"Çırpdım söz
qanadımı" Yusif Nəğməkar üçün və
yaxud, poeziyanın söz ətri...
Şair Yusif Nəğməkarın bir neçə kitabı qarşımdadır... İlk olaraq onun "Bəsirət gözəli"
(2012) kitabını vərəqləyirəm. "Bəsirət
gözü" anlayışı məlum-məşhur
anlayışdır, amma "bəsirət gözəli"
anlayışına ilk dəfə idi ki, rast gəlirdim.
Bəri başdan deyim ki, Yusif Nəğməkar
axtarıcı qələm əhlidir, yeniliyi,
orijinallığı sevəndir və onun ədəbi dilimizə
gətirdiyi xeyli belə, yeni, təzə,
"qayçıdan çıxma" anlayışlar,
obrazlar, bənzətmələr, ifadələr, hətta
arxaizmlər, tarixizmlər mövcuddur. Və mən
bunu sözarası xatırlatdım.
Bu kitab
müəllifin şəkilaltı verdiyi bu misralarla
açılır, özü də şairin öz xəttində,
altında da öz imzasıyla (bunun da mənası var) :
Ömür
azdır, lap yüz de;
Tanrı
yarı bölməsin!..
Diriykən
elə söz de,
Ölümünlə ölməsin.
Sonra onun
digər kitablarını da vərəqlədim, oxudum, onun
söz dünyasına, şeir aləminə, duyğular dənizinə
daldım... Və gördüm ki, bu bənddə, bu misralarda
deyilən mətləb onun poetik amalı, bədii-estetik
kredosudur... O, ölümsüz söz eşqiylə
yaşayır, yaradır...
Necə
ki, onun şair babası, XII əsrin ən ünlü klassiklərindən
olan Mücirəddin Beyləqani də aran yerinin susuzluğunu
təbinə təşbeh etmişdi və bu sözləri
özünə amal seçmişdi:
"Zamanla
kərtənkələ olub keçinnəm susuz,
Abırımı tökmərəm, yaşamaram
duyğusuz.
Su təbimin
odunu söndürüb qoysa minnət,
Susuzluqdan ölərəm, suya baxmaram, əlbət."
Müasir
Azərbaycan ədəbiyyatının - poeziyasının tanınmış, zəhmətkeş
və fədakar nümayəndələrindən biri, hər
bir əsəri ilə hadisəyə çevrilən, "təbinin
odunu söndürəcək" hər şeyə
qarşı çıxan, özünəməxsus, "minnətsiz"
şair ömrünün daşıyıcısıdır
Yusif Nəğməkar...
Bir də,
onu deyə bilərəm ki, bəzi "yenilikçi"
yazarlardan fərqli olaraq, ədəb-ərkana ciddi fikir verən
qələm sahiblərindəndir, o!.. İntim
çılpaqlığı, bayağı
ehtirasçılığı bilmərrə sevməz.
Kənd saflığı, dağ vüqarı,
bulaq sərinliyi, çay harayı var Yusifin əsərlərində.
Yazılarında bəzən publisistik yön
ifratlanır. Bu da onun jurnalist fəaliyyəti
ilə bağlıdır, təbiidir. İki üslubun
qovuşuğunda gerçəkləşir onun fikirləri,
duyğuları...
O,
canında azərbaycançılıq yanğısı
daşıyır. Nə qədər səbirli, təmkinli
olsa da, yeri gələndə bir çınqıya bənddir
ki, o yanğının alovunu görəsən. İstər
şeirlərində, istər söhbətlərində, istərsə
də sinəsinə basdığı sazın "Yanıq Kərəmi"sində!!
Bu baxımdan, Yusif Nəğməkar, yeni təbircə - Vətənkeş
şairdir!!
