Sarəng ürəyinin səsi
O, müəlliminin
vəfatı xəbərini radiodan eşitmişdi.
Yaddaşına ömürlük həkk olunan 1948-ci il 23 noyabr günü. Mir
Kazım Üzeyir bəyin xəstə yatdığını
bilirdi, amma əcəlin onu belə tez yaxalayacağını
heç ağlına da gətirməmişdi.
Səhəri gün xalq “İsmailiyyə” binasına
doğru axışırdı. O da ora axışan izdihamın lap
ön sırasındaydı. Üzeyir bəyin
tabutu akademiyanın (indiki İstiqlal küçəsində)
üçüncü mərtəbəsində foyedə
qoyulmuşdu. Bülbül əbədi yuxuya
dalmış bəstəkarın tabutu başında
dayanıb hüzünlü bir səslə “Sənsiz” oxuyurdu:
Hər
gecəm oldu kədər, qüssə, fəlakət sənsiz,
Hər nəfəs çəkdim, hədər
getdi o saət sənsiz!
Mir Kazım Bülbülün hüzünlü, nisgilli
səsinə qulaq asa-asa nə böyüklükdə insan –
şəxsiyyət itirdiklərinin fərqinə varıb
içində ağlayırdı.
Nəhayət, bəstəkarın cənazəsini
qaldırıb küçəyə çıxardanda
gözlərinə inanmadı, qarşıda böyük bir
izdiham vardı. Özünə yer tapa bilməyənlər
evlərin damına, eyvanlara çıxmışdılar, pəncərələrdən
boylanırdılar.
Bu, doğrudan da, Üzeyir bəyə sonsuz xalq məhəbbətinin
əlamətiydi.
Fəxri Xiyabana qədər Üzeyir bəyin cənazəsi
yerə qoyulmadı, çiyinlərdə getdi. Mir Kazım
Aslanlı təəssüflənirdi ki, bu son ayrılıq
çağında müəlliminin mafəsini çiyninə
almaq, etiram göstərmək ona qismət olmadı. Çünki bəstəkarın cənazəsi
dövlət adamlarının, səlahiyyət sahiblərinin,
görkəmli şəxsiyyətlərin çiyinləri
üstə Fəxri Xiyabana gətirilmişdi.
Mir Kazım səhəri gün skripkasını
götürüb Fəxri Xiyabana getdi. Gecə
çox düşünüb-daşınmışdı, qəlbinə
çökmüş bu böyük itkinin
ağrı-acısını çıxartmağın,
ustadına bəslədiyi ehtiram və məhəbbətini
başqa cür ifadə etməyin yolunu tapmamışdı.
Hətta həmin gecə Sarəng təxəllüsü ilə
Üzeyir bəyə “Bu sabah” rədifli bir qəzəl də
yazmışdı, ancaq bununla da təsəlli
tapmamışdı:
Yenə
hicran bağını dərdü-qəm almış bu sabah,
Gülşəni
tərk edərək qönçə saralmış bu sabah.
Gül
köçüb, baxça solub, bülbül uçub,
bağban ölüb,
Dünya bilsən gözlərimdə
nə daralmış bu sabah.
Ah, dünən göy görünən
alçalı dağlar da yanıb,
Gün vuran zirvələri şaxta,
qar almış bu sabah.
Yenə
heybətli buludlar doluxub ağlamağa,
Bürümüş hər yanı
çən, göy də qaralmış bu sabah.
Üzeyir
– xalqımızın dahi, böyük bəstəkarı,
Saralan çöhrəsini çən-qubar
almış bu sabah.
İndi
bilməm oyadan ahu-fəğan ilə məni,
Yaralı ceyran imiş, ya ki,
maralmış bu sabah?!
Olma diltəng
belə, Sarəng, yenə yaz güllər açar,
Çox
da qəmlər çəməni, bağı sar
almış bu sabah.
... Fəxri Xiyaban sükut içindəydi. Üzeyir bəyin əklillərlə bəzədilmiş
qəbri başında dayanıb fikrə getmişdi. Havada qışın nəfəsi duyulurdu. Skripkasını çiyni bərabərində tutub
ustadının məşhur “Sənsiz” romansını
çalmağa başladı. Musiqi
cümlələri bir-birini əvəz etdikcə etizaza gəlirdi.
