları həyata
keçirdiyi inkişaf yoluna qədəm qoyub.
Azərbaycanda
son əsrdə elmin təşkilatlanmasının "Qərb-universitet
modeli" deyil, sovet siyasi sisteminin elementi kimi "Akademiya
modeli" formalaşmış, müəyyən dəyərli
və tarixi təcrübə əldə edilmişdi. Cəmiyyətdə
və ictimai şüurda ölkənin əsas intellektual
dayağı kimi Azərbaycan Milli Elmlər Akademiyası (AMEA)
qəbul edilir. Ümummilli lider Heydər Əliyevin ölkədə
elmin təşkili və inkişafı sahəsində rolunu nəzərə
alaraq 2001-ci il mayın 15-də imzaladığı fərmanla
həlledici institut kimi statusunu bərqərar etdiyi, ölkənin
əsas intellektual potensialının cəmləşdiyi AMEA
sistemində dövlətimiz son illər məhz bəzi
obyektiv və subyektiv səbəblərdən qaynaqlanan problem
və çatışmazlıqların aradan
qaldırılması yönündə ardıcıl olaraq
islahatlar həyata keçirir. Bu gün biliklər cəmiyyətinin
lokomotivi olan milli innovativ mühitin formalaşması, alimlərimizin
elmi nəticələrinin, rəqabətə
dözümlü məhsulların daxili və dünya
bazarına çıxarılması, nano, bio və info
texnologiyalara üstünlük verilməsi zərurəti Azərbaycan
elminin qarşısında yeni vəzifələr qoyur.
Müşahidələr
göstərir ki, dünya elmində islahatların
aparılmasının strateji, prioritet istiqamətlərindən
biri də gənc mütəxəssis və alimlərin elmə
gəlişini, onların aşkarlanmasını və sosial dəstəklənməsini
təmin edən tədbirlər sisteminin müəyyənləşdirilməsi
təşkil edir. Çünki yaxın perspektivdə elmdə
radikal dönüşün yaradılması müstəsna
olaraq gənc mütəxəssis və alimlər faktoru ilə
bağlı olacaq. Məhz buna görə də prezidentin
praqmatik siyasətinin əsas istiqamətlərindən birini gənclər
siyasəti təşkil edir.
"Hər bir sahədə gənc kadrların hazırlanması
prosesi daha da sürətlə getməlidir", - deyən Prezident İlham Əliyevin 2012-ci il 29 dekabr tarixli Fərmanı
ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə
baxış" İnkişaf Konsepsiyasında, həmçinin
2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş
"Azərbaycan gəncliyi 2011-2015-ci illərdə"
Dövlət Proqramında da gənclərin
potensialının inkişaf etdirilməsi strateji hədəflərdən
biri kimi müəyyən olunub. Çünki yüksək
intellektli insan resurslarının yetişdirilməsi ölkədə
vətəndaş elminin də əsaslarının
qoyulmasına zəmin yaradır.
AMEA-nın
prezidenti, akademik Akif Əlizadə də 2013-cü il
dekabrın 27-də keçirilmiş Gənc Alimlər və
Mütəxəssislər Şurasının təsis
konfransında elmin populyarlaşdırılması sayəsində
gənclərin elmə cəlb edilməsini AMEA-da aparılan
islahatların prioritet istiqamətlərindən olduğunu
bildirib, eyni zamanda alimlərin orta yaş həddinin kifayət
qədər "püxtələşdiyini"
vurğulayıb.
Qloballaşan
dünyanın yeni çağırışları və
ölkəmizdə biliklər cəmiyyətinin qurulması zərurəti
Azərbaycan gəncliyinin avanqardı olan innovativ təfəkkürlü
intellektual gənclik qarşısında tamamilə yeni tələblər
qoyur. Gənclərin intellektual və yaradıcılıq
potensialının inkişafı, onların daha geniş
miqyasda intellektual fəaliyyətə cəlb edilməsi, elm, təhsil
və yeni texnologiyalara marağının
artırılması bu istiqamətdə kompleks tədbirlərin
həyata keçirilməsini, gənc alim və mütəxəssislərlə
fəaliyyət sahəsində yeni innovativ idarəçilik
mexanizmlərinin tətbiqini tələb edir. Bu zərurəti
nəzərə alan AMEA gənclərin elmi potensialının
artırılması, onların müxtəlif elm sahələrində
ixtira və kəşflərinin, təşəbbüs və
təkliflərinin stimullaşdırılması, layihə və
proqramların maliyyələşdirilməsi məsələlərinin
yüksək səviyyədə təşkilinə qərar
verib.
