Cavad Heyətin varlığı
Həyatının 90-cı ilində böyük azərbaycanlı
doktor Cavad Heyətin Vətən və millət məhəbbəti
ilə dolu ürəyi dayandı.
Ömrü boyu onun işi ürəklə olmuşdu. Nə iş
görmüşdüsə, ürəklə
görmüşdü və təməl peşəsi olan həkimlikdə
də əsas sahəsi ürək idi.
Hələ cavan yaşlarından misilsiz bir ürək cərrahı
kimi dünyada məşhurlaşmışdı. Lakin tale ona daha ali bir missiyanı - millətinin ürəyinin
və xalqının ruhunun müalici olmaq vəzifəsini də
həvalə edibmiş.
Belə insanların isə ürəyi heç vaxt
dayana bilməz.
Sənəti ürəklərə şəfa vermək
olan doktor Cavad Heyət, əslində, öz ürəyinin
salamatlığının da çarəsini irəlicədən
həll edibmiş.
O öz
könlünü tükənməz bir enerji qaynağına -
bütöv millətinin və qövmünün qəlbinə
bənd etmişdi: ora güc verirdi, oradan güc alırdı.
Azərbaycan, türk dünyası naminə
yaratdığı dəyəri sözə sığmaz əsərləri
və əməllərində Cavad Heyətin qəlbi, əlbəttə
ki, hələ bundan sonrakı çox zamanlar boyu
çırpınmaqda davam edəcək.
Həssas
vətənpərvər Bəxtiyar Vahabzadə köhnə
dostu Cavad bəyin timsalında bir məslək, əqidə qardaşını
görür, Heyətin ucalığına belə heyrətlənirdi:
İnsana
xidmətdir məramın sənin,
Sən ömrün boyunca ömr uzatmısan.
Cərrah
bıçağıyla min-min xəstənin
Ağrı-acısını kəsib atmısan.
...Bu
xalqın mənəvi ağrılarına
Əlacı, qardaşım, qələmdə
gördün.
Gündüzlər
bıçaqla kəsmək bir yana,
Gecələr əlinə qələm
götürdün.
...Gecə
də, gündüz də hey döyüşdəsən,
Mənəvi, cismani ağrılarla sən.
Həkim
nüsxələri yazdın həmişə,
Xəstə
şəfa tapıb sağaldı... fəqət,
Ədib qələmiylə
yazdığın nüsxə
Bir
xalqın dərdinə şəfadır, əlbət!
Dünya
boyu səpələnmiş, sayı 50 milyonu aşan azərbaycanlıların
arasında bu gün böyük şəxsiyyətlər, Azərbaycanın
adını yüksəldən müstəsnalar az deyil.
Lakin müasirimiz, bizimlə eyni günlərin içərisində
yaşamış canlı klassik, ömrünün
axırınadək mütəfəkkir zəkasının
siqlət və sərrastlığını saxlayaraq
xalqı üçün faydalı işlərini yerinə
yetirməkdə davam edən Cavad Heyəti heç kəslə
müqayisə etmək mümkün deyil.
O, birincilərin
birincisi idi.
O,
yalnız Vətəni Azərbaycanın, ata yurdu
İranın, min bir tellərlə bağlı olduğu
Türkiyənin deyil, bütün dünyanın vətəndaşı
olan nadir insanlardan idi. Çünki böyük yolunun
başlanğıcında həkimlik sənətini
seçmişdi və bu peşə sahibinin də ali vəzifəsi insana xidmət, insan həyatını
hifz etməkdən ibarətdir. Lakin ömrü uzunu beynəlmiləlçi,
insançı qala-qala doktor Cavad Heyət təpədən-dırnağa
qədər vətənpərvər, millətsevər
olmağı da bacardı, xalqının mənəviyyatı
ilə bağlı dəyərləri qorumaq, yaşatmaq
amalına hər an sədaqət göstərdi və həm
də bu etibarlılığını bir-birindən qiymətli
əsərləri, yorulmaz fəaliyyətləri ilə
sübut etdi.
Belə Vətən və millət aşiqi olan, həm
də bu təhər nəhəng işlər görməyi
bacaran, bu sayaq zəngin bilik və qabiliyyətlərə
sahib, bunca qüdrətli, epoxal şəxsiyyət bir də nə
zaman yaranacaq?
Ümumən ikinci belə bir şəxsiyyətin
yetişəcəyi ağlasığmazdır.
Fərdi
keyfiyyətlərdən savayı, içərisindən
adlanmış mürəkkəbdən-mürəkkəb,
dünya tarixinin ən təlatümlü, ən tərəqqili,
ən enişli-yoxuşlu,
nəsilləri fərqli bir əsrə yaxın zaman
parçası da var axı!
