Azərbaycanın mənəvi-mədəni
irs xəzinəsində parlaq
bir imza - Seyid Yəhya Bakuvi
Adı, ömür
və fəaliyyət
yolu əsrlərdən
bəri Azərbaycanla,
paytaxtımız Bakıyla
sıx bağlı olan məşhur tarixi şəxsiyyətlərdən
biri də böyük din və mənəviyyat adamı, alim və filosof
Seyid Yəhya Bakuvidir. Azərbaycanda dünyaya gələn
Seyid Yəhya Bakuvi ömrünün böyük bir qismini burada, əsasən də Bakıda yaşamaqla, tələbələr yetişdirməklə,
öz dini-fəlsəfi
görüşlərini təlim
etməklə keçirib.
Elə buna görə də Bakuvi ləqəbini götürüb.
Məhz yetişdirdiyi tələbələri
vasitəsi ilə Xəlvəti təriqəti
bütün dünyaya
yayılıb. Türk dünyasının
ikinci Xoca Əhməd Yasəvisi sayılan Seyid Yəhya Bakuvi türklərin daha bir doğma məkanı olan Anadoluda daha çox Şirvani kimi tanınır. İslamın Anadolu, Balkanlar,
Afrika və Orta Şərqdə möhkəmlənməsində Bakuvinin mühüm xidmətləri olub.
Seyid Yəhya Bakuvinin təkmilləşdirib inkişaf
etdirdiyi xəlvətilik
təriqəti İslamda
ən geniş yayılmış sufi təriqətlərindən
biridir. X əsrdə Əbdülqahir Sührəverdidən
etibarən təşəkülə
başlamış xəlvətilik
sufi məktəbinin
əsası lənkəranlı
İbrahim Gilani və şirvanlı Ömər Xəlvəti tərəfindən qoyulub.
Azərbaycanda təsəvvüf
sahəsində yetişmiş
görkəmli şəxsiyyətlərdən
biri olan Seyid Yəhya Bakuvi və onun yenidən təsis etdiyi xəlvətilik XV əsrdən
etibarən ədəbi,
fəlsəfi, ictimai və siyasi sahələrdə böyük
təsirə malik olub və müsəlman
aləmində geniş
şəkildə yayılıb.
Xəlvətilik hələ
Seyid Yəhya həyatda olarkən Azərbaycanın hər tərəfinə (xüsusilə
Şamaxı, Bakı
və Təbrizə) ,İranda və
Osmanlı dövlətində
rəğbət qazanıb.
Seyid Yəhyanın vəfatından təqribən
40 il sonra
isə xəlvətilik
Azərbaycandan sonra Osmanlı imperiyası torpaqlarının hər tərəfində Balkan, Orta
Asiya, Şimali Afrika, Qafqaz və Anadolunun ən böyük təriqəti kimi iyirmiyə yaxın qola, yüzlərlə təkyə və yüz minlərlə müridə malik olub. Daha sonralar qol və şöbələrinin
sayı qırxı keçib. Həzrəti Əlidən başlayaraq
Əbülqahir Sührəverdiyə,
ondan İbrahim Gilaniyə və Ömər Xəlvətiyə
doğru inkişaf etməklə gələn
xəlvətilik təriqəti
ən kamil şəklinə Seyid Yəhya Bakuvinin qoyduğu üsullar ilə qovuşub. Onun xəlvətiliyin həqiqi qurucusu olduğu bu sahənin tədqiqatçıları
tərəfindən xüsusi
qeyd edilir. Xəlvətilik təriqətinin
xüsusiyyətlərini bu
təriqətin mənsublarından
Həririzadə Tibyan
adlı əsərində
aşağıdakı kimi
açıqlayıb: "Xəlvətilik
təriqəti kəlimeyi-tövhid
və gizli-açıq
əsmayi-səba üzrə
zikrə davam etmək, yuxunun təbir və təvili, hadisələrin
nəfsə və qəlbə təsirini nəzərə alaraq, könlü masivadan təmizləmə üzərində
qurulub". Qaynaqlarda,
xüsusən də
XVII əsrdə Övliya
Çələbinin "Səyahətnamə"sində
Bursada 17 xəlvəti,
9 qadiri, 3 nəqşibəndi,
1 qələndəri, 1 sədi,
1 bədəvi təkyəsinin
varlığından söz
açılıb.