Yusif Nəğməkar axtarışda olan, günbəgün,
ilbəil böyüyən şairdir. Onun qələmindən
çıxan sözlər, duyğular 37 ildir ki, böyüyə-böyüyə
böyüyür, inkişaf edir, dəyirman atı təkin
dairə boyu hərəkət etmir, Alapaça təkin
söz cıdırında üfüqlərə doğru
şığıyır... Özü də torpağa, Vətənə,
insana qədir-qiymət yükü daşıyır... Onun
şeirləri həyati məna yükü ilə
yüklüdür, uyumludur, duyumludur... Onun poeziyasının hərarətində,
yovşan ətrində, qoxusunda Vətən, Vətəndaş
- İnsan və torpaq yaşayır!.. Onun
öz təbirincə desək: "Qələmin səsinin
diapozonu xalqın səsinin diapozonuna uyğun olanda, o səs ictimailəşir
və insanlar sevinəndə də, kədərlənəndə
də, düşünəndə də, mübarizə
aparanda da, o səsi dinləməyə ehtiyac duyurlar."
O qənaətdəyəm
ki, Yusif Nəğməkarın sözü, şeiri belə
bir ehtiyacdan yaranır...
Yusifin ciyərlərində dağ havası, öz təbirincə
desək, "sözünün səsində" çay,
şəlalə şaqqıltısı, ayna bulaqların
zümzüməsi bərqərardır. Təbinin saflığı
da ömrünün bir hissəsini (uşaqlıq və
yeniyetməlik çağlarını) qoynunda keçirdiyi əzəmətli
Kiçik Qafqaz silsilə dağlarından qaynaqlanır...
Onun şeirlərində millətin qarabaxtına
çevrilmiş Qarabağı (Təkcə Qarabağmı? Göyçə, Zəngəzur,
Vedi, İrəvan çuxuru - bütün Qərbi Azərbaycan...) ürəklərdə
əbədi yaşada biləcək hisslər, duyğular tərənnüm
olunur. İnsanı ötəri, müvəqqəti
yurda bağlayan heç nə bu şeirdə anılmır.
Yalnız uzunömürlü, insanlığı qürrələndirən
və onu yaşadan dəyərlər, poeziya
naxışlarına, ilmələrinə dönərək
Qarabağ xalısı toxuyur, şeir şəklində həqiqi mənəviyyat hadisəsi
kimi üzə çıxır. Şeir insanı həm
itirilmiş yurd üçün ürəkdən göz
yaşı tökməyə, həm də haqsız, nankor,
namərd, qəddar düşməndən tezliklə bu yurdun intiqamını
almağa səsləyir. Qarbağa uzanan ağ yola, ağ arzuya dönür.
Milləti,
xalqı ruhdan düşməyə poetik duyğuları ilə
sipər çəkən, çadır şəhərciklərini
döyüş səngərlərinə daşımaq istəyən
Yusif Nəğməkar Qarabağın mədəniyyət
beşiyi Şuşa haqqında çox
şeir yazıb. Bu şeirlərin hər biri məhəbbətlə,
sözün həqiqi mənasında, Vətənini yurdunu
sevib-oxşayan bir insanın ən gözəl duyğuları
ilə süslənib.
Dünyamızı
ah götürüb,
Çox
zülmü Allah götürüb...
Ahlarım
silah götürüb,
Basılacaq qoşun dərdlər.
Gəlin, bu misralara heyranlığımızın səbəbini
açıqlayaq; "ah" və "dərd" kəlmələri
yaxın, oxşar mənanın ifadəçiləri
olduğu halda, onların özünü belə, müəllif
qarşı-qarşıya qoymaqla ah silahıyla qoşun dərdləri
basmağın mümkünlüyünə bizi inandıra
bilir. Bu,
sehrkarlıq, ustadlıqdır! Daha başqa bir yozuma ehtiyac
qalmır!
Xoşa gələn cəhətlərdən biri də
budur ki, onun hər hansı şeirində düşüncənin
təzyiqinə məruz qalması hiss olunmur. Şeirləri
rəvan və oxunaqlıdır. Ən aydın
, duru, sadə, sadə olduğu qədər də hikmətamiz
xalq ruhundadır. Bu şeirlərdəki bəndlər
asanlıqla, cəmi bir-iki dəfə oxunmaqla yaddaşa
köçə bilir. Həmçinin məni
qane edən bir cəhət də, budur ki, şair görünənləri
tamam fərqli anlayır, fərqli qəbul edir və ən
ümdəsi, bu fərqliliyi fərqli bir tərzdə təqdim
edə bilir.
