Əli bəy Hüseynzadə və
füyuzatçılıq
XIX əsrin ikinci yarısında (1864-cü il
24 fevral, Salyan
şəhəri) Əli
bəy Hüseynzadə
dünyaya gələndə
Azərbaycanda ictimai-mədəni
düşüncə epiqonçu
ənənələr əsasında
davam edirdi. Ölkədə çarizmin monarxist
idarə üsulu hökm sürür, kəndlərdə təhkimçilik
hüququ öz təsirini hələ də göstərir, ümumxalq təfəkküründə
"zillüllah" (padşahı
allahın kölgəsi
saymaq) fəlsəfəsi
əsaslı yer tuturdu. Ə.Hüseynzadə
Tiflisə babası Qafqaz şeyxülislamı
Axund Əhməd Səlyaninin yanına gedib orada gimnaziya
tələbəsi olanda
da (1875-1885) ictimai-mədəni
şüurun səviyyəsi
təxminən belə
idi. Doğrudur "az-az ayılanlar"
(C.Məmmədquluzadə) var
idisə, yenə də "xabi-qəflət
qaranlığında allahü
əkbər" sədasından
başqa bir şey eşidilmirdi.
Belə bir vaxtda Tiflisdə Şərqin maarifçi-materialist
filosofu, dünyəvi
elmlərə böyük
rəğbət bəsləyən
mütəfəkkir M.F.Axundov
şəxsiyyəti ilə
babasının məclislərində
tanış olan Ə.Hüseynzadə təbiət
elmlərinə böyük
maraq göstərməyə
başladı və bu həvəs onu Sankt-Peterburq universitetinin fizika və təbiət fakültəsinə
(1885) gətirdi. Bir müddət burada dövrün məşhur
elm adamlarından, o cümlədən
Mendeliyev, Baqner, Menşutkin, Jukovsksi və başqalarından dərs alan Ə.Hüseynzadə imperiyanın
paytaxtında gedən
ictimai-siyasi proseslərlə
də yaxından tanış olur, "xalqçılar" hərəkatına
rəğbət bəsləyir
və nəhayətdə
bir sıra inqilabçı
tələbələr kimi o da Sankt-Peterburqdan uzaqlaşmaq məcburiyyətində qalır...
Ə.Hüseynzadə İstanbula gəlir və burada darülfünunda "Əsgəri-tibbiyyə"
fakültəsində oxumaqla
dermotoloq (dəri zöhrəvi xəstəlikləri)
ixtisası və yüzbaşı hərbi
rütbəsi qazanır. 1897-ci ildə
o "Qırmızı ay" heyətinin tərkibində
İtaliyaya gedir, üç il
sonra geri qayıdır və müsabiqə yolu ilə İstanbul darülfünunda əsgəri-tibb
fakültəsində professor köməkçisi olur. Ə.Hüseynzadə burada da təqib olunur, çünki o darülfunun
tələbəsi ikən
artıq inqilabçı
gənc türklər
hərəkatına qoşulmuş,
onlar üzərində
"bir rəsuirli-həqq"
- peyğəmbər (Abdulla Cövdət təsiri buraxmış və "İttihat və tərəqqi" partiyasının
ilk özəyini yaradanlardan
biri olmuşdu.
Ə.Hüseynzadə tələbəlikdən ayrılıb
müstəqil həyata
başlayanda artıq yetkin bir fikir
adamı idi. Türkiyədəki təqiblərdən
sonra vətəni Azərbaycana qayıdan Ə.Hüseynzadə "Kaspi"
qəzeti ilə əməkdaşlığa başlayır,
bir sıra publisistik yazılarını
burada dərc etdirir və "Gənc türkçülük
nədir?" adlı
məqaləsi ilə
türk tənzimat hərəkatının mahiyyətini
şərh edir. Ə.Hüseynzadə bu zaman artıq yeni
ampulada çıxış
edir, islahatçı-reformist
ideya adamı kimi tanınmağa başlayırdı.
Az sonra o dövrünün məşhur
teoloq-alimi, ictimai xadim və publisist
Əhmədbəy Ağaoğlu
ilə birlikdə və milyonçu Hacı Zeynalabdin Tağıyevin maliyyəsi
ilə "Həyat"
qəzetinin nəşrinə
başlayır. Bu qəzet
Ə.Hüseynzadəni Azərbaycana
"ağır başlı"
filosof, "sədrə
şəfa verən"
sözlər (ağla
qida verən sözlər) söyləyən mütəfəkkir
kimi tanıdır və burada əsərlərini dərc
etdirməklə ictimai-mədəni
mühitə yeni ab-hava gətirir, ümumxalq dünyagörüşünün
məntiqi əsaslarını
yeni prinsiplərlə zənginləşdirməyə
çalışır. Ə.Hüseynzadənin fəlsəfi mühakimələri
bu mənada maraqlıdır. Məsələn
o deyirdi:
- Həqiqətin
də dadı və ləzzəti var.
