Azərbaycanın mənəvi-mədəni
irsinin qorunması yolunda
atılan böyük addımlar
1946-cı ildə Birləşmiş
Millətlər Təşkilatının
ixtisaslaşmış qurumu
kimi yaradılan
UNESCO-nun fəaliyyətə başlaması dünyada elmin, mədəniyyətin,
təhsilin, ən başlıcası isə
mənəviyyatın qorunub
gələcək nəsillərə
ötürülməsi yolunda
mühüm mərhələ
oldu. UNESCO artıq neçə onillikdir ki, ona üzv
olan 200-ə yaxın dövlətlə birgə
elm, təhsil, mədəniyyət
məsələlərinin inkişafında
mühüm işlər
görür. BMT və
onun ixtisaslaşmış
qurumları ilə sıx münasibətdə
olan UNESCO, həmçinin
aparıcı dövlətlərarası
təşkilatlarla (İqtisadi
Əməkdaşlıq və
İnkişaf Təşkilatı,
Avropada Təhlükəsizlik
və Əməkdaşlıq
Təşkilatı, Afrika
Birliyi Təşkilatı,
Ərəb Dövlətləri
Liqası, İSESKO) müqavilə
əlaqələrinə malik
olub, 600-dən çox
qabaqcıl beynəlxalq
və qeyri-hökumət
təşkilatları ilə
əməkdaşlıq edir.
Rəqəmlərin çoxluğu onu
göstərir ki, qurum öz fəaliyyəti
ilə demək olar, bütün dünya əhalisinin şüuruna müsbət
təsir göstərməkdədir.
Qlobal elmi, mədəni layihələrdə iştirak
etmək imkanlarından
bəhrələnmək şəraiti
yaradan təşkilata
ölkəmizin də
üzv olması Azərbaycanın maddi, mənəvi irsinin qorunub yaşatmasıyla yanaşı, dünya miqyasında daha da tanıdılması ilə nəticələndi.
Maraqlıdır ki, İkinci
Dünya Müharibəsindən
sonrakı mənəvi
fəsadları aradan qaldırmaq məqsədi ilə yaradılan UNESCO-ya ölkəmiz də qanlı bir savaşın - Qarabağ müharibəsinin
ən qızğın
dövründə, yəni
1992-ci ilin 3 iyul tarixində daxil olub. Bu da
Azərbaycanın ən
çətin vaxtlarında
belə beynəlxalq miqyasda elm, mədəniyyət,
təhsil məsələlərindən
kənarda qalmamasının
bariz nümunəsi idi. Ancaq bu sahədə
ən mühüm və uğurlu addımlar sonrakı illərdə atıldı.
Bu bir faktdır ki, Ümummilli lider Heydər Əliyevin xarici və daxili siyasət kursu əsasında görülən
işlər Azərbaycanın
dünyada nüfuzunun
artmasında böyük
təkan verdi.
1993-cü ildə ulu öndərin Fransa Respublikasına rəsmi səfəri zamanı UNESCO-nun keçmiş
baş direktoru Federiko Mayorla görüşü təşkilatla
Azərbaycan arasında
əlaqələrin inkişafında
mühüm rol oynadı.
Qeyd edək
ki, dünyanın ən böyük qurumlarından olan UNESCO ilə əməkdaşlıq
yalnız ikitərəfli
olmayıb. UNESCO çoxtərəfli
təşkilat olduğu
üçün Azərbaycan
onun vasitəsilə müxtəlif dövlətlərlə
mədəniyyət, elm və
təhsil məsələləri
üzrə layihələrdə
birgə iştirak etməklə əhəmiyyətli
layihələrə imza
atıb.
2004-cü ildə ənənəvi musiqinin, ədəbiyyat və poeziyanın inkişafına verdiyi töhfələrə, musiqi təhsili və dünya mədəniyyətlərinin mübadiləsi sahəsindəki xidmətlərinə və UNESCO-nun ideyalarına göstərdiyi sadiqliyə görə Təşkilatın şifahi ənənələr və musiqi ənənələri sahəsində Xoşməramlı səfir adına layiq görülən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Azərbaycan-UNESCO əlaqələrinin güclənməsində əvəzsiz xidmətlər göstərib. Belə ki, 2005-ci il 24 avqust tarixində Gülüstan sarayında "UNESCO-Azərbaycan: gələcəyə körpü" mövzusunda keçirilən konfrans UNESCO-nun tarixində ayrıca bir ölkəyə həsr olunmuş ilk tədbir kimi yadda qaldı. Konfransda UNESCO ilə Azərbaycan arasında təhsil sahəsində əməkdaşlığa dair imzalanmış Qarşılıqlı Anlaşma Memorandumu maariflənmənin daha da inkişafı üçün açılan bir körpü oldu. Yeri gəlmişkən, qeyd edək ki, Azərbaycan Dillər Universiteti və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında YUNESKO kafedraları fəaliyyət göstərir ki, böyük nüfuza malik olan qurumun ideyaları daha müfəssəl şəkildə tələbələrə aşılanır.
