Ölkə kitabxanaçılarının Ümumrespublika müşavirəsi  başlayıb

 

 

Azərbaycan kitabxanaçılarının Ümumrespublika müşavirəsi işə başlayıb

   Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın icra müddətinin başa çatması münasibətilə aprelin 29-da M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında ölkə kitabxanaçılarının Ümumrespublika müşavirəsi işə başlayıb.

  Müşavirədə Dövlət Proqramının icrası zamanı əldə edilmiş nəticələr, kitabxana sisteminin günün tələbləri səviyyəsində qurulması istiqamətində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunacaq.

   Bildirilib ki, ötən dövrdə Dövlət Proqramının icrası nəticəsində ölkəmizin kitabxana-informasiya şəbəkəsində mühüm addımlar atılmış, islahatlar aparılmış, sahənin gələcəkdə sürətli inkişafına təminat verən əsaslar yaradılıb.

  Vurğulanıb ki, müasir inkişaf mərhələsində informasiya və intellektual zənginləşmə amilinin rolunun artması əhalinin müxtəlif təbəqələri ilə daim sıx əlaqədə fəaliyyət göstərən kitabxana kollektivləri qarşısında yeni tələb və vəzifələr qoyub.

Tədbir çərçivəsində “Kənd Kitabxana-İnformasiya Mərkəzi” pilot layihəsinin və Milli Kitabxanada tətbiq olunan “ALİSA” proqramının təqdimatı olacaq.

 

 

S.Abdullayeva

525-ci qəzet.- 2014.- 30 aprel.- S.6.