İnsanları,
şəxsiyyətləri, hadisələri, mühiti ilə
bu dövr bir daha təkrarlanmayacaq!
Əsl yurdsevərin, əsl millətpərvərin
kimliyi Vətən və xalq taleyinin qəliz sınaqları əsnasında,
tarixi darmacallarda ortaya çıxır.
Qaldırın
yaxın keçmişimizi, arayın ki, 1990-cı ilin əvvəllərində
bir sıra xarici qüvvələrin dəstəyi və
yönəltməsi nəticəsində Ermənistanın əli
ilə Azərbaycan torpaqları işğal ediləndə,
yüz minlərlə soydaşımız müsibətlərə
düçar qoyulanda dünyada məşhur olan azərbaycanlılardan
hansı biri Cavad Heyət kimi mərd-mərdanə
köksünü irəli verdi, bizi onun kimi
canıyananlıqla, milli təəssübkeşliklə
müdafiə etdi, dünyanı və qardaş ölkələri
qətiyyətlə Azərbaycana arxa durmağa, yardım etməyə
çağırdı?!
Bu, Cavad Heyətin həmin cəhdlərindən bircəsidir. Doktor 1993-cü il
noyabrın 21-də qəlbi qanaya-qanaya Türkiyə
Cümhuriyyətinin Prezidenti, 50 ildən bəri
tanıdığı, yaxın münasibətlərdə
olduğu cümhur başqanı Süleyman Dəmirələ
açıq məktubunda belə yazırdı: "Bu gün
Arazın quzeyindəki dindaş və soydaşlarımız,
yəni azəri qardaşlarımız tarixdə az rastlaşdığımız
bir faciə və soyqırımına məruz
qalmışlar, həm də böyük bir millət və
ya güclü bir dövlət tərəfindən deyil,
bütün tarix boyu himayəmiz altında yaşayan və ədalətimiz
sayəsində bütün insani haqlardan faydalanan ermənilər
tərəfindən! Təbiidir ki, onların belə
azğınlıq və cinayətə təşəbbüs
və cəsarət göstərmələrinə səbəb
bütün müsəlmanların, ələlxüsus
türklərin düşməni olan bugünkü
böyük dövlətlərin dəstəkləri və
yardımları olmuşdur.
Belə
bir durum qarşısında müsəlman
dünyasının, Türkiyə və İran İslam
Cümhuriyyətinin və uluslarımızın vəzifə
və məsuliyyətləri nə ola bilər?
Bu məzlum, silahsız, ordusuz və əsarətdən
yenicə çıxmış qardaşlarımızı
yalqızmı buraxmalıyıq?
Bu sətirləri göz yaşlarımın
qabağını ala bilmədən yazıram. Və bu anda
Allah-taaladan xalqımıza qurtuluş, ya da özümə
ölüm diləyirəm. "Əl-mövt
xeyrun min rüku billari", yəni - "Ölüm zillət
çəkməkdən yaxşıdır" (İmam
Hüseynin Aşura günü Kərbəla meydanında
şəhid olmazdan qabaq söylədiyi sözlərdir).
Bu gün mənim əlimdəki qələm-kağız
və quru nəfəsimdən başqa bir şeyim yoxdur,
onları da məzlum xalqımızın yolunda sevə-sevə
verməyə razıyam. Bilirəm ki, bu gün xalqımın qələmdən
çox süngüyə ehtiyacı vardır.
Ciddi ölüm təhlükəsində qalan məzlum
azəri qardaşlarımızın yardımına
qalxın!"
Bu gün bu sözləri demək, bəlkə də,
asandır. Amma o vaxt heç bir siyasət adamı, ictimai şəxs
bu cür kəskin tonda danışmırdı. Bu məktub-bəyanat həm də bu qəbil
başqa çağırışların yaranmasına meydan
açırdı, yatmışları oyadan həyəcan təbili
idi.
Adətən, siyasi mövzularda həmişə ehtiyatla
yazıb-danışan Cavad Heyət bu müraciətində
ona dəyə biləcək istənilən zərbəyə
rəğmən sinəsini irəli vermişdi.
Bunca fədakarlığı
unutmaq olarmı!
Belə
bir VƏTƏNDAŞLA ayrılığın acısı bu
gün hər bir qaçqınımızın,
köçkünümüzün, yurddaşımızın
evində ən içdən gələn məhəbbətlə
yaşanmasa, biz nankor olardıq!
lll
Çoxcəhətli, çoxistiqamətli biliklər
yiyəsi Cavad Heyətin mükəmməl bildiyi elm sahələrindən
biri də ilahiyyat, islamşünaslıq idi və o, bu sahədə
müqayisəsiz üstünlüyə malik idi. Təbii ki,
bunca üstün islamşünasdan ötrü Məkkə də,
Mədinə də ən müqəddəs şəhərlər
idi. Lakin dünyanı və
özünü dərk etdiyi çağlardan ailəsinin ona
aşıladığı və özünün dərk
etdiyi başlıca meyarlardan biri bu olmuşdu ki, Təbrizlə
Bakı onun Məkkəsi ilə Mədinəsidir.
