Obyektivdə İrlandiyadır və yaxud
ailəiçi faşizm
(resenziya-araşdırma)
Körpülər salaq, sərhədləri aşaq... və
bir-birimizi tanıyaq... tanıyaq ki, bir-birimizlə dialoq
quraq... dialoq quraq ki, bir-birimizi başa düşək...
başa düşək ki, bir-birimizdən qorxmayaq... qorxmayaq
ki, dərdimizi danışa bilək,
yaşantılarımızı bölüşə bilək,
sözümüzü deyə bilək. Hər bir beynəlxalq
proyektin son məqsədi bu: insanları daha da
yaxınlaşdırmaq, doğmalaşdırmaq, ünsiyyəti
asanlaşdırmaq...
Böyük Britaniyadan Bakıya gəlmişdilər Yan
Vilem Van Den Boş (quruluşçu rejissor), Liza Kuk (səhnə
dizayneri) və Maykl Manyon (işıq üzrə rəssam),
qısa şəkildə, Yan, Liza və Maykl. Üç əsl
teatr adamı, yəni sənətini dəlicəsinə sevən
üç peşəkar. "Britiş Kansıl"
onları yığmışdı bir araya, əlbəttə,
bizim Mədəniyyət və Turizm Nazirliyinin dəstəyilə...
ki, bu şəxslər
çalışıb Gənc Tamaşaçılar
Teatrında bir səhnə oyunu hazırlasınlar... elə
bir oyun ki yeni olsun, qəfil olsun, gözlənilməz olsun...
elə bir oyun ki, bizə insan varlığının gizlinlərini
göstərsin... elə bir oyun ki, bizim düşüncəmizin
hansısa bir küncündə iynəucu boyda işıq
yandırsın... elə bir oyun ki, başqasının
timsalında bizi bizə tanıtsın...
Biz hərdən
özümüz də bilmirik teatrdan nə istəyirik...
Bizim
özünə məftunluğumuz sonsuzdur...
Bizim tənqidi
pafosumuzun hüdudu yoxdur...
Biz
heç kəsə qulaq asmırıq, ancaq
özümüzü dinləyib hayıl-mayıl oluruq...
Balin
bazardan aldığı xristian müqəddəslərinin
fiqurları üstünə "B" hərfini, yəni
adının baş hərfini yazıb sürahiyə
yığır: mənimsəmək... özünküləşdirmək...
sahib olmaq instinkti bizə özgəsini fikirləşməyi
unutdurur... Hətta müqəddəsləri özəlləşdiririk...
Heç bilirsiniz şeirlər və faşizm nədən
yaranır, necə yaranır?
Məncə,
Martin MakDonahın pyeslərində bu məsələnin mahiyyəti
aydınlaşır... Məncə, Gənc
Tamaşaçılar Teatrının "Lineyn
trilogiyası" tamaşasında buna cavab var... Məncə,
Azərbaycan teatr mədəniyyətində buzlaqlar çat
verməyə başlayıb... Məncə, daha heç kim teatrda öyrəşdiyi kimi, vərdiş
elədiyi kimi yaşamaq istəmir... Məncə, hamı
anlayır ki, teatrı fasad olmaqdan qurtarmaq lazımdır...
Suallara
cavab bulmaq üçün gərək əvvəlcə
öz yalanından qurtulasan... toplumu dolaşan şirintəhər
mifoloji yuxulardan qurtulasan... gerçəkliyi pudralayıb təqdim etmək
tendensiyasından qurtulasan... və ayılasan... və
aydınlaşasan... irland əsilli Böyük Britaniya
dramaturqu, Hollivud ssenaristi Martin MakDonah kimi...