Yusif Nəğməkarın şeir, poeziya aləmində
min illərdən bəri tərənnüm olunan sevginin, məhəbbətin
özünün də özünəməxsus,
özünün olan çalarları mövcuddur. Onun şair fəhmilə
dediyi "Sevgim mələklər yuxusu" obrazı, ifadəsi
fikrimə əsas verir. Məsələn, Yusif "Sənin
gözəlliyin nəyimə gərək" şeirində
olduğu kimi sevgili (saxtakar və etibarsız) obrazına
tamamilə başqa bir bucaqdan baxmağı bacarır:
Hər an
işıldayıb Aylanan gözəl,
Sənin gözəlliyin nəyimə gərək?!
Dəmadəm
yüz yerə paylanan gözəl,
Sənin gözəlliyin nəyimə gərək?!
Bu əda
yanlışdır, ya da yalandır,
Axırı əvvəldir, əvvəli sondur.
Madam gözəllik on, doqquzu dondur,
Sənin gözəlliyin nəyimə gərək?!
Bu şeir insanın mənəviyyat aləminə təzə
bir baxışdır. Şair gözəlliyi gözdən salanlara
qarşı çıxır, mənəviyyat
pozğunları hər cür gözəllikdən məqsədləri
üçün istifadə edəndə insanın, insanlığın
özünə zərbə dəyir, "gözəl
görsənən" gözəlliyə çevrilmir, gərəksiz,
çirkin bir şeyə dönür:
...Ey ulu gözəllik, sənin
balanam,
Sanma gözəlliyi gözdən salanam.
Əsl
gözəllərdən ilham alanam!..
Sənin gözəlliyin nəyimə gərək?!
Mənim qənaətimə görə, şair öz
şeirinə, şeiri isə şairin özünə
oxşayır.
Yusif Nəğməkar da istedadlı bir şair
kimi yaradıcılığı ilə bu postulatı təsdiqləyir.
Elə ona görə də, pafossuz-zadsız "Mən vətənə
oxşayıram" - deməyə onun haqqı çatır!
Doğrudan da belədir, Vətəninə oxşamayan
şairi, loru dildə deyəsi olsaq, apar qaytar. Yusifin şeirlərini
oxuduqça, kitablarını vərəqlədikcə,
aşkar gördüm ki, Yusif Nəğməkar "Mən Vətənə
oxşayıram" şeirində olduğu təkin
bütün mənəviyyatı ilə Vətəninə-Azərbaycana
oxşayır və bu şeirində o Azərbaycanın dərd
yükünü poetik şeir bükümünə
çevirib:
Gözlərimdən
həsrət baxır,
Mən Vətənə oxşayıram.
İçimdən
qara qan axır,
Mən Vətənə oxşayıram.
Bənzərimdir
yaz-qış bir az,
Otu bir az, daşı bir az...
Alnımın
qırışı - Araz,
Mən Vətənə oxşayıram.
Bu qəbildən
şeirlərində Yusif Nəğməkar Beyləqaninin
lirik "mən"i
özünəməxsus poetik həssaslığı
ilə diqqəti çəkir. Bu da təsadüfi
deyil, şair fitrətinin mühüm əlamətlərindəndir.
Yusif Nəğməkar fitrətən şairdir
və onun emosional duyğular axarı həmişə ictimai
mühitə yönəlik olduğundan istər fərdi, istər
təbiət, istərsə də cəmiyyət hadisələrindən
nəşət edən duyğuları həmişə
dinamik, fəal münasibətdə, hərəkətdə
olur. Onun şeirlərindəki lirik dinamizm
və romantik dalğalanma, havacat, ovqat da buna
bağlıdır, buna yönəlikdir. Onun
poetik obrazlarının hərəkətveici
gücü-qüvvəsi özünün könül
çırpıntılarından enerji alaraq lirik söz
döyüntülərinə çevrilir.
Belə baxanda şeirin məlum, ənənəvi bir
obrazlar sistemi var və şairlər bu sistemdən həmişə
istifadə edirlər. Lakin bu sistem istedadlı şair qələmində
yeniləşir, təzələnir, təravətlənir.
Bu ondan irəli gəlir ki, istedadlı sənətkar bu
obrazlara hələ işlədilməmiş yeni məna
çalarları verir, onları yeni situasiyada işlədir...