1925-ci il mayın 23-də Təbrizdə doğuldu,
2014-cü il avqustun 12-də Bakıda əbədiyyətə
qovuşdu.
Cavad Heyət Azərbaycan Respublikasının vətəndaşı
deyildi. Lakin o, dünyasını dəyişəndə
dövlət səviyyəsində ilk vida sözləri
Bakıda yayıldı və həmin ehtiram dolu mətnin
altındakı ilk imza da dövlətin birinci şəxsinin,
ölkə Prezidentinin imzası idi.
Bircə bunun özü Cavad Heyətin nə qədər
fövqəladə, Azərbaycandan ötrü nə qədər
mühüm şəxsiyyət olmasından deyir.
Cavad Heyət elə bir ailədə doğulmuşdu, elə
nəsillərin və elə ocağın övladı idi ki,
onun biliklə, kitabla, yüksək əxlaqi dəyərlərlə
bağlı olması labüd idi.
Bir dəfə ondan soruşmuşdum ki, siz artıq
ustadlar ustadısınız, ömrünüzdən də
çox müəllimlər keçib. Bu qədər
zəngin biliklər əldə edəndən sonra həyatınızdakı
müəllimlərdən hansını göz önünə
gətirərkən yenə özünüzü şagird məqamında
təsəvvür edirsiniz?
Cavab vermişdi ki, sözün bütün mənalarında
mənim ən birinci müəllimim atam olub. Həm əvvəlinci,
həm də ən baş mənasında.
Cavad Heyətin atası Mirzə Əli Heyət Təbriz
məhkəməsinin ilk sədri, İranın ədliyyə
naziri, senator, kamil bir alim imiş. Anasının
atası Hacı Mirzə Məhəmməd də
dövrünün ən sanballı müctəhidlərindən
biri imiş və Nəcəfə təhsil almağa getməzdən
öncə o, gələcək kürəkəni Mirzə
Əli Heyətin müəllimi olmuşdu.
Mirzə
Əli Heyət el-oba arasında da, ali
dövlət dairələrində də savadına,
dünyagörüşünə, ədalətliliyinə,
düzgünlüyünə görə sözü keçən,
sayğı bəslənən ziyalı idi. 1930-40-cı
illərdə İranda ölkədaxili və vacib xarici səfərlər
əsnasında təşkil edilən mötəbər
nümayəndə heyətlərinə mütəmadi
başçı təyin edilən Mirzə Əli elə bu səbəbdən
"Heyət" təxəllüsünü
qazanıbmış və sonra həmin kəlmə
çevrilir onların soyadına.
Mirzə Əli Heyət on övladının onuna da
yaxşı tərbiyə və təhsil verməyə səy
etmişdi, amma nədirsə, elə yeniyetməlik
çağlarından Cavada bəslədiyi ümidlər daha
məxsusi imiş.
Tehranda ali tibb təhsili alan Cavadı atası
üçüncü kursdan sonra oxumağını davam
etdirmək üçün Türkiyəyə göndərməyi
qət edir. O zaman İranla Türkiyə arasında 100 tələbə
mübadiləsi haqda bir anlaşma imzalanıbmış. Lakin
müəyyən səbəblərdən bu layihənin
gerçəkləşməsi ləngiyirmiş və Cavad
atasına müraciət edir ki, tələbə
dostlarımdan təhsili davam etdirmək üçün
Beyruta gedənlər var, bəlkə, icazə verəsiniz, mən
də gözləməyim, elə onlara qoşulub gedim.
Atası etiraz edir ki, oğlum, gün gələcək,
sən Parisə də gedəcəksən, Amerikaya da. Mənim
imkanım olsaydı, səni Türkiyəyə yox, Bakıya
göndərərdim. Amma arada dəmir pərdə var.
Türkiyəyə getməyini ona görə arzulayıram ki,
yalnız tibbi deyil, həm də gedib öz dilini, mədəniyyətini,
tarixini bir az da dərindən öyrənəsən.
