“Yazı” havası(Qulu Ağsəs-45)
Qələm dostum Qulu AĞSƏSİN
45-ci doğum gününə...
“ –
Ədəbiyyatda sevmədiyim janr novelladır. Sonu
gözlənilməzliyə aparır. Vaxt
itirib oxumuram.
– Təsadüfə bax, mənim bir
kitabım var, adı “Nabran novellası”dır. Vaxt
tapıb oxuyarsan”.
...Həmişə
zarafatcıl, söz altda qalmayan, gözlənilməzliklərlə
dolu bir insan var.
İnsanları, hazırcavab olmasalar da, heç olmasa
hazırsual görmək istəyir.
Sözü Allaha bənzədir, ona məsuliyyətlə
yanaşır və hörmət edir.
Özünü
yazmaqdan qoruyur, az yazması
üçün Allaha dua edir, özü-özünü heyrətləndirməyi
sevir.
Bəlkə
də, bazar
günü dünyaya gəldiyindəndir ki, “Sözün də
bazar günü var!” deyir.
Söhbətin
kimdən getdiyini, əlbəttə ki, bildiniz – bəzi fikir
ayrılıqlarımıza və ədəbi çəkişmələrimizə
baxmayaraq, Dost və Qardaş dediyim, ailəsində
yaxşı ata və mehriban həyat yoldaşı, ədəbiyyatda
gözəl şair, istedadlı publisist, Cəfər
Cabbarlını belə redaktə etməyə hazır olan
redaktor, sayılan-seçilən ziyalılardan biri – Qulu
Ağsəs.
1969-cu il aprelin 20-də “dünya” adlı keşməkeşə
baş vuran Qulu müəllim 45 yaşını qeyd edəcək
bu ay.
45
yaş! Bu, nə azdır, nə də çox... Həyata
keçirmədiyimiz arzularımız,
yazmadığımız əsərlər, demədiyimiz
sözlər baxımından – nə yaşdır ki, qırx beş! Etdiyimiz yalnışlıqlar,
unutduğumuz vədlər baxımından isə –
çoxdur...
İnsan,
dünyaya gələrkən Tanrıdan savayı kimsə onun
kim olacağını bilmir; müəllimmi, həkimmi,
mühəndismi, yazarmı?.. Bəlkə də, yenicə doğulanda, bunu biz
özümüz bilirik, amma zamanla unuduruq. Dünya o qədər
müəmmalı və sirlidir ki... bəzən səhv
peşə seçib sonadək mənasız ömür
sürürük, bəzən yolun yarısında səhvimizi
düzəldib sevdiyimiz sənətə dönürük... Qulu Ağsəs isə – ilk dəfədən sevdiyi
sənəti seçən, ilk addımından düz yola qədəm
qoyan və amalına inananlardandır.
“Qələm yazıçının aləti yox, bədəninin
bir üzvüdür”, – deyən yazarın Frans Kafka
olduğunu bilməsəydim, bu – Qulu Ağsəsin sözləridir,
deyə düşünərdim.
Qulu
Ağsəs yaradıcılığı haqqında bir
çox kamil insanlar: Anar, F.Qoca, Ç.Əlioğlu, V.Bəhmənli
maraqlı fikirlər söyləyiblər. O da, öz növbəsində
tanıdığı şəxsiyyətlər haqda (V.Səmədoğlu,
R. Rövşən, H. Əliyev, M. Müslümov və s...)
gözəl yazılar yazıb.
O, həyatdan,
zamandan, dövrün problemlərindən yazır, lakin elə
qəribə, elə özünəməxsus tərzdə
yazır ki, “biz
niyə bu cür düşünmürdük”, – deyə təəccüblənirik. Hərdən
mənə elə gəlir ki, Qulu Ağsəs
üçün ağ rəngin spektrində
yeddi deyil, doqquz və ya daha artıq rəng var. Onun eynəyindəki
şüşələrin qeyri-adi olmamasına da şübhəm
var, çünki bu insan hər şeyi daha fərqli
görür və daha fərqli izah edir. O, mənim nəzərimdə
həm də bir rəssamdır – bəzən
reallığı nura boyayıb ürəkləri
işıqlandırır, bəzənsə sirli bir duvağa
bürüyüb, cözmək amacıyla baş
sındırmağımıza kənardan tamaşa edir. Qəribəliklərdən biri də odur ki, onun
yazılarını, hətta müsahibələrini oxuyarkən
səsini eşidirsən sanki.