Bu dəfə
Gənc Tamaşaçılar Teatrının səhnəsini
quruluşçu rəssam Liza Kuk elə tərtibləyib ki, səhnə
sanki olub film çəkilişləri üçün
kinopavilyonda tam real ölçülərdə, real həcmdə
hazırlanmış iri bir mənzil, frontal kəsimdə
seyrçilər üçün sərgilənmiş bir mənzil
və bu mənzil sanki dil açıb tamaşaçılara
deyir ki, mənim sizlərdən gizlədəcək heç nəyim
yoxdur... nə varsa, hamısı burdadır... göz
önündədir... predmetlər də, yaşantılar da,
münasibətlər də... Təsadüfi deyil ki, hərdən
adam səhnəyə dırmaşıb
aktyorlarla yanaşı dayanmaq, onların
yaşadığı həyatın gerçəkliyini öz
təcrübəsində yoxlamaq, soldakı giriş
qapısından o tərəfdə nə olduğunu, hara
olduğunu görmək istəyir...
Səhnə
planşetinin üzərinə ağ və
bozun çalarları ilə qatışmış
südlü kofe rəngli taxta döşəmə vurulub və
üç yandan solğun divarlarla əhatə olunub; elə əhatə
olunub ki, sanki bu divarlar seyrçini öz içinə
alır. Mənzilin sol, orta və sağ divarları boyunca
paylaşdırılmış dekorlar və rekvizitlər, -
sürahi, odunla işləyən dəmir şəbəkəli
buxarı, maşa, dördgözlü qaz plitəsi,
çüyün əlüzyuyan, soyuducu, masa, kreslo, servant,
patefon, ov tüfəngi, - geyimlərlə, musiqilə birgə
adamda elə təsəvvür yaradır ki, guya o, bu kadr-səhnəni
"vestern" janrında çəkilmiş hansısa bir
köhnə Hollivud kinofilmində görüb. Atmosferdən
bir kasıblıq, nimdaşlıq, tənhalıq,
üzgünlük və əyyaşlıq yağır:
hamı hər şeydən bezib, hər şey bataqlıqda
olduğu kimi üzücüdür,
bıkdırıcıdır; insanlar bir-bir ölür,
qocalıb ölür, çərləyib ölür, qəzaya
düşüb ölür, ya öldürülür, ya da
intihar edir; camaat da gedib hüzrdə Volovan kökələrindən
yeyir, arağını içir, yenə qayıdır evinə,
sıyığını qaşıqlayır və bir də
anlayır ki, ömür keçib kinokadrlar ekrandan keçən
kimi... cavanlıq isə qayıtmayacaq...
Bura İrlandiyadır, İrlandiyanın lap ucqar Lineyn
vilayətidir, Konnemara kəndidir, Qəlueyn
qraflığıdır. Üç pyes
oynanılır eyni dekorlar arasında və bu olur "Lineyn
trilogiyası". Əvvəlcə səhnə tərtibatı
seyrçiyə darıxdırıcı, ifadəsiz
görünür: amma rejissor mizanlarla məkanı
yavaş-yavaş elə "xətləyir" ki, dekorlar personajların rəftarlarında,
davranışlarında "əriyirlər", dekorlarla
aktyorlar bir-birinə bənzəməyə başlayırlar:
o bunun fakturası olur, bu da onun dinamikası; o bunu refleksiya eləyir,
bu da onu ritmləşdirir. Və sonucda hiss edirsən ki,
bütün səhnələr ard-arda düzülüb
bir-birinə bitişir, kinolaşır...
Bu trilogiyada məkan personajların avtoportretidir,
personajlar məkanın xarakteri.
Üç
tamaşanın hər biri kinokollaj üslubunda
yığılmış ayrı-ayrı epizodların təqdimilə
başlayır. Mister Yan (aktyorlar rejissoru "əzizləyib"
ona zarafatyana belə müraciət edirdilər) trilogiyanın
elə bil ki hər dəfə özünəməxsus reklam
çarxını "hərlədir" səhnədə:
qaranlıq içində "pistolet"lərdən gah bura,
gah da ora işıq topası göndərilir, irland musiqisi səsləndirilir
və seyrçi bu topalar çərçivəsində
personajlardan kimlərisə müəyyən mizan fraqmentlərində
görür.
