"Ömrün qatarı" - ömrün karvanı

 

 

"Ömrüm" kitabından sonra Nəzakət Məmmədova ikinci kitabı olan "Ömrün qatarı" ilə oxucuların görüşünə gəlib. Nəzakət xanımın şeirləri üçün bir tarix yazmaq lazım gəlsəydi, o zaman "50 yaş" yazılsa, daha uyğun olardı. Çünki onun şeirləri bu əlli yaşın içində ərsəyə gəlib, arzu istəkləri ilə poetikləşərək əlli ilin izlərini əks etdirir. Kitabda verilən "Ömrün qatarı" poetik adı zahirən sadə görünsə , dərin fəlsəfi bir məna daşıyır. Ömrün qatarı öz sürəti ilə elə hərəkət edir ki, onu geri döndərmək, istədiyin kimi məcrasını dəyişmək olmur. Bu qatar sənin yükünü uşaqlıqdan çəkə-çəkə gəlir, haraya zaman çatacağını söyləməyi bir müəmmaya döndərir.

 

"Ömrün qatarı"ndakı şeirlər məna-məzmununa görə rəngarəngdir. Bu şeirlərdə ömrün müxtəlif məqamları ilham səmimiyyətilə qələmə alınmış, poetikləşib. Ata yoxluğu, ana nəvazişi, ana yoxluğu, bacı, dost, övlad məhəbbəti, ailə qayğıları, daha nələr, nələrUşaqlığın sevinci, dəcəlliyi, həyat sevgisi, Vətən, torpaq, yurd sevgisindən tutmuş bir ana-övlad sevgisi, övladının əsgər olması ilə ananın yaşadığı "Əsgər anası" sevgisi bütün çalarları, öz poetik yükü ilə Nəzakət xanımın şeirlərinin cövhərindədir.

Şeirlər ömrün uşaqlığından yol alan bir ömür karvanı, müasir dillə bir ömür qatarıdır.

 

Yola düşən bu ömür karvanı bir geri qayıtmayacaq, uşaqlıq, həyat eşqi ilə dolu gənclik illərinin yükünü çəkə-çəkə sonu bəlli olmayan bir qatarla yol gedərək, yaşanan anları poetikləşdirəcək, bütün səmimiyyəti ilə oxucusu ilə dil tapıb, ünsiyyət bağlayacaq:

 

...Bu ömür qatarına,

Kimlər, harda minəcək.

Kimi yarı yoldaca,

Kimi sonda enəcək.

...Kaş yolunun üstündə,

Acı rüzgar əsməsin.

Qoy ömür qatarını,

Ümid çəkib aparsın.

 

"Ömrün qatarı"nda Nəzakət xanımın doğma torpağa, el-obaya, həyatın mənasını təmizlikdə, qurub-yaratmaqda görən adamların həyatına həsr edilmiş ictimai məzmunlu şeirləri xüsusilə seçilir. Bu şeirlər ifadə məna tərzləri ilə səciyyələnir.

 

Bir adam varmı ki, diləksiz olsun,

Arzusuz adam yox bu kainatda -

Arzumun şirini-şəkəri çoxdur,

Arzular yaşadır məni həyatda-

 

deyən Nəzakət xanımın ictimai məzmunlu şeirləri içərisində Milli Ordumuzun zabiti olan oğlu Ramilə həsr etdiyi "Zabit anasıyam mən" şeirində Ana sevgisi, Vətən sevgisi ilə bütövləşərək, bir vəhdət təşkil edir:

 

Beşiyini asmışam, gözüm tək qorumuşam,

Yuxusuz gecələri gündüzlərə qatmışam.

Şirin-şəkər balama həzin layla çalmışam,

Beşiyinə, laylana, övladına bağlanan,

Zabit anasıyam mən!

 

Şükür, sənin yanında alnım açıqdır, Vətən,

Bir cəsur, bir qəhrəman oğul böyütmüşəm mən.

Bir qarış torpaq üçün canını fəda edən,

Bayrağına, himninə, şərəfinə and içən,

Zabit anasıyam mən!

