Peşəkarlığın yüksəliş
yolunda
Bu yaxınlarda İctimai
Televiziya və Radio Yayım Şurasının
son hesabatı diqqətimi
cəlb etdi. BDU-nun Jurnalistika
nəzəriyyəsi və
təcrübəsi kafedrasının
müdiri professor Cahangir
Məmmədlinin sədrlik
etdiyi qurum sənəddə İctimai
Teleradio Yayımı Şirkətinin Baş direktoru Cəmil Quliyevin birillik fəaliyyətinə yüksək
qiymət verərək,
onun bir sıra islahatlar apardığını, işə
qabiliyyətli jurnalistləri
cəlb etdiyini xüsusi vurğulayıb.
Açığı, təəcüblənmədim. Çünki uzun illər tanıdığım, peşəkarlığına
və yüksək insani keyfiyyətlərinə
heç bir şübhəm olmadığı
Cəmil Quliyevdən başqa cür fəaliyyət gözləmirdim.
Bundan əvvəl o, bacarıqlı
rəhbər olduğunu
Dövlət Film Fondunda
və "Mədəniyyət"
kanalında sübut etmişdi.
İTV-yə Baş
direktor seçilərkən
öz fəaliyyətində
azərbaycançılıq, milli-mənəvi dəyərlərin
təbliği, konstruktiv
dialoq, peşəkarlıq
və mədəniyyət
kimi böyük məfhumlara üstünlük
verəcəyini bəyan
edən C.Quliyev bu xəttə sadiqliyini əməlləri
ilə göstərdi. Bir il ərzində
gecəsini-gündüzünü ölkə teleməkanında
özünəməxsusluğu ilə seçilən İctimai Televiziyanın inkişafına sərf edən Cəmil Quliyevin və komandasının zəhməti
hədər getməyib.
"Aktual.az" saytının
son dövr ərzində
keçirdiyi sorğu
bunu əyani şəkildə sübut
edir. Səsvermənin
aprelin 18-nə olan nəticələrinə əsasən,
"İTV-nin fəaliyyətindən
razısınızmı?" sualına cavab verən 12 mindən çox respondentin 10 mindən çoxunun "bəli" deməsi, ictimai yayımçının
öz funksiyasını
yerinə yetirmədiyi
iddiasında bulunan bəzi "media" ekspertlərinə
tutarlı cavab oldu.
Ölkəmizdə AzTV-dən sonra İTV ikinci kanaldır ki, irimiqyaslı yerli və beynəlxalq
tədbirləri yayımlayır. Bunların arasında
prezident, parlament və bələdiyyə seçkiləri xüsusi
yer tutur. Azərbaycanın həssas dönəmində
keçirilən ötənilki
prezident seçkiləri
kampaniyasını böyük
məsuliyyətlə, dəqiq
və balanslı şəkildə yayımlamaqla
İTV dövlətə, xalqa,
milli və demokratik dəyərlərə
sadiqliyini bir daha nümayiş etdirdi.
"Eurovision" mahnı müsabiqəsini, Qış
Olimpiya Oyunlarını
translyasiya edən
İTV Avropa Yayım Birliyi ailəsində öz layiqli yerini daha da
möhkəmləndirir. TRT orkestri
ilə birgə "Axşam səfası",
ukraynalı həmkarları
ilə "Böyük
səhnə" beynəlxalq
musiqi layihələrini
həyata keçirməsi sənətsevərlərdə,
İctimai Radionun TRT radiosu ilə birgə layihəsi olan "Dədə Qorqud" proqramı isə bütün türk dünyasında böyük
rəğbət doğurub.
Yeri gəlmişkən,
"Böyük səhnə"
layihəsi barədə
ayrıca danışmağa
dəyər. Gənclər və İdman Nazirliyinin təşkilatçılığı
ilə həyata keçirilən bu layihədə bütün
cəhətlər xırdalıqlarına
qədər nəzərə
alınmışdı: mükəmməl
ssenari və quruluş, ifaçıların
hazırlığı, sənət
üslubu, səhnə
mədəniyyəti, peşəkar
aparıcılar, tələbkar
və səmimi münsiflər heyəti...
Ən əsası isə ölkəmizi "Eurovision-2014"də təmsil edəcək ifaçımız SMS səsverməsi
ilə deyil, peşəkarlar tərəfindən
müəyyənləşdirildi. Beləliklə, ötən illərdən
fərqli olaraq, hər milli seçimdən sonra SMS qalmaqallarının ortaya çıxmasına əsas
olmadı. Əminliklə
demək olar ki, indiyədək Azərbaycan teleməkanında
bu qədər ustalıqla və məharətlə hazırlanmış
estrada layihəsi
olmayıb. Ümidvarıq,
may ayında Danimarkada keçiriləcək
möhtəşəm müsabiqədə
Dilarə Kazımova ölkəmizi layiqincə
təmsil edərək,
münsiflərin seçiminin
yanlış olmadığını
sübuta yetirəcək.
Qeyd edək
ki, İTV təkcə
"Eurovision" iştirakçılarından
deyil, dünyanın müxtəlif ölkələrində
keçirilən sanballı
musiqi telemüsabiqələrində
iştirak edən həmyerlilərimizdən də
diqqətini əsirgəmir. Bunu son illərin
ən populyar telelayihəsi olan "Səs" ("Voice") musiqi
yarışının ayrı-ayrı
ölkələrdə keçirilən
turlarından görmək
olar. İTV Türkiyə,
Ukrayna, Rusiya yarışlarında iştirak
edən azərbaycanlı
ifaçıların-Fərid Əsgərov, Vaqif Nağıyev, Sevinc və Sevil Səfərova
bacılarının uğurları
ilə bağlı ictimaiyyəti dərhal məlumatlandırdı.
