Azərbaycanın mənəvi-mədəni irsinin qorunması yolunda atılan böyük addımlar

 

(Əvvəli ötən sayımızda)

Azərbaycan-UNESCO əməkdaşlığı müstəvisində ən önəmli yerlərdən birini İçərişəhər tutur. Möhtəşəm abidələrlə, misilsiz mədəni irs nümunələrilə dolu olan bu əsrarəngiz məkan artıq xeyli zamandır ki, Azərbaycan-UNESCO işbirliyi sayəsində beynəlxalq miqyasda geniş təbliğ olunur və müasir səviyyədə qorunur. Tarixinə nəzər salanda aydın görmək olar ki, İçərişəhərin belə yüksək səviyyəli münasibətə və Azərbaycanın da belə bir dəyərli mədəniyyət xəzinəsi ilə qürur duymağa haqqı var.

İçərişəhər – Şəhər üzərində Şəhər, Şəhər içində bir məkandır. Onun unikallığı bundan ibarətdir ki, öz infrastrukturu və yaşayış massivləri ilə birgə canlı orqanizm kimi mövcudluğunu davam etdirir. İçərişəhərdə 1300-dən artıq ailə yaşayır, 18 otel, yüzdən artıq ticarət və iaşə obyekti, bir neçə muzey, muzey ekspozisiyası fəaliyyət göstərir. Minillik tarixə malik İçərişəhər – Qədim Bakı Azərbaycan dövlətçiliyinin rəmzi sayılan qədim Şirvanşahlar dövlətinin paytaxtı olub və bütün Yaxın Şərqin qədim iqtisadi, mədəni mərkəzlərindən biri hesab edilib.

MƏHƏMMƏD MƏSCİDİ

Məhəmməd məscidi İçərişəhərin ən qədim islami dövr abidələrindəndir. Məscid binası onunla yanaşı duran minarəyə nisbətən daha qədimdir. Abidənin şimal fasadında giriş qapısının sol tərəfində ərəb dilində “Rəhmli və mərhəmətli Allahın adı ilə. Bu məscid binasının tikilməsini “Ustad ər-rəis Məhəmməd b. Əbubəkr əmr etmişdir. Tarix: h.471 = 1078/79-cu il” yazısı həkk olunub. Bu tarix Şirvanşah I Fəribürzün hakimiyyət illərinə təsadüf edir. Həmin dövrdə şəhər administrasiyasının başçısı rəis adlandırılırdı. Minarənin stalaktit balkonunun karnizi altında ərəb dilində yazılmış kufi xətli kitabə yerləşir. Məşhur ərəb alimi kufi xəttinin mahir tədqiqatçısı Əbd əl-Həyy Həbibi Qafqazda olan kufi yazılarının xətt xüsusiyyəti (paleoqrafiya) haqqında danışarkən bu yazını təkrarolunmaz, dünyada analoqu olmayan yazı kimi təqdim edir.

QALA DIVARLARI VƏ LABİRİNT KÜÇƏLƏR

Orta əsrlərdə qədim Bakı ikiqat Qala divarları ilə əhatə olunmuşdu və möhtəşəm müdafiə istehkamını xatırladırdı. Qala divarlarını bir-birindən dərin xəndək ayırırdı. Düşmən hücumu zamanı xəndək su ilə doldurulurdu. Birinci qatı keçən düşmən su ilə qarşılaşırdı və başına od yağırdı. Divarların ikinci qatının hündürlüyü 8-10 metr, eni 3,5 metr təşkil edir. Şirvanşah III Mənüçöhrün (1120-1160-ci illər) əmri ilə inşa edilən qala divarının içində olan bütün binalar (Şəhristan) taktiki və strateji baxımdan müdafiə xarakteri daşıyırdı. İri meydan və enli küçələrin içəriyə doğru getdikcə kiçilib sıxlaşması və qapalı məkana (dalana) dirənməsi şəhər əhalisinin bütün gücü ilə müdafiə işinə cəlb olunmasından xəbər verirdi.

