Tapılmayan dərman
(davamı)
Gecə ikicə saat yata bilmədim. Gözlərimə
yuxu getmirdi. Elə bil yorğan-döşəyimə
qor dolmuşdu. Gözümü yuman
kimi cürbəcür qatmaqarışıq yuxular
görürdüm. Görürdüm ki, gecənin
yarısı şəhərin o tərəfində
tüstülü bir alov qalxıb. Bütün
şəhər həmin yanğın olan tərəfə
axışır. Albert İsgəndərzadənin
aptekinə od düşüb. Tələsdiyimdən şalvar-pencəyimi geyə
bilmədim. Alt paltarımda ayaqyalın,
başıaçıq adamlara qoşuldum. Yüyürə-yüyürə fikirləşirdim
ki, aptek cəhənnəmə yansın, kaş Naftalana bir
şey olmasın. Yanğınsöndürən
maşınlar həyəcan siqnalı verə-verə
adamların arasından keçib küçə boyu aptekə
tərəf
şütüyürdü. Aptekə
yaxınlaşdıqca haya-küyə qoşulanların
axını güclənir, maşınlar hay-haray salır,
adamlar ora-bura qaçırdılar. Tüstü
burulğanının arasından alovun qırmızı dili
göyə dirənirdi. Yanğının üstünə
su atan kim, bellə torpaq tullayan kim... Yarıçılpaq vəziyyətdə
özümü izdi hamın arasına vurdum. Adamları itələyə-itələyə Albert
İsgəndərzadəni axtardım. Albertin təzəcə
kostyumunu od qarsımışdı,
başı-gözü ütülmüşdü. Qan-tər içərisində aptekin
avadanlığını ora-bura sürüyürdülər.
Onun qolundan yapışıb boğula-boğula:
Bəs
Naftalan? Naftalan?! deyə
qışqırdım. Bir nəfər boynumun
dalından yapışıb məni geri dartdı. Qanrılıb onun ənginə birini ilişdirdim.
O da mənimkinə. Əlbəyaxa olduq. Rəqibimin
xirtdəyindən yapışıb onu əzişdirməyə başladım. Elə
bu anda böyrümə bir dürtmə ilişdirdilər.
Sancı məni yandırıb-yaxdı. Arvadın xırıltısını eşitdim.
Hövlnak yuxudan oyandım. Arvad boğulurdu... Əlimi onun
boğazından çəkdim. Yazıq arvad güclə nəfəs
alırdı. Bir stəkan su verdim, birtəhər
özünə gəldi. Baş yoldaşımdan acizanə
üzr istədim... Xoşbəxtlikdən aptek
yanmırdı və mən də heç kəslə əlbəyaxa
olmamışdım. Eyvana
çıxıb şəhərə göz gəzdirdim.
Bütün küçələr səssizliyə
dalmışdı. Hər tərəf
sakitlik idi. Qayıdıb çarpayımda
uzandım. Fikirli-fikirli yorğanı
başıma çəkib gözümü yumdum, yuxuya getdim.
Qulağıma telefon zəngi gəldi, dəstəyi
götürdüm. Albert İsgəndərzadə
idi. Məndən
üzr istəyirdi. Naftalan əldən
çıxmışdı. Şəhərin
polis rəisi özü işə qarışıb,
Naftalanı İsgəndərzadənin əlindən
almışdı. Rəisin ünvanına
o ki var döşədim. Arvad yorğanın
üstündən məni silkələdi:
Mədət,
Mədət, nə sayıqlayırsan? Ağzını
təmiz saxla, söymə. Nəçənnik
eşidər.
Tez oyandım. Yenə də gördüyüm yuxu
imiş.
Mışıl-mışıl yatan uşaq bizim hənirtimizə
qımıldanıb yerində zarıldayırdı. Arvad donquldanıb
yuxulu-yuxulu deyinirdi:
Naftalan
tapan deyil, yatmağa da qoymur. Körpənin yuxusunu haram elədi...
Yenə də dəhşətli yuxular görəcəyimdən
qorxub daha gözümü yummadım. İşıqlananda
yerimdən qalxdım, həmin gün mənə bir ildən
artıq oldu. Səbrim tükənmişdi.
İş vaxtı qurtarmaq bilmirdi. İdarədə məni yuxu basırdı. Çənəm sinəmə enib-qalxdıqca
işçilər altdan-altdan bir-birinə baxıb
irişirdilər. Bilirdim ki, mürgülədiyimə
gülürlər. Amma üstünü
vurmurdum. Saatıma baxırdım. Tərs kimi bu gün saatımın batareası da
qurtarmışdı. Saniyəölçən
nazik əqrəb mənim kimi yorulub əldən
düşdüyündən kiçik bir nöqtədə
donub qalmışdı. Saatın mexanizmlərini
hərəkətə gətirmək üçün onu
qulağıma tutub gücüm gəldikcə bərkdən
silkələdim. Heç bir
çıqqıltı eşidilmirdi. Həmişə
qolumda gəzdirdiyim, gündə neçə dəfə
şüşəsini silib təmizlədiyim saat da belə bir
məqamda namərdliyini göstərdi. Dar
gündə adamı qoyub qaçan bəzi namərd dostlar
kimi. Birdən stolun üstündəki köhnə
radionun xırıltılı səsi eşidildi:
Bakı
vaxtı ilə saat on yeddidir. Bugünkü verilişlərimizin
proqramını...