Ürəyinin çırpıntısı,
ustadın yoxluğundan doğan qüssə ifasına
köçərək tamamilə təzətər melodiyaya
çevrilirdi.
Mir
Kazım Aslanlı o gündən başlayaraq ilin bütün
fəsillərində hər həftənin cümə
günü Fəxri Xiyabana gəlir, sevimli skripkasında
Üzeyir bəyin romanslarını, opera və
operettalarından sevdiyi ariyaları çalıb Allahdan
ustadına rəhmət diləyib Fəxri Xiyabanı tərk
eləyərdi. Bakıda olduğu müddətdə o, ancaq
bir dəfə bu adətinə xilaf çıxdı... Onda isə heç cürə xiyabana gəlmək,
Üzeyir bəyin qəbirüstü heykəlinin
qarşısında şagirdsayağı dayanıb skripka
çalmaq imkanı yoxdu. Əcəl gəlib
qapısının ağzını kəsdirmişdi...
Hələ o günə çox vardı. Hələ gənc
idi, həyatın acılı-şirinli günləri
qabaqdaydı.
Mir Kazım Aslanlının həyat yolu keşməkeşli
olmuşdu. Mir Kazım İsgəndər bəy oğlu 1912-ci
ildə Masallının İsi kəndində yoxsullaşmış
bəy ailəsində dünyaya göz
açmışdı. Elə
atasını da həmən ildə itirmişdi. Onu anası Mehrac xanım, babası Mirabdulla bəy
böyüdüb boya-başa çatdırmışdı.
Bu istedadlı gənc ibtidai təhsilini başa vurduqdan
sonra əvvəl Lənkəranda pedaqoji, sonra Zaqatala şəhərində
kənd təsərrüfatı texnikumuna daxil olmuşdu. Oranı
bitirdikdən sonra Azərbaycan Kənd Təsərrüfatı
İnstitutunda təhsilini davam etdirmişdi. İnstitutu bitirdikdən sonra Zaqatalada təhsil
aldığı texnikumda müəllimlik etməyə
başlamışdı.
Mir Kazım Aslanlı fitrətən istedadlı
adamdı. Şairlik, bəstəkarlıq istedadı vardı.
Lakin onun gəncliyi mürəkkəb dövrə
təsadüf etmişdi. Sovet hökuməti
əllərindən olan-qalan var-dövlətini
aldığı bu bəy balalarına etibar etmirdi. Bolşevizmin əsl mahiyyətini anlamayan muzdur
uşaqları da Mir Kazım Aslanlıya “bəy balası” deyə
xor baxırdılar. Belə münasibətlər
onun qəlbini yaralayır, bir yerdə qərar tutmağa mane
olurdu.
Mir Kazım Aslanlı 1935-ci ildə Tibb İnstitutuna qəbul
olundu. Onda onun 23 yaşı vardı. İradə
göstərib institutda təhsilini davam etdirib oranı bitirdi.
Bir müddət həkim kimi çalışdı, daha sonra,
1951-ci ildən başlayaraq ömrünün axırına qədər
N.Nərimanov adına Azərbaycan Dövlət
Tibb İnstitutunda pedaqoji fəaliyyət göstərdi. Mir Kazım Aslanlı 1955-ci ildə “Masallı
Hidrogen sulfidi sularının poliatriflərə təsiri”
mövzusunda dissertasiya müdafiə edib, tibb elmləri namizədi
alimlik dərəcəsi aldı. İnstitutun
fizioterapiya şöbəsində fəaliyyət göstərən
Mir Kazım Aslanlı bu illər ərzində çoxlu sayda
həkim mütəxəssis yetişdirmiş, professor
E.İ.Pasinkovun “Ümumi fizioterapiya” dərsliyini Azərbaycan
dilinə tərcümə etmişdi. Çox
təəssüf ki, onun bu dəyərli tərcüməsi də
biganəlik ucbatından sağlığında yox, vəfatından
çox illər sonra işıq üzü
görmüşdü.