Qulu müəllimin qadınlar haqda fikirləri çox
maraqlıdır. O, “qadın mənimçün kimdi...”,
– deyə düşünür və belə yazır:
“Qadın
mənimçün Anadı – doqquz ay sərasər bətnində
böyümüşəm, döşündən süd
içmişəm, laylasına uyumuşam, dizinə baş
qoyub yatmışam, namusunu qorumuşam... alqışı
üstümdə olub...
Qadın
mənimçün Sevgidi – həmişə vüsalına
can atdığım, başına döndüyüm,
qadasını aldığım, gecəmi səhər eləyən,
yatanda üzümü Allaha çevirən, sirrini
ölüncə anlamadığım sevgi...
Qadın
mənimçün Şeytandı – insanları yolundan
çıxaran, müharibələrə sürükləyən,
qanunları pozan, hər şeyi öz iradəsinə tabe etdirən,
bəzən nə istədiyini özü də bilməyən
mələk simalı Şeytan...
Qadın
mənimçün Koddu – yığıb da heç yerə
düşmədiyim, hər qatının altında bir qat da
gizləyən, hərdən Allaha, hərdən Şeytana
yığılan Kod...
Qadın
mənimçün Örnəkdi – mən Kişiliyi arabir
ondan öyrənirəm...”
...Mən,
Günəşin öz nurunu doyasıya
saçdığı, bol-bol isitdiyi zamanları çox sevirəm.
Şeirlərimdə, hekayələrimdə
göylərin o gözəl, nurlu
çırağının adını dəfələrlə,
sevə-sevə anıram. Bu, ilin doqquz
ayının soyuq və qaranlıq keçən qürbət
diyarda yaşamağımla bağlı deyil. Bəlkə,
bir qədər təsiri var... amma elə
yaddaşım iz tutalı Günəşin vurğunu
olduğumu xatırlayıram. Elə bilirəm ki, onun
qırılıb düşmüş bir parçasıyam...
Hətta, belə bir möcüzəyə –
“ulduz” deyiləndə, özümü təhqir olunmuş
hesab edirəm. On beş-on
altı yaşlarında bir şeir də yazmışdım:
Günəş,
mən sənin qızınam,
Günəş,
sən mənim anam!
İstəyirəm
sənin kimi
Mən də göylərdə yanam.
Ya mənə
aç qucağını,
Çağır
yanına gəlim,
Ya da mənə
elə od ver
Yerdə
“göyə yüksəlim”!
Belə
bir sevgiyə Qulu Ağsəsdə də rast gəlmişəm:
“...mənim üçün fəslin, havanın heç bir
önəmi yoxdu. Əsas odur ki, Günəşi
görüm. Günəşi görməyəndə
özümü pis hiss edirəm. Günəş
çıxmayanda, istəyirəm ona bir təqvim alıb
göndərəm ki, baxıb işini görsün” .
Məhəmməd
Füzuli ilə Məcnun yaşlarında görüşmək
arzusunda olan Qulu Ağsəs, hər deyəndə sevgidən
yazmır, lakin yazanda sarsılırsan... Onun
sevgisinin taleyinə biganə qala bilmirsən. Şairin
aşağıdakı misraları diqqətimi çəkir:
Urəyində....
bir arzu tut.....
Di ....böl
onu iki yerə...
Eşqinnən
dönən namərddir,
Yenə gəl həminki yerə.
və ya
Atdı məni
o ağıllı,
Atmayıb
neyləyəsiydi...
Təzədən
mən divanəni
Dəlimi eyləyəsiydi?