Ömrün
ixtiyar mərhələsində bütün nail olduqlarına
vaxtın hündürlüyündən baxan Cavad Heyət
atasının bu strateji məqsədli addımına görə
ona sonsuz dərəcədə borclu olduğunu rəhmətlərlə
dilə gətirirdi. Minnətdarlıqla söyləyirdi ki, məhz
Türkiyədəki təhsil dövründə axarında
olduğu elmi ab-hava, oxuduğu kitablar, oturub-durduğu alimlər,
təmas bağladığı ziyalılar təbib olduğu
halda, onun həm də bir türkoloqa, azərbaycanşünasa
çevrilməsinə möhkəm, sağlam özül
yaratdı.
"Atam davranışlarında,
danışığında, insanlara münasibətlərində,
əməllərində istisnasız olaraq həmişə səbirli,
nəzakətli, tədbirli, düz, ölçü gözləyən,
səliqəli bir kişi idi. Yalnız adam
arasında olanda deyil, lap evdə, otaqda tək qalanda da belə
idi. Bu onun təbiəti idi".
Gecə saatlarında doktor Cavad Heyətin artıq yadigara
çevrilmiş, 2008-ci ildə lentə aldığım
söhbətini dinləyirəm, aramla ömür hekayətini
söyləyir, məni ayrı bir aləmə aparır və
dinləyə-dinləyə fikirləşirəm ki, axı o
özü də belə idi.
Kübarlığın, alicənablığın,
nazikliyin qüsursuz nümunəsi idi.
Haçağ evinə görüşünə getdimsə,
lap sağlığının son aylarınacan - hərdən
xəstə, üzgün, yorğun olduğu vaxtda da məni səliqə
ilə geyinmiş halda, kostyumda, qalstukda, beretdə, sifətinin
mehriban ifadəsi ilə qarşıladı.
Məni və hər kəsi.
Cavad Heyət böyük alim olmaqla bərabər,
böyük də insan idi, tərbiyəliliyin, əsilzadəliyin
ibrət alınası örnəyi idi.
Elə bir örnək ki, ona oxşamağa
çalışmaq olur, lakin tam o cür olmağa heç də
həmişə, azı, səbrin çatmır. Tam o cür ola
bilməkçün gərək həmin keyfiyyətləri,
yerinə yetirməli olduğun şərtləri sadəcə
qəbul etməyəsən, onları doktor kimi, onun atası
sayaq məhz öz təbiətinə çevirəsən.
"Atam müasir düşünən, açıq fikirli bir şəxs idi. Amma eyni zamanda etiqadlı, imanlı bir insan idi, əxlaqən ruhani idi, namaz qılardı, içki içməzdi. Hər kəs də bunu bilirdi. Bir dəfə İranın Baş naziri doktor Əli Əmini bizə qonaq gəlmişdi. Atam da, qardaşlarım da bizdə idilər. Süfrə açılmışdı. Bilirdik ki, Əli Əmini içkiyə biganə deyil. Yaxınlaşıb qulağına pıçıldadım ki, atamızın yanında sizə içki təklif edə bilmərik. Amma qonşu otaqda viski hazırlamışıq, istəyirsinizsə, buyurub keçin, orada nuş edin. O da qayıtdı ki, yox, mən də ağa-yi Heyətin yanında içmərəm.
Atamın bu qədər hörmətini saxlardılar".
Bunlar da doktor Cavad Heyətin xatirələrindəndir və onun hansı ailə məktəbindən keçərək yetişməsinin daha bir cizgisidir.
Orta məktəbdən sonra Cavad bəy hərbi liseyə daxil olubmuş və öz söyləməsinə görə, orada da birinciymiş. Amma hiss edir ki, hərb onun tutub gedəcəyi yol deyil, səmtini təbabətə dəyişir.
Lakin ailə tərbiyəsindən və həmin ilk hərbi təhsilindən gələn sərt daxili intizam sonacan Cavad Heyətlə qaldı.
Son dövrlərdə Bakıda yaşayırdı, arada Tehrana gedib-gəlirdi. Hər gedəndə mütləq zəng vururdu ki, filan gün yola düşürəm, hər qayıdanda mütləq telefon açırdı ki, geri dönmüşəm. Bunlar elə xüsusiyyətlərdir ki, onları öyrətmək olur, gərək belə bir intizam, dəqiqlik, sahman, səliqə canında ola. Daxilində belə bir dəqiqlik və intizam nəbz kimi vurduğundandır ki, Cavad Heyət bu qədər çox, bu qədər faydalı və bir-birinə bənzəməyən ciddi işlər görməyə müvəffəq olub.
1946-cı ildə İstanbulda tibb təhsilini başa vurduqdan sonra 3 il cərrahlıq üzrə təcrübə, daha sonra isə Parisdə daha 3 il bu yöndə təkmilləşmə keçmişdi. İrana qayıdıb işə başlamışdı, amma daha çox öyrənmək, bir az da kamilləşmək istəyi onu yeni yolçuluqlara səfərbər etmişdi. Amerikada müxtəlif klinikalarda çalışmışdı, Danimarkada, Kopenhagendə işləmişdi.
