"Payız duyğuları"

 

 

Müasir Azərbaycan ədəbiyyatı nəsillərin   poetik  üslubların  əlvanlığı ilə seçilir. Son zamanlar folklora, aşıq poeziyasına, poetikada folklor  üslublarına maraq güclənsə , fəlsəfi-intellektual poeziya nümunələri öz nüfuzunu qoruyub saxlamaqdadır. XX əsrdə bu təmayülün  böyük R.Rzadan başlanan, B.Vahabzadə, Ə.Kərim, F.Qoca, M.Araz başqalarının yaradıcılığından keçib gələn ənənə forma-üslub təmayülünü istedadla davam etdirən nümayəndələrdən biri   Naxçıvan ədəbi mühitinin yetirməsi olan Xanəli Kərimlidir.

 

Onun müxtəlif illərdə "Ay işığında" (1998), "Anamdan məktub" (2001), "Bu da bir nağıldı..."(2004), "Mənə elə gəlir ki..." (2008), "Duyğularım, düşüncələrim",  "Mənim könlüm bir ümmandır"(2011) s. kitabları işıq üzü görüb. Mən onun "Qanun" nəşriyyatında yenicə çap olunmuş "Payız duyğuları"  kitabı haqqında dəyərli oxucularla öz fikirlərimi bölüşmək istəyirəm.

 

Xanəli Kərimlinin "Payız duyğuları" adlı şeir kitabı xalqın, vətənin problemləri ilə yanıb qovrulan, qeyrətə, mübarizəyə səsləyən şair qəlbinin çırpıntıları, hayqırtısıdır. Kitabın ilk vərəqlərindən başıbəlalı Vətən üçün yanan bir ürəyin ağrılarını duymaq o qədər çətin deyil. O, Vətənin bir şair oğlu kimi  yaşadığımız ölkənin millətin ağrı-acılarını öz könül prizmasından keçirib ulu sözə çevirir. Bu sözlər misra-misra şeirlər içində püxtələşir cilalanır. Akademik İsa Həbibbəyli Xanəli Kərimli yaradıcılığına yüksək qiymət verərək yazır : "Xanəli Kərimli yeni dövr Azərbaycan şeirində vətəndaşlıq lirikasının əsas yaradıcılarından biridir".

 

 Xanəli Kərimli  yaradıcılığı daha çox qəm üstündə köklənib. Amma bu qəm heç insanı ümidsizliyə aparmır. Bu qəm insanı mübarizliyə, şücaətə, cəsarətə, inkişafa səsləyir. Adamı yaltaqlığın, məddahlığın dərəcəsinə enməməyə, bəşəri mənlik sədaqət anlamına sadiq qalmağa, bu cür insani keyfiyyətlərin ucalığına qalxmağa səsləyir:

 

Hələ bir kimsədən minnət çəkmədən

 

Beləcə bir ömür yaşayıram mən.

 

Odu səngiməyən şam ürəyimi,

 

Ey Vətən, səninçin daşıyıram mən.

 

Xanəli Kərimli sinəsində söz göyərdən  şairdir. Onun poeziyası söz əzabından doğulur. O, əzabla yazır, onun şeirlərində şair qəlbinin iztirabı poetikləşir, bu şeirlər oxucunu da iztirab aləminə çəkib aparır. Xanəli Kərimlinin iztirabı poetik iztirabdır.  Şairin "Şeir yazmazdan əvvəl"  adlı şeirini oxuyanda bunun şahidi oluruq:

 

...Acından ağrı çəkən

 

qurd kimi fırlanıram

 

yazı masamın yanında.

 

Bir şeirim doğulunca

 

ya dəli oluram, ya ölü

 

ömrümün, günümün o anında  

 

Şairin poeziyasının əsas fikir xəttini  insan azadlığı müəyyən edir. Azad şüur, azad qəlb, azad vətən, azad torpaqdır onun lirik qəhrəmanının ali niyyəti:

 

Qoy bilsin ki, bu zamanın

 

Neçə-neçə qılınc ağız,

 

Köksü ümman mərdi vardı.

 

O mərdlərin "Azad Vətən"

 

"Azad dövlət" adlı böyük

 

dərdi vardı.

 

Torpağı yağmalanmış, milləti didərgin düşmüş şairin könül fəryadıdır bu misralar. Qəlbi hər zaman vətənin xoşbəxtliyi, çiçəklənməsi ideyası ilə döyünən şair öz keçmiş əcdadları; Dədə Qorqudu, Babəki, Koroğlunu heç zaman unutmur. Onların qəhrəmanlıqlarından, yüksək mənəviyyatından vətənpərvərliklərindən, yenilməzliklərindən dərs almağa səsləyir .

 

Min illər bəşərin beynində, şürunda  yuva qurmuş məkr, hiylə ağılla çarpışmaqdadır. Neçə-neçə talelərin yolunda sərt qaya kimi durur, neçə-neçə arzuları puç edir. Şair " Məni qınamasın"  şeirində bütün bunları dilə gətirir. Bənd-bənd misralarının ovqatına köklənir:

 

Əyri xətlər kimi əyri adamlar

 

Birləşə bilirlər istədiyi an.

 

Paralel xətlər tək düz adamlarsa

 

Birləşə bilmirlər heç vaxt, heç zaman.

