Əsərləri
V cild
(1918 – aprel 1920)
Araşdırıb
toplayanı, ərəb əlifbasından latın
əlifbasına çevirəni, ön sözün müəllifi,
lüğətin tərtibçisi Şirməmməd
Hüseynov
Transliterasiya
redaktorları: professor Şamil Vəliyev
elmi
işçi Samir Xalidoğlu (Mirzəyev)
(Əvvəli ötən şənbə
saylarımızda)
Bakı məsələsinə
dair mülaqat
Bakı alınmamışdan əqdəm bizim bədxahlarımız
tərəfindən Bakını Azərbaycandan ayırmaq
üçün cürbəcür vəsilələr,
dürlü-dürlü hiylələr aranıyordu.
Bu xüsusda Tiflis “məhafili” ən ciddi iqdamatda bulunur
idi. Həmin “məhafildən” Bakı Azərbaycanın
olmuyub, “sərbəst” şəhər (volni qorod) olsun
şüarı dəxi çıxmış idi. Həmin şüara Tiflis saxta sosialist vərəqələri
və erməni qəzetləri rövnəq verib, Avropa siyasi məhafilinin
diqqətlərini Bakı məsələsinə cəlb etmək
iddiasında bulunuyorlardı.
Həmin məsələ xüsusunda İstanbulda nəşr
edilən “Tərcümani-həqiqət” qəzetəsi mühərrirlərindən
birini İstanbulda Azərbaycan heyəti-mürəxxəsəsi
rəisi Məhəmməd Əmin Rəsulzadə əfəndilərinin
nəzdinə göndərib, bəyanat istəmişdir.
Bakı alınmış isə də Məhəmməd
Əmin cənablarının Bəyanatının əhəmiyyəti
itməmiş.
Buna görə də onun Bəyanatını
burada dərc ediriz.
Məhəmməd
Əmin bəy demişdir:
Bolşeviklərlə azərbaycanlılar arasında
axıdılan qan yalnız Azərbaycan müstəqilliyinin
hüsulunu təmin etmək şərtilə
dayandırıla bilər. Bunu biz səmim qəlb
ilə arzu edəriz. Çünki məqsədimiz
qan axıtmaq degil, Bakıya malik olmaqdır. Çünki əfəndim, Bakı Azərbaycanın,
Azərbaycan da Bakınındır. Bakını Azərbaycandan
ayırmaq istəyən kim olursa Azərbaycanın
həyatına qəsd etmişdir. Bakısız
Azərbaycan təsəvvür olunamaz. Bakı
tarixən də, halən də bir türk şəhəri və
müsəlman bələdəsidir. İstiqbalən
də öylə olaraq Azərbaycanın paytaxtını təşkil
edəcəkdir. Azərbaycan ismi belə
ehtimal ki, Bakının petrol ocaqlarından ol dünyanın
uzaq guşələrindən kəndisinə zairlər cəlb
edən daim yanar təbii atəşlərindən
alınmışdır. Azərbaycan
bugünkü milli və mənəvi
işığını dəxi Bakıdan alıyor. Burası Qafqasiya islamlarının mərkəzi-ürfanıdır.
Azərbaycanın qabiliyyəti-həyatiyyəsini
təmin edən varidati-mühümmə buradan hasil oluyor.
Burası məmləkətimizin yeganə
limanıdır. Bakı Azərbaycanın
qapısıdır. Bütün aləmin
iştəhasını cəlb edən petrolu
olmadığı zamanlar belə Bakı Şimali Azərbaycandan
ötrü əhəmiyyəti-ticariyyəyə malik
mühüm bir nöqtə təşkil edirdi. İndi dəxi o əhəmiyyəti haizdir. Bunların həpsinə bərabər Bakı, əksəriyyət
nüfuz etibarı ilə müsəlmandır. Bakıda mövcud bulunan ərazinin, əmlakın, əfar
və müstəqfatın qismi-küllisi müsəlmanlardadır.