İndiyənəcən
Azərbaycanda gerçəkləşmiş ən möhtəşəm
bir teatr proyekti hesab elədim mən "Lineyn
trilogiyası"nı... təkcə masştabına görə
yox (təqribən iki aya üç tamaşa), təkcə səliqəsinə
görə yox (oyun dəqiqliyinə nail olmaq üçün
bəzi atributların Böyük Britaniyadan, hətta
İrlandiyadan gətirilməsi, hər kiçik əlbəsəyə
belə aşırı həssaslıqla
yanaşılması), təkcə tamaşanın quruluş
keyfiyyətinə, mizan rəsminə görə yox (səhnənin
optimal mənimsənilməsi)... hər şeydən öncə
Azərbaycanın teatr aləmində mövcud peşəkarlıq
streotipini dağıtmaq, teatra dirilik, canlılıq gətirmək,
səhnəyə yaşantı həqiqiliyini qaytarmaq cəhdinə
görə... özündən deyil, dramaturq sözündən
seyrçiyə doğru getməyin daha produktiv olduğunu bir
daha əməli surətdə aktyorlara təlqin etdiyinə
görə...
Qəribədir,
mən son zamanlar müşahidə etmişəm, bizdə
bütün tamaşalar, bütün rejissorların,
bütün aktyorların işi və
teatrşünasların yazdıqları bütün
yazılar bir-birinə oxşayır: elə bil bir eynilik kabusu
dolaşır teatr mühitində. Hətta "Yuğ",
Pantomim teatrlarının tamaşaları sonsuz bir serialı
xatırladır: nə vaxtsa başlayıb, heç cür
qurtara bilmir, yeni keyfiyyətə keçə bilmir, dəyişə
bilmir. Azərbaycan hüdudlarında harada tamaşaya
baxırsan bax, hansı tamaşaya baxırsan bax, adlar
başqa-başqa olacaq, iştirakçılar
başqa-başqa, amma mahiyyətsə - eyni: həmişə
hər yerdə üfüqlər eyni dərəcədə
sakitlikdir. Və hamı da bununla artıq barışıb
bunu olduğu kimi qəbul eləyir, az qala
norma kimi qəbul eləyir... Sanki hər yerdə
duyğusallıq, emosiyalar korşalıb, tükənib,
yaşantılar, həyəcanlar çürük iplər
kimi qırılıb tökülüb, ürəklərin
odu sönüb: sönüb deyə hər şey imitasiya
olunur.
Mister
Yanın quruluş verdiyi "Lineyn trilogiyası" isə
çağdaş Azərbaycan teatrının repertuarına
daxil tamaşaların hamısından fərqlidir: fərqlidir
bu üzdən ki, son dərəcə
inandırıcıdır, səmimidir və aldatmağa, yalan
danışmağa, oyun oynamağa, nəyisə
yamsılamağa çalışmır, yansıtmağa
çalışır; çalışır ki, Lineyn sakinlərini,
bu sakinlərin yaşantılarını, problemlərini, məişətini
bizə maksimal şəkildə yaxınlaşdırsın,
onların davranış məntiqini, bu məntiqin səbəblərini bizə
aydınlatsın; çalışır ki, insanları
insanlıqdan çıxanda, öz basqılarına təslim
olanda göstərsin; çalışır ki, predmetlə
davranmaq doğruçuluğunun köməyilə
aktyorları vəziyyətin həqiqətinə
qovuşdursun, onlara əsl səhnə
yaradıcılığının həzzini yaşatsın.
Əlbəttə ki, bəzən alınır, bəzən də
yox: bəzən aktyorlar rejissor partiturasını birinci skripka
kimi ifa eləyə bilirlər, bir-birilə təmas qura bilirlər;
münasibətlərin hərarətini yaşaya bilirlər, bəzən
də partituradan kənarlaşıb ünsiyyətsizlik
zonasına düşürlər və oyun göstərməyə
cəhd edirlər.
Amma... tamaşaların hər üçü sonacan
seyrçini öz cazibəsində saxlayır; bir gərginlik
içində saxlayır. Çünki gördüklərindən
seyrçi həməncə heyrətlənir: insan hansı həddə
çatanda insanlığını itirir; insan haracan
insandır; insan hansı məqama qədər insan qala bilir;
insanların bir-birilə sadist, amansız, aqressiv rəftarının
kökü harda? Məgər su meymunun
boğazına çıxanda balasını
ayağının altına atmır? Bu ki bizim
atalarımızın sözüdür: sən demə,
heç irlandlar da bizdən fəqlənmirmiş bu məsələdə...