İranda bir sıra iri xəstəxanaları quran, böyrək dəyişdirilməsi, açıq ürək əməliyyatları və sair möcüzə kimi görünən bir çox başqa təbabət hünərlərini ilk dəfə göstərən Cavad Heyət olub. Onun "Ümumi cərrahlıq", "Cərrahiyyə dərsləri" kitabları, təbabətin müxtəlif çətin məsələlərinə aid bolluca təcrübə və təhlillər əsasında qələmə alınmış 100-dək araşdırma-məqaləsi sərrast müşahidələriylə, elmdə yeni söz olan tapıntılarıyla seçilir.
Ensiklopediklik, universallıq orta əsr alimlərinə xas keyfiyyətlərdən imiş. Həm Şərqdə, həm Qərbdə. Bizim dövrdə isə nəinki müxtəlif elm sahələrində, hətta bir elm sahəsinin özündə belə onun müxtəlif istiqamətlərinə dərindən bələd olan mütəxəssislərə seyrək rast gəlinir.
Cavad Heyətsə həm də mükəmməl bir tarixçi, ədəbiyyatşünas, folklorçu, dilçi, filosof, mədəniyyətşünas, ilahiyyatçı idi. Bu istiqamətlərin də hər birinə aid köhnəlməz, masaüstü olmağa layiq əsərlərin müəllifidir.
Orta əsr Şərq şairinə, aliminə çoxdillilik də xas olub. Şairlərimizin, filosoflarımızın əksəri orta əsrlərdə üçdilli olub, farsca, ərəbcə, türkcə yazıb-yaradıb. Cavad Heyət bu baxımdan da klassik babaların müasir zamana uyğun davamçısı idi. Azərbaycan dilini, Türkiyə türkcəsini, farscanı, ərəbcəni ana dili kimi bilirdi, eyni zamanda, fransızcası, ingiliscəsi sərbəst idi. Və danışdığı dillərin hər birində də əsərləri var.
Onun necə qabil bir cərrah olması haqqında çoxları yazıb, söyləyib. Lakin o rəylər içərisində ikisi mənimçün ən mötəbərdir. Onlardan biri məşhur amerikan cərrahı, 1967-ci ildə dünyada ilk ürəkdəyişmə əməliyyatını aparmış Kristian Barnarda, digəri isə müasir İranın Amerika və Avropada da yetərincə məşhur, oralarda da çox işləmiş cərrahlarından biri Məhəmmədhüseyn Mandeqara məxsusdur.
Birincini professor Barnardın əlyazmasından
oxumuşam, ikincini şəxsən professor Mandeqarın
özündən eşitmişəm.
K.Barnard Keyptaunda onun yanında təcrübə
keçmiş Cavad Heyətə vətənə yola
düşməyə hazırlaşarkən İranda gələcəkdə
ürək cərrahiyəsi işinin daha yaxşı
qurulması üçün köməkliklər göstərməsindən
ötrü şaha bir məktub göndərmək istəyir. Cavad Heyətə
deyir ki, özün haqqında mənim adımdan bir zəmanət
məktubu yaz, imzalayım.
Cavad Heyət xəsis cümlələrlə çox təvazökar
bir mətn yazır. K.Barnard alıb baxır, başını
bulayır, bəyənmir. Qələmi
götürüb özü təzədən yazır.
Məktubun surəti doktor Heyətdə qalmışdı:
"İran iftixar edə bilər ki, onun belə istedadlı,
qeyri-adi intuisiyalı, əsl qızıl əlli, dünya səviyyəli
cərrahı var".
M.Mandeqar
isə Tehranda öz iş otağında Cavad Heyətin rəfdəki
fotosunu göstərərək gülümsündü:
"Doktor İrandakı ürək cərrahlığının
atası olmaqdan daha artıq bizim mürşidimizdir, daimi
ustadımızdır. Bəlkə, mindən
çox ürək əməliyyatı etmişəm, yenə
yeri gələndə onun məsləhətinə
ehtiyacımız var".
Cavad Heyətin mahir cərrah barmaqları çox ürəklərə
çox tikişlər vurdu. Bununla ayrı-ayrı
insanların ömrü uzandı, ayrı-ayrı şəxslər
nicat tapdı. Ancaq o, bir millətşünas
kimi xalqının yaralarına tikiş vururdu, onun mədəniyyətinin,
ədəbiyyatının, dilinin, tarixinin dünənindəki
cüda düşmüş tikələri, parçaları
bərpa edir, bir-birinə calayır, tikişlər vurur və
bu yolla bütöv millətin mərəzlərini
sağaltmağa çalışırdı.