- Hürriyyət!... O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları,
bəşərin bütün
ruh və mənəviyyatını sövq
ediyor!...
- Qalib olmaq o camaatındır
ki, həyata açıq göz ilə nəzər edər, zəmanənin ruhunu, icabatını anlar, dərk edər...
- Türklər ya ölkələr, ya hicrət edərlər, fəqət
qul olmazlar.
- Hər kəsə ki, uşaqlıqda ədəb
və tərbiyə verilməsə, böyüklükdə
onun nicatı olamaz. Yaş ağacı hər tövr istəsən əymək mümkündür,
lakin quru ağacı ancaq od ilə
düzəltmək mümkün
olur...
Ə.Hüseynzadənin Azərbaycan ictimai-mədəni həyatı
və milli jurnalistika tarixindəki xidmətlərindən ən
çox diqqəti cəlb edəni onun ardıcıl olaraq söz və mətbuat
azadlığı uğrunda
mübarizə aparmasıdır.
Ədəbi-tənqidi və
publisistik məqalələri,
şeirləri, bədii
nəsri və siyasi-fəlsəfi pamfletində Ə.Hüseynzadə
azadlığı-hürriyyəti obrazlı şəkildə təqdim edir, azad sözü
"pəriyi-hürriyyət" (azadlıq mələyi) adlandırır və onu "Kuhi-Qaf və Simurq quşu" məqaləsində
Qaf dağlarına zəncirlə bağlanmış
məşhur "od oğrusu" Prometeyə bənzədirdi. Azad sözün
cəmiyyətdə varlığını
Prometeyin odu, işığı ilə
müqayisə edən
Ə.Hüseynzadə 1905-1907-ci illərdə Azərbaycanda
mətbuat və fikir azadlığının
cəfakeşlərindən biri, milli ziyalılıq
simvolu idi. Elə buna görədir
ki, o müasirlərinə
hər bir insanın "baş tacı olan" azadlığın mahiyyətini
anladır və deyirdi:
"Hürriyyəti-vicdanın mənası budur ki, hər kəs
hər hansı etiqad və əfkarda bulunmaqda hürr və azaddır. Kimsənin, nə hökumətin
və nə də bir fərdin
etiqad və əfkarindən naşı
bir kimsəyə təcavüz etməyə
haqqı yoxdur. Hürriyyəti-kəlamə gəlincə hər
kəs etiqad və əfkarını aşkar surətdə söyləyib yazmaqda muxtardır". (Mövlude-nəbi
"Füyuzat" jurnalı,
1907-ci il, ¹25) XX əsrin əvvəllərində
ictimai-siyasi fikrin təşkili və tənzimlənməsində, informasiya
mühitinin formalaşmasında
milli mətbuat nümunələri əhəmiyyətli
rol oynayıb. Jurnalistikanın ictimai fikir tribunasına çevrilməsi
də həmin tarixi mərhələnin məhsuludur. "Füyuzat" jurnalı və onun redaksiya
heyətinin xidmətləri
bu mənada diqqətəlayiqdir. Çünki onlar yalnız bir jurnal nümunəsi
nəşr etməklə
məhdudlaşmadılar, füyuzatçılıq
xətti-hərəkatını, "Füyuzat" jurnalistikası
məktəbini yaratmaqla
tarix səhifələrinə
öz imzalarını
həkk etdilər.
"Füyuzat" jurnalının
1-ci nömrəsi 1906-cı il noyabrın
1-də nəşr olunub.
Jurnalın sponsoru maarifpərvər,
milyonçu-messenat Hacı
Zeynalabdin Tağıyev
idi. "Füyuzat" kəlməsi
mənşəcə ərəb
sözu olub lüğəvi mənası
həyat gerçəklərini
duymaq, dərk etmək, onlardan həzz almaq, zövq almaq, feyz almaq, feyziyab
olmaqdır. Jurnalın
səhifələrində onun
baş redaktoru Əlibəy Hüseynzadə
ilə birgə Məhəmməd Hadi, Mirzə Ələkbər
Sabir, Hüseyn Cavid, Səid Səlmasi, Abdulla Şaiq, Əhməd Kamal, Əhməd Raiq kimi onlarla müəllifin
müxtəlif mövzulu
yazıları dərc
edilirdi. Jurnal Azərbaycanda neoromantizmi
yaradan mətbuat orqanı kimi xarakterizə olunur.