Ətrafında bulunan köylər tamamilə müsəlman
köyləridir, azəri türkləridir. Xülasə, Türkiyə
üçün İstanbul, Almaniya üçün Berlin,
Rusiya üçün Moskva nə isə Azərbaycan
üçün də Bakı ondan artıq olmasa da, odur. Bu o qədər aydın bir məsələdir ki,
bunu məsələ olaraq ortaya qoymaq həqiqətən də
mövcübi-heyrətdir. Bakı
bolşeviklərinin – rus imperialistlərinin Qafqaziyadakı
yardaqçılarının bu fikirdə olduqlarını, azərbaycanlıların
haqlarını inkar üçün bu şəkli iltizam
etdiklərini bilirdik. Əksəriyyəti
kimlərdən ibarət olduğu məlum bulunan Bakı
bolşeviklərinin ingilislər tərəfindən dəxi
müzahirət görərək bu yolda təhrikatda
bulunduqlarını duymuşuq. Fəqət
Almaniya dövləti-fəxməsinin bu fikrə zəhir və
mühyi olacağını qətiyyən kəsdirəməzdik.
Tiflis qəzetəsindən nəql etmiş
olduğunuz xəbərdə mütləqa bir
yanlışlıq olacaqdır. Şübhəsiz
ki, Bakı petrollarının aləmşümul bir əhəmiyyəti
vardır. Əlbəttə ki, bu petrol məsələsi
rusları da, Qafqaziyadakı məktəbləri də,
Türkiyə ilə müttəfiqlərin də əlaqədar
ediyor.
Madam ki, Bakı ilə əlaqə petrola
bağlı bir əlaqədir, demək ki, iqtisadi və ticari
məsələ qarşısında bulunuyoruz. Bəhri-Xəzər
kənarında bulunan Azərbaycan petrolu su yerində işlədəcək
deyildir. Petrol Azərbaycanın ən
böyük ixracatını təşkil edir. Şübhəsizdir ki, Azərbaycan əcnəbi sərmayəsindən
istifadə edəcək və bu sərmayənin Bakı ərazisində
tətbiqin dəxi hər dürlü vasitələrlə təshil
və təminə çalışacaqdır. Petrolun əhəmiyyəti-beynəlmiləliyəsindən
istifadə üçün Azərbaycan hökuməti ilə
anlaşmaq və bağlaşmaq mümkün ikən qafanı
bədəndən ayıracaq qədər qanlı tədabirə
əcəba, nədən ehtiyac görülsün? İştə bunun üçün bu etiqaddayam ki,
Tiflis qəzetələri ilə nəşr olunan şayiə
qərini-həqiqət olmasa gərək. Çünki
düşünüyoram: sərbəst bir şəhər
elan etmək surət ilə təmini təsəvvür olunan
fəvaidi-müştərəkə Azərbaycan hakimiyyəti
təxtində dəxi təmin edildikdən sonra Almaniya
diplomasisi əcəba, nə üçün Azərbaycan həyati-milliyyə
və mənafeyi-həyatlarına səbəbsiz bir surətdə
qəsd etsin?!
“Azərbaycan”,
3 təşrini-əvvəl (oktyabr) 1918, ¹5
Zəhir
– arxa, kömək
Mühyi
– həyat verən, canlandıran
M.Ə.Rəsulzadənin
Azərbaycan Xalq Cümhuriyyətinin xarici işlər naziri
M.H.Hacınskiyə göndərdiyi xüsusi məktubdan
“... Berlindən alınan məlumatlara görə
bolşeviklərlə Almaniya arasında əlavə
müqavilə imzalanmışdır. Qafqaz
dövlətlərindən bolşeviklər yalnız
Gürcüstanın müstəqilliyini tanımışlar və
almanlar isə Bakıda çıxarılan neftin bir hissəsini
almaq müqabilində Bakını və onun neft
rayonlarını özündə saxlamaq arzularına etiraz etməmişlər.
Bu xəbər hamımızı
sarsıtdı, qəzetlər onu hiddətlə çap edir.
Tələt Paşa Berlinə getməyə
hazırlaşır. Necə olursa-olsun
Bakını almaq, almaq və almaq lazımdır” (Bu barədə
daha ətraflı bax. C.Həsənli “Azərbaycan
Xalq Cümhuriyyətinin xarici siyasəti (1918-1920)” B., 2009, səh.152-155).
Təbrik
teleqramları
Bakının
süqutu münasibətilə Azərbaycan hökumət rəisi
Fətəli Xan cənabları naminə İstanbuldan atidəki
teleqram gəlmişdir:
Paytaxtımızın istirdadından dolayı təhti-idareyi-alilərində
bulunan hökumətimizi səmim təbrik ilə
Bakının yeni türk ellərini istixlas üçün
sarsılmaz bir qəleyi-mətin olması ümidi ilə
bütün arkadaşlarımla
öpüşürsünüz.
