Ümummilli Lider Azərbaycan ədəbiyyatının
klassikləri haqqında
(Əvvəli ötən sayımızda)
"Xalqımızın
tarixində ədəbiyyat qədim dövrlərdən öz
yerini tutub və xalqımızın inkişafında çox
böyük rol oynayıb".
Heydər Əliyev
Hələ
lap qədimlərdən ədəbiyyat həmişə
dünyanın qüdrətli dövlət xadimlərinin həyatında,
siyasi fəaliyyətlərində mühüm yer tutub. Hələ onların arasından elələri olub
ki, onlar ədəbiyyatın ən fəal mütaliəçisi
kimi tanınıblar.
Görkəmli dövlət xadimi Heydər Əliyevin də
həyatında və siyasi fəaliyyətində ədəbiyyatın
yeri və rolu danılmazdır.
Azərbaycan
ədəbiyyatı
tarixində elə bir dəyərli ədib yoxdur
ki, Heydər Əliyev onun yaradıcılığına,
şəxsiyyətinə biganə yanaşsın, ona diqqət
yetirməsin. Dahi Azərbaycan şairi Məhəmməd
Füzuli də ulu öndərin nəzərindən
yayınmadı. Belə
ki, Məhəmməd Füzulinin anadan olmasının 500
illiyi münasibətilə Heydər Əliyev yubiley üzrə
Təşkilat Komitəsinin 1 avqust 1994-cü il tarixli
yığıncağında söylədiyi, böyük əks-səda
doğurmuş nitqində yer alan mülahizələrlə də
Azərbaycanın, xalqımızın
tanıdılmasının vacibliyi ilə bağlı
qayğılarını ifadə edirdi: "Bu yubileyi
keçirərkən biz xalqımızın özünü
tanımasını da təmin edəcəyik və etməliyik".
Göründüyü kimi Heydər Əliyev
xalq anlayışını ədəbiyyatdan ayırmır,
onları paralel şəkildə, bir-biri ilə bağlı
şəkildə əlaqələndirir. Ulu
öndər təkidlə qeyd edirdi ki, "biz Füzulini təkcə
"Leyli və Məcnun" poemasının müəllifi
kimi yox, dünya miqyaslı filosof kimi, böyük alim kimi
dünyaya tanıtmalıyıq. Xalq gərək
daim öz kökünü xatırlasın, tarixini öyrənsin,
milli mədəniyyətindən, elmindən heç vaxt
ayrılmasın. Şübhəsiz ki, bu yubileyin
keçirilməsi indiki nəslin... tariximizin nə qədər
zəngin olduğunu və Azərbaycan xalqının dünya
mədəniyyətinə neçə töhfələr
verdiyini dərk etməsinə şərait yaradacaq və hər
bir azərbaycanlıda, ilk növbədə, gənc nəsildə
milli iftixar, vətənpərvərlik hisslərini daha da
yüksəldəcəkdir. Bunun özü
müstəqil Azərbaycanda bizim üçün çox gərəkli
bir amildir".
Heydər
Əliyev Azərbaycanın dünyada tanınmasında ədəbiyyatın
əvəzsiz rolunu hər zaman mükəmməl formada
anlamış və elə bu səbəbdəndir ki, yubiley tədbirləri
ilə Azərbaycan ədəbiyyatını, mədəniyyətini
tanıtmaq üçün belə məsuliyyətli tədbirləri
həyata keçirmişdi: "Məhəmməd Füzuli
kimi şəxsiyyəti olan xalq fəxr edə bilər. Lakin dünya birliyində, dünya xalqları
arasında onun tarixini, mədəniyyətini, milli ənənələrini
təbliğ etmək, yaymaq, sübut etmək
üçün belə yubileylər həmişə
böyük bir vasitədir. Ona görə
də, çətinliklərimizə baxmayaraq, bu yubileyi gərək
yüksək səviyyədə keçirək. Əvvəla, Füzuli özünün
yaradıcılığına, ədəbi, elmi və fəlsəfi
irsinə görə buna layiqdir və Azərbaycan
xalqının bugünkü, XX əsrin sonunda yaşayan nəsli
ona öz minnətdarlığını bildirməlidir.
İkincisi, bu yubileyi keçirərkən biz
xalqımızın özünü daha dərindən
tanımasını təmin edəcəyik və etməliyik.