Tədqiqatçılar qeyd edirlər ki, XIV-XV əsrlərdə Seyid Yəhya Şirvani tərəfindən sistemləşdirilərək
bir məktəb halına gətirilən Xəlvətilik sufi məktəbi Bakıdan çıxmaqla öz irfan nurlarını dünyanın bir çox hissələrinə
- Anadolu, İran, Afrika, Balkanlar, Orta Asiya, Avropaya
yaya bilib. Onun on minlərlə tələbəsi
olub, bir çoxları Seyid Yəhyadan sonra öz məktəblərini
quraraq bu yolu davam etdirib.
Günümüzdə də mənsublarının
olduğu bu irfan məktəbi Azərbaycanın və yayıldığı ökələrin
ictimai-siyasi və mədəni həyatında
mühüm rol oynayıb. Buna sübut olaraq Seyid Yəhyanın Şirvanşahlar və Osmanlılar dövlət başçıları ilə
münasibətlərini göstərmək
mümkündür.
Seyid Yəhya Bakuvinin Azərbaycanla, Bakıyla bağlılığının ən bariz sübutu
kimi Şirvanşahlar
Saray kompleksindəki qədim türbənin onun adıyla əlaqələndirilməsini göstərmək
olar. Bu nadir mədəni
irs nümunəsi,
memarlıq incisinin məhz Seyid Yəhyaya aid edilməsi onun Azərbaycanın dövlətçilik və
ideologiya, həmçinin
dini-fəlsəfi fikir
tarixində necə möhkəm bir yerə sahib olduğundan xəbər verir.
UNESCO tərəfindən 2013-cü ilin
Seyid Yəhya Bakuvi İli elan edilməsi bir daha təsdiqlədi
ki, bu böyük
mütəfəkkir təkcə
Azərbaycan və Şərq aləmi, eləcə də türk-islam dünyası
üçün yox, bütövlükdə dünya
üçün çox
dəyərli sayılan
nəhəng şəxsiyyətdir.
Xatırladaq ki, Bakuvi İli çərçivəsində Parisdə - UNESCO-nun mənzil-qərargahında Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən beynəlxalq simpoziumda Seyid Yəhyanın dünya mənəvi irs xəzinəsinə verdiyi töhfələr vurğulanmış, onun bu sahədəki müstəsna rolu qeyd edilmişdi. Çıxışlarda belə bir fikir ön plana çəkilmişdi ki, Seyid Yəhya Bakuvi və onu şöhrətləndirdiyi xəlvətilik təriqətinin dünyaya bəxş etdiyi irs dünya mənəvi irsi baxımından aktuallığını bu gün də itirməyib. Misal üçün, BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali Nümayəndəsi Nasser Abdulaziz Al-Nasser UNESCO tərəfindən 2013-cü ilin "Seyid Yəhya Bakuvi İli kimi qeyd edilməsini əlamətdar hadisə adlandıraraq demişdi: " Seyid Yəhya Bakuvinin irsi insanlar və mədəniyyətlər arasında fərqlilikləri birləşdirmək üçün salınan körpüdür". Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Bakıda keçirilən II Dünya Mədəniyyətlərarası Forumu zamanı Bakıya səfərini xatırladan Nasser Abdulaziz Azərbaycanın mədəniyyətlərarası dialoq sahəsində dərin ənənələrə malik olduğunu, bu ənənələrin qorunması istiqamətində dövlətin davamlı fəaliyyətinin şahidi olduğunu diqqətə çatdırmışdı.
UNESCO-nun Mədəniyyətlərarası Dialoq Platformasının başçısı Katerina Stenou isə çıxışında bildirmişdi ki, Seyid Yəhyanı dünyaya bəxş edən Azərbaycan xalqı tarix boyu mədəniyyətə münasibətdə yüksək yanaşmanın gözəl nümunələrini yaradıb.