Tez yerimdən qalxıb tələm-tələsik geyinib,
keçindim.
Yüngülvari nahar edib, əvvəlcə idarəyə
getdim. Bəzi işlərimi qaydaya
salıb, işin axırında aptekə yollandım.
Albertin kabinetində iki qadın əyləşmişdi. Kabinet
fransız ətrinin rayihəsinə qərq olmuşdu. Onlar bəzi dərmanların
qurtardığından, reseptlərin geri
qaytarıldığından, həkimlərin, xəstələrin
narazılığından və bu barədə bəzi-bəzi
adamların dedi-qodu salmasından danışılırdı.
Albert İsgəndərzadə
gözünün quyruğu ilə mənə eyham vurdu ki, qoy
bu qadınlar çıxsın, sonra səni yola salaram.
İnsafən, qadınlar çox ləngimədilər. Kabinetdən
çıxdılar. İçəridə
ikimiz qaldıq. Albert İsgəndərzadə
kabinetin şabalıdı rəngdə cilalanmış taxta
qapısını açıb ətrafa göz gəzdirdi.
Heç kəs yox idi. O, arxayın
düşdükdən sonra qapını örtüb
arxasını da vurdu. Stolun siyirməsini çəkdi:
Üç şüşə idi, dedi. Bəxtindən
biri sınıb. Neynək, canın sağ
olsun. Haçan bu cür çətin
tapılan dərman olsa, qulluğunda hazıram. Amma Mədət,
minnət qoymaq istəmirəm, bunu çox müsibətlə...
Bakıdakı dostum da birtəhər tapıb.
Naftalan verənlərə yaxşı bir
qonaqlıq düzəldib. O, dərindən bir ah
çəkib yırğalana-yırğalana. Bilirsən, Mədət
dedi, gərək verəsən. Əl-əli
yuyar, əl də üzü. Verməyəndə iş
aşırmaq olmur. Adamın qabağına
yüz cür bəhanə qoyurlar. Bu
dünya verim dünyasıdır. Bizim bu şəhərdə
ya gərək karlı adamın ola, ya
böyük vəzifən, ya da ki pulun.
Yoxsa...
O, Naftalan
dolu şüşələri əvvəlcə yumşaq
pambığın arasına qoydu. Sonra möhkəm
bir iplə bərk-bərk sarıdı. Üstəlik də
köhnə bir qəzetə büküb qoltuğuma verdi:
Ehtiyatlı ol ha, dedi, əlindən düşər,
güc-bəla ilə tapmışam. Amma Mədət, elə et ki, bir ins-cins bilməsin. Heç
qonum-qonşu da. Çünki tapılan
şey deyil. Bunu da böyük bir minnətlə... Qarşına çıxan olsa, demə ki, İsgəndərzadənin
yanından gəlirəm. İndi adamlar
qazdan ayıqdı. O dəqiqə şübhələnərlər...
Naftalandan ötrü tay bir də Bakıya
adam göndərəsi deyiləm. O da bir iş idi. Çay həmişə qızıl gətirməz.
Albert İsgəndərzadəyə bir də təşəkkür
edib ondan ayrıldım. İrəlidəki tindən sola burulub
dayandım. Qəddimi şax tutub, dərindən
nəfəs aldım. Naftalan
şüşələri bükülmüş kağıza
bir də diqqətlə nəzər saldım. Ürəyim indicə-indicə üstümə gəlirdi.
Albert İsgəndərzadənin dedikləri qulaqlarımda
cingildədi: Çay həmişə qızıl gətirməz, Elə et
sınmasın, Bir də Bakıya adam göndərəsi
deyiləm. Albert İsgəndərzadənin
sözlərini xatırladıqca narahat hisslər
keçirirdim. Bu şüşələri hara qoyum ki, bir şeyə
toxunub sınmasın?! Fikirləşdim ki, əlimdə
saxlasam, düşüb qırıla bilər. Ağlıma bir şey gəldi. Şalvarımı
təzə tikdirmişdim. Dərzi də dərin
ciblər qoymuşdu. Çox
ölçüb-biçdikdən sonra Naftalan şüşələrini
birtəhər şalvarımın sağ cibinə
dürtdüm. Arxayınca yoluma davam etdim.