SIRA TAĞLI DİNİ-MEMARLIQ KOMPLEKSİ – BƏDİİ DAŞ YONMA SƏNƏTİ NÜMUNƏLƏRİ MUZEY EKSPOZİSİYASI

Sıra tağlı dini-memarlıq kompleksi yerləşən ərazidə 1960-cı illərdə arxeoloji qazıntı aparılan zaman bir neçə mədəni təbəqə aşkarlanıb. 8 metr dərinlikdə səkkizguşəli, ortası oyuq olan daş sütun aşkar edilib. Sütunun ortasındakı oyuqda od izləri var idi. Alimlərin fikrincə bu tapıntı atəşpərəstlik dövrünə aiddir. XII əsrin mədəni təbəqəsində 50-dən artıq qəbir aşkar edilib. Qəbirlərdə adi vəziyyətdə yerləşdirilmiş insan skeletlərindən başqa, qarma-qarışıq tökülmüş insan sümükləri də var idi. Şübhəsiz ki, bu, adi qəbiristanlıq yeri olmayıb. Burada fəxri dəfn mərasimləri keçirilib. Küt tökülmüş insan sümüklərinin uzaq ölkələrdən gətirildiyi güman edilir. Orta əsrlərdə bu tip fəxri dəfnlər sufi şeyxlərinə məxsus Xanəgahların ərazisində keçirilib. Xanəgahlar orta əsrlərdə karvan-ticarət yollarının üzərində tikilirdi. Xanəgahlar sufi şeyxlərinin yaşadıqları və fəaliyyət göstərdikləri yerlər idi. Daş üzərində bədii daş yonma Azərbaycan xalqının dekorativ-bədii yaradıcılığının yüksək inkişaf etmiş sahələrindəndir. Memarlıq abidələri üzərində ornament sənəti memorial abidələrdə yazı ənənələri ilə sıx bağlıdır. Orta əsrlərdə bədii daş yonma memarlıq abidələrində və məzar daşlarında geniş tətbiq olunurdu. İstedadlı ustalar, nəqqaşlar, xəttatlar abidənin bədii tərtibatı ilə yanaşı, yazılardan da istifadə edirdilər. Yazılar bədii tərtibatın mühüm, ayrılmaz bir elementinə çevrilirdi.

ÇİN MƏSCİDİ

2011-ci ildə XIV əsrin abidəsi olan Çin məscidində Azərbaycanda ilk dəfə “İçərişəhər” Tarixi Muzeyinin numizmatik ekspozisiyası açılıb. Azərbaycanın dövlətçilik tarixinin əsas atributlarından biri olan sikkələrdən ibarət bu ekspozisiya qoruqda yerləşən Çin məscidində ərsəyə gətirilib. XIV əsrin abidəsi olan Məscid Şirvanşahlar sarayının yaxınlığında yerləşir. Məhəlli xarakter daşıyan Çin məscidi bir otaqdan ibarətdir. Ekspozisiyanın yaradılması zamanı dövlətimizin 8 guşəli gerbi forması əsas götürülərək, daxili interyerdə cürbəcür əşyaların quruluşunda istifadə edilib. Əsas mövzu eramızdan əvvəl III – eramızın XIX əsrin I yarısına qədərki dövrü əhatə edən Azərbaycanın sikkə zərbi işidir. Bütövlükdə 2500 illik tarixə malik olan dövlətçilik ənənələrini özündə əks etdirən ekspozisiyada həm öz şəhərlərimizdə, həm də əcnəbi ölkələrdə zərb edilən sikkələr, iki dəfinə nümunələri xüsusi dizayna malik olan vitrinlərdə nümayiş etdirilir. Sərgilənən material İçərişəhərdə arxeoloji qazıntılar zamanı aşkar olunmuş sikkə nümunələridir. Burada pula qədərki əmtəə nümunələri, XIX əsrdə Azərbaycanda dövriyyədə olan əcnəbi dövlətlərin sikkə nümunələri vardır. Hər bir vitrinin daxili dizayn işində sikkələrlə yanaşı, müvafiq dövrlərə aid olan cürbəcür maddi-mədəniyyət nümunələri – saxsılar, mis qablar, silah, bəzək əşyalarından da istifadə olunub. Ekspozisiyada interaktiv materiallar kimi 2 ədəd yeni tərtib edilmiş xəritədən də istifadə olunur. Xəritədə ən qədim dövrlərdən Azərbaycan ərazisində intensiv fəaliyyət göstərən zərbxanalar, xarici ölkələrdə aşkar edilən sikkələrin topoqrafik məlumatı öz əksini tapıb.

ARXEOPARK

Qədim bağ kompleksindəki arxeo-parkda müxtəlif illərdə açılmış üç arxeoloji qazıntı sahəsi vardır. Qazıntılar nəticəsində torpaq altından yeraltı gizli yol, qayada ovulmuş su yolları, kəhriz və təsərrüfat quyuları, təndir yerləri, müxtəlif dövrlərə aid memarlıq tikililəri aşkarlanıb. Arxeoloji tədqiqatlar nəticəsində buradan şəhərin sosial-iqtisadi və mədəni həyatını əks etdirən unikal maddi-mədəniyyət abidələri – keramik və fayans təsərrüfat qabları, metal alətlər, şirli və şirsiz (monoxrom, polixrom) qab qırıqları, boşqab, bardaq və qara çıraqlar aşkar olunub. Qayaüstü təbəqəyə qədər qazılmış qazıntı sahəsindən, həmçinin qayada ovulmuş bir neçə təsərrüfat quyuları açılıb. Qazıntı sahəsi ərazisindən şimal-cənub istiqamətində uzanan üstü tava daşlarla örtülmüş yeraltı yol da aşkarlanıb. Yeraltı yol, 1925-ci ildə arxeoloq V.M.Sısoyev tərəfindən Qız Qalası qarşısında aşkarlanmış yeraltı yolun, həmçinin Multan karvansarasının altından keçən həmin yeraltı yolun bir hissəsi olub Qoşa Qala qapılarına doğru gedir. Yeraltı yol iki hissədən ibarət olub məqsədyönlü tikilib. Yeraltı yolun aşağı hissəsində bir-birinə keçirilmiş tüng (keramik) borulardan ibarət su kəməri uzanır.