Bu sahədə
ilk addımlardan biri kimi 2013-cü il dekabrın 27-də Gənc
Alimlər və Mütəxəssislər Şurasının
təsis konfransının keçirilməsi oldu. Buna qədər
42 elmi müəssisə və təşkilatda keçirilən
iclaslarda Gənc Alim və Mütəxəssislər
Şurasının yeni tərkibi müəyyənləşdirildi.
Məqsəd gənclərin elmi fəaliyyətini
stimullaşdırmaq, elmin inkişafındakı rolunu daha
artırmaq idi. Lakin elmi-tədqiqat institutlarında gənc alim
yaşının (yuxarı həddinin) müxtəlif rəqəmlərlə
(30, 35, 40) götürülməsi institutlar üzrə fərqli
rəqəmlər ortaya qoymuşdu. Bu da "gənc alim"
yaşının qanunvericilikdə konkret rəqəmlə tənzimlənməməsindən
irəli gəlir. Düzdür, Azərbaycan
Respublikasının "Gənclər siyasəti
haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər
və əlavələr edilməsi barədə" 5 may
2007-ci il tarixli Qanununa əsasən Azərbaycanda gənclər
14-29 yaşlarında (gənc ailə üçün isə
35 yaş) hesab edilir. Lakin "gənc
alim" yaşı göstərilmir. Bu, digər sahələrdə
olduğu kimi güzəştli ipoteka kreditlərinin
alınması prosesində də gənc alimlərə əlavə
problemlər yaradır.
Hazırda
AMEA-da "Gənc alim" analitik-informasiya sisteminin
formalaşdırılması üçün kompleks işlər
həyata keçirilir. Artıq qeydiyyatdan keçənlərin
sayı 2913 nəfərdir.
AMEA-da həm
də dünyanın inkişaf etmiş ölkələri ilə
elmi əməkdaşlığın genişləndirilməsi,
elmi fəaliyyətin təşkilində beynəlxalq təcrübə
mübadiləsinin aparılması, qlobal intellektual mühitə,
universitetlərə, elmi mərkəzlərə sürətlə
inteqrasiya hədəf kimi seçilib. Bu kontekstdə gənc
mütəxəssislərin xaricdə təhsil almalarına da
xüsusi önəm verilir. Ölkənin elmi kadr
potensialının artırılmasını və Azərbaycan
elminin beynəlxalq elm məkanına inteqrasiyasının təmin
olunmasını daha da sürətləndirmək məqsədilə
onlarla gənc hər il xarici ölkələrdə
doktoranturada təhsil almaq üçün göndərilir.
Lakin prioritet istiqamətlərdə kadrlara zəruri tələbat
hələ də qalmaqdadır. Məsələn, qədim
dillər sahəsində Azərbaycanda mütəxəssis,
demək olar ki, yox dərəcəsindədir. Bu səbəbdən
Azərbaycan tarixinin qədim dövrünün
araşdırılması sahəsində müəyyən
boşluqlar müşahidə edilir. AMEA Tarix İnstitutunun
direktoru Yaqub Mahmudov müsahibələrinin birində bu problemin səbəbini həm də
gənclərin özündə görür: "Gənclərlə
bağlı problemlərimiz çoxdur, gənclikdə bəzi
qüsurlar var. Belə ki, biz nə qədər gəncləri
toplamağa çalışsaq da onun içərisində ərəb,
fars, şərq dillərini bilənlər çoxdur. Hamı
yaşamaq üçün kompüter və ingilis dilinin
dalınca qaçır. Amma biz yalnız ingilis dili ilə
tariximizi araşdıra bilmərik. Gənclərin İtaliya və
digər xarici ölkələrdə qədim dilləri bilməkdən
ötrü təcrübə keçməsi üçün
şərait yaradılır. Lakin gənclərin arasında
getmək arzusunda olanlar yoxdur. Bu baxımdan gənclərdən
çox şey asılıdır. Onlar bizə qarşı
olan beynəlxalq basqılara mütəşəkkil şəkildə
işləyərək cavab verməlidirlər. Bizə
çevik, zirək, dilləri bilən mübariz gənclər
lazımdır. Tarix sahəsində biz buna möhtacıq və
ehtiyacımız var".
Məlumdur
ki, müasir elmin ən son nailiyyətləri və təhsil
sahəsində yeni innovativ texnologiyalar haqqında zəngin
informasiyalar bir sıra nüfuzlu beynəlxalq elmi bazalarda cəmləşib.