Son illər milli irsimizin mühafizəsi üçün görülən təqdirəlayiq işlər, elm və mədəniyyət sahəsindəki müsbət dəyişikliklər Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi sayəsində UNESCO ilə sıx əməkdaşlıq hesabına həyata keçib. Azərbaycanın bir sıra görkəmli alimlərinin, yazıçı və bəstəkarlarının yubileylərinin keçirilməsi, UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına İçərişəhərin Şirvanşahlar Saray Kompleksi ilə birgə daxil edilməsi, həmin siyahıya, həmçinin Qobustan Dövlət Tarixi Bədii Qoruğunun, Azərbaycan muğamının, aşıq sənətinin, Novruz bayramının, tar musiqi alətinin əlavə olunması məhz Mehriban xanım Əliyevanın ardıcıl təşəbbüsləri və fəaliyyəti nəticəsində baş tutub. Bir müddət əvvəl Bakıda UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasının keçirilməsi və Qarabağ atları üzərində Çövqan oyununun Azərbaycanın müraciəti əsasında UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısına salınmasını Azərbaycanın mədəniyyət siyasətində mühüm hadisə kimi dəyərləndirmək olar.
Təsadüfi deyil ki, Azərbaycan-UNESCO ikitərəfli əlaqələrinin inkişafına verdiyi töhfələrə görə Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun Xoşməramlı səfiri Mehriban Əliyeva təşkilat tərəfindən yüksək dəyərləndirilir. Belə ki, 2009-cu il 19 mart tarixində UNESCO-nun keçmiş baş direktoru Koişiro Matsuuranın Bakıya səfərində ölkəmizin Birinci xanımına gümüş xatirə medalı təqdim edilib. Həmçinin, 2010-cu ilin 30 iyulunda Mehriban xanım Əliyevaya UNESCO-nun baş direktoru İrina Bokova tərəfindən Motsart medalı təqdim olunub.
Təbii ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Azərbaycan-UNESCO əlaqələrinin inkişafı istiqamətində gördüyü işlər bununla bitmir. Sevindirici, qürurverici bir amildir ki, keçirilən tədbirləri bir məqaləyə sığışdırmaq mümkün deyil. Bu isə bir daha təsdiqləyir ki, Azərbaycan Respublikası mədəni sahədə də beynəlxalq miqyaslı siyasətini uğurla və yorulmadan davam etdirir. Dərin inam hissi ilə vurğulamaq olar ki, Azərbaycan-UNESCO əməkdaşlığı hələ çox uzun müddət beləcə uğurla davam edəcək. Çünki bu əməkdaşlıq möhkəm təməl üzərində qurulub və prosesin gedişi göstərir ki, münasibətlər yalnız yüksələn xətt üzrə inkişaf edə bilər.
Heç şübhəsiz, Azərbaycan-UNESCO əməkdaşlığı müstəvisində ən önəmli yerlərdən birini İçərişəhər tutur. Möhtəşəm abidələrlə, misilsiz mədəni irs nümunələrilə dolu olan bu əsrarəngiz məkan artıq xeyli zamandır ki, Azərbaycan-UNESCO işbirliyi sayəsində beynəlxalq miqyasda geniş təbliğ olunur və müasir səviyyədə qorunur. Tarixinə nəzər salanda aydın görmək olar ki, İçərişəhərin belə yüksək səviyyəli münasibətə və Azərbaycanın da belə bir dəyərli mədəniyyət xəzinəsi ilə qürur duymağa haqqı var.
İçərişəhər - Şəhər üzərində Şəhər, Şəhər içində bir məkandır. Onun unikallığı bundan ibarətdir ki, öz infrastrukturu və yaşayış massivləri ilə birgə canlı orqanizm kimi mövcudluğunu davam etdirir. İçərişəhərdə 1300-dən artıq ailə yaşayır, 18 otel, yüzdən artıq ticarət və iaşə obyekti, bir neçə muzey, muzey ekspozisiyası fəaliyyət göstərir. Minillik tarixə malik İçərişəhər - Qədim Bakı Azərbaycan dövlətçiliyinin rəmzi sayılan qədim Şirvanşahlar dövlətinin paytaxtı olub və bütün Yaxın Şərqin qədim iqtisadi, mədəni mərkəzlərindən biri hesab edilib.
(Ardı var)
Ü.HEYDƏROVA
525-ci qəzet.- 2014.- 7 avqust.- S.4.