İTV-nin efiri milliyyətindən, dini mənsubiyyətindən, siyasi
əqidəsindən asılı
olmayaraq sağlam düşüncəli, azərbaycançılıq
və dövlətçilik
ideyalarına sadiq, Vətənə səmimi
qəlbdən xidmət
edən hər bir Azərbaycan vətəndaşının üzünə
açıqdır. Bu baxımdan
İTV-nin "Ortaq məxrəc" verilişində
müzakirə edilən
ictimai-siyasi yüklü
hər bir məsələ - Dağlıq
Qarabağ münaqişəsinin
həlli prosesi, informasiya müharibəsində
Azərbaycanın yeri,
təhlükəsizlik məsələləri,
sosial-iqtisadi problemlər,
milli və dini tolerantlığın
təbliği və sair maraq doğurur.
Sahib Məmmədov, Mətanət
Əzizova, Vüqar Bayramov, Azər Həsrət, Yadigar Məmmədli, Boran Əziz kimi müstəqil ekspertlər
və QHT nümayəndələri,
Fazil Mustafa, Asim Mollazadə, Fərəc Quliyev, Aydın Mirzəzadə, Mübariz
Qurbanlı kimi siyasi partiya təmsilçiləri bu müzakirələrin fəal
iştirakçıları olurlar. "Yeni Gün", "Qarabağ:
real tarix", "Qarabağ
sərvətləri", "Açıq dərs",
"Xəmsə", "Ötən əsrin nəğmələri", "Diqqət mərkəzi",
"Carçı", "Həftənin yekunu",
"İqtisadiyyat", "Yurd inciləri", "Yeni sədalar", "Geniş formatda", "Səhər sovqatı",
"Muğam sədası",
"Torpaq", "Qanundankənar" və sair verilişlər cəmiyyətdə gedən
ictimai-siyasi, sosial-iqtisadi
və mədəni prosesləri bütün təfərrüatı ilə
əks etdirir.
Kino sahəsinə dərindən
bələd olan Cəmil Quliyevin İTV-də mədəniyyətin
bu qoluna xüsusi diqqət yetirməsi, yəqin ki, heç kimi təəccübləndirmir. Azərbaycan filmlərinin
nümayişi, hətta
ötən əsrin
50-60-cı illərində çəkilmiş
və çoxdan unudulmuş nadir filmlərin
tapılıb yenidən
göstərilməsi təqdirəlayiq
haldır.
"Carçıfilm" Yaradıcılıq Birliyinin
20 Yanvar, Xocalı, 31
mart soyqırımlarına, Məmmədəmin Rəsulzadə
kimi görkəmli siyasi və ictimai xadimə, elm, mədəniyyət və
incəsənətin onlarca
tanınmış nümayəndəsinə
həsr etdiyi sənədli filmlər həm yaddaşların korlaşmasına imkan vermir, həm də Vətənin layiqli oğul və qızlarını cəmiyyətə təkrarən
tanıdır.
İctimai Radio da rəngarəng
mövzuları, interaktiv
müzakirələri, musiqi
siyasəti ilə dinləyicilərin ruhunu oxşayır, "Yeni gün", "Prizma",
"Kinoda yaşanan ömür", "Səhnə
həyatı", "Şosse
90", "Kim yatmış, kim oyaq", "Sübhə doğru" və sair veriliş
və proqramları ilə diqqəti cəlb edir.
İctimai Teleradiodan danışarkən,
onun simasını təşkil edən aparıcıların adlarını
çəkməmək olmur. Saleh Bağırov, Könül
Arifqızı, Hüsniyə
Məhərrəmova, Vəsilə
Vahidqızı, Orxan Cabbarlı, Kamran Quliyev, Aynur Fətullayeva, Nigar Sabirqızı, Rafiq Məmmədov, Günay Namidar, Könül Məmmədova və başqalarının öz
sənətlərində peşəkarlığı,
efirə, sözün
əsl mənasında,
hakim olmaları tamaşaçılara
və dinləyicilərə
xoş ovqat, gözəl əhval-ruhiyyə
bəxş edir. Bu sıraya Şaiq
Məmmədov, Ramiz İdrisoğlu kimi peşəkar aparıcıların
qoşulması, Azər
Süleymanov kimi yeni gənclərin efirə çıxması
İTV-də bu məktəbin inkişaf etdirilməsinə cəhddən
xəbər verir.
Bir sözlə, ölkə teleməkanında sağlam
rəqabətə üstünlük
verən İctimai Teleradio rəhbərliyi belə qarşılığa
davamlı proqram siyasəti yeritməyə,
cəmiyyətin ictimai,
elm, təhsil, mədəniyyət,
incəsənət və
digər sahələrində
ümumi maraqlarını
əks etdirməyə,
tamaşıçılara və dinləyicilərə
milli və bəşəri dəyərləri
aşılamağa çalışır.
Bizə isə bu yolda
onlara böyük yaradıcılıq uğurları
arzulamaq qalır.
Şəfəq Nasir
filologiya elmləri üzrə
fəlsəfə doktoru
525-ci qəzet.-
2014.- 23 aprel.- S.4.