2011-ci ildə
Cavad Heyət seçmə əsərlər
indən
ibarət növbəti kitabını nəşrə
hazırlayırdı. Əlyazmanı verdi
ki, gözdən keçirim və kitabın adı barədə
düşünməyimi də təvəqqe etdi. Müxtəlif illərin məhsulu olan bir-birindən
qiymətli həmin məqalələri oxuyandan sonra təklif
etdim ki, kitabın ünvanı "Dilimiz, ədəbiyyatımız
və kimliyimiz uğrunda" olsun. Doktor
razılaşdı.
Əslində, həmin sərlövhə tək o
kitabın yox, Cavad Heyətin bütün yaradıcı və
ictimai fəaliyyətlərinin devizi sayıla bilərdi.
Doktorun bir dəfə mənə gənclik illəri ilə
bağlı söylədiyi xatirəsi təsdiq edir ki, ondakı
coşqun milli qeyrət duyğusu təfəkkürünün
yetərincə şəkilləndiyi, biliklərinin
artdığı, millətçi qayəsinin başlıca
istiqamətlərinin müəyyənləşdiyi yetkinlik
çağlarından xeyli əvvəl də varmış, bu
elə onun iliyinədək hopmuş bir məziyyət
imiş.
Hadisə vaqe olanda Cavad bəy 19
yaşındaymış.
Əslən Qafqaz türklərindən olan, sonralar Məşhəddə
yaşayaraq xeyli dəyişmiş, neçə illər də
Tehranda məskun olaraq təhsil aldıqdan sonra öz gerçək
milli kökündən lap aralanmış bir cavan türklərin
ünvanına çox həqarətli sözlər
danışıbmış. Cavad bəy bunu
eşidincə tapır həmin adamı, "filan qələti
eləmisən" deyir. Tanınan idmançı,
güləşçi olan həmin şəxs bir az da gücünə qürrələnərək
bu ucaboy, arıq oğlanın qarşısından
qaçmır, "demişəm, əcəb eləmişəm"
söyləyir. Cavad bəy söz elə oğlanın
ağzından çıxan kimi onu götürüb
çırpır yerə, çökür sinəsinə,
başlayır döyməyə. Ətrafdakılar
adi bir adamın kəlləmayallaq elədiyi, hamının
gözü qarşısında biabır olmuş çempionu
Cavadın əlindən zorla alıb ayırırlar onları.
Yaşı
səksəni ötmüş Cavad Heyət yada salır və
təəccüblənirdi: "Gəncliyimdə güclü
olmağına güclü idim. Amma o, peşəkar
idmançı idi, fənd, yol bilirdi, məndən də
canlı idi, bilmirəm necə oldu onun öhdəsindən gəldim".
Necə yəni
necə! Bu həmin vulkan kimi püskürə bilən millət
eşqidir ki, lazım gələndə insanı yalın əllə
tankın da üstünə şığıda bilir!
Və o təpər, o qırım ömrü boyu Cavad
Heyəti tərk etmədi.
XX əsrdə o taylı-bu taylı Azərbaycanın 4 dərgisi
olub ki, onlar milli düşüncənin formalaşmasında,
bütövlükdə millət quruculuğunda möhtəşəm
izlər buraxmışdır.
XX əsrin
əvvəllərində Mirzə Cəlillə Ömər
Faiq Nemanzadənin "Molla Nəsrəddin"i, Əli bəy
Hüseynzadənin "Füyuzat"ı, XX yüzilin
ortalarında Anarın "Qobustan"ı və Cavad Heyətin
1979-cu ildən üzü bu yana
sıralanan "Varlığ"ı.
Bu
misraları Məhəmmədhüseyn Şəhriyar elə
"Varlıq" dərgisinin ilk sayları oxucuyla görüşəndə
riqqətə gələrək yazıb:
Hərçənd,
qurtulmaq hələ yox darlığımızdan,
Amma bir azadlıq doğulub varlığımızdan.
"Varlıq"
nə bizim təkcə azadlıq quşumuzdur,
Bir müjdə də vermiş bizə həmkarlığımızdan.
Dil açmada lallıq da gedər, karlığımız da,
Çün lallığımız doğmuş idi karlığımızdan.
Düşmən bizi əlbir görə təslim olu naçar,
Təslim oluruq düşmənə naçarlığımızdan.
Birlik yaradan söz bir olur biz kişilərdə,
Yoxluqlarımız bitdirəcək "Varlığ"ımızdan.