Eyni zamanda, qeyd etdiyim kimi, biz daim
çalışmışıq ki, Azərbaycan
xalqını dünyaya daha yaxından tanıdaq. Bilsinlər ki, xalqımızın çoxəsrlik,
zəngin tarixi, mədəniyyəti var. Bilsinlər ki, Azərbaycanın
bugünkü mədəniyyəti dahi şəxsiyyətlərimizin
yaratdığı və əsrlərdən-əsrlərə
keçən mədəniyyətimizə, elmimizə, mənəviyyatımıza
əsaslanır. Bu ona görə
lazımdır ki, hamımıza məlum olan düşmən
qüvvələr sübut etməyə
çalışırlar ki, Azərbaycan xalqının zəngin
tarixi olmamışdır, onun kökü yoxdur. Şübhəsiz ki, bu, cəfəngiyyatdır.
Bəzən buna heç cavab vermək istəmirsən.
Lakin xalqımıza düşmən olan, qəsd etmək istəyən
dairələr, qüvvələr, bəzən də millətlər
respublikamızı parçalamaq, onun ərazisini qəbul etmək
istəyənlər əvvəllər də
çalışmışlar və indi də
çalışırlar sübut etsinlər ki, guya Azərbaycan
xalqı tarixi köklərə malik olan bir xalq deyildir. Ona görə də Füzuli kimi şəxsiyyəti
dünyaya bir daha tanıtmaqla onun necə böyük şair,
mütəfəkkir, filosof olduğunu və dünya mədəniyyətinə
nə qədər töhfə verdiyini, onu necə zənginləşdirdiyini
göstərəcəyik. Buna bizim əvvəllər
də ehtiyacımız olmuşdur, lakin bu gün xüsusilə
vacibdir. Çünki Azərbaycan müstəqil
dövlətdir, xalqımız milli azadlığa nail
olmuşdur və biz müstəqilliyimizin daimi, əbədi
olması üçün çalışırıq və
bundan sonra da çalışacağıq".
Heydər
Əliyev Füzulini ərəb, fars
şairi adlandıranlara kəskin cavab olaraq demişdi:
"Burada çıxış edən natiqlər də dedilər
ki, ərəblər və farslar Füzulini öz şairi
sayırlar. Türkdilli xalqlar isə hesab edirlər
ki, o, türkdür. Biz də deyirik ki,
Füzuli türk, azərbaycanlıdır. Eyni zamanda bunu türkmən, özbək, qazax,
Türkiyədə yaşayan türklər, İraq türkmənləri
də deyə bilərlər. Qoy Füzuli
hamıya məxsus olsun, tarixə bəşəri bir şəxsiyyət
kimi düşsün".
Heydər Əliyev Səməd Vurğun
yaradıcılığından və şəxsiyyətindən
də yan keçməmişdi. Müasirləri onun ilk gənclik illərindəVurğunun
"Vaqif" pyesində əsas rollardan birini ifa etdiyini
xatırlayırlar. Hətta Heydər Əliyevin
teatr həvəskarı olmasına dair nadir fotoşəkillər
də görkəmli dövlət xadiminin Naxçıvan səhnəsindəki
muzeyində qorunub saxlanmaqdadır. 26 mart 1997-ci ildə Xalq
şairi Səməd Vurğunun ev muzeyində
çıxış edərkən dahi Heydər Əliyev
xüsusi olaraq bunları qeyd edirdi: "Biz bu gün Vaqifin heykəlini,
şəkillərini görürük. Amma həqiqətdə
Vaqifin şəkli olmayıbdır. Vaqifin
şəklini də Səməd Vurğun və Vaqif rolunu
oynayan dahi aktyorumuz Ələsgər Ələkbərov və
Azərbaycan Dövlət Dram Teatrı yaratmışdır.
Görürsünüz, Səməd Vurğun bir əsərdə
bizim milli mədəniyyətimizə, ədəbiyyatımıza,
mənəviyyatımıza aid nə qədər böyük
məsələlər həll edibdir. Səməd Vurğun
xalqımıza nə qədər xidmətlər göstəribdir.
