Vətəndaş
cəmiyyətinin əsas cəhətləri və tarixi inkişafının
ümumi parametrləri
(Əvvəli ötən
sayımızda)
Azərbaycan
dövləti inkişaf konsepsiyasında vətəndaş cəmiyyəti
strukturlarının daha da möhkəmləndirilməsinə,
onların inkişafına xüsusi önəm veririr. Bu sahədə
dövlət üzərinə düşən bütün vəzifələri
yerinə yetirir. Bunun nəticəsidir ki, vətəndaş cəmiyyəti
və vətəndaş cəmiyyəti təşkilatları
dövlətin idarəolunmasında mühüm rol oynayır.
İctimai işlərdə vətəndaşların
iştirakından danışarkən "vətəndaş
cəmiyyəti" anlayışı ilə tez-tez
rastlaşmalı oluruq. Müasir sosial-siyasi reallıqları nəzərə
alsaq, bu anlayış altında başa düşülən
ayrı-ayrı, ancaq bir-birini tamamlayan iki fenomeni fərqləndirmək
lazımdır. Siyasi ədəbiyyatda bu anlayışdan
geniş mənada siyasi-hüquqi, sosial-iqtisadi cəhətdən
müəyyən xüsusiyyətlərə və münasibətlər
sisteminə malik olan bütöv bir cəmiyyəti xarakterizə
etmək üçün istifadə edilir.
Qeyd edək
ki, yazının hazırlanmasında "Demokratiyanı
Öyrənmə" İctimai Birliyinin bu sahədə olan
araşdırmalarından istifadə edilib.
Vətəndaş
Cəmiyyəti Təşkilatları Vətəndaşların
birləşmək və dövlətin və cəmiyyətin
idarəolunmasında iştirak etmək hüquqları insan
hüquq və
azadlıqlarının mühüm tərkib hissəsi
olmaqla ölkə qanunları ilə müəyyən edilir.
Bu və digər hüquqlardan istifadə etməklə vətəndaşların
müxtəlif formalarda cəmiyyətin həyatına
qatılmaq, ona təsir etmək və təşəbbüslər
göstərmək imkanları vardır. Vətəndaş cəmiyyəti
dövlət və özəl sektordan kənarda vətəndaşların
ən müxtəlif səviyyəli müstəqil birliklərinin kompleksini təşkil
edir. İnkişaf etmiş ölkələrin təcrübəsi
göstərir ki, belə birliklər sırasına ənənəvi
olaraq dini birliklər, siyasi
partiyalar, vətəndaş hərəkatları, ticarət
və peşə assosiasiyaları, qeyri-hökumət təşkilatları,
icma əsaslı təşkilatlar və bütün digər
vətəndaş birlikləri aid edilir. Cəmiyyətin
dövlət və biznes sektoruna daxil olmayan bütün belə
birliklərinin məcmusu beynəlxalq təcrübədə vətəndaş
cəmiyyəti təşkilatları adlandırılır. Bu
birliklərin ən səciyyəvi xüsusiyyəti ondan ibarətdir
ki, onlar dövlətdən və yerli özünü idarəetmədən
fərqli olaraq kütləvi hakimiyyətə və ya rəsmi
səlahiyyətlərə malik deyillər, bir qayda olaraq
öz daxili qaydaları əsasında təşkil olunur və fəaliyyət göstərirlər.
Həmin birliklər hakimiyyətin həyata keçirilməsində
bilavasitə iştirak etməsələr də, hakimiyyətə
müxtəlif vasitələrlə təsir etmək
imkanına malikdirlər. Vətəndaş cəmiyyəti təşkilatları
vətəndaşların müxtəlif xarakterli istək və arzularının, əqidə və
baxışlarının həyata keçirilməsini təmin
edən mexanizm rolunu oynayırlar. Bu birliklər vasitəsilə
insanlar dövlətin və cəmiyyətin idarə edilməsinə
qatılır, cəmiyyətin problemlərini müəyyən
edir və onun aradan qaldırılmasına təşəbbüslər
göstərir, yeni ideyalar istehsal edir və cəmiyyətin
inkişafına öz töhfələrini verirlər. Öz
istək və məqsədlərinə uyğun olaraq insanlar
hansı növ vətəndaş cəmiyyəti təşkilatlarında
birləşməyə və fəaliyyət göstərməyə
qərar verməkdə sərbəst və müstəqildirlər.
Ancaq bu institutların sayı, miqyası, fəaliyyət
istiqamətləri, maliyyə mənbələri və digər
məsələlər haqqında dəqiq təsəvvür
yaratmaq üçün informasiya da əldə etmək
çətin bir işdir.