KİÇİK KARVANSARA

“Kiçik Karvansara” və ya “Xan Karvansarası” adlanan abidə XII əsrdə Came məscidinin kompleksinə daxil olmuş ali təhsil ocağı – Mədrəsə binasıdır. Üç tərəfdən açıq eyvanlarla əhatə olunmuş hücrələr Mədrəsədə təhsil alan tələbələr üçün nəzərdə tutulmuşdu. Tələbələr Mədrəsədə təhsil alır, həm də orada yaşayırdılar. Tələbələrin təhsil haqqı məscidin vəqf əmlakından gələn gəlir hesabına ödənilirdi. İldə 4 dəfə Mədrəsələrdə imtahan keçirilirdi. İmtahandan kəsilən tələbə Mədrəsədən xaric olunurdu. Analoji komplekslər İrəvan və Dərbənd şəhərlərində də mövcuddur. XV əsrin sonu XVI əsrin əvvəlində bina Karvansara kimi istifadə olunub. Karvansaralar orta əsr şəhərlərində mehmanxana funksiyasını daşıyan qonaq evləri idi. Burada qalan qonaqların həm özlərinin, həm də mallarının təhlükəsizliyi təmin olunurdu. Bu gün ölkə əhəmiyyətli abidədə İçərişəhərin Konservasiyası üzrə Master Planına əsasən əsaslı şəkildə bərpa-konservasiya işləri aparılıb, tarixi abidəyə öz əvvəlki möhtəşəmliyi qaytarılıb. Burada yaradılmış İncəsənət mərkəzində Azərbaycanın milli sərvəti sayılan sənətkarlıq nümunələri: xalçaçılıq, ağac oyma, dulusçuluq, zərgərlik, milli geyimlər, dekorativ yaşıllaşdırma və digər tətbiqi sənət işləri sərgilənir.

AĞA MİKAYIL HAMAMI

Ağa Mikayıl hamamı XVIII əsrdə Şamaxı sakini Hacı Ağa Mikayıl tərəfindən İçərişəhərin cənub-qərb tərəfində, əsas küçələrdən biri olan Kiçik Qala küçəsində tikilib. Hamamın yerləşdiyi əraziyə sakinlər arasında hamamçılar məhəlləsi də deyilir. Otaqların daxili quruluşu öz genişliyi ilə digər hamamlardan fərqlənir. Soyunma və yuyunma otaqları kvadrat formalıdır. Otaqlar dörd mərkəzi dayaq sayəsində böyük kompozisiya təşkil edir. Hamamın memarlıq kompozisiyası proporsional təyin olunan yaruslara bölünən çatma formalı tağlar, qübbələr və günbəzlərlə ifadə olunub. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Bakının tarixi mərkəzinin konservasiyası üzrə ətraflı Baş Plan”ına əsasən İçərişəhərdə yerləşən Ağa Mikayıl hamamında bərpa işləri aparılıb.

VAQİF MUSTAFAZADƏNİN EV-MUZEYİ

Vaqif Mustafazadə (1940-1979) görkəmli Azərbaycan caz bəstəkarı və pianoçusudur. Vaqif Mustafazadə dinləyiciləri öz orijinallığı, mahir ifa tərzi və özünə məxsus harmonik dillə fəth edirdi. O, ilk dəfə cazda Azərbaycan muğamlarından istifadə edib və Azərbaycan cazının banilərindən biri olub. Çoxlu sayda caz kompozisiyaları və oranjimanların müəllifi olaraq, V.Mustafazadə simfonik və kamera musiqisi də yazırdı. 1989-cu ildə yaradılmış muzeydə 1214-dən artıq eksponat toplanıb. Bunlar Vaqif Mustafazadənin incəsənət əsərləri, məişət və şəxsi əşyaları və həmçinin ona aid olan fotoşəkillər, afişalar, qramplastinkalar, müxtəlif sənədlərdir.

 

Ü.HEYDƏROVA

525-ci qəzet.- 2014.- 9 avqust.- S.25.