Azərbaycan
heyəti-mürəxxəsəsi naminə
Rəsulzadə
Məhəmməd Əmin
“Azərbaycan”,
3 təşrini-əvvəl (oktyabr) 1918, ¹5
Bakı həqqində
Azərbaycan hökumətinin notası
İstanbul qəzetələrində sentyabr ayı
ortalarında Azərbaycan sülh heyətinin sədri Məhəmməd
Əmin Rəsulzadə tərəfindən təqdim
edilmiş və eyni zamanda surəti bitərəf və Mərkəzi
Hökumətlər səfarətlərinə göndərilmiş
bir nota dərc edilmişdir. Almaniya ilə Rusiya
arasında əqd edilən əlavə müahidənamədə
Bakının Şura hökuməti əlində saxlanması
həqqindəki maddəyə görə məzkur notada Azərbaycan
hökumətinin Bakı şəhərinə tarixi bir həqqi
olduğunu isbat etmək üçün şəhərin
tarixi həqqində müfəssəl məlumat
verilmişdir. Bu tarixi hüquq, coğrafi,
iqtisadi və milli təsəvvürat ilə isbat edilməkdədir.
Həmçinin notada göstərilir ki,
Bakı şəhəri elm, mədəniyyət və sənaye
cəhətincə də Azərbaycan ilə əlaqədardır.
Çünki ümumsiyasi, iqtisadi, ictimai, dini və
xeyri müsəlman müəssisələri
Bakıdadırlar.
Məzkur notada Almaniya ilə Rusiya arasında əqd edilən
əlavə müahidənamə və millətlərin
istiqlaliyyəti əsasına istinad edilməsi həqqində
təəccüb izhar edilir. Rusiya inqilabı tərəfindən
elan edilib və Brest-Litovsk əhdnaməsində təsdiq
olunmuş əsasa istinadən ki bu əsas üzərinə hər
millət öz müqəddəratını həll etmək
ixtiyarına malik olur, Azərbaycan milləti Mərkəzi
Dövlətlərin hüsni-münasibatına etimad edərək
əsrlərdən bəri təzyiqi altında
qaldığı Rusiya istibdadını yıxıb
özünü müstəqil elan etdi. Azərbaycan
milləti Almaniya hökumətini əlavə müahidənamə
ilə Azərbaycanın ruhani, iqtisadi və siyasi mərkəzi,
paytaxtı olan Bakı şəhərinin Rusiya əlində
qalmasına rizasından xeyli narahat olmuş idi.
Notanın axırında ümidvarlıq bəyan edilir
ki, Almaniya dövləti Azərbaycan hökuməti və millətinin
Bakı şəhərinə malik olmaları hüququnu ciddi
surətdə nəzərə alar.
“Azərbaycan”,
5 təşrini-sani
(noyabr) 1918, ¹31
Bakı xəbərləri
Azərbaycan Cümhuriyyətinin İstanbul konfransı
mürəxxəsləri Məhəmməd Əmin Rəsulzadə,
Aslan bəy Səfikürdski, Əhməd bəy Pepinov və
Şüyxülislamov cənabları dün təşrini-saninin
7-də Bakıya varid olmuşlardır.
Məşhur mühərrir və cəmaət xadimi
Əhməd bəy cənabları dəxi Bakıya gəlmişlərdir.
“Azərbaycan”,
8 təşrini-sani
(noyabr) 1918, ¹34
Vətənimizin
iki simayi-möhtərəmi Rəsulzadə Məhəmməd
Əmin
(Bu başlıq altında iki məqalə dərc
olunmuşdur.
Birinci yazı “Ağaoğlu Əhməd bəy”
adlanır və müəllifi Üzeyir bəydir – Ş.H.)
Sevgili mühərririmiz, istəkli natiqimiz, millət
yolunda həyatını nisar edən, cəmaət xadimimiz Rəsulzadə
Məhəmməd Əmin cənabları 3 gündür şəhərimizə
varid olmuşdur.
