“İndi gözlərinin qabağındayam...”

 

 

Ürəyimin çatışmayan mitral qapaqlarının yaratdığı tövşüməni vecimə almamağa çalışıb, pilləkənlə hövlnak qalxıram.  Mehriban və səmimi bir insanın – Xalq şairi Nəriman Həsənzadənin nostaljisini dinləmək, sonra da oxucularımıza çatdırmaq həvəsi hər qayğını üstələyib. Pillələrlə onun yaşadığı ucalığa can atdığım zaman ərzində beynimdə onun misralarını dolandırıram:

 

Bu dünya nərdivandı,

Qalxanda mehribandı,

Enəndə nə yamandı...

 

Elə bil qapını da özü yox, üzünün nuru açdı... Və həm də təkcə evinin yox, ürəyinin qapısını da açdı üzümüzə... Onun iş otağı elə başdan-başa nostalji aurasına bürünmüşdü, gözümə ilk sataşan da yazı makinası oldu. Xalq şairi, noutbuku olmasına rəğmən, hələ də yazılarını makinada yazır. “Noutbukda yazmağa hövsələm çatmır, makinaya adət eləmişəm, neçə illərdir, belə işləyirəm. Bu makinanın arxasına oturanda elə bil pianonun arxasına keçirəm” – dedi. Və elə söhbətimizin əvvəlindəcə təkcə özümün yox, elə oxucularımızın da Nəriman Həsənzadənin kövrək, duyğulu nostaljisinin sehrinə qapılacağını sövq-təbii hiss elədim...

 

Anam kirpiyiylə od götürürdü...

 

Nostalgiya mənim üçün daha çox insanlarla bağlı anlayışdı. İnsanı xatırlayanda məkan da yada düşür. İnsan çox dəyərlidir. Doğulduğum yerlərə gedəndə də mütləq insanları axtarıram. Sonra cığırları, bulaqları... Bu gün də oralara gedəndə gözüm anamı gəzir (kövrəlir). Anam çox gənc ikən, 26 yaşında dul qalıb, yenidən ailə qurmayıb, məni böyüdüb...

 

Səadət dağların qarlı başında,

Fəlakət yerdəydi, göz qabağında..

Anam qız yaşında, mən bir yaşında,

O da ağlayırdı mən ağlayanda...

Göylər bizə baxıb köks ötürürdü,

Göylər uzaq idi Kür qırağından,

Anam kirpiyiylə od götürürdü

Atam qaladığı eşq ocağından...

 

Rayona, anadan olduğum kəndə gedirəm, kim qalıb ki? Ancaq dayım uşaqları, bibim uşaqları, bacım uşaqları var... Başqa heç kim. Ən əsası, anam yoxdu. Adam haraya qaçır həmişə?anasının qucağına... Atası ilə, qardaşı ilə görüşə qaçır. Onlar olmayanda insan get-gedə dəyişir. İndi çox darıxanda özümdən qaçıram. Haradan haraya qaçıram, onu bilmirəm. İnsan özündən qaçır, yenə gəlir özünə çıxır, qəribədir. Qaçmaq deyəndə burada nifrətdən yaranan qaçışdan söhbət getmir. Sadəcə, istəyirəm özümdən qaçıb başqa bir aləmə gedim. Bir atalar sözü var: keçən günə gün çatmaz, calasan günü günə. Keçmiş həmişə qiymətlidir. Çünki orda uşaqlığın, gəncliyin, keçdiyin günlər, sevgin, dostluq elədiyin adamlar, əyləncələrin qalır. Vaxt gedir, bax, bu an da getdi. Məşhur bir ifadədə deyildiyi kimi: hər şey zamana baxır, zaman heç nəyə baxmır.

 

İnsanın iki həyatı var: cavanlıq və qocalıq. Cavanlıq nadanlıqdı, qocalıq da peşmançılıq. Qocalıqda deyirsən, kaş, gənclikdə belə eləməyəydim. Amma istər-istəməz eləyirsən, eləməlisən... Gənclikdə səhv buraxırsan, sonra da səhvlərini düzəldə-düzəldə yaşayırsan.  Bəşəriyyət bu vəziyyətdədi. Niyə bu qədər qurban kəsirlər? Günah yumaq üçün. Hamının günahı olur. Ancaq bir var günahı qəsdən eləyəsən, bir də var xəbərin olmaya. İnsan ikili varlıqdı: instinktdən və intellektdən ibarətdir. Cavan olanda instinktin hakim olduğu bədən başı arxasınca aparır. Elə ki yaş ötür, bədən zəifləyir, intellekt artır, baş güclənir, filosof olur.

 

 

“Ruhani” çalınanda xatirələr selində axıram...