Yəni insan, harada olursa olsun, milliyyətcə kim
olursa olsun, öz xislətində meymundan çox da uzağa
getməyib... İşi balaca çətinə düşəndə
kimliyini unudur, insanlığını unudur, mədəniyyətin
ona öyrətdiyi bütün şərtilikləri, yükləndiyi
bütün dəyərləri unudur və
meymunlaşır... Çünki başlayır yalnız
özünü düşünməyə...
LİNEYN
GÖZƏLÇƏSİ MƏCBURDUR...
Martin Mak
Donahın trilogiyasının (trilogiya bütövdür,
tamdır: burada hamı hamını tanıyır, hamı
hamı barəsində hər şeyi bilir) birinci əsəri
"Lineyn vilayətinin gözəllik kraliçası"
adlanır: ona "Lineyn gözəlçəsi" də
deyirlər. Pyes 1996-cı ildə yazılıb,
97-ci ildə isə Brodveydə oynanılıb, "İvininq
Stəndart" və "Toni" teatr ödüllərilə
təltiflənib, yəni dünya teatr məkanında
yaxşı damaturgiya nümunəsi kimi qiymətləndirilir.
Bunu və daha digər ikisini ingiliscədən
İlahə Hacıyeva çevirib dilimizə. Mənanın qavranılması, personajların
intonasiyasının saxlanılması baxımından dəqiq
tərcümədir, söz palçığından
azaddır; amma bəzən bədii dilə, səhnə
danışığına qəti uyğun deyil.
Replikaların ingiliscə səslənən sərrastlığına,
ifadə minimalizminə nail olmaq üçün azərbaycanca
o qədər ekvivalent tapmaq mümkün idi ki... Lakin bu ekvivalentlər tapılmadığı
üçün personajları dinləyərkən hərdən
elə təəssürat oyanır ki, sanki əcnəbilər
yığışıb bizim dildə danışırlar.
Və bu, təkcə İlahənin qüsuru sayılmaz... Ancaq mənim dediyimə rəğmən pyes
seyrçini elə "ovsunlayır" ki, dil könteyliyi
daha onu qıcıqlandırmır.
"Lineyn
vilayətinin gözəllik kraliçası" bədii-estetik
parametrlərinə görə ailə dramıdır; cəmi
dörd personajı var. Pyesin əməl xətti budur ki, Morin
Folan, - 40 yaşlı, sifət cizgiləri adi, amma bədəni
gözəl bir xanım, - nəyin bahasına olursa olsun öz
sevgisinə qovuşmaq, tənhalıqdan qurtulmaq, ərə
getmək niyyətindədir...
Aktrisa Zülfiyyə Alhüseynova bu rolda çox
aktivdir, öz plastikasında qədərincə
yumşaqdır, rəftarında səmimidir, səhnə
planşeti üzərində yerimir, sanki süzür. Zülfiyyə
prerdmetlərlə davranarkən son dərəcə təbiidir,
sünilikdən, yapma ehtiraslardan uzaqdır. Məqamlarca aktrisa yüzdə yüz həyatından
bezgin Morin Folandır, nə qədər ki, səhnə
danışığının ritmi və tempi dəyişməyib.
Elə ki, minordan majora keçmək lazım gəlir,
bax, burada aktrisa peşəkarlıq problemlərilə üzləşir,
səmimiliyini itirir, xırdalıqları ötürüb
emosiyanı oynamağa başlayır. Lakin
seyrçi diqqəti axıracan ondan yayınmır. Nədən ki, trilogiyanın birinci
tamaşasının energetik mərkəzi Zülfiyyənin
Morin Folan adlı personajının
yaşantılarıdır.
Amma Morin Folanın istəkləri qarşısında 70
yaşlı kök, ancaq xəstə anasının niyyəti
dayanıb. Meq Folan aktirsa Şəfəq Əliyevanın
ifasında sanki şüşəgözlü, iri bataqlıq
qurbağasını xatırladır və bu murdar, ləng hərəkətli
qurbağa özündən savayı heç kimi sevmir. Morin Meqlə bir evdə yaşasalar da, ana ilə
qızın heç bir ruhsal təmas nöqtəsi yoxdur.