Doğrusu, məni Mir Kazım Aslanlının pedaqoji və
həkimlik fəaliyyətindən daha çox onun şairlik və
bəstəkarlıq fəaliyyəti maraqlandırır. Təsadüfi
deyil ki, Mir Kazım Aslanlının musiqiyə olan
marağı 1938-ci ildə onu konservatoriyaya, Üzeyir bəyin
yanına gətirib çıxarmışdı. Əlbəttə, onu, repressiya dövründə
Üzeyir bəyin yanına təkcə musiqi istedadını
tam üzə çıxarmaq arzusu deyil, həm də bir bəy
balası olaraq onun ölkədəki nüfuzuna
sığınmaq, ona güvənmək istəyi gətirmişdi.
Üzeyir bəy də bu istedadlı gənci
fitnə-fəsadlardan qorumuşdu. Həmkarım, Mir
Kazım irsinin tədqiqatçısı,
yazıçı-publisist Nurəddin Ədiloğlunun
yazdığına görə, Üzeyir bəy, hətta Mir
Kazım Aslanlıya piano da bağışlayıbmış.
Mir Kazım Aslanlı bir çox musiqi alətlərində
çalmağı bacarsa da, ən çox sevdiyi və
çox vaxt yanında gəzdirdiyi skripka olmuşdur. O, “Qəhrəman qız”,
“Şirvan gözəli”, “İntizar” və s. mahnıların,
bitməmiş “Dəmbəlo şikəstəsi”
simfoniyasının müəllifidir. Onun musiqi
sahəsindəki çabaları heç də bunlarla bitmir.
Filologiya elmləri namizədi, şair Dəmir Gədəbəyli
2 sentyabr 1988-ci ildə “Ədəbiyyat və İncəsənət”
qəzetində dərc etdirdiyi “Sazdan sözə, sözdən
işə” məqaləsində yazır:
“Həyatdan vaxtsız köçmüş tibb elmləri
namizədi, dosent Kazım Aslanlının həm də musiqi
ixtisası vardı. O, böyük bəstəkarımız Ü.Hacıbəyovun
tələbəsi olmuşdu. Gözəl
skripka, piano çalır, musiqi bəstələyirdi. O,
skripkada “Baş müxəmməsi” çalanda könülləri
titrədirdi. Sözüm bunda deyil.
Kazım Aslanlı 1968-ci ildə bizim musiqidə – Şərq
musiqisində nota almaq işini asanlaşdıran (dörddə
bir) səslər barədə elmi iş yazmışdı. Həmin əsəri o, respublika Bəstəkarlar
İttifaqına, Mədəniyyət Nazirliyinə təqdim
etmişdi. Ancaq bəzi bəstəkarlarımız
ona “bu məsələni açıb-ağartmamağı”
tövsiyə etmişdi. Çünki Avropa musiqisində ? səslərin
yazılışı yoxdu. O vaxtlar K.Aslanlı fizika
institutunda laboratoriya şəraitində həmin səsləri
ölçdürmüş və mövcud olmasını təsdiq
edən sənəd də gətirib əsərlərinə əlavə
etmişdi. O, həmin səslərə uyğun YENİ
PİANONUN sxemini də vermişdi. Ancaq təəssüf
ki, alimin işinə əhəmiyyət verən olmadı”
(N.Ədiloğlu. “Yarımçıq
qalmış şikəstə”, Bakı, “Adiloğlu”, 2005, səh.
39).
Çox
şükür ki, bu həkim-bəstəkarın, şairin
Azərbaycan radiosunun fondunda skripkada ifa etdiyi “Sarı
bülbül”, “Muğam-bayatı”, “Klassik aşıq
havaları” adlı fantaziyaları yadigar saxlanılır. Əlbəttə, bu gün bu bir təsəlli olsa
da, çox azdır, istedadlı bir musiqiçinin, şairin
könül dünyasından bir damladı. Bütün bunlar biganəliyin,
gözügötürməzliyin, qədirbilməzliyin acı
nəticələridir. Mən bu qənaətə
bir daha Nurəddin Ədiloğlunun aşağıdakı
şahidliyindən sonra gəldim. O yazır:
“Mir
Kazım Aslanlı 60-cı illərin sonunda “Svema” maqnitli lentləri
olan qutuların üstünə öz xətti ilə
“Şikayət və təsəlli”, “Uca dağlar”,
“Qızıl piyalələr”, “Ay bənövşə!”, “Hind
gözəli” fantaziyası sözlərini yazıb. Nədənsə
diqqətimi ən çox “Ürəyimin səsi” sözlərini
yazdığı lent cəlb etdi. Görəsən,
nələrdən xəbər verirdi “Sarəng ürəyinin
səsi?” Doğrudan da, ittihamedici və
düşündürən sualdır və buradaca
xatırladım ki, onun musiqi irsi hələ də öz
peşəkar araşdırıcısını gözləyir.