 

Musiqi də nostalgiya yaradır. “Ruhani” çalınanda xatirələr selində axıram elə bil, uşaqlığımı xatırlayıram: Köç yaylağa qalxırdı, gecikmişdim. Anam çığırırdı, yalvarırdı... Dayım mənə bir “quşburnu” çarıq tikmişdi ki, ayağımı daşlar əzməsin... Yaylaqda dəyə tikirdilər, keçələrin üstünə dolu yağırdı... Çəhlimdə ayaqyalın hamıdan qabaqda mən gedirdim... Çoxlu yemlik yığmışdım... Qonşumuz Səməd babanı hirsləndirəndə qəsdən Nəriman demirdi, “Larman” deyirdi mənə... Yaylaq... Köç... Sürü... Anam sac asıb xamralı bişirir... Bostana qarpız oğurluğuna gedirdik... Sinifdə Məhər əlini dəftərinin üstünə hasar kimi qoyurdu ki, yazını köçürə bilməyim... Sağsağan qurudumuzu daşımışdı... Şər qarışırdı... Anamın məzarı üstündə ağlayırdım..

 

Bir dəfə Seyid Bayramovu qardaşı oğlunun toyunda “Ruhani” havasına oynayan gördüm... Düz bir saat oynadı, yorulmadı. Oyun ədəları indi də gözümün qabağından çəkilmir.  “Ruhani  elə bil onun əyninə biçilmişdi. Seyid qağa o toyda “Ruhani”yə abidə qoydu elə bil... Gərək bu oyun havası üçün doğulasan, adət-ənənələrimizi görmək azdı, bunu yaşayasan, iliyindən, canından-qanından gələ... İçim ağlayırdı o oynadıqca, çünki mənim tərcümeyi-halımı oynayırdı...

 

Bəxtim gətirib ki, Allah həmişə qarşıma yaxşı adamlar çıxarıb. Qələm dostlarımı unutmuram, onları tez-tez xatırlayıram. Xəlil Rza, Məmməd Araz, Hikmət Ziya, Tofiq Mütəllibov, Cabir Novruz, Əli Kərim, Tofiq Bayram... Bunlar ədəbiyyatı yaradan adamlar idi. Yoxdular... Fəxri Xiyabana gedirəm, görürəm hamısı ordadı. Vaxtı ilə cavan vaxtı gecə səhərəcən işləyirdim. İndi işləyə bilmirəm, ürəyim ağrıyır. Zaman o zaman deyil. Nizami Gəncəvi yaxşı deyir ki, bu dünya ifritə dünyadı, hər şeyi bəxt həll eləyir, istedad yox.

 

Mən bəxtimdən şikayətçi deyiləm

 

Bəxtim gətirib ki, Allah həmişə qarşıma yaxşı adamlar çıxarıb. Böyük yazıçı Mir Cəlal Paşayev kimi... Moskvada Qorki adına Ədəbiyyat İnstitutunu bitirib ikinci ali təhsil diplomu ilə (birinci diplomumu Gəncə Pedaqoji İnstitutunda almışdım) Bakıya qayıtmışdım. İş axtarırdım. Təsadüfən Mir Cəlal müəllimlə görüşdük, sən demə, imzamla tanış imiş, şeirlərimi oxuyurmuş. Dedi ki, nə axtarırsan? Dedim, iş. Dedi: “İş axtarma, adam axtar. Adam da mən. Gəl universitetin aspiranturasına”. Beləcə 1961-ci ildə Mir Cəlal müəllim mənim tale yolumu təyin etdi. Bu yol məni ucalara apardı...Mir Cəlal Yazıçılar İttifaqından aldığı ikiotaqlı evi (bu evə qədər İttifaqdan heç nə almamışdı) aspirantına, yəni, mənə bağışladı, evləndirmək istədiyi oğluna isə başqasından borc pul götürüb kooperativə yazıldı. Qırx ildən artıqdı ki, mənəvi atam Mir Cəlalın mənə hədiyyə etdiyi bu evdə yaşayıram...İstedadın olması da hələ hər şeyi həll eləmir. İstedada da gərək sahib çıxan ola. Bir yaşım olanda atamı, 23 yaşımda anamı itirmişəm. Mir Cəlalın simasında mənəvi atamı tapdım. O mənə o qədər yaxşılıqlar elədi, amma bir dəfə də bunu yadıma salmadı. İlahi bir şəxsiyyət idi...

 

Taleyimi müəyyənləşdirən işıqlı şəxsiyyətlərdən biri də Heydər Əliyev idi... Heydər Əliyev şairi şairdən, yazıçını yazıçıdan qoruyurdu, “bir-birinizə xeyirxah olun” deyirdi...