Onların ünsiyyəti anti-ünsiyyətdir.
Odur ki, bu adamlar bir-birilə düşmən kimi
davranırlar; odur ki, adi kasıb məişətin əngəlləri
getdikcə psixi terrora, psixi təcavüzə çevrilir və
seyrçi görür ki, balaca bir ailənin içində
faşizm necə doğulur, qəddarlıq necə ayaq
açıb gəzir və insanlıq necə ölür...
Eqoizm böyüyə-böyüyə bir gün gəlib
faşizm olur.
Meq despotdur, sadistdir, başqalarının yazıqlıq
hissindən faydalanan diktatordur. Morin isə
anasını öldürəcək qədər anasından
bezib. Çünki bu qadın hikkəsindən,
eqoistliyindən öz doğma qızının bəlkə də
sonuncu ümidini, - sevgilisi Patonun göndərdiyi məktubları,
- buxarıya atıb yandırır, Morinin hər işinə
ağız büzür, sidiyi aparıb əlüzyuyana əndərir
ki, dözülməz bir vəziyyət, pis bir qoxu yaratsın
mənzildə... Ki, heç kim Morinə
yaxın düşməsin, onu bəyənməsin... Bəyənməsin
ki, Morin qarıyıb evdə qalsın. Evdə qalsın
ki, idbar qoca anasına xidmət eləsin, onun
sıyığını bişirsin, çayını
süzsün, dərmanını versin, bir sözlə,
qulluqçusu olsun... Morin ərə getsə, o, necə
yaşayacaq?.. Lakin Meqin bundan da
böyük qorxusu var: ölənəcən Morinsiz tənha
yaşamaq qorxusu...
Hərçənd...
təklik hələ tənhalıq demək
deyil.
Və getdikcə Morin də
dözülməz olur... sadist təcavüzkar gözəlçə
olur... qaynar tava ilə anasını hədələyir, onun əlini
buxarının közərmiş dəmirlərinə
basıb yandırır... Çünki çarəsizdir
Morin... onu rüzgar, məişət vadar eləyir bunu eləməyə...
bunu eləməsə həqiqəti öyrənməyəcək...
həqiqəti öyrənməyə geciksə, Pato əlindən
çıxacaq və o da həmişəlik tənha qalacaq...
Faşizm quruluş deyil, ideologiya deyil, zülm və
işgəncələr sırasıdır, qorxular və hədələr
sırasıdır. Haradasa kiməsə əziyyət verirlirsə,
haradasa kiminsə hüququ və ya ləyaqəti
tapdalanırsa, haradasa kiməsə qarşı zor tətbiq
edilirsə, oradan faşizmə doğru lağım
atılır.
Mən ona görə pyesin konfliktini bu cür
danışdım ki, rol partituralarının mürəkkəbliyini,
pilləvariliyini, mozaikliyini və dəyişkən mənalar
sıxlığını göstərim. Aktyor burada hər
bir nüansı, xırdalığı oynamasa əgər, qəhrəman
öz əməlində təsirli olmayacaq, seyrçilərə
personajın kimliyini və nə istədiyini çatdıra
bilməyəcək. Mister Yan "Lineyn
trilogiyası" tamaşasını gerçəkçi
teatrın bədii-estetik prinsipləri əsasında
düzüb-qoşub; bu prinsiplər paradiqmasında isə hər
bir detal hər bir söz qədər vacibdir və konkret
funksiya daşıyıb tamaşanın əməl xəttində
"iştirak edir". Belə ki, aktyor
bir anlığa çaşsa, bir anlığa yubansa, öz
yerini mizanda düzgün tapmasa, tamaşada münasibətlər
zənciri qırılır və bütövlük təəssüratı
həməncə dağılır.
Bu baxımdan rejissorun səhnə qurğusunda ikinci dərəcəli,
epizodik heç nə yoxdur. Ona görə də Pato və Rey
Duli qardaşları da tamaşa üçün Meq və
Morin Folan qədər mühümdürlər: Folanların
ailə dramının gerçəkləşməsində,
emosiyalar kollapsının yaşanmasında, kimin necə insan
olduğunun üzə çıxmasında onların hər
ikisi sanki benzin çəlləyinə
yaxınlaşdırılmış alovlanan kibrit
çöpünə bənzəyirlər.