 

Düşmənə "göz dağı"san, gücümsən, qüvvətimsən,

Ürəyimin təpəri, gərəyim, köməyimsən.

Vətənin "dar günü"ndə səsinə hay verirsən,

Bu torpağa, bu elə, bu Vətənə balğısan.

Səni Vətənə verdim,

Sən Vətənin oğlusan!

 

Nəzakət xanımın şeirlərində həyat onun təzadlarına baxış gah üsyankar ifadə, gah da mülayim, düşüncəli tərzdə poetikləşir. Bu üsyankarlıq xüsusən "Gözün yaddaşı" şeirində daha qabarıq şəkildə səslənir:

 

Gözümün səsindən qulaq tutulur,

Bu kimin gözüdü İraqdan baxır?

Çıxası gözlər var - Qarabağdadı,

Oymalı gözlər var, qıraqdan baxır.

 

"Dərd" şeirində isə Nəzakət xanım "dərd" sözünü incə bir eyhamla poetikləşdirir:

 

Deyirlər hər dərdə məlhəm zamandı,

Bəs zaman dərdləri niyə azaltmır?

Niyə dərd üstünə dərdlər qalanır,

Zamanın gücümü dərdlərə çatmır?

 

Onun şeirlərində təbiət gözəlliklərinin poetik təsviri səmimi şəkildə mənalanır. Təbiət, onun dağı-daşı, yaranışı mövzusunda olan "Payız", "Bənövşə", "Qar yağır", "Həmdəmim dəniz" kimi şeirlərinin hamısı təbiətin özü kimi təzə-tərdir.

 

Qar yağır,

Naxışlı, dümağ,bəmbəyaz,

Torpaq bərəkətə bələnir, yatır.

Çılpaq ağacların qol-budaqları,

Bir ana hənrinə bələnib yatır.

 

Payızı isə bərəkət, toy-düyün ayı kimi səciyyələndirir:

 

Onu çox gözləyib nişanlı qızlar,

Kim deyir əlləri boş gəlib payız?

Bərəkət fəslidi, toylar fəslidi,

Açın qapıları, xoş gəlib payız.

 

"Ömrün qatarı" kitabındakı bir cəhət xüsusilə diqqət cəlb edir. O da insandır. Bu şeirlərdəki insan sözün əsl mənasında qürur hissi ilə, ən səmimi sözlərlə qeyd edilir. Bu insan bizim mənəvi dünyamız, şanımız-şöhrətimiz, sabahlara inamımızdır.

 

Bir bu gün var - yaşayıram bu günümlə,

Bu günümə sığınıbdır

keçmişim də, dünənim də.

Bir sabah var - ümid atın

sabahlara çapacağam.

Mən ömrümü sabahlara bağlıyıram,

İtirdiyim hər varsa,

sabahımda tapacağam.

 

Kitabın bir fəsli "Haçansa sevgi şeirləri yazdım" adlanır. Buraya Nəzakət xanımın "Küsmüşəm", "Ölənə qədər", "Oldu", "Qəmin yanında", "Sevgidən ağla", "Bəhanə gəzmə", "Gecikdin", "Sən getsən", "Deyiləm", "İstədim", "Sevgidən danış" kimi şeirləri toplanmışdır.

Şeirlər kövrək, həzin bir sevgi macərasını xatırladır.

 

Ay ömrümə nur çiləyən,

Sonra gün-gün puç eləyən,

Elə getdin - köç eləyən,

Durnalar da yalan oldu.

 

Təmkinlə, səmimiyyətlə, giley-güzarsız deyilən bu misralarda sevənlərin özünə götürəcəyi çox məna ifadə edilir.

 

Səninlə biz elə doğmalaşmışıq,

Səndən özgəsini görən deyiləm.

Ruhumda, canımda yerin başqadır,

Yerini heç kəsə verən deyiləm.

 

- misralarındakı səmimiyyət, saflıq Nəzakət xanımın məhəbbət lirikasındakı incə bir nəzakətin ifadəsidir.

 

 Maarifə HACIYEVA,

 filologiya elmləri doktoru, professor

525-ci qəzet.- 2014.- 17 aprel.- S.7.