Azərbaycan
imarətinin binasını qoyan, bu uğurda kəraətlə
həyatını təhlükəyə atmış olan Məhəmməd
Əmin əfəndi biz Azərbaycan türkləri
üçün işıqlı bir ulduz rolu oynayaraq
istiqlali-milli yolunu Nikolay və Protopoviç
dövrünün müzəlləm gecələrində belə
milliyyət müsafirlərinə göstərməsi, rəhbərlik
etməsilə vətənimizə böyük bir xidmət
göstərmişdir. Hələ novcavan ikən 1905
inqilabından sonra meydani-siyasət və ictimaiyyəyə
atılaraq o vəqt yenicə təsisə başlayan
milli-siyasi təşkilatımızda mühüm mövqelər
tutduqdan sonra irtica dövrünün hüluli ilə rus
qaragüruhunun qəzəbinə giriftar olub İrana
qaçmış və orada dəxi müsəlmanların mənafeyini
candan əziz tutaraq İran inqilabçıları ilə əl-ələ
verərək bir tərəfdən “İrani-nov” qəzetəsi
nəşri ilə millətin fikrini işıqlandırmaqla bərabər,
digər tərəfdən də fədailər zümrəsində
Məhəmmədəli şahın
yaxıcı-yıxıcı, keyfə-mayəşası
müqabilinə mübarizə etmişdir. Bədə
orada dəxi irtica baş qaldıraraq rus istibdadı ilə
İran keyfə-mayəşası əl-ələ verdikdə
həyati təhlükəyə düşərək
İrandan da İstanbula hicrət etmişdir. İstanbulda bir mühərrir sifətilə Məhəmməd
Əmin əfəndi müxtəlif qəzetə və məcmuələrdə
iştirak edərək Azərbaycan-Qafqasiya türk
islamlarını Osmanlı türklərinə
tanıtdırmaqda mühüm bir rol oynamışdır.
Bugünki meyvənin o vəqt toxumunu saçanlardan birisi də
haman Məhəmməd Əmin əfəndi
olmuşdur.
Nəhayət, cahan müharibəsi ibtidasında
Bakıya qayıdaraq ixtiyarı əlindən
alınmış olduğu halda məhəlli qəzetələr
başında duraraq “Türkləşmək,
İslamlaşmaq və Müasirləşmək”
şüarı ilə “Açıq söz”
bayrağını qaldıraraq milləti bugünki
işıq tərəfinə dəvətə
başlamışdır. Axirüləmr Rusiya inqilabı
başlanması ilə artıq meydanı açıq görərək
Azərbaycan muxtariyyəti şüarını meydana ataraq məzkur
şüarla işləyən Gəncə firqəsi ilə
birləşib son il yarım vəqtini
ancaq bu fikrə təxsis etmişdir. Bu uğurda Məhəmməd
Əmin həzrətləri vəfat edən övladına təziyə
saxlamaya macal tapmaz bir dərəcədə fədakarlıqla
çalışmış və nəhayət məqsədinə
nail olaraq Azərbaycan Cümhuriyyəti elan edilmişdir. Bundan sonra Məhəmməd Əmin öhdəsinə
daha mühüm vəzifələr düşərək
İstanbul konfransında Azərbaycan heyəti-mürəxxəsəsi
rəisi sifətilə aləmi-islam paytaxtına gedərək
orada Azərbaycan uğrunda çox təşəbbüslər
etmiş, Azərbaycana edilən təcavüz və həqsizliklərdən
vətəni müdafiəyə
çalışmışdır. Bakının
Rusiyayamı, ya Azərbaycanamı məxsus olması məsələsində
Məhəmməd Əmin əfəndi tarixi, mədəni,
iqtisadi dəlillər ilə Bakının Azərbaycanın
başı və gözü olduğunu isbata
qalxmışdı və həqqimizdə bunca həqsizlik
işləmiş olan dövlətlərə protesto verdi.
20
yaşından bu günədək 13 il
müddətində türklük, islamlıq, hürriyyət
və istiqlaliyyət uğrunda Məhəmməd Əmin əfəndi
fövqəladə fədakarlıq ibraz etmişdir.
Azərbaycanlılar Məhəmməd Əminlər
yetişdirməsinə iftixarla öylələri həqqində
qədrşünaslıqlarını da ibraz etməlidirlər.
X. (Xəlil
İbrahim)
“Azərbaycan”,
10 təşrini-sani (noyabr) 1918, ¹35
Nisar –
qurban
Azərbaycan
Şurayi-Millisi
rəyasətindən
Azərbaycan Cümhuriyyəti hökumətinin qərarına
və heyəti-vükəla rəisi Fətəli xan Xoyski
müraciətinə binaən Azərbaycan Şurayi-Millisinin
noyabrın 16-da iniqad edəcəgini bütün Azərbaycan vətəndaşlarına
elan ilə bərabər Şurayi-Milli əzasının
yovmi-məzkurda Bakıda bulunmalarını rica ediyoram. Hər nə
səbəbdənsə xüsusi dəvətnamə
alamamış olan əzanın işbu elannamə ilə
iktifa etmələri müstədadır.