Bu baxımdan hazırda dünya səviyyəsində
böyük nüfuza malik olan "Tomson",
"Şpringer", "Elsevier" və s. kimi beynəlxalq
elmi bazaların resurslarına çıxış çox
mühüm məsələlərdəndir. Hazırda Azərbaycan
"Şpringer" informasiya bazasının resurslarından
istifadə edir, digər bazalara çıxış
üçün də müvafiq dövlət qurumları bu
istiqamətdə iş aparır. Bu istiqamətdəki işləri
Azərbaycan elminin uğurlarından hesab etmək olar. Lakin Azərbaycan
alimlərinin yüksək indeksli jurnallarda məqalələrinin
sayı qənaətbəxş deyildir, onların sayı daha
da artırılmalıdır.
Bu sahənin inkişafı üçün digər bir amil dünyanın tanınmış alimlərinin, məsələn, Nobel mükafatı laureatlarının seminarlarının Azərbaycanda təşkil olunmasıdır (Bu ənənə xarici ölkələrdə, o cümlədən Türkiyədə yaxşı inkişaf edib). Təkcə ölkə rəhbərliyinin təşəbbüsü ilə keçirilən Beynəlxalq Humanitar Forumlar çərçivəsində deyil, həm də AMEA-nın öz daxili imkanları hesabına bu alimlər ölkəmizə dəvət oluna bilər. Bu, gənc alimlərin inkişafına müsbət təsir edə bilər.
Ümumiyyətlə, həyata keçirilən islahatlar kontekstində AMEA-nın yeni sosial müdafiə və infrastruktur sisteminin hazırlanması, alimlərin, o cümlədən gənc alimlərin sosial statusunun yüksəldilməsi, bu statusun qanunverici əsaslarının müəyyən edilməsi məsələlərinə də xüsusi diqqət yetirilməlidir. Çünki sosial status elmin inkişafının bütün sahələrini göstərən mühüm indikatordur. Məhz bu yolla gənc alim və mütəxəssisləri (xüsusilə müdafiə etdikdən sonra) Akademiyada saxlamaq mümkündür. Məsələn, ABŞ-da alimlərin sosial statusu daha yüksək olduğundan hətta aparıcı Avropa ölkələrindən belə Amerikaya alimlərin güclü axını müşahidə edilir. ABŞ-da təkcə nanotexnologiyanın inkişafı üzrə Milli Proqramın qəbul edilməsi bu ölkədə son dövrdə 30 mindən çox xarici mütəxəssisə ABŞ vətəndaşı olmaq imkanı verib.
Burada onu da qeyd edək ki, alimlərin və ya elmi əməkdaşların statusunun qanunvericiliklə müəyyən edilməsi beynəlxalq təcrübədə mövcuddur. Buna əsas kimi Ümumdünya elmi işçilərin hüquqları Xartiyasını (1948), Elmi işçilərin hüquq Bəyannaməsini (1964), Elmi əməkdaşların hüquq və öhdəliklərinin Manifestini göstərmək olar.
BMT-nin elm, təhsil və mədəniyyət sahəsində ən nüfuzlu təşkilatı olan UNESCO-nun üzv ölkələrə "Elmi əməkdaşların statusu haqqında" Tövsiyələri müəyyən edilib. Azərbaycan elminin də bu Tövsiyələrə qoşulması məqsədəuyğun olardı. Həmçinin Beynəlxalq Əmək Təşkilatının (BƏT) elmi işçilər haqqında beynəlxalq konvensiyaları və tövsiyələri də nəzərə alınmalıdır. Xüsusilə bu yaxınlarda təsdiqi gözlənilən "Elm haqqında" Qanunda "alimlərin sosial statusu"na dair bəndlərin daha ətraflı şəkildə əksini tapması məqsədəuyğun olardı.
Beləliklə, Qərblə Şərqin maraqlarının kəsişmə nöqtəsi olan Azərbaycanda gənc elmi kadrların hazırlanması üçün hər iki qütbün qabaqcıl elm və təhsil sistemlərinin nailiyyətlərindən faydalanmaq, AMEA-nın 2025-ci ilə qədər İnkişaf Konsepsiyasını hazırlamaq zəruridir.
Eyni zamanda bu gün elmi islahatların həyata keçirilməsində intellektual gəncliyin də üzərinə böyük vəzifələr düşür. Azərbaycanın intellektual gəncliyi də öz növbəsində innovativ və kreativ təfəkkürə, yeni biliklərə və elmi nailiyyətlərə can atmalı, dünya elminə daha aktiv və keyfiyyətli şəkildə inteqrasiya olunmalıdırlar.
Aqşin MƏMMƏDOV,
filologiya üzrə fəlsəfə
doktoru
525-ci qəzet.-
2014.- 16 aprel.- S.5.