Eşqindən dönməyi, “sevirəm”
sözünü geri götürməyi – namərdlik sayır
Qulu müəllim, sevənlərə divanə deyib, Məcnun
zirvəsinə ucaldır.
İnsan
üçün ən dəyərli və vazkeçilməz
iki varlıq, iki məfhum var – Ana və Vətən. İnsan,
körpəliyində Anasına, böyüdüyündə
isə Vətəninə bağlanır və hər ikisinə
ölüm gününəcən ehtiyac duyur. Qulu
Ağsəsin Vətən məhəbbəti, torpaq həsrəti
– açıb abatnadığı, yerli-yersiz dilinə
almadığı, haradasa gizli, haradasa titrək və kövrək
bir nisgilə bənzəyir. O, öz doğma kəndi
Abdal-Gülablıya olduqca incə, zərif bir sevgiylə
yanaşır. Bu sevgi nə qədər zərifdirsə,
bir o qədər də böyükdür, sonsuzdur.
Abdal-Gülablını insana bənzədir Qulu müəllim,
sanki, bu sadəcə bir kəndin adı deyil, insan adı və
soyadıdır – Abdal-Gülablı!..
Ötən ilin iyun ayında “Kaspi” qəzetində Qulu
müəllimin “Qarabağ şikəstəsi” seirini
oxumuşdum.
Sağalmayan ürək yaramız olan Qarabağa
saysız-hesabsız şeirlər yazılıb, amma belə qəribəsinə
ilk dəfəydi rast gəlirdim:
Balamın
canına,
atamın
goruna,
işğal gününə...
– gör nəyə and içirəm:
səni
çox sevdiyimdən
şeir
yazmadım şəninə.
Elə
bilərsən
bayrağın qara rəngi
olduğundan utanıb yazmadım,
azadlığın boynunda
üzəngi olduğundan utanıb yazmadım.
Yoox!
Dedim, birdən şeirim
peşəkar ovçunun
öz
adaxlısını gülləylə vurub
qaçırmağına bənzəyər,
memarın, qurduğu qalanı
sevincdən
öz
başına uçurmağına bənzəyər.
Ona görə heç nə yazmadım şəninə.
Gör nəyə
and içirəm:
balamın canına,
atamın
goruna,
işğal gününə...
Nə demək olar?! Şərhə ehtiyac
yoxdur məncə. Bircə onu demək istəyirəm
ki, kaş elə bir gün gəlsin, hamımızın
müqəddəs and yerimiz – Qələbə günü
olsun! Və bu andı kimsə poza bilməsin!
Əslində, bütün şairlər, dünyaya gələndən
fərqli kimsələrdir. Kimsəyə bənzəməyən
həyati görüşlərilə, üsyankar, amma
çox kövrək ruhlarıyla, ən bəsit şeyə
belə müstəsna baxışlarıyla... Bütün
insanlar adi cümlələrlə, şairlər isə –
misralarla danışarlar. Hər kəs
eyni mövzuda söhbət edərkən, şairin fikri tamam
başqa bir yerdə olar. Hamı məişət
qayğılarıyla dolu olarkən, şairin xəyalı
azad bir aləmdə dolaşar. Budur şair aqibəti,
şair taleyi!
Qulu
Ağsəsin öz müsahibələrindən birində
dediyi kimi: “Ağlı
başında olan arvadın heç biri şair və ya
yazıçı ərindən məişət problemləri
barədə soruşmaz...” Bu, əlbəttə
ki, zarafatcıl şairin zarafatla dediyi cümlədir, amma hər
zarafatda müəyyən faiz həqiqətin var olması da bəllidir.
Qulu Ağsəs də, hər bir qarabağlı kimi,
musiqini çox sevir. Səxavət Məmmədovun pərəstişkarı
və təbliğçisidir. Ötən
ilin noyabr ayında mərhum xanəndənin 60 illik yubileyinin təşkilində
böyük əzmlə və cidd-cəhdlə
çalışmışdı. Təvazökarlığındandırmı,
yoxsa həqiqətdirmi, bilmirəm, amma dediyinə görə,
özünün mahnı oxumaq istedadı yoxdu. “Ürəyimdə yaxşı oxuyuram və mənə
elə gəlir ki, elə hamıdan yaxşı mən
oxuyuram. Əslində hamının qəlbində
öz havası var”, – deyir.