Azərbaycan
Şurayi-Millisi rəisi:
Rəsulzadə
Məhəmməd Əmin
“Azərbaycan”,
11, 12, 13
təşrini-sani (noyabr) 1918,
¹36, 37, 38
Rəsulzadə
cənablarilə müsahibə
İstanbul konfransının
Azərbaycan heyəti-mürəxxəsəsi rəisi Rəsulzadə
Məhəmməd Əmin cənabları mühərririmizi
hüzurlarına qəbulla İstanbul təəssüratları
həqqində lütfən böylə məlumat vermişlərdir:
Heyətimizin qəsdi mərkəzi dövlət
nümayəndələri ilə bərabər İstanbulda
vaqe olacaq Qafqasiya cümhuriyyətlərinin konfransında
iştirak etmək idi. Lakin siyasət aləmindəki təbəddülata
görə konfrans baş tuta bilmədi. Hər
halda bizim İstanblda olduğumuz mənfəətsiz keçmədi.
Böylə ki, məruzə və mühazirələrimiz
ilə Türkiyə əhalisini Azərbaycan və onun
ümid və arzuları ilə aşina etdik. Burasını da qeyd etməlidir ki, İslam mərkəzi
olan İstanbulda Qafqasiya, xüsusən Azərbaycan həqqində
məlumatları çox azdır. Brest-Litovsk
əlavə müahidənaməsinin təbir və təfsiratı
yolunda Türkiyə mətbuatı bizə böyük
müavinət göstərdi. Bu əlavə müahidənamə
münasibətilə alman səfirinə protest notası
verdik. Bu məsələ haqqında Türkiyə
mətbuatı bizim ilə həmrəy olub bütün
hüsni-rəğbət və təvəccöhi bizim tərəfimizdə
idi. Biz hamı dövlət nümayəndələri
ilə görüşüb Azərbaycan əhvalı ilə
onları aşina etməklə bərabər müstəqil
yaşamaq hüququmuzu müdafiə etdik. Hər
yerdə biz məhəbbət ilə qəbul edilib hüsni-təvəccöh
ilə qarşılandıq. Rəsmi nota
ilə biz Azərbaycanın istiqlaliyyəti həqqində
dövlətləri xəbərdar etdik. Bizim
heyətimiz təntənəli bir surətdə Türkiyə
Sultanı tərəfindən qəbul edildi (Bu qəbul 1918-ci
il sentyabrın 6-da olmuşdur – Ş.H.). Sultan
həzrətləri bizim təbrik nitqimizə cavab olaraq izhar
etdilər ki, Türkiyə hökuməti bacardığı
müsaidi-vəsail ilə Azərbaycan istiqlaliyyətini
mühafizə və müdafiə edəcəkdir. Bundan
əlavə Sultan həzrətləri Azərbaycan əhalisinə
salam yetirilməsini xahiş etdi.
Üç ay bundan əqdəm vəfat edən Sultan
Mehmed xan Xamisin mərasimi-dəfnində və
hal-hazırdakı Sultan Mehmed Sadisin təntənəli
cülusi-hümayununda (Sultan Mehmed Reşad (Beşinci Mehmed)
(1-2/11/1844-3/07.1918). M.Ə.Rəsulzadə və Azərbaycan
nümayəndəsi onun dəfn mərasimində iştirak
ediblər; Sultan Mehmed Vəhidəddin (Altıncı Mehmed)
(2/02/1861-15/05.1926). 1918-ci il iyulun 4-də taxta
çıxıb və M.Ə.Rəsulzadənin rəhbərlik
etdiyi Azərbaycan nümayəndə heyəti onun bu mərasimində
iştirak edib – Ş.H)
iştirak etdik. Fürsətdən
istifadə edərək İstanbul əhalisini Azərbaycan əhvalı
ilə aşina etməkdən başqa özümüz də
Türkiyə həyatına bələd olduq. Türkiyə adətlərindən bizim təəccübümüzü
mucib olan bir əhvalı nəql etməliyəm. Sultanın vəfatından sonra onun cənazəsi həsirə
bükülüb dəhlizdə pilləkan altında qoyulur.
Tazə Sultan cənazə yanına gəldikdə
şeyxülislam tazə Sultana müraciətən:
– Bax, sənin
də axırın bu tövr olacaqdır, – diyor.
