ANAMA
"Dövlətdə dəvə - övladda nəvə"
Nəvənin əlindən elə tutmusan,
Çıxıbdı yadından uşağın, ana.
Deyəsən özünü lap unutmusan,
Haqlımı, haqsızmı qınağın, ana?!
Gözün yaman qorxub dəcəlliyimdən,
Bu cüllüt nəvəndən yoxdur xəbərin.
Öyündüm şəhərdə kəndliliyimnən,
Ana, fərqi çoxdu kəndlə şəhərin.
Hələ gülüşə bax gözünün altdan,
Biz deyən sözləri deməli almır.
Çətin çıxacağıq sözünün altdan
Boynuna tutduğu əməli almır.
Mən belə deyildim anam, ay anam,
Üzümdə abırım, utancaqlığım.
Mən sənin bir köynək yaxın balanam,
Tutacaq deyəsən
ta qısqanclığım.
Çox
da əzizləmə:
"dövlətim, dəvəm",
Gəl belə
böyutmə, almaz öyüdü.
Sənin
bu şəhərli dələduz nəvən
Tökəcək burnumdan verdiyin südü.
Mən kənddən gələndə
özümnən, ana,
İçimdə bir şəhər kənd gətirmişəm.
Sən demə dünyaya övlad yox, amma
Sözümü kəsməyə fənd gətirmişəm.
Mənim
ucbatımdan saçın
qardısa,
Belə qocalmağın gözümə
gəlir.
Sənə elədiyim nələr
vardısa,
Birə-beş qayıdıb özümə
gəlir.
Könlüncə böyüyür, gözlərin
aydın,
"Anamı ağladır"
- alqışın tutub.
Belə
arzulayan sən olmasaydın,
Deyərdim kiminsə qarğışı
tutub.
YADIMA
DÜŞÜRSƏN
Olmusan əsiri bir xoş qılığın,
Hardasan, necəsən,
gözümdən uzaq.
Bir azca ərköyün, bir azca çılğın,
Lap bir az da kövrək, ay dəli uşaq-
Sən mənim
yadıma yaman düşürsən.
Həsrət ürəyimdə eşqə
yaraşıq,
Yenə xatirələr gəlir bir ətək.
Yolotu, qırxbuğum, yarpız qarışıq,
Qışın ortasında yaz nəfəsi tək
Sən mənim
yadıma yaman düşürsən.
Vüsalına həsrət yar
ağlayanda
Günəşin odundan qar ağlayanda,
Kaman göynəyəndə, tar ağlayanda,
Sən mənim
yadıma yaman düşürsən.
Sevda səmasından hələ
düşmərəm,
Nəzərə gəlmərəm, dilə
düşmərəm,
Mən sənin yadına belə düşmərəm,
Sən mənim
yadıma yaman düşürsən.
Baxıb
bu gününə öyünmədiyim,
İkiyə bölünən məmləkət
kimi.
Boy atıb qoynunda böyümədiyim,
Həsrətin çəkdiyim doğma
kənd kimi
Sən mənim
yadıma yaman düşürsən.
DƏRD
QALSIN BAŞLI-BAŞINA
Sənə şeir yazmaq olar?
Sən ilahi bir şeirsən.
Dırnağından telinəcən,
Kaş biləsən
nə deyirsən.
Sən bildiyin bilməcələr,
Ürəyimin sarı simi.
Sən getdiyin dar küçələr
Çəkə bilmir iniltimi.
Ürəyimi yatırma gəl,
İşvə, sığal yeri deyil.
Hələlik de, görüşərik,
Bura sağ ol yeri
deyil.
Yanımızdan keçib gedir,
İçi qara ağ
adamlar.
Böyük sevda sarayıdır,
Şah kahalar, ağa damlar.
Hissinə kölə ürəyin,
Düşüb bir daşdı, başına.
Bəlkə baş götürüb
gedək
Dərd qalsın başlı-başına?
İkimiz
əl-ələ verib,
Gəl baş alıb, çıxaq gedək.
Od vuraq dərdin canına,
Komasını yıxaq gedək.
QARAGÖZLÜM
Başlayar yaz yağışları,
İslanarsan, qaragözlüm.
Bir yağışnan sığallanıb-
Süslənərsən, qaragözlüm.
Həsrətiyik gör nələrin,
Yaz yağışlı
gecələrin.
Ölərəm olmaz xəbərin
Yaslanarsan, qaragözlüm.
Bəhsə girib dərd ölümnən,
Zara gəlib dərd
əlimnən.
Uzaqlaşma, dərd ələmnən-
Bəslənərsən, qaragözlüm.
Tuşmu
gəldik qarğışlara,
Bəd nəzərli
baxışlara.
Məni
yazda yağışlara
Qısqanarsan, qara gözlüm.
GETMƏ
İçimdə fırtına, bayırda
tufan,
Üstümə bir acı yel
əsib, getmə.
Bu yolu gecikə-gecikə gəldin,
Bu yolu tələsib,
tələsib getmə.
Qıyma
ki, xəyalım sürgünlük olsun,
Körpə duyğularım süngülük
olsun.
Gedişin birgünlük, beşgünlük
olsun
Aradan bir uzun il asıb getmə.
Heç
mənə gəlmədi
səndən gedənlər,
Ömürdən gedənlər, gündən
gedənlər.
Yaman uzaq gedir məndən
gedənlər,
Yol çəkən
gözümdən yol
asıb getmə.
GÖZLƏYƏ-GÖZLƏYƏ
QALDIM
Köksümü eşqin oduynan
Közləyə-közləyə qaldım.
Asılıb "gözlə" sözündən
Gözləyə-gözləyə qaldım.
Bilmədim nəyə gözlədim
Gələrsən deyə, gözlədim.
Yolunu niyə gözlədim-
İzləyə-izləyə qaldım!?
Qar papaqdın, buz əlcəkdin,
Bəs qardan tez gələcəkdin?!
Ürəyimə bir dağ çəkdin
Sızlaya-sızlaya qaldım.
Sus dinləyim, din eşidim,
Var dərdlərdən
min çeşidim.
Üzünə baxıb üşüdüm,
Buzlaya-buzlaya qaldım.
Bürünüb nida kürkünə,
Dönmüşəm tanrı görkünə.
Könlümü sevda kökünə
Sazlaya-sazlaya qaldım.
İYİRMİ YANVARA AĞI
Tanrım bizi ağlayası,
Ağı deyən bir dil göndər.
İçimizdə göyərtməyə
Yurd sevgili şitil göndər.
Qan yandırır od-ocaqlar,
Olmalıymış olacaqlar.
Ağlamır dərdinə toxlar
Ac-yalavac, səfil göndər.
Gedim göz yaşı tökməyə,
Yaranmışam dərd çəkməyə.
Bu qanı yurda bükməyə
Gül naxışlı məndil göndər.
Cəsədsizdir neçə şəhid,
Şəhər əsir, küçə şəhid.
Hər ildə bir gecə şəhid
Hürr olmağı hər il göndər.
Son şəhidəm, son səkidə,
Əvvəlki də, sonrakı da.
Qərənfil çoxdur Bakıda
Bir büküm qərənfil göndər.
Elməddin Nicat
525-ci qəzet.-
2014.- 9 avqust.- S.28.