Şeirin cazibəsi onun ifadə sadəliyindən, obrazlılığından,
ahəngdarlığından, ritmikasından çox
asılıdır. Bu məsələ hər şairdə
alınmır. Yusifdə isə bu baş
tutur. Onun
sözlə davranış tərzi, bəli, məhz
davranış tərzi mövcuddur. Elə bil o
bir şair kimi sözlə, söz də bir şair kimi onunla
dil tapır, bir-birlərini qəribə bir tərzdə
duyurlar. Başqa sözlə, Yusif Nəğməkar
sözə ehya verməyi bacarır, onun yeni məna
çalarlarını, yeni ifadə tərzini tapır, lakonik
təşbih və ibarələrdən istifadə edir,
sözə yeni, ibrətamiz, heyranedici poetik yozumlar verməyi
bacarır...
Qeyri-adi
poetik ümumiləşdirmələr aparır, yeni məna
yozumları əldə edir... Elə bu sənətkarlıq
meyarlarına görə də, Yusif Nəğməkarın
lirikasının əksər nümunələri
"ovqat", əhval-ruhiyyə, həm də
düşüncə lirikasına çevrilir, təsirsiz
ötmür, "Daş yağışı" şeirində
olduğu kimi. Burdakı "daş" obrazı Əli Kərimin,
Məmməd Arazın, Musa Yaqubun təxəyyülündə
daşlaşan obrazın uğurlu, yeni yozumda, bənzərsiz
davamıdır:
Başları
daşa tutarlar,
Tutqu üşənmək üçündür.
Daşı
daşlığa atarlar,
Baş ki, düşünmək üçündür.
...Göy
kişnər daş harayından,
Bulud gözdən yaşlar yağar.
Ömrün
qəflət sarayından,
Başımıza
daşlar yağar...
Bu mənada
Yusif Nəğməkarın şeirlərində daxili bir
yanğı, daxili bir enerji onu həmişə dediyim ovqat səviyyəsində
izləyir... Onun şeirlərinin axarında yolu yarpızlı,
dumduru bulaqların şırıltısını,
yovşanlı düzlərin meh dolu hənirtisini, Aran düzlərinin
səmasında nizamla havalanan durnaların qaqqıltılı
avazını, Xəzərin mavi ləpələrinin
pıçıltısını, Salvartının,
Qırxqızın, Dəlidağın zirvələrində,
yamaclarında, dolaylarında qartal qanadlarının
şaqqıltısını, Haramı düzündəki
ceyran balalarının mələrtisini, bir-birini əvəz
edən rəng çalarlarını duyur, hiss edir, hətta
görə bilirik...
Yusif Nəğməkar dünyanın gərdişinə
heyrət, sevginin sirrinə heyran, insanın insanlığına
vurğun olduğu qədər də təbiətin dilinə
bələddir. Şairin Musa Yaquba həsr etdiyi "Tale köhləni"
şeirindən aşağıdakı misralara fikir verin:
Meşəli
yamacda əlik mələdi,
Bir misra uzandı o səs boyunda.
Kəklik
qaqqıltısı şirin halədi;
Boynuna
dolanıb otun, suyun da...
Kükrəyən
təbinin qurtarmaz işi;
Atlaz yəhərinin gül quşqunu var.
Odlu
ürəyinin günəş atəşi,
Soyuq
baxışının qar uçqunu var...
Yarpaq vərəqlərin
önündə dayan,
Yaşıl yazılardı gözə dəyəsi.
Fidan qələmlərdir
tumurcuqlayan;
Ucunda
yüz fikir çiçəkləyəsi...
Cəmi,
adda - budda üç bəndini misal gətirdiyimiz nisbətən
iri həcmli bu şeiri oxuyub axıra çatdıqdan sonra
yeni bir qənaətə gəlirik: Təbiətə təbiətən
bu qədər yaxın olan Yusif Nəğməkar anlam,
düşüncə, yozum təbiətinə görə də
birmənalı olaraq orijinal şairdir, düşünən və
düşündürən şairdir.