Salamlıq zamanında Sultan həzrətləri məscidə
gəldikdə əskərlər onu padşahım, məğrur
olma, səndən yuca Allah var, nəğməsilə
qarşılıyorlar.
İstanbul əhvalı xeyli sakitdir. Qəzetələrin
nümayişlər həqqində verdikləri məlumat həqiqətdən
uzaqdır. Əhali hökumətə
etibar və etimad göstərməklə sülh
müzakiratının axırını və cahan müharibəsinin
nəhayətini bəkləməkdədir. Hər cür sınamalar davam edib mal ilə məmlu
olan dükanlar alış-verişə məşğuldur.
Ərzaq cəhətdən əskiklik yoxdur.
Ancaq qara çörək girvənkəsi 4 qəpikdən
kartoçka ilə, ağ çörək
isə kartoçkasız azad bir surətdə 2 manat 50 qəpigə
satılmaqdadır. Ət boldur və qiyməti
də ucuzdur. Müslimə qadınlar
arasında olan tərəqqi məni nəhayət dərəcədə
şad və məsrur etdi. Türk qadınları
fabrika, zavod, mağaza, kontora, posta, teleqrafda işləyib nəhayət,
darülfünunlarda leksiyalara qulaq asanlar da az
degildir. Hətta İstanbulun zahiri görkəmi
Türkiyə milli mədəniyyətinin qüvvətlənməsini
isbat edir. Türkiyə evləri qədim
türk üsulu ilə tikilib hal-hazıra qədər qədim
türk memarlığı davam etməkdədir. Türkiyə mətbuatına gəldikdə,
bütün mətbuat türk milli mədəniyyətinin
canlanmasına çalışmaqdadır.
Parlaman həqqində
Rəsulzadə
cənabları Müsəlman Milli Şurası sədri olmaq
həsbilə bu günlərdə dəvət ediləcək
parlaman məsələsindən bəhslə diyor ki:
Məlum olduğu üzrə təşrini-saninin 16-da
sabiq Zaqafqasiya Seyminin müsəlman əzalarından 44 nəfərdən
ibarət Müsəlman Milli Şurası dəvət edilir. Milli Şura
parlamana təbdil edilib üzvləri isə 120 nəfərə
qədər artırılmaqla qanunverici müəssisə
olacaqdır. Bu vəqt parlamana
Gürcüstanda və Ermənistanda olduğu kibi əqəliyyət
təşkil edən millət nümayəndələri də
daxil ediləcəklərdir. Müvəqqəti
parlamanın davamı heç bir halda Məclisi-Müəssisan
seçki işlərini dayandırmayacaqdır. Birinci növbədə parlaman cərəyan edən
siyasi məsələlərin həllinə məşğul
olacaqdır.
Qafqasiyanın
müqəddəratı
Bən Azərbaycanı müttəhidən Qafqasiya
hökumətlərinin muxtariyyətli bir hissəsi təsəvvür
edirəm ki, bu hökumətlər də Azərbaycan,
Gürcüstan, Ermənistan və Şimali Qafqasiyadan ibarət
olmalıdırlar. Sülh konfransında ümumi mənfəətləri
müttəhidülqövl mühafizə və müdafiə
etməkdən ötrü Qafqasiya cümhuriyyətləri
arasında olan ixtilaflı məsələlər sülh təriqilə
həll edilməlidir. Bu nəzəriyyatı
biz əvvəlcə Zaqafqasiya Seymində yürütdüksə
də mütəəssüfanə bir para şərait ilə
bizim arzumuzun vücudə gəlməsi məmaniətə
düçar oldu. Ümidvar oluruz ki,
hal-hazırda Tiflisdə iclas etməkdə olan Zaqafqasiya
Cümhuriyyətləri konfransı Qafqasiyada sülh və
qardaşlıq bərpa edilməsi üçün ümumi
bir dil tapar.
“Azərbaycan”,
13 təşrini-sani (noyabr) 1918, ¹38
Müsaid
– kömək, münasib
Məsrur
– sevinc, şən
Vəsail
– vəsilələr
Müttəhidülqövl
– sözübir
Xamis –
beşinci
Sadis –
altıncı
Rəsulzadə
Məhəmməd Əmin bəyin nitqi
Bu günlərdə
Nuru Paşa həzrətləri şərəfinə kəşidə
edilmiş olan ziyafətdə Azərbaycan Milli Şurası sədri
və İstanbul konfransı mürəxxəsləri rəisi
Rəsulzadə Məhəmməd Əmin cənablarının
söyləmiş olduqları nitqi eynilə qarelərimizə
təqdim ediyoruz.