Artıq 36 ildir ki, "Varlıq" İranda ana dilində nəşr edilir. Orada dərc edilən yazıların məzmunu, elmi səviyyəsi hələ bir kənara qoyularsa, yalnız məcmuənin belə uzun müddətdə milyonlarla insan arasında apardığı dil tərbiyəsi, əyani məktəb olmaq qüdrəti oxşarı olmayan qəhrəmanlıq kimi dəyərləndirilməyə layiqdir və bütün başqa xidmətləri olmasa belə, elə bircə bu dərginin 36 illik yoluna görə Cavad Heyətə millətin könlündə və tarixin bağrında əbədi abidə yapılması haqqı halaldır.
Həm də bu dərginin büdrəmədən, fasilələr vermədən, yarı yolda qalmadan belə sürəkli zaman məsafəsində ayaq üstə olması, təbii ki, ən əvvəl batılmaz Cavad Heyət zirehi, onun qeyri-adi dərəcədə güclü nüfuzu ilə əlaqədardır.
Necə uzaqgörənmiş ustad!
İran İslam inqilabı baş verəndən sonra açılan azadlıq pəncərəsi, ölkəni bürüyən yenilik havasının dalğasında ayrı-ayrı təşəbbüskarlar ana dilində bir silsilə qəzet-jurnal buraxmağa başladı. Ömrü bir neçə həftə olanı da oldu, bir neçə ay sürəni də, bir neçə il çəkəni də. Ahəstə-ahəstə hamısı susdu, itib-batdı. Meydanda sabit əzəməti ilə dikələn "Varlıq" oldu. Çünki tədbirli Cavad Heyət əvvəldən işini düzgün qurmuşdu. Yolunu başlayanda ətrafına ən parlaq ulduzları toplamışdı - Həmid Nitqini, Savalanı, Səhəndi, Fərzanəni...
Bu 36 il boyunca doktor dərgini sadiq köməkçilərinin, dəstəyə yeni qoşulan silahdaşlarının dəstəyi ilə buraxdı. Lakin bir baş redaktor və dəmir intizam sahibi kimi sonacan da özü jurnalın hər sayını əvvəldən-axıracan mütaliə edərək redaktələrini apardı.
Çünki Cavad Heyət bu işə sadəcə naşirlik, jurnal buraxmaq kimi baxmırdı.
Bunu öz əsas həyati missiyasının, millət quruculuğuna, türklüyə, azərbaycançılığa xidmətinin ümdə halqalarından biri kimi qavrayırdı.
Şəhriyar milli düşüncədə fırtınalar yaradan "Heydərbabaya salam"ı doğurdu.
Həm fars, həm türkdilli ədəbiyyatın tarixini gözəl bilən Cavad Heyət haqlı olaraq təsdiqləyirdi ki, bizim iki və üçdilli şairlərimiz az olmayıb. Tutalım, Nəsimi, yaxud Füzuli, ya Seyid Əzim hər 3 dildə yazmışlar. Onların farsca və ərəbcədə yazdıqları yaxşıdır, lakin türkcədə olan yadigarları şah əsərlərdir. Şəhriyarın isə həm ana dilində, həm farsca qələmə aldıqları şah əsərlərdir.
Şəhriyarla ilk gənclik illərindən, hələ Tehranda birlikdə ali tibb təhsili aldığı vaxtlardan dost olan və bu simsarlığı şair dünyadan köçənədək kəsməyən Cavad Heyət ona yalnız dahi söz ustası kimi baxmırdı. Şəhriyar Cavad Heyətdən ötrü həm də doktorun ömrünün mənası olan azərbaycançılıq axınının, türkçülük cərəyanının gurlaşmasına qida verəcək güclü nəhrlərdən idi.
Şəhriyarsa "Heydərbaba"nı doğurandan sonra səngimişdi, Təbrizdə yaşayırdı, elə ara-sıra farsca yazıb-yaradırdı.
Bir dəfə Cavad bəy bu nisgili barədə o dövrdə İrana tez-tez gedib-gələn görkəmli şərqşünas Rüstəm Əliyevə gileylənir.
Doktor etiraf edirdi: "Rüstəm dedi ki, bunun təqsiri sizdədir. Şəhriyar qalıb orada tək, ətrafında sizin kimi aydınlar yoxdur ki, onu coşdursun, istiqamətləndirsin. Gətirin onu Tehrana, qoy sizin, dostlarınızın əhatəsində olsun, təsirinizlə yenə başlayacaq ana dilində təzə şeirlərini yazmağa.
Ağlıma batdı bu fikir. Getdim Təbrizə, Şəhriyarı ailəsilə birgə gətirdim Tehrana. Mənim üçmərtəbəli evim vardı, bir mərtəbəsini verdim ona, elə onun təşrifiylə evimizdə öz-özünə bir ədəbi məhfil əmələ gəldi. Asta-asta Şəhriyarın anadilli qələminin də pası açıldı, şirin dilimizdə yeni-yeni şeirləri doğuldu".
