Rəşid Faxralının 60 yaşı
qeyd edilib
Ötən gün Yazıçılar
Birliyində şair, jurnalist, ehtiyatda olan zabit Rəşid
Faxralının 60 illik
yubileyi qeyd olunub.
Tədbiri açan Yazıçılar
Birliyinin katibi Arif Əmrahoğlu yubilyarın çoxşaxəli
fəaliyyəti ilə
bağlı fikirlərini
bölüşüb: "Yaxşı şair, jurnalist və hərbçi olmaqla bərabər Rəşid
Faxralı həm özünün, həm də sözünün yerini bilən bir ziyalıdır. Onun yaradıcılığında Atatürkdən tutmuş,
Qarabağ ağrısına
qədər hər mövzuda şeirlər
var. Rəşid Faxralı
həyatın aktual problemlərini şeirə
gətirib. Son vaxtlar
sistematik şəkildə sufi
motivli şeirlər yazır. Rəşidin şeirlərində sufi aspektdən yanaşmaqla həyatın
həqiqətləri öz
əksini tapıb. Neçə
illərdir Rəşidi
tanıyıram, amma onun özü ilə bağlı heç vaxt gəlib nəsə istədiyinin şahidi olmamışam. O həmişə
başqasının problemi
üçün ağız
açıb. O özü
boyda, özü çəkidə, özü
əzəmətdə bir
sevgidir".
Şair Əkbər Qoşalı Rəşid Faxralını
bütün müasir
şeir üslublarını,
intonasiyasını və
ahəngini özündə
cəmləşdirmiş şair
kimi dəyərləndirib. Şairin təqdim
olunan "Ömrümün
üç nöqtəsi"
kitabında toplanan şeirlərin məziyyətindən
söz açıb.
"Rəşid Faxralı
dilə yaxın olan bir şairdi. Azərbaycan dilinin
gözəlliyi, dadı-tamı
dialektlərdə, şivələrdə,
el-obamızda, kəndlərimizdə
daha aydın hiss olunur. Ümumiyyətlə, folklordan ayrı
olan ədəbiyyat yaşamır. Azərbaycan xalqının
indiyə qədər
qazandığı mədəniyyətin
içində folklor üstünlük təşkil
edir. Azərbaycan şifahi xalq
ədəbiyyatının içində
bütün modernizm, postmodernizm var. Bir sözlə, gələcəyin
hamısı bizim keçmişimizdədi. Rəşid vətənin,
xalqın şairidi.
Rəşid həm də
ehtiyatda olan mayordu. Mayor sözü
bir az
ciddi səslənir. Ancaq həmin mayor rütbəsinin
altında nə qədər gözəl ürək, duyğular çələngi yatır".
Bu fikirləri tədbirdə şair Qəşəm Nəcəfzadə
səsləndirib.
Millət
vəkili Musa Urud bildirib ki, kökləri
bağlı olduğuna
görə Rəşid
Faxralını özünə
ruh qardaşı və dost sayır: "Rəşidlə az görüşmüşük, amma ruhlarımız, təblərimiz həmişə
yaxın olub. Rəşidlə sözlərimiz, ifadələrimiz görüşüb.
Hesab edirəm ki, bizim Rəşid Faxralı kimi qələm adamlarımızın
olması təkcə
poeziyamızı zənginləşdirmir,
eyni zamanda minillərdən keçib
gələn türk ruhunu, milli ruhumuzu
yaşadır. Hesab edirəm
ki, Rəşidin poeziyası, yaradıcılığı
haqqında ədəbi
tənqid hələ öz sözünü deməyib. Deməlidir, daha geniş
şəkildə deməlidir.
Mən Rəşidin yazdıqlarına
bütövlükdə bir
şeir kimi baxıram. Çünki bu insanın
mənəviyyatı, ruhu,
təbi bütövdür.
Hesab edirəm ki, Borçalıdan olan söz adamlarımızın
tədbirlərini daha
geniş şəkildə
keçirməliyik, daha
geniş təbliğ
etməliyik. Gürcüstanda
da belə tədbirlərin təşkilinə
nail olmalıyıq".
Müdafiə Nazirliyinin Həmkarlar İttifaqının sədri
Abiyat Ağadadaşova
çıxışında Rəşid Faxralının
yubiley tədbirində
iştirakından məmnunluğunu
ifadə edib.Onun həm də hərbi xidmətlərindən
söz açıb.
Tanınmış hərbi diktor, ifaçı Şəmistan
Əlizamanlı yubilyarla
tanışlıq tarixçəsindən
danışıb, onunla
bağlı maraqlı
əhvalatları tədbir
iştirakçıları ilə bölüşüb.
Millət
vəkili, Azərbaycan-Gürcüstan
Parlamentlərarası Dostluq
Qrupunun rəhbəri Qənirə Paşayeva Rəşid
Faxralını təbrik
edərək onu
"On barmağında on mərifət"
deyimi ilə səciyyələndirib. Q.Paşayeva Rəşid
Faxralının yubileyinin
Gürcüstanda təşkilinin
də vacibliyini vurğulayıb.
Sonda çıxış
edən yubilyar tədbirin təşkilatçılarına
və qonaqlara minnətdarlığını bildirib.
S.MÜRVƏTQIZI
525-ci qəzet.- 2014.- 23 aprel.- S.7.