Natiq əfəndi
diyor ki:
Böyük
türk ordusunun qəhrəman zabitləri, gənc Azərbaycan
Cümhuriyyətinin azad vətəndaşları! Şimdi hökumət rəisinin nitqini dinlərkən
xatırladım. Bir il əvvəl
idi. Xilaskar Osmanlı qardaşlarımızla bərabər
olaraq duz-çörək yedigimiz bu salonda o zaman
başqaları oturuyordu. Demokratizm prinsipini
suyi-istemal edən bolşeviklər burada, türk və müsəlman
mərkəzində, yerli əmələ və
köylünün protestosuna rəğmən yabancı bir cəmiyyət
təşkil eləmiş, bolşevik-daşnaksakan çətələri
Bakıya müstövli olmuşlardı.
Bolşeviklər bütün aləm hüzurunda millətlərə
kəndi müqəddəratlarını təyin etmək həqqini
elan, dünyayı cənnət yapacaqlarını vəd eləmişlərdi. Xüsusi
olaraq Lenin tərəfindən Qafqasiya fövqəladə
komissarı təyin olunan Şaumyan naminə
çıxarılmış əmrnamə ilə Türkiyə
Ermənistanının muxtariyyəti dəxi elan olunmuşdu.
Biz də Azərbaycan muxtariyyəti tələb
ediyorduq. Eyni zamanda da “Müsavat” ümumi
intixabla degil, təsəllüt yolilə toplanmış
olduğuna mötəriz idik.
Fəqət bu muxtariyyət həqqindəki tələbimiz
rus burjua firqələrindən ziyadə Bakı bolşeviklərinin
etirazını mucib oluyordu; onlar bizə qarşı əngəllər
törədiyorlardı. Nəhayət,
açıqdan-açığa təhdidlərinə məruz
qaldıq. Bizə dedilər ki: “Nahaq yerə səy
ediyorsunuz. Azərbaycan muxtariyyətə layiq
degildir. Siz muxtariyyət degil, onun əvəzində
xarabazarlara nail olarsınız!
Əgər bu məqsədinizdən əl götürməz
də mücahidatınızda davam edərsəniz əmin
olunuz ki, görəcəginiz müvəffəqiyyətlər
yalnız qış günlərinə münhəsir
qalıb müvəqqəti olacaq, yaz açılınca
böyük Rusiya cəzanızı verməyə gecikmiyəcəkdir”.
O zaman
vaqe olan bu təhdidlərə qarşı gərək
“Müsavat” iclasında və gərək mətbuat səhifələrində
müqabilə edərək – “məqsədimiz yolundakı
mücahidədən vaz keçməyiz, Türkiyə ermənilərinə
muxtariyyət vəd edən Leninin bakılı şagirdləri
Azərbaycan muxtariyyətçilərini xarabazarlıqlarla təhdid
etsələr də, biz kəndi məqsədimizdən əl
çəkməyiz, hər növ təhlükələri
gözə alaraq mücahidəmizə davam edəriz. Bizim degil, sizin müvəqqəti bir qələbə
çalacağınızı bilər, bundan dolayı sizi təbşir
edəriz. Fəqət bir az da daimi qələbənin
kimə aid olacağı həqqində düşünmənizi
ixtar eyləriz. Əlbət ki, bir Lenin də
çıxar bizim muxtariyyətimizi təmin edər!” – demişdim.
İştə əfəndilər, bir sənə əvvəl
təhdid olunduğumuz bu binada şimdi o sırada ümid
etdigimiz bir zəfəri elan ediyoruz. Müvəqqəti qələbə
onların, daimisi bizimdir! (Alqışlar).
İş sisli “Şimal hürriyyətinə”
qalsaydı bu gün məhv olub bitmişdik. Lillahülhəmd
ki, teyri-istixlasımız Cənubun bərraq və saf səmasından
doğdu, iştə onun həyatbəxş nurları ilə
isiniyoruz (Alqışlar). Daimi qələbədən
bəhs etdigim bu sırada çəkilməz fəlakətlər
keçirmiş olan qəlblərə üfiqi-siyasətdə
təraküm edən qara buludlar bəlkə də bəzi əndişələr
ilqa edər.