 

Şairin "Hələ nələr var" , "Pul", "Dilək" "Qorumalıyıq", "Ləkə gətirmə" sadaladıqca adlarını sadalamaq  istədiyin  şeirlərini oxuduqca göz önündə bugünün mənzərələri canlanır. Bugünümüzdə yüklənən  beynimizin ağrı-acıları  misralar içində ah-ufla boylanır. Şərəfi, namusu, mənliyi, ləyaqəti misralardan boylanan Xanəli Kərimlinin şeirlərini oxuduqca oxumaq istəyirsən. Bu sanballı şeirlərin içində məsum insan taleyindən nigaran  şairin məddahlığa,  yaltaqlığa, qorxaqlığa, cəhalətə boyun əyməyən  qürurlu ilhamı var.

 

O, şeirlərində ikiüzlü, yaltaq, yalançı, özlərini xoşniyyətli kimi göstərən, bəzən ziyalı cildinə belə girə bilən insanların da üzünü açıb, onlara inanmamağı tövsiyə edir:

 

Sən ey mənə gülən bədxah,

 

mənim nədir günahım?

 

Hər kəsin bir taleyi var,

 

hər kəsin bir qisməti.

 

Allah sənə bağışlayıb min sifəti, dövləti,

 

Əvəzində alıb səndən ləyaqəti, isməti.

 

Xanəli Kərimlinin bir çox şeirlərində elmi bilgilərlə, təbiət hadisələrinə, təbiətin rəngarəngliyinə aid yüksək bədiiliklə yazılmış misralara  rast gəlmək olur. Heç şübhəsiz, bu misraların canlı, inandırıcı olması onun təbiətin vurğunu olmasından irəli gəlir.O, eyni zamanda həyatımıza, məişətimizə, insani münasibətimizə, təbiət hadisələrinə bir araşdırıcı kimi baxır. Onun şeirlərində təbiət hadisələrinə, onun dəyişkənliyinə, bəzən fəlakətlər, bəzən xoş günlər gətirməsinə diqqət çəkir:

 

Təbiət müqəddəs məhək daşıdır

 

Bu müqəddəsliyə  yol tapmalıyıq.

 

Hərdəndə onunla baş-başa qalıb

 

Arınıb, durulub saflaşmalıyıq..

 

Digər bir şeirində  təbiətin gözəlliyi, rəngarəngliyi, insanda xoş əhval-ruhiyyə yaratması fikri bədii bir şəkildə öz ifadəsini tapır:  

 

Çaylar da kövrəlib dindirsən əgər

 

Bir giley dastanı bağlayacaqdır.

 

Mənsiz qəribsəyən Məcnun söyüdlər

 

Əl vursam hönkürüb ağlayacaqdır.

 

Burada şair sözlərlə, anlayışlarla təbiət lövhələrini ortaya qoya bilir oxucunun xəyalında həqiqətən bu təsirin canlı surətini yarada bilir. Burada şairin yaratdığı canlı assosiyalar vasitəsilə istəyinə nail olur. Bizi təbiətin dəyişkən xarakterini ülviliyini, təkrarsız gözəlliklərini görməyə çağırır.

 

Ümumiyyətlə, təbiilik, səmimiyyət şairi oxucularına sevdirən əsas cəhətlərdəndir. Ömür yolunu, əsərlərini oxuduqca bir daha şahid olursan ki, onun  həyatı  yaradıcılığı  biri-birini tamamlayır. Artıq dünya ədəbi tənqidində  belə bir fikir hakimdir ki, hansı yazıçı öz həyatını yazırsa, yaşadığı hissləri qələmə alırsa, o, oxucuya daha çox yaxın olur. Xanəli Kərimlinin şeirlərinin, poemalarının mövzuları  yad  bir dünyanın həyatından deyil, yaşadığımız həyatdan, gördüyümüz mühitdən götürülüb. Buna görə onun əsərlərinin hamısında  şairin ürək döyüntüsü, həyatın bir parçasını görürük.

 

Xanəli Kərimlinin janrları, mövzuları rəngarəngdir, oxunaqlıdır. Onun məhəbbət mövzulu şeirləri də, təbiəti vəsf edən poetik nümunələri də  təbii, səmimi şair qələmindən süzülüb gəlir, sevilə-sevilə oxunur. Şairin şeirlərinin dilinin səlis, rəvan və axıcı olduğunu  xüsusi qeyd edən filologiya elmləri doktoru Adil Bağırov yazır: "Xanəli Kərimlinin deyim tərzi sərrast, düzüm tərzi bitkindir. O, yaradıcılığında dilimizin tükənməz bədii ifadə vasitələrindən ustalıqla ifadə edərək şeirlərində yüksək ifadəlilik, obrazlılıq yaradan, emosional fikirləri, sadə, aydın, yığcam bir dillə ifadə edir, doğma dilimizi özünün qürur mənbəyi sayır".

 

"Payız duyğuları" kitabında yer alan şeirlər  bir daha Xanəli Kərimlinin geniş yaradıcılıq  marağını göstərməklə bərabər, eyni zamanda, şairin yüksək  bədii estetik zövq və istedadını da üzə çıxarır.  Zəngin klassik  ənənələrimizə söykənən, eyni zamanda aktual sosial-mədəni mövzulara müraciət edən  Xanəli Kərimli  şeirləri elə   bu səbəbdən geniş oxucu kütləsinin sevgisini qazanıb və gələcəkdə də bu sevginin sönməyəcəyinə inamımız böyükdür.

 

Aypara BEHBUDOVA

filologiya üzrə fəlsəfə doktoru

Naxçıvan Dövlət Universiteti  Elmi Kitabxanasının direktoru

525-ci qəzet.- 2014.- 23 aprel.- S.8.