Sözün yaxşı mənasında, Yusif Nəğməkarda
həyata, ətrafa, mühitə hər şairə nəsib
olmayan bir heyranlıq, bir vurğunluq mövcuddur. O, ətrafında baş verən
hadisələrə, gördüyü həyati detallara - çiçəyə,
ota, qayaya, daşa-quşa heyran-vurğun şair gözü ilə
baxmağı bacarır, heç kimin görmədiyini
görür, heç kimin duymadığını duyur və
ən ümdəsi, bunları təbii axarı ilə
şeirinə gətirməyi bacarır... Bu həmin
vurğunluqdan və heyrətdən irəli gəlir... Dediyim
heyrət və vurğunluq olmasa, o da hamının
gördüyünü görərdi, hamının bildiyini
bilərdi, hamının dediyini deyərdi, olardı hamı
kimi...
Şair
hamı kimi olanda, o şair olmur...
Yusif Nəğməkarın
poetik
yaradıcılığında diqqətimi cəlb edən
əsas xüsusiyyətlərdən biri də onun şeirlərindəki
nikbin, mojor ovqatdır. Lap ən minor vəziyyətdə də,
o bir mojor not taparaq ovqatı dəyişə bilir...
Məşhur "Uşaq və buz" şeirindən
sonra uşaqlar üçün yaddaqalan şeir yazmaq çox
çətin və məsuliyyətlidir və qələm əhlindən
xüsusi istedad tələb edir. Yusif Nəğməkarın
dilinin sadəliyi, axıcılığı, aydın məntiqinin
çevikliyi, anlaşıqlılığı onun uşaqlar
üçün yazdığı şeirlərində
qabarıq şəkildə nəzərə çarpır.
"Qələm səsi" kitabının
dördüncü fəsli "Bal dadı" adlanır.
Doğurdan da uşaqlar, körpələr cəmiyyətimizdə
və ailələrdə dilimizin bal
dadıdır. Yaxşıdır ki, şairin
uşaqlara həsr etdiyi bu bölmədəki şeirlər
maarifləndirici missiya daşıyır. Uşaqlar
həmin şeirləri oxuyub əzbərləməklə həm
nitqlərini inkişaf etdirir, həm də yaş xüsusiyyətlərinə
uyğun informasiyalar əldə edirlər. Götürək "Çəmən"
şeirini. Bu şeir şairin təbiətə bələdliyinə
və bu aləmin uşaq təfəkkürünə sənətkarlıqla
uyğunlaşdırılmasına əyani sübutdur:
Bura
yaşıl çəməndir,
Yağış altda çiməndir.
Bura
yaşıl çəməndir-
Qərənfil, yasəməndir.
Lalə,
nərgiz xalıdır,
Günəş
qızıl şalıdır,
Bahar
atdığı ağ zər-
Ağqanad
kəpənək
lər.
Saçı-saçaqlı
bağı,
Xəfif külək-darağı.
Cığır-gümüş
kəməri,
Bulud
baş çalmasıdır,
Şırran-əl çalmasıdır.
Al şəfəqlər-sevinci,
Çiçəklər-gülüşüdür.
Çəmənlər-təbiətin
Dünyaya gəlişidir.
Yusif Nəğməkarın"Çingiz
çini", "Vəslin edamı", "Zal
ağacı", "Ah-Naz - Şahnaz", "Şər
Şənbə" poemaları onun epik təfəkkürünün
imkanlarının ürəyəyatan sədalarından xəbər
verir və bu istiqamətdə onun yaradıcılıq
imkanlarının gələcəkli olmasının əks sədalarıdır...
Bu poemaların bir çoxu haqqında Yusif Nəğməkar
Beyləqaninin qələm dostları, tanınmış alimlər,
tənqidçilər söz söyləmiş,
boy-boylamış, xoş təəssüratda olmuşlar. Bunun da səbəbini onda
görürəm ki, Yusif Nəğməkar bu poemalarında
real gerçəklikdən götürdüyü mövzuları
qələmə almış, bu poemaların qəhrəmanları
da həyatda yaşamış, real qəhrəmanlardır,
daha doğrusu, Yusif Nəğməkarın qəhrəmanına
çevrilmiş, amma onun müasirləri olan insanlardır.