Morin
Patoya təkcə sevgili kimi yox, öz xilaskarı, qəhrəmanı
kimi baxır, onu ağ atlı oğlan
bilir. Busa Patonun bir elə də vecinə deyil: o, Morinə iltifatla
yanaşsa da, onu Lineyn gözəlçəsi kimi qavrasa da,
qardaşı Reyin yarıtmazlığı, Meqin xəbisliyi
ucbatından asanlıqla Morindən uzaqlaşır və
başqasına nişanlanır. Bunun günahkarı kimdir:
qardaşının xəbərdarlığına rəğmən
məktubu Meqə vermiş Rey yoxsa məktubu
yandırmış Meq? Həm o, həm bu: həm də
heç biri. Onlar yalnız bəhanədir.
Şərt budur ki, Patoda Morinə qarşı əsl sevgi yox
idi... Şərt budur ki, Pato da öz həyatını
normallaşdırmaq üçün variantlar axtarırdı
və bu variantlar sırasında Morin sonuncu yerdə dayanırdı.
Aktyor
Elşən Rüstəmovun Patosu isə birmənalı
romantik personajdır, bir az səthidir sanki.
O, Morinə qarşı yalnız Patonun sevgisini, yaxşı
bir adamın, namuslu bir adamın sevgisini oynamağa cəhd
göstərir. Halbuki Pato Morindən qaçır:
çünki Morin heç adi bir qadın kimi də onu
özünə çəkmədi: onların gecəsi
alınmadı. Bu mənada Martin MakDonahın
personajı Elşənin təqdim etdiyi Patodan daha mürəkkəb
və daha dərindir.
Rey isə Pato ilə müqayisədə primitivcəsinə
sadəlövhdür, hətta haradasa əfəl, tənbəl,
insani münasibətlərdə naşı, haradasa avara-avara
vaxt keçirən birisidir. Eşqin Quliyevin aktyor yozumunda Rey Duli hiyləgər,
bic işbaz kimi, hər yerə burnunu soxan kirpi kimi
görünür. Rolun plastik rəsmi,
donquldana-donquldana danışmaq manerası personajın kasad
daxili dünyasının konkret səciyyəsidir. Ancaq Reyin məktubu Meqin ixtiyarına buraxıb getməsi,
addımbaşı alver etmək, oturduğu yerdəcə
qabağa düşmək xülyası, permanent harasa tələsməsi
təkcə onun bicliyinin yox, həm də əhlikefliyinin və
səfehliyinin isbatıdır. Eşqinin
ifasında məqamlarca rolun partiturası üçün səciyyəvi
bu nüanslar ara-sıra itirilir; aktyorun özü Reydən
çox fəndgir və çox bacarıqlı
görünür. Nəticədə,
Eşqinin fakturası Reyin insan mahiyyətindən önə
düşür. Əgər Rey Eşqin qədər
ağıllı olsaydı, məktubu Meqə
tapşırmazdı...
Əsərin dramatizmi faktoloji qatda məhz Reyin səhlənkarlığından, biganəliyindən, əfəlliyindən qaynaqlanır. Məsələ bu ki, Rey Duli olmasa, hadisələrin gerçəkliyi olmaz; Rey Duli olmasa, pyes olmaz; Rey Duli olmasa, münasibətlərin partlayışı olmaz.
Ona görə...
... yəni Rey Duli məktubu Morinə çatdırmadığına görə...
... Lineyn gözəlçəsi məcburdur... ölüm ayağında imdad diləyən anasından üz döndərməyə və faktiki olaraq onun qatilinə çevrilməyə... Yox, o anasını öldürmədi: ancaq elə elədi ki, anası ölsün...
... Lineyn gözəlçəsi məcburdur... xəyalı reallıq kimi qavramağa, özünü aldatmağa, özünü ovundurmağa...
... Lineyn gözəlçəsi məcburdur... öz taleyilə barışıb indən sonra da özünə, həyatına, tənhalığına dözməyə...