 

Qarşıma çıxan nadir adamlardan biri də məşhur türk şairi Nazım Hikmət idi. Mən Moskvada oxuyarkən 4-5 il qonşu olduq. Çox səmimi münasibətlərimiz vardı, o mənə “canım, şəkərim” deyərdi, mən ona “Nazım Can”. O qədər təvazökar, sadə, açıqürəkli, rəsmiyyətdən uzaq insan idi ki... Saysız-hesabsız xatirələrim var onunla bağlı...Moskvada Peredelkino adlanan yazıçılar şəhərciyində qalırdıq. Nazım Hikmət də orada məskunlaşmışdı. Böyük şairimiz Xəlil Rza da orada olurdu. Mən Xəlili çox istəyirdim, şəxsiyyət olaraq əvəzsiz adam idi. Xəlil qızğın, alovlu şair idi. Bir dəfə söhbətimiz oldu. Xəlil deyirdi ki, Mayakovski kimi yazmaq lazımdı: qışqıra-qışqıra. Mən deyirdim ki yox, Yesenin kimi yazmaq lazımdı: pıçıltıyla, sakitcə. Sonra dedik ki, gəl Nazımdan soruşaq bunu. Sualımı dinlədikdən sonra Nazım pəncərənin qarşısına gəldi, böyük Səməd Vurğunun “Şair, nə tez qocaldın sən” misrasını yavaşca pıçıldadı. Sonra dedi ki, canım, ananızla necə danışırsınızsa, elə yazın. Adam anası ilə qışqıra-qışqıra danışır?  Sevgi ilə, yavaş-yavaş danışır. Onda rəhmətlik Xəlil dedi ki, siz şeirinizdə:

 

Şərqdən gəlirəm,

Şərqin dərdlərini bağıra-bağıra

                                        gəlirəm...

Sən yanmasan,

Mən yanmasam,

Biz yanmasaq,

Necə çıxar qaranlıqlar aydınlığa?

-deyə qışqıra-qışqıra yazmısınız.

 

Nazım cavab verdi ki, canım, o Mayakovski ruhlu şeiri yazdım ki, lazım olanda oxusunlar...”

 

Mənim nostalgiyam daha çox Gəncə ilə bağlıdır

 

Düzdür, Bakı dünyanın ən gözəl şəhərlərindəndir, son dövrlər də çox böyük zövqlə tikilir, Bakı ilə fəxr edirəm. Amma köhnə Bakı üçün də darıxıram hərdən. Hardasa köhnə evləri sökürlər, elə bil həm də mənim xatirələrimi sökürlər. İçərişəhərə gedib girirəm, elə bil orda hər daş, hər divar bir nağıl danışır... Amma mənim ruhumun şəhəri Gəncədir. Gəncəyə şeir də yazmışdım. Ora ilk məhəbbət beşiyim olub, ora eşq yuvasıdır.  Gəncənin tayı-bərabəri yoxdu, suyu da, havası da gözəldir. İndi Gəncə də dəyişib. Ancaq Gəncə adı gələndə indi də özümdə olmuram. Şeir görüşlərim də, dəli vaxtım da, ağıllı vaxtım da, gəncliyim də, sevgim də hamısı Gəncə ilə bağlıdır. O şəhər nə qədər müqəddəsdir! Orda mərhum yoldaşım Sara ilə mən eyni evdə qalırdıq. O mənim yeznəmin qohumu idi, mən də bacımgillə qalırdım. Onu göndərirdim ki, get filan qıza de, mənim ondan xoşum gəlir. Gedib qayıdıb qızların hamısını pisləyirdi. Mən ona doğma adam kimi baxırdım. Onda bilmirdim onun ürəyində mənə sevgi var. Çox ilahi bir qız idi Sara... Xoşbəxtlik düz gözümün qarşısında imiş... Onu heç kim əvəz eləyə bilməzdi... Sara həm də mənim uşaqlıq yoldaşım idi. Kişi ilə qadın bir yerdə yaşayır, sonradan ana ilə bala kimi bir-birinə doğmalaşır. Məhəbbətdə qürur olmaz. Sevəndə bir-birinə güzəştə getməlisən...

 

Hayanda durum ki, görəsən məni?

 

Tarixi mövzularda yazmağı sevirəm, amma ümumiyyətlə, keçmişlə yox, bugünlə və gələcəklə yaşayan adamam. Tarixi əsər yazan tarixi köçürürsə, bu, tarixi əsər deyil. Tarixi onsuz da bizdən əvvəl yazıblar. Həm də tarixdən təkcə külü yox, odu götürmək lazımdır. Odu da kül saxlayır. Deməli, odu da külü ilə bərabər götürmək lazımdır ki, sönməsin. Bizim tariximiz çox zəngindir. Yazılmamış hələ nə qədər mövzumuz var. Sovet dövründə tariximiz səhv yazılıb, bizi aldadıblar. Məsələn, mən uzun illər bilməmişəm ki, Nuru paşa gəlib Bakını xilas edib.

 

İstərdim gələcəkdə məni elə Nəriman Həsənzadə kimi – “Nuru paşa”, “Atabəylər”, “Pompeyin Qafqaza yürüşü”, “Midiya sarayı” kimi əsərlərimlə, bir də Saraya yazdığım şeirlərlə xatırlasınlar:

 

Elə dayanırsan, elə baxırsan,

Elə bil qarşında quru bir daşam...

İpək saçlarını öpüb oxşayan

Elə bil nə vaxtsa mən olmamışam...

Hayana getdimsə səhər ya axşam,

Aradın sən məni, gördün sən məni.

İndi gözlərinin qabağındayam,

Hayanda durum ki, görəsən məni?

 

Sevinc Mürvətqızı

525-ci qəzet.- 2014.- 19 aprel.- S.21.