Məsələn, "Çingiz Çini"
poemasının qəhrəmanı ən azı əfsanəyə
çevrilmiş, əsər bütün fəaliyyəti qəhrəmanlıqlar
səhifələrindən ibarət jurnalist-publisist,
tele-reportyor Çingiz Mustafayevə həsr edilib. Poemaya
"Çingiz-Çini" vətənpərvərlik
"yuxusunun" çin olan mərtəbəsi" ön
sözünü qələmə alan tənqidçi - ədəbiyyatşünas
alim, Akademiyanın müxbir üzvü, millət vəkili,
professor Nizami Cəfərov haqlı olaraq yazır:
"Etiraf etmək lazımdır ki, hər bir azərbaycanlının
dəfələrlə gördüyü həmin əyani, sənədli
(və tarixi!) görüntülərdən
sonra Çingizin nəinki bədii, hətta publisistik
obrazını yaratmaq da çox çətindir. Ancaq mənə elə gəlir ki, Yusif Nəğməkarın
"Çingiz çini" poeması xeyli dərəcədə
obyektiv olan bu təsəvvürü aradan qaldırır.
Çingizin ilk baxışda emosional, impulsiv
görünən qəhrəmanlığının epik
mahiyyətini (həqiqətini!) aşkara çıxarır.
Şair, hər şeydən əvvəl, Çingizi
yetişdirən ailə mühitinin xarakterindən
danışır, onun timsalında Azərbaycan
insanının azadlıq, müstəqillik
duyğularının "genotip"inə enir və nəticə
etibarilə, Çingiz Mustafayevin təbiətindəki
çılğın, üsyankar mübarizliyin milli-tarixi məzmununu
müəyyənləşdirir".
Onun "Zal ağacı" poemasının qəhrəmanı
da belədir, real həyatda yaşayan zəhmət
adamıdır, təbiəti müdriklikdən
yoğrulmuş çoban Zal kişidir. Necə Səməd
Vurğunun Bəstisi, Sarvanı, Manyası... Yusifin qəhrəmanı
da belədir. Müəllifin özü belə yazır:
"Cəbrayıl rayonunun tərəkəmə elatı Xələfli
kəndinin hünərvər oğlu, hər gecə
üzü qibləsi Xələfliyə sarı yatan, sübh
çağı gözünü açanda ön kəlməsi
Xələfli olan müdrik el ağsaqqalı Zalov Zal Əziz
oğluna və onun simasında Qarabağdan - doğma
yurd-yuvalarından zorla didərgin salınmış
soyadlarımıza həsr edirəm".
"Zal
ağacı" poeması bu kövrək, amma olduqca
düşündürücü, mənalı misralarla
başlayır:
Bəllidir
taleyim, bəxtim dünyaya,
Neyçün şimşək olub çaxa bilmirəm?!
A kəndim,
gözündən baxdım dünyaya,
Dünyadan gözünə baxa bilmirəm.
Poemaya ön söz əvəzi yazan akademik Teymur
Bünyadov bu məqaləsini haqlı olaraq "Kişilik
qalar" adlandırıbdır. Doğrudan da, Yusif Nəğməkar
çoban Zalın
şəxsində qalaya dönən,
mentallığın daşıyıcısına çevrilən
azərbaycanlı kişisinin obrazını yarada bilmişdir.
Bu cür kişilərin hərəsi bir qaladır,
özü də əbədi qalan qaladır! Hər halda, bunu
Yusif Nəğməkar belə təqdim edir...
Şeir, poeziya, musiqi - saz-söz, qələm Yusif Nəğməkar
Beyləqaninin tale yazısıdır, alın yazısıdır. Onun
kitabının birinin "Alın yazısı" (2004)
adlanmasını da mən təsadüfi hesab etmirəm.
Çünki elə nəsnələr var ki, o alın
yazısına çevrilməyəndə bu dünyada əllərin
də, ürəyin də boş qalır! Yusif
Nəğməkar bu sarıdan bəxti gətirmiş
ziyalıdır, qələm əhlidir. Onun əli də,
qəlbi də doludur, özü də limhalim doludur! "O,
hadisələrə, gördüyünə fəlsəfi
yanaşmağı bacarır. Fəlsəfi mənanı
tapmaq və onu şeirləşdirmək hər şairin
işi deyil! Bu, şairliyin birinci əlamətidir.
Yəni, şair onu əhatə edən mühitə
fəlsəfi gözlə baxır və onun daxili mənasını
açmağı bacarır. O, baxmır, görür. Bax, bu mühüm məsələdir şairlikdə."