Qarşıma çıxanların
hamısı şübhəli nəzərlərlə
şalvarımı süzür, mənə baxır, bir
neçə addım aralanandan sonra əllərini
ağızlarına tutub, bic-bic pıqqıldayıb
gülüşürdülər. Onları
da qınamalı deyil. Şalvar cibim bu
gün-sabah doğacaq cins inəklərin yelini kimi
aşağı sallanmışdı və addımladıqca
yellənib buduma toxunurdu. Sağ qılçam lap
keyimişdi.
Sakit küçələrin birində dayanıb yönümü divara tərəf çevirdim. Naftalan şüşələrini birtəhər şalvar cibimdən çıxarıb pencəyimin yan cibinə qoydum. Şüşələri əlimdə saxlamağa ehtiyat edirdim. Xasiyyətimi nəzərə alıb düşünürdüm ki, getdiyim yerdə birdən fikrə qapılıb Naftalan şüşələrini əlimdən sala bilərəm. Əlimi tez-tez üst tərəfdən pencəyimin cibinə vururdum. Barmaqlarım cibimin donbağına toxunduqca özümdə rahatlıq, yüngüllük duyurdum. Evə tez çatıb dayımı sevindirməyə, arvadın könlünü alıb xəcalətdən çıxmağa tələsirdim. Artıq lovğalanmağa da haqqım var idi. Tər məni basmışdı. Piyada getmək fikrimi dəyişdim. Avtobus dayanacağına onsuz da az qalırdı. Yaşıl zolaqlı təzə bir avtobus irəlidə dayanıb fısıldadı. Addımımı yeyinlətdim. Çataçatda avtobus yenə də ağır-ağır fısıldadı və yerindən tərpənmək istəyəndə özümü yetirib birtəhər içəri soxuldum. Pencəyimin ətəyi avtobusun avtomat açılıb örtülən qapısının arasında qaldı. Qabaqlar xüsusilə, gənclik çağlarımda da belə hallar çox olub. Onda ətəyimi dartıb asanlıqla qapıların arasından çıxarda bilirdim. Bəzən ətəyim cırılırdı. Bu dəfə mümkün eləyə bilmədim. Çünki pencəyimin dərman olan donbaq cibi qapının çöl tərəfində qalmışdı. Dartsaydım, şüşələr qırıla bilərdi. Ancaq höcətlik yeri deyildi. Belə məqamlarda gərək özünü itirməyəsən, ehtiyatlı tərpənəsən. Odur ki, avtobusun balaca pilləkəninin ayağında, lap qapının ağzında dayanıb qaldım. Sərnişinlərdən bir neçəsi canyanalıq edib məni yuxarı qaldırmaq üçün əl uzatdılar. Mən isə:
Narahat olmayın, dedim, bura da yaxşıdır.
Onlara dil-ağız etdim və yerimdən tərpənmədim. Onsuz da irəli-geri getməyə təhrim yox idi. Fikirləşdim ki, canım cəhənnəm, qoy mənə nə olur-olsun, amma Naftalan şüşələri salamat qalsın. Ətəyin qapı arasında qalması nə demək olduğunu yaxşı başa düşürəm. Birdən avtobusun təkərinə iri mismar batıbmış kimi yenə fısıldadı və dayandı. Qapılar açıldı. Pencəyimin dərman olan donba cibi yanıma düşüb sallandı. Tez avtobusdan düşdüm. Sərnişinlərin tənə və istehza dolu baxışlarının müşayiəti ilə yoluma piyada davam etdim. Xeyli aralandım. Evimizə az qalırdı. Əziz-əziz pambığa, sonra da kağıza bükülmüş Naftalan şüşələrini cibimdən çıxarıb əlimə aldım. Hava qaralmışdı. Tək-tək yağış atırdı. Addımlarımı yeyinlətdim. Evimizə bir tin qalmış göyün üzü damarlandı. İldırımın şaqqıltısı bütün şəhəri titrədib lərzəyə gətirdi. Yalnız əlimdəki dərman şüşələrinə bir zaval olacağından qorxurdum. İslanmaqdan o qədər də ehtiyat etmirdim. Yağış getdikcə şiddətlənirdi. Evə tərəf iri addımlar atır, arabir yorturdum. Bir göz qırpımında küçələri sel-su götürdü. Bu dəfə yüyürməyə başladım. Binamıza bir neçə addım qalmış yüyürə-yüyürə başımı qaldırıb evimizin pəncərəsinə baxmaq istədim. Kaş baxmayaydım. Yaxşı deyiblər ki, tələsən təndirə düşər. Tələsdiyimdən ayağım yerin altından keçən kanalizasiyanın çalasına düşdü. Üzü üstə yıxıldım.
(Ardı var)
Əli İldırımoğlu
525-ci qəzet.- 2014.- 19 aprel.- S.23.