... Lineyn gözəlçəsi məcburdur... əgər intihar eləmək istəmirsə...
Çünki Kafkanın qəhrəmanı kimi onun da üzünə taleyin bütün qapıları bağlanıb...
... ona görə bağlanıb ki, ətraf yalnız özünü düşünən biganə adamlarla doludur...
KONNEMARA
KƏNDİNİN HAMLETİ
MakDonah dramaturgiyasının postmodernist quruluşu aşkardır: o, qəfil allyuziyalarla oynamağı, sitatlarla danışmağı, mənaları qarışdırmağı, "yaxşı - pis", "ağ - qara" kontrastlarını "söndürməyi", tamaşaçını müəmmalar və patoloji yaşantılar labirintinə yollamağı sevir. Onun üç pyesinin hamısının inkişaf xətti boyunca teatr və kinematoqrafiya tarixindən kontrapunktlar səpələnib. Personajlar özləri olmaqla yanaşı elə bil ki, hansısa məşhur əsərlərin qəhrəmanlarına bənzəyib onlarla ani assosativ əlaqə yaradırlar; "o mənəm, yox, mən o, deyiləm" sərhədində sanki bir-birlərinə göz vururlar.
Mən "Lineyn vilayətinin gözəllik kraliça"sında Morin - Merilin assosativ cərgəsinə kökləndim. Və bilirsiniz məni nə apardı bu fikrə doğru? Öncə fonoloji oxşarlıq. Bir də... bir də Morinin Con və Robert Kennedi qardaşlarını xatırlaması, amerikalıların irlandları sevdiyini söyləməsi. Bax, burda şübhələndim ki, xeyir ola belə düşüncə tərzindən: axı hadisələr arasında yüzilin dörddə biri qədər zaman məsafəsi var? Sən demə, Kennedilər əslən irlandırlar. Hollivudun kino ulduzu Merilin Monronun ana nənəsi də irland olub və bu məşhur kinoaktrisa Con Kennedilə eşq macərası yaşayıb. Sarışın Lineyn gözəlçəsi Morinin idealı Hollivud gözəlçəsi Merilindirmi? Görəsən, o niyə deyir ki, mənim Robertdən xoşum gəlir? Merilindən fərqlənmək üçün? Təsadüf yoxsa Martin MakDonah pyesinin daha bir qatı?
"Konnemarada bir kəllə", yəni "Trilogiya"nın ikinci pyesi isə ideyaca, ovqatca sanki Şekspir "Hamlet"inin qəbiristanlıq səhnəsindən doğulub və müasir, tam orijinal dramaturji mətnə çevrilib. Hansı əsəri oxuyursan oxu, əgər orada qafa tası bir oyun predmeti statusunda ortaya çıxacaqsa, o zaman həməncə saray təlxəyi Yorikin məzardan tapılmış kəlləsiylə Hamletin monoloq-söhbəti yada düşəcək.
Mik Daud da uzaqdan uzağa haradasa Konnemara Hamletidir. Avropa mədəniyyəti
əlində qafa tası tutmuş adamı filosof kimi şifrələyir.
Mik Daud da Hamlet kimi həmişə şübhələr
içindədir: şübhələr
içindədir ona görə ki, bir dəfə avtomobil qəzası
törədib və bu qəzada onun arvadı ölüb. Lakin Mik Daudun özü də Konnemara camaatı kimi
bilmir ki, bunu qəsdən eləyib, yoxsa tale belə gətirib?
Ofeliyanın ölümündə
dolayısı yolla Hamlet günahkar deyildimi? Mik Daudun kəllələri çəkiclə
ovxalayıb torba içində gölün dibinə
yatırtması Ofeliyanın özünü suda boğmasına
bir işarəmi? Mik Daud da Hamlet kimi
qatilmi? Ancaq heç kimin heç nədən konkret məlumatı
yoxdur: detektivlər onda da Mik Daudun günahını isbatlaya
bilməmişdilər.
Hərçənd...
(Ardı var)
Aydın Talıbzadə
525-ci qəzet.-
2014.- 23 aprel.- S.7.