(Xalq şairi Bəxtiyar Vahabzadə.)
Yusif Nəğməkar zərifliyi qoruyan şairdir. Onun üslubunda, şeirlərinin nüvəsində meditativlik həmişə üstünlük təşkil edir və fikrin profanasiyası ilə ruh məbədgahının ətrafında dolaşmağı bacarır. Bu keyfiyyətlər onun yaradıcılığına şəxsiyyətindən süzülüb gəlir. Belə olmasaydı Bəxtiyar Vahabzadə kimi bir poeziya azmanı, insan sərrafı bu qədər məhəbbətlə gerçəyi yazmazdı:
"Mən bu tanıdığım müddət ərzində Yusifdə şairliklə yanaşı, ilk növbədə nəciblik görmüşəm, insanpərvərlik görmüşəm, sədaqət görmüşəm, insana xas olan ən gözəl keyfiyyətləri mən Yusifdə görmüşəm. Ona görə mən bu cavan şairi çox istəyirəm!"
Mənə də elə gəlir ki, təkcə Yusif Nəğməkarı tanıyanlar deyil, onun poeziyasının sehrinə düşənlərin hamısı bu kəlmələrin altından ürəklə, inamla imzasını qoyarlar!..
Yusif Nəğməkarın və Bəxtiyar Vahabzadənin bu qarşılıqlı münasibətlərinin nəticəsi olaraq monumental "Bəxtiyar" poeması yaranıb. Azərbaycan poeziya tarixində klassik sənətkarlarımızın, şairlərimizin - Füzulinin, Nəsiminin, Xətainin, Vaqifin, Səbuhinin, Sabirin, Səmədin, Şəhriyarın və s. və s. onlarla dahilərimizin həyatına, şəxsiyyətinə, amalına həsr edilmiş, müxtəlif janrlarda yazılmış xeyli dəyərli ədəbi-bədii nümunələri burada xatırlamaq mümkündür. Yəqin ki, bu silsilədən hələ çox-çox əsərlər yazılacaq.
Amma şair şəxsiyyətinə həsr edilmiş poemalar sırasında XXI əsrin poetik hadisəsi səviyyəsindədir "Bəxtiyar" poeması - bütün ədəbi-bədii, estetik parametrlərilə... Hissə-hissə oxucalara təqdim edilən ("Təzadlar" qəzeti, 11.02. 2014- tarixdən başlayaraq) bu poema "Qələm səsi" kitabının poetik faktlarındandır və bütövlükdə altı yüz səhifədən artıq həcmdə bir kitabın 5-ci fəslini təşkil edir.
Akademik Bəkir Nəbiyev poeziyaya həsr etdiyi məqalələrinin birində yazırdi: "Oxucu hiss edəndə ki, müəllif sözün sərrafı və sahibidir, bədiiliyin, estetik inikasın yazılmış və yazılmamış qanunlarına yüksək dərəcədə əməl edir, ifadələri dəqiq və sərrastdır, ahəngdar və poetikdir - şairinə inanır, onun əsərlərindəki mətləb dərinliyinə getməyə can atır, beləliklə də, müəlliflə oxucu arasında əsl ünsiyyət binası qoyulur".
İnanırıq ki, "sözünün sərrafı və sahibi" olan, "dilsizliyin dilin bilən", "qəlbinin qapıları" sevgiyə, məhəbbətə və səmimiyyətə həmişə açıq qalan Yusif Nəğməkar Beyləqaninin "Qələm səsi" adlandırdığı bu yeni, növbəti şeirlər kitabı da, onunla oxucusu arasında yeni ünsiyyət binası yaradacaq, müəllifini həmişəki kimi sevdirəcək, "qələminin səsi" həmişə gur olacaqdır...
Çünki "Qələm səsi" kitabına daxil olan poeziya nümunələri ədəbi istiqlaldan əbədi istiqlala gedən çətin, əzablı, keşməkeşli, fəqət alovu ilə nurlanan fərəhli yolumuzu əks etdirir...
02-16. 03.2014.
Qurban Bayramov
tənqidçi-ədəbiyyatşünas,
doktor-professor.
525-ci qəzet.-
2014.- 17 aprel.- S.8.