Əhəmiyyətinin getdikcə daha da artmasına
baxmayaraq vətəndaş cəmiyyəti təşkilatlarının
missiyası bizim kimi inkişaf etməkdə olan ölkələrdə
hələ də tam başa düşülmür. Vətəndaş
cəmiyyətinin sərhədləri yalnız qeyri-hökumət təşkilatları
ilə məhdudlaşdırıla bilməz. Onlar vətəndaş
cəmiyyətinin mühüm bir hissəsini təşkil edir
və sosial-iqtisadi inkişaf məsələlərində,
siyasətdə vətəndaş
iştirakçılığının
artırılmasına, eləcə də rəsmi siyasətlərin
formalaşdırılmasına təsir baxımından vacib,
bəzən isə aparıcı rol oynayırlar. Bu mənada
vətəndaş cəmiyyətinin
rolundan danışarkən məhz forma müxtəlifliyi
və təşəbbüslərin
rəngarəngliyi ilə seçilən QHT-lərin
nümunəsinə istinad etməkdə fayda var. Ancaq öncə
qısa da olsa, digər vətəndaş cəmiyyəti təşkilatlarını xarakterizə etməyə
çalışaq. Azərbaycan Respublikasının
qanunvericiliyi vətəndaş birliklərinin
aşağıdakı formalarını tanıyır: siyasi
partiyalar; həmkarlar
ittifaqları; dini birliklər; QHT-lər. Siyasi partiyalar siyasi fəaliyyətlə
məşğul olmaq marağında olan insanlar
üçün mexanizm rolunu oynayır. "Siyasi partiyalar haqqında" qanuna əsasən
18 yaşdan yuxarı Azərbaycan Respublikası vətəndaşlarının
hüququ vardır ki, ideya və siyasi baxışları ilə
uzlaşan hər hansı siyasi partiyaya üzv olmaqla siyasi
proseslərin iştirakçısı olsun. Siyasi
partiyaların siyasi proseslərdə iştirakı ilə
bağlı kifayət qədər geniş fəaliyyət
imkanları nəzərdə tutulub.
Qanunun 5-ci maddəsinə əsasən
siyasi partiyalar: nizamnamələrinə uyğun olaraq ictimai rəyin
formalaşmasına təsir göstərmək; öz üzvlərinin
siyasi fəallığına rəvac vermək; vətəndaşları
öz sıralarından seçkili dövlət orqanlarına
irəli sürmək; nizamnamələrinə uyğun olaraq
Azərbaycan Respublikasının qanunvericilik və icra hakimiyyəti
orqanlarının fəaliyyətinə təsir göstərmək;
siyasi və sosial proqramlar hazırlamaq yolu ilə Azərbaycan
Respublikasının daxili və xarici siyasətinin
formalaşmasına təsir göstərmək
hüquqlarına malikdirlər.
Qanunun 12-ci maddəsinə görə isə, öz
nizamnamələrində, proqram sənədlərində,
başqa aktlarda müəyyən edilmiş məqsədləri
və vəzifələri həyata keçirmək
üçün siyasi partiyalar: o məqsədləri və fəaliyyəti
barədə məlumatı sərbəst yayır; o könüllülük əsasında
birləşib siyasi bloklar, ittifaqlar,
federasiyalar, birliklər yaradır; o Azərbaycan Respublikası
Prezidenti, parlamenti və digər
seçkili dövlət orqanları seçkilərində,
Azərbaycan Respublikası icra hakimiyyəti
orqanlarının
formalaşdırılmasında demokratik yolla (müstəqil
surətdə, başqa partiyalar və təşkilatlar ilə
blok və ya ittifaqda) iştirak edir; o dövlət orqanları
qərarlarının hazırlanmasına demokratik yolla təsir
göstərir; o dövlət orqanlarında və ictimai
orqanlarda öz üzvlərinin
mənafelərini təmsil edir və qoruyur; o Azərbaycan
Respublikasının qanunvericilik
aktlarında nəzərdə tutulmuş digər
funksiyaları həyata keçirirlər. Hazırda ölkədə
qeydiyyata alınmış 50-dən artıq siyasi partiya var.
Siyasi partiyalar parlamentdə məhdud şəkildə də
olsa təmsil olunmaq, alternativlər təqdim etmək,
seçkilərdə iştirak etmək, müxtəlif
kütləvi tədbirlər keçirməklə hökumətn
siyasətinə təsir edir, problemləri ictimailəşdirir
və onun həllinə müxtəlif
formalarda səy göstərirlər. Bütün bunlar isə
ölkədə demokratiyanın güclənməsinə və
vətəndaş cəmiyyətinin inkişafına təsirsiz
ötüşmür. Həmkarlar ittifaqları vətəndaşların
əsasən sosial, iqtisadi, əmək və s. kimi qeyri-siyasi
hüquqlarının və mənafelərinin müdafiəsi
vasitəsi kimi çıxış edirlər. "Həmkarlar
ittifaqları haqqında" Azərbaycan
Respublikası Qanunun 1-ci maddəsində də deyilir ki, həmkarlar
ittifaqları istehsal və ya qeyri-istehsal sahələrində
çalışan işçilərin, habelə
pensiyaçıların və təhsil alan şəxslərin
əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin
müdafiəsi üçün iş yeri, peşələr,
sahələr üzrə və respublika səviyyəsində
fərdi üzvlük prinsipi əsasında
könüllü birləşdiyi,
nizamnamələri və bu Qanun əsasında fəaliyyət
göstərən müstəqil ictimai, qeyri-siyasi təşkilatdır.
Qanunun 3-cü maddəsinə əsasən,
işçilər, pensiyaçılar, təhsil alan şəxslər,
heç bir fərq qoyulmadan öz istəkləri ilə,
qabaqcadan icazə almadan könüllü surətdə həmkarlar
ittifaqları yarada, habelə öz qanuni mənafelərini, əmək,
sosial, iqtisadi hüquqlarını müdafiə etmək
üçün həmkarlar ittifaqlarına daxil ola və həmkarlar
ittifaqı fəaliyyəti ilə məşğul ola bilərlər.
(Ardı var)
AQİL
525-ci qəzet.- 2014.- 24 aprel.- S. 6.