Nə
deyir desin, adını daha mükəmməl edən Ağsəs
təxəllüsü (bunun onun atasının adı
olduğunu çoxları bilir) təsadüfi deyil. Bəlkə, mahnıda olmasa da, şeirlərində
bütün səslər, vurğular və durğular
yerli-yerindədir. Hər necə olsa, bir
onu bilirəm ki, Qulu Ağsəsin yazmaq havası var; bu hava təbəssüm
təravətli və həqiqət ətirlidir. Onun üçün “yaz havası deyil, yazı
havası” önəmlidir.
“Həqiqət qarşısında çoxu baş əyir. Sevdiyindən yox, həqiqətin
gözünün içinə baxa bilmədiyindən”, – deyən
və çox şeyi zarafatyana desə də, qərar vermək
anında soyuqqanlı və qətiyyətli olan dostuma üz
tuturam:
Dünya
– həm amansız ciddiyyət, həm də böyük zarafatdır!
Belə dünyanı hər yönüylə maraqlı
yaşaya bildiyinçün sənə qibtə edirəm! Bu, bir istedaddır və o istedad hər adama nəsib
deyil. Hər kəs eyni olsaydı, Qulu
Ağsəslər kimi seçilmişlər də olmazdı.
45
yaşın mübarək olsun, qardaşım! Özün
dediyin kimi: “Hələ ömrün günortasıdır!”
Sənə,
hər şeydən öncə, uzun, mənalı illər və
təkrarı olmayan gözəl mövzular düşünə
bilmən üçün yenilməz ruh diləyirəm! “Gözüm Tanrı taxtındadır”, – desən də,
sənə şeir taxtı, şair baxtı arzulayıram!”
Və... şairdən şairə, qələmdən qələmə
– bu şeiri hədiyyəm olaraq qəbul et...
“Ərkim elə sənə çatır, ay qələmim!
Elə sənə
sığınıram söz düşəndə ürəyimə...
Yerdən-göydən
üzüləndə əl-ayağım,
Köz düşəndə
ürəyimə...
Şad
günümdə,
nur
çiləyib sətirlərə, süslənirsən...
Şərik
olub sevincimə,
Sevgi dolu,
Günəş
dolu şeirlərin arasında
gizlənirsən.
Şənim
– şənin,
Təbim
– təbin!
Qurumaz ki,
mürəkkəbin, –
ürəyimin qanı ilə bəslənirsən.
Sirdaşımsan!
Sağlığımda
tutalqacım,
öldüyümdə baş daşımsan!
İlhamımın xəbərçisi, ya nəyisən?
İlahinin
söz oxumu,
yoxsa
durna lələyisən?
Ya sumusan, havamısan?
Varlığımdan
axıb gələn
duyğuların davamısan!
Barmağımın
ucundasan...
Urəyimin
döyüntüsü gücündəsən...
Bəzən
olur,
bu
dünyaya küsən zaman
əl
yorulur, qol yorulur.
Ürəyimdən
sənə gələn yol yorulur;
Ərkim
yenə sənə çatır,
tullayıram bir tərəfə,
gözlərimdən itirirəm.
Nə
gizlədim,
sənsizlikdə özümü də bitirirəm.
Sənsə,
yenə incimirsən, dönəcəyi yaxın dostum!
Bağışlayıb
məni könül yarasına,
barışırsan...
Yenə
keçib barmaqlarım arasına,
yol
gedirsən qarasına;
Ağ vərəğə
misra-misra sığal çəkir,
göz yaşıma qarışırsan...”
14.03.14.
Moskva
Afaq Şıxlı
525-ci qəzet.-
2014.- 19 aprel.- S.20.