Biz də Səməd Vurğunun yolu ilə gedərək
Vaqifin adını əbədiləşdirməyə
çalışırıq, onun ölümündən 200 il
sonra Şuşada, Cıdır düzündə Vaqifin qəbri
üzərində böyük məqbərə yaratdıq. Həmin məqbərədə Səməd
Vurğun, Azərbaycan teatrı və Ələsgər Ələkbərov
tərəfindən yaradılmış Vaqif surətinin heykəlini
qoyduq.
Səməd Vurğunun digər dram əsərləri də
yüksək qiymətə layiqdir. "Fərhad və Şirin" də,
"Xanlar" da, "İnsan" da Azərbaycan ədəbiyyatına,
şeirinə, teatrına
böyük töhfələrdir. Onlar əbədi
yaşayacaqlar".
Heydər
Əliyev öz nitqini və fikrini bunlarla
yekunlaşdırmamış, davam edərək bunları qeyd
etmişdir: "Vaqif" əsərinin xüsusiyyəti,
şübhəsiz ki, birinci növbədə bu əsərin
Azərbaycan xalqının tarixinin müəyyən bir hissəsini
əks etdirməkdən ibarətdir. O, eyni zamanda, dərin
fikirləri əks etdirən bir əsərdir, hər bir azərbaycanlının
ürəyinə yatan, onu sevindirən şeir
misralarıdır".
Ulu
öndərin dahi şairin 90 illik yubileyi zamanı söylədiyi
nitqi bir daha onun ədəbiyyata verdiyi dəyərin, qiymətin
göstəricisi kimi təzahür edir: "Böyük
şair Səməd Vurğunun 90 illik yubileyi şeir, mədəniyyət
bayramıdır, Azərbaycan xalqının bayramıdır. Bu bayram münasibətilə mən sizi,
bütün Azərbaycan vətəndaşlarını ürəkdən
təbrik edirəm. Azərbaycan bir ildir ki,
Səməd Vurğunun 90 illik yubileyini qeyd edir, ölkəmizdə
yubiley mərasimləri keçirir. Bu təbiidir,
çünki Səməd Vurğun xalqımız, millətimiz
üçün o qədər dəyərli bir şəxsiyyət
olub, o qədər zəngin bir irs qoyub ki, onun 90 illik yubileyi
bir gün, bir ay yox, məhz bir il müddətində
keçirilməli idi. Bu müddətdə hər yerdə, hər
evdə, hər şəhərdə, hər kənddə Səməd
Vurğun yad olunur, onun şeirləri oxunur, əsərləri
yenidən canlanır və bunlar hamısı müasirlərimizə,
gənclərimizə ruh verir, onları sevindirir,
şadlandırır". Ulu öndər öz nitqində Səməd
Vurğun yaradıcılığının, demək olar ki,
bütün məsələlərinə toxunur: "Səməd
Vurğun şeirinin böyüklüyü, eyni zamanda, gözəlliyi
ondan ibarət idi ki, onun hər kəlməsi, hər sətri
hər bir azərbaycanlının qəlbinə
çatırdı, onun beynini fəth edirdi, onu öz təsiri
altına salırdı. Səməd Vurğunun
şeiri bu gün də müasirlərimizə, gənc nəslə
ilham, ruh verir, onları coşdurur, daha da vətənpərvər
edir, onlara vətəni, milləti, torpağı sevməyi
öyrədir. Səməd Vurğunun
"Azərbaycan" şeiri dillərdə əzbər
olubdur. Bilirsiniz, o qısa sözlərdə o qədər
dərin məna var ki, həmin sözləri hər bir insan
dilinə gətirib, təkrar edərkən öz xalqına,
ölkəsinə bir daha öz məhəbbətini, sevgisini,
sədaqətini ifadə edir:
El bilir
ki, sən mənimsən,
Yurdum,
yuvam, məskənimsən!
Anam,
doğma Vətənimsən!
Ayrılarmı könül candan?
Azərbaycan,
Azərbaycan!
Göründüyü kimi, Heydər Əliyev
bütün bu məqamlarda həm ədəbiyyatın misilsiz
bilicisi, həm də sözə dəqiq qiymət verən
parlaq şəxsiyyət olaraq göz önündə
canlanır və tarixdə də daima belə qalacaq.
Aytən MƏMMƏDOVA,
Filoloq
525-ciqəzet.-2014.-6 avqust.-S.4.