Daha sonra simpozium "Azərbaycandan dünyaya açılan pəncərə: Seyid Yəhya Bakuvi və xəlvətilik", "Azərbaycanda sufilik və Bakuvi irsi" adlı panellərdə işini davam etdirərkən aparılan müzakirələrdə Seyid Yəhyanın mənəviyyat dünyasına, onun dini-mədəni düşüncələr aləminə nəzər yetirilmiş, nadir fikir adamlarından biri olduğu dəfələrlə qeyd edilmişdi.
Beynəlxalq miqyasda qeyd edilən və ötən ayın əvvəlində yekun vurulan Seyid Yəhya Bakuvi İli çərçivəsində dünyanın bir çox ölkələrində, fərqli səviyyələrdə tədbirlər keçirilib, bu böyük şəxsiyyətin irsinin təbliği yönündə addımlar atılıb, simpoziumlar, seminarlar təşkil olunub.
Bu silsilədən bir mühüm tədbir ötən ilin noyabrında qardaş Türkiyədə - Əskişəhərdə start götürüb və Bakıda davam etdirilən "Qafqazdan Anadoluya Mədəniyyət Körpülərimiz - Beynəlxalq Seyid Yəhya Şirvani və Xəlvətilik Simpoziumu" idi. Türkiyədən Təhsil Nazirliyi, Eskişehir 2013 Türk Dünyası Kültür Başkenti Agentliyi, Eskişehir Valiliyi, Osmangazi Universitetinin, Azərbaycandan isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB, MİRAS və Gəncliyə Yardım Fondunun də dəstək verdiyi proqram çərçivəsində Seyid Yəhya Şirvani və Xəlvətilik haqqında elmi simpozium reallaşdırılıb. Tədbirdə ABŞ, Azərbaycan, Qırğızıstan, Türkiyə kimi ölkələr başda olmaq üzrə dünyanın dörd bir tərəfindən təsəvvüf, ədəbiyyat, tarix sahələrində çalışan elm xadimləri iştirak ediblər.
Seyid Yəhya irsi ilə bağlı tarixi, mədəni, ictimai və ədəbi yöndə bir-birindən zəngin məruzələr təqdim olunub, fotosərgi təşkil edilib.Tədbir çərçivəsində Seyid Yəhyanın türbəsi ziyarət olunub və türkiyəli xəttat Gülhan Beydemirin Bakuvi irsindən yararlanmaqla hazırladığı sərginin Şirvanşahlar sarayında açılışı keçirilib.
Daha bir əhəmiyyətli addım isə Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşavirliyinin dəstəyi ilə ölkələrimiz arasında uzun illərə söykənən qardaşlıq, dostluq əlaqələrindən, ortaq mədəniyyətdən bəhs edən sənədli filmin çəkilməsi və bu əsərin müəlliflərinin məhz Bakuvi irsinə istinad etmələri olub. "Xəzərin piri Seyid Yəhya Bakuvi" adlı bu sənədli film böyük mütəfəkkirin xatirəsini anma ili çərçivəsində lentə alınıb. Filmin çəkilişləri Azərbaycanda və Türkiyədə aparılıb. Bundan əlavə "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə bölgələrdə Seyid Yəhya irsinə dair seminarlar təşkil olunub.
Bütün bu tədbirlər nəticəsində ulu mütəfəkkir Seyid Yəhya Bakuvi irsinin müstəsna dəyəri, aktuallığı bir daha ümumdünya miqyasında diqqətə çatdırılıb, Azərbaycan və dünya mədəniyyəti, bəşəriyyətin mənəvi inkişaf yolu baxımından onun fikirlərinin əhəmiyyəti vurğulanıb. Beləliklə, Seyid Yəhya Bakuvinin ilk növbədə Azərbaycanın və müsəlman Şərqinin, eyni zamanda bütün dünyanın mədəniyyət xəzinəsinə misilsiz töhfələr vermiş kamil şəxsiyyət olduğu yenidən öz təsdiqini tapıb.
S.ABDULLAYEVA
525-ci qəzet.-
2014.- 14 avqust.- S.4.