Fəqət bu əndişələrə məhəl
yox. Türklər Bakıda ilk dəfə degildirlər.
Böylə bir vəziyyəti-siyasiyyəyi
Bakı bundan 350 sənə əvvəl dəxi
keçirmişdir. O vəqt Özdəmir oğlu Osman
paşa bir miqdar əskərlə bu tərəflərə gəlmiş,
Şamaxı, Quba, Dərbənd və Bakıyı
almışdı. Bir az sonra Hökuməti-Mərkəziyyə
əqdi-sülh edərək Özdəmir oğlu yalnız
qalmış, İstanbul tərəfindən tərk
olunmuşdu. Fəqət o cəsur komandan məyus
olmamış, əzminə xələl gətirməmişdi.
Hər növ hücumları müdafiə etmək
lazım idi. Osman Paşa Bakı neftini
inhisar altına almış, ipəgə külli maliyyat vəz
eləmiş, bu surətlə büdcəsini yoluna qoymuş,
Bakı qalasını təmir edərək müdafiəsini
Əhməd bəy namında bir komandana
tapşırmış, kəndisi Dəmir Qapıya – Dərbəndə
çəkilmişdi. Bu surətlə
Bakı altı ay tamam mühasirəyə dayanmış, nəhayət
düşməni rəf edə bilmişdi. Tarix yenə
təkrar edə bilər, həm etməlidir! (Alqışlar).
Həzərat, maddətən qələbəyi-daimi
qazanmış olduğumuz – nəuzu billah – müvəqqəti
olsa belə, Azərbaycan istiqlalı mənən
qazanılmış nemətlərdəndir. Dağları,
dərələri, susuz səhraları aşıb gələn
qardaşlarımızla bərabər şu doğma
topraqlarımız üzərində qayalaşdıq, yenidən
qardaş olduq. Topraqlarımız əsrlərdən
bəri yekdigərini qaib etmiş qardaşların əməl
yolunda verdikləri qurban qanları ilə islandı; Turan toxumu
əkildi. O böyük fikrin yıldızı doğdu.
Dan yeri ağardı. Osmanlıların
benami-türkçilərindən:
“Vətən
nə Türkiyədir türklərə, nə Türküstan,
Vətən
böyük və müəbbəd ölkədir Turan”
Deyən
Ziya Gökalp bəy hərbi-ümuminin ibtidasında təfal
edərək:
“Rusiya
dağılıb viran olacaq,
Türkiyə böyüyüb Turan olacaq” demişdi. Turan bu gün
maddətən qazanılmamışsa da, mənən hasil
olmuş; Turan fikri doğmuşdur. Bir kərə
doğan fikir bir daha ölməz, bir daha sönməz! Ən qaranlıq gecələrimizdə bizə məşəli-hürriyyət
gətirən və ən çətin dəmlərimizdə
imdadımıza gələrək bizi xilas edən
qardaşlarımızı bizə doğru qoşduran,
yolumuzda qurbanlar verdirən iştə bu məfkurə, bu yeni
doğmuş əməl günəşidir. O əməl
günəşi ki, bir Nuru da (Nuru Paşayı göstərərək)
iştə bizimlə bərabər! (Sürəkli
alqışlar). Yaşasın əməl yolunda fədayi-can
edən türk ordu və zabitanı, yaşasın
böyük Turan! (Təkrar sürəkli
alqışlar).
“Azərbaycan”,
14 təşrini-sani (noyabr) 1918, ¹39
Kəşidə
– düzəldilmiş
Müstövli
– ortaq
Təsəllüt
– hökmlə
Mötəriz
– etiraz edən, müxalif
Mucib – səbəb
Təbşir
– şad
Bərraq
– parlaq
İstixlas
– xilas olma, qurtulma
Teyr –
quş
Şurayi-Milli rəyasətindən
Şurayi-Milli iclası bu gün saət 1-də Duma zalında açılacaqdır. Şura əzalarından saət 12-də gəlmək rica olunur.
Düvəli-əcnəbiyyə nümayəndələrindən ötrü xüsusi mövqe hazırlanmışdır.
Şurayi-Milli rəisi:Rəsulzadə Məhəmməd Əmin
“Azərbaycan”, 16 təşrini-sani (noyabr) 1918, ¹41
(Ardı var)
Məhəmməd
Əmin Rəsulzadə
525-ci qəzet.-
2014.- 19 aprel.- S.26-27.