Otuzuncu illərdən başlayaraq şeirlərini
ara-sıra dövri mətbuatda çap etdirən Mir Kazım
Aslanlı musiqiyə olan sonsuz məhəbbətini şeirləri
ilə də ifadə etməyə
çalışmışdır. O, “Ey həkim” adlı şeirində
yazır:
Söz
var, musiqidir ruhun qidası,
Qəlbin məlhəmidir, eşqin sədası.
Tutmaqla
bolluca təkcə dərmana,
Çıxarmaz
xəstəni həkim bir yana.
Ey həkim,
olsaydım yerində sənin,
Musiqi olardı adı nüsxəmin.
Birinə
yazardım mən “Şəbi-hicran”,
Birinə yazardım “Sevgili canan”.
Birinə
yazardım tar dilində “Şur”,
Birinə yazardım “Rəng” ilə “Mahur”.
Birinə
“Humayun”, “Şüştər ahəngi”,
Birinə
“Bayatı”, birinə “Cəngi”.
Birinə
yazardım qəmli “Dügah”ı,
Birinə yazardım şən “Çahargah”ı.
Şirvanın,
Muğanın qədim avazı,
“Bayatı Şiraz”ı, “Kürdü şahnaz”ı.
...Birinə
Sarəngdən yüz rəng yazardım,
Daha
yüz min gözəl ahəng yazardım!
Ey həkim,
olsaydım yerində sənin,
Musiqi olardı adı nüsxəmin.
Dərdi əridərdim,
tez qocaldardım,
Xəstəmi çalğıyla mən
sağaldardım.
Onun yaradıcılığından bu cür nümunələri
istənilən qədər gətirə bilərik. Məsələn:
Əzizim
gəl asta çal,
“Şur”u
döndər “Rast”da çal,
Könül
nəğmələrini
Bir sevgili dosta çal.
Yaxud:
Əzizim
qarabağlı,
Ürəyi
yara bağlı,
Sözü
şikəstələrə,
Mizrabı
tara bağlı.
Mir Kazım Aslanlı sağlığında çox cəhd,
hətta Mərkəzi Komitəyə kömək
üçün müraciət etsə də,
sağlığında şeirlər kitabını nəşr
etdirmək ona qismət olmamışdır. Halbuki
Musiqin
adlandı xalq musiqisi,
Kağızlar
od tutdu, qələm duruxdu. –
deyə
ögeylikdən, biganə münasibətlərdən qəlbi
sıxılan Mir Kazım Aslanlının “Ananın dəfni”
şeirini xanəndələr muğam üstə oxuyub dillər
əzbəri etmişdilər:
Yatır
yatağında bir ana xəstə,
Gözləri yoldadır, qulağı səsdə.
Biganələr mühitində Mir Kazım
Aslanlının öz qulağı da səsdəydi. Üzünü müasirlərinə
tutub deyirdi:
Sarəng,
mizrabı vur, tellər aparsın,
Sazının səsin yellər aparsın.
Vəfalı
dostlara can qurban eylə,
Qoy vəfasızları
sellər aparsın...
Mir Kazım Aslanlının ölümündən
çox illər sonra həmyerlisi Nurəddin Ədiloğlu
onun şeirlərinin bir qismini 1996-cı ildə “Sabah” nəşriyyatında
“Elə baxma, Lalə” kitabında nəşr etdirmişdir. Əlbəttə,
bu kitabda heç də şairin bütün külliyyatı,
o cümlədən “Tomiris” tarixi mənzum dramı öz əksini
tapmamışdır. Bu müqəddəs işi həyata
keçirmək üçün bir xeyirxaha ehtiyac var...