"Füyuzat"da Əli
bəy Hüseynzadənin
yazdığı məqalələrdən
birində deyilirdi:
"Bizə fədai lazımdır!
Türk hissiyyatlı,
islam etiqadlı, avropa
(müasir) qiyafəli
fədai!". Bu fikir
füyuzatçı mətbuat
orqanları tərəfindən
təkmilləşdirildi və
"Tazə həyat",
"İrşad", "Yeni füyuzat", "Həqiqət", "Tərəqqi",
"İqbal", "Sədayi-həqq",
"Şəlalə", "Açıq söz",
"Bəsirət", "Qurtuluş", "Dirilik",
"Azərbaycan", "Övraqi-nəfisə" və
s. mətbuat orqanları
tərəfindən "türkləşmək,
islamlaşmaq, müasirləşmək"
== azərbaycançılıq şəklində formulə
edilərək təbliğ
olundu. Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət
bayrağında üç
rənglə (mavi, qırmızı, yaşıl)
simvollaşan Azərbaycan
vətəndaşının ideya-mənəvi dəyərləri
Əli bəy Hüseynzadənin həmin
tezisi və füyuzatçıların tarixi
xidmətləri ilə
bağlıdır.
"Füyuzat" jurnalı
füyuzatçılıq jurnalistika məktəbindən
əlavə, Azərbaycanda
müstəqil dövlətçilik
ideyasını, konstitusiyalı
azad vətəndaş
cəmiyyətini yaratmaqda
mühüm rol oynadı.
Çar Rusiyasının monarxizmi və müstəmləkəçilik
əleyhinə mübarizə
aparan "Füyuzat"çılar
rus inqilabçı-demokratları,
türk tənzimatçıları,
İran məşrutəçiləri
və başqalarının
yeni cəmiyyət quruculuğu təcrübəsindən
istifadə edir, Azərbaycanda demokratizmin qələbəsinə çalışır,
ictimai həyatda, milli ədəbiyyat və mədəniyyətdə
islahatların-reformaların aparılmasını məqsəd
bilirdi. Bu mənada
"Füyuzat" və
füyuzatçıların məşğul olduğu
əsas problemləri qısa şəkildə
belə təsnif etmək olar;
- türkləşmək, islamlaşmaq, avropalaşmaq
(müasirləşmək) = Azərbaycançılıq
- Demokratik axtarışlar
- Neoromantik ədəbiyyatın yaradılması
- Füyuzatçı jurnalistika məktəbinin təsisi
- Dildə, fikirdə, işdə birlik konsepsiyasına əsaslanan ortaq türk dili, ədəbiyyatı və mədəniyyətinin yaradılması.
- "İttihad və tərəqqi" ideyasını yürütmək və Turançılığı təbliğ etmək.
- İctimai-siyasi şüurda reformaların aparılması, parlament və konstitusiya əsasında özünüidarə formasının yaradılması.
- Yenilikçilik - "təcəddüdçülük" hərəkatını gücləndirmək və bu əsasda dünyəvi məktəbdarlıq işini həyata keçirmək.
- Söz və mətbuat azadlığını müstəqil dövlət, sivil cəmiyyət və bütöv vətən ideyasına paralel şəkildə inkişaf etdirmək və sair.
"Füyuzat" və füyuzatçıların milli-tarixi və ictimai-siyasi xidmətləri sırasında onu da ayrıca qeyd etmək vacibdir ki, onlar ənənəvi epiqon-birtipli düşüncə tipindən imtina edir, yalnız "köhnə müsəlman" (M.Ə.Sabir) olaraq qalmır, Şərq və Qərb elmi-nəzəri fikri, ədəbiyyat və mədəniyyətləri arasında sərhədlər çəkmir, əksinə onların dialoquna meydan açırdılar. Bu və digər səbəblərdəndir ki. Ə.Hüseynzadənin irsi və onun formalaşdırdığı füyuzatçılıq hərəkatının tarixi təcrübəsi indiki dünyaya inteqrasiya zamanında mühüm aktuallıq kəsb edir.
Şamil VƏLİYEV,
professor
525-ci qəzet.- 2014.- 17 aprel.- S.4.