Müasirlərinin söylədiklərinə görə,
Mir Kazım Aslanlı Sarəng poliqlot olmuşdur. On iki dil bilən
bu şəxs V.Şekspirin, Henri Lonqfellounun, X.Q.Fovestin, Oskar
Uayldın, R.Taqorun əsərlərindən orijinaldan nümunələr
tərcümə etmişdir.
Mir Kazım Aslanlı xeyli gec, 1945-ci ildə öz həmyerlisi,
özündən yaşca çox kiçik olan Fəridə
xanımla ailə qurmuşdur. Təəssüflər
olsun ki, onsuz da şəxsi həyatında çox da bəxti
gətirməyən Mir Kazım Aslanlının övladı
da olmamışdır.
Mir
Kazım Aslanlı doğma yurdu Masallını, onun
İstisuyunu, Viləş çayını, Yanardağı,
Dəmbəlo dağını, Qız yurdunu, Kişi
bulağını... ürəkdən-candan sevirdi, bir də
lap uşaqlıqdan yaddaşına iz salmış Göy Öküz
pritçasını. Rəvayətə
görə, seyid Ağakişi adlı səxavətli bir
şəxs Ərdəbildən Masallıya köçüb
burada yaşayırmış. Bu seyidin
göy rəngdə bir öküzü varmış. Ona görə də camaat ona Göy Öküz
deyirmiş. Belinə xurcun
salınmış Göy Öküz özü gedib, kənd-kəsəyi
gəzər, xurcuna yığılmış nəzir-niyazla
sahibinin yanına qayıdarmış. Seyid
də bu nəzir-niyazı əlsiz-ayaqsızlara, yoxsullara
paylayarmış. Bir dəfə Göy
Öküz səfərdən gec dönür. Səbirsizliklə öküzün yolunu gözləyən
yoxsulların ah-ufuna dözməyən Seyid sevimli Göy
Öküzünə qarğış yağdırır.
Elə bu vaxt Mir Kazım Aslanlının
doğma İsi kəndinin yaxınlığından
ötüb keçən Göy Öküz yıxılıb
ölür. Öküzü orada
basdırırlar və o gündən bura müqəddəs
ziyarətgaha çevrilir.
Məzar
daşlarına silsilə şeirlər yazan Mir Kazım Aslanlı
Göy Öküzün məzarını da unutmur və belə
bir epitafiya yazır:
Burada
gömülmüş bir tərifli öküz,
Çulu gümüş pullu sədəfli öküz.
Bizim
fikrimizcə, min yol yaxşıdır,
Şərəfsiz adamdan şərəfli öküz.
... 1975-ci
il. Mir Kazım Aslanlı xeyli vaxtdı nə
doğma Masallıya gedə, nə Göy Öküzün məzarına
baş çəkə bilirdi, nə də Fəxri Xiyabana
gedib ustadı Üzeyir bəyin məzarı başında “Sənsiz”ini,
“Sevgili canan”ını skripkada çala bilirdi. O bir gün
institutdan evə qanıqara qayıdır, Fəridə
xanıma deyir ki, yerini döşəmədə salsın,
özü də üzü qibləyə sarı.
Xanımı deyənlərə əməl etdikdən sonra
Mir Kazım Aslanlı Sarəng xanımına deyir:
– Vaxtıma az qalıb. Məni Göy Öküzün məzarı yaxınlığında dəfn edərsiniz.
Şair, bəstəkar, alim, həkim Mir Kazım Aslanlı Sarəng 25 fevral 1975-ci ildə 63 yaşında haqqa qovuşur. Vəsiyyətinə əməl edib onu Masallıda, Göy Öküzün məzarı yaxınlığında, palıd ağaclarının əhatəsində dəfn edirlər. Məzar daşlarına çoxlu şeirlər yazan Mir Kazım Aslanlı sağlığında özünü də unutmamışdı:
Ey yolçu, demə bu məzar kimindir?
Ya bir məhkumundur, ya hakimindir?
Ölüm qabağına vüqarla
çıxan
Sənin
tanıdığın bir həkimindir...
Mustafa Çəmənli
525-ci qəzet.- 2014.-
19 aprel.- S.16.