(Şəhriyarın həmin şeirlərini oxuyanda müdam səbəbkarı, nəcib Cavad Heyəti də anın!).
Cavad Heyət bunu da xatırlayırdı ki, bir gün şahın həyat yoldaşı Fərəh xanım xəbər yollayır ki, Şəhriyar izin versin, Tehranda ona bir ev alaq, rahat yaşasın.
Şəhriyarın müdrik cavabını doktor mənə illər fasiləsiylə müxtəlif məqamlarda bir neçə dəfə nəql edib və hər dəfə də qəhərlənib: "Şəhriyar qayıtdı ki, çox təşəkkür edirəm diqqətinizə görə. Mənim hələ burada yerim çox rahatdır. Amma mənə nəsə yaxşılıq etmək istəyirsinizsə, türkcə şeirlərimi ayrıca kitab halında buraxın, elə özüm onun puluna ev də alaram".
Cavad Heyətin insanlara, şəxsiyyətlərə münasibətinin əsas məhək daşı, başlıca ülgüsü Azərbaycana, onun tarixinə, dilinə, ədəbiyyatına, mədəniyyətinə, mənəviyyatına sevginin dərəcəsi idi.
Unudulmaz Heydər Əliyevi çox sevirdi və ulu öndərin də ona xüsusi ehtiramı vardı.
Onillər ərzində çox dövlət başçıları tərəfindən dəfələrlə səmimi qəbul edilmiş, həmsöhbət olmuş doktor yeri düşdükcə vurğulayırdı ki, dilə, mədəniyyətə, mənəvi sərvətlərə münasibətdə və bütün bunları peşəkarcasına bilməkdə Heydər Əliyevə tay ola biləcək ikinci dövlət rəhbəri ilə rastlaşmayıb: "Hər görüşəndə onun zəkasından, mütəfəkkirliyindən, nitqindən zövq alırdım, onun Azərbaycan eşqinə heyran olurdum, ayrılmaq istəmirdim və hiss eləyirdim ki, Heydər Əliyev də bu görüşlərin tez başa çatmasını istəmir. Elə oğlu da əsl ona layiq, eynən onun xəttinin, yolunun yolçusudur."Bir neçə dəfə mən Heydər Əliyevlə görüşəndə İlham Əliyev də yanımızda olmuşdu. Amma sakitcə dinləyir, kəlmə kəsmirdi. Üstündən xeyli müddət keçdi. İlham Əliyev Prezident oldu, onun bir-birindən parlaq, elə atasınınkı kimi cazibədar nitqlərini eşidəndə mat qaldım ki, bu qabiliyyətlər harada gizlənibmiş. Növbəti dəfə görüşəndə özündən xəbər aldım ki, İlham bəy, atanızın yanında sizi həmişə dinləyən gördüm, nədən bir dəfə də səsinizi eşitmirdim? Cavab verdi ki, bizdə adətdir, böyük danışanda söhbətə müdaxilə etməzlər, qulaq asarlar, yadda saxlayarlar, öyrənərlər".
Bu davranış tərzi, belə cavab özü də klassik kübar tərbiyəsi ənənələri olan ailədə böyümüş Cavad Heyətə ləzzət vermişdi.
Məni isə dövlət başçımızın Cavad Heyəti daha çox bakılı etməsi, buralara hərdən qonaq kimi deyil, elə gələrək uzun müddət də qalması, insanlarımızla, ziyalılarımızla daha çox ünsiyyətdə olması üçün ona paytaxtımızın mərkəzi hissəsində gözəl mənzil hədiyyə etməsi çox məmnun qoymuşdu.
Amma Prezident İlham Əliyevlə doktor Cavad Heyətin təmaslarının bir millətəxeyir saxlancı da var.
Doktor ölkə başçısına farsca yazdığı, İranda nəşr edilmiş fundamental "Türk dilləri və ləhcələrinin tarixi" əsərindən bəhs etmişdi, Prezident İlham Əliyev də dərhal əsərin milli çəkisini, faydalılığını tutmuş və bir iradını da bildirmişdi: "Farsca yazıb nəşr etmisiniz, - çox yaxşı. Amma türk dillərinin müqayisəli təhlili haqda belə sanballı kitab gərək Azərbaycan dilində də buraxılsın".
Cavad Heyət dəqiqləşdirirdi: "İlham bəyin bir tövsiyəsi də oldu. Kitab çox qalın idi. Cənab Prezident söylədi ki, bu, dərslik kimi bir mənbədir. Yaxşı olardı ki, rahat oxunsun deyə siz onu çox qalın bir kitab kimi yox, iki cilddə buraxasınız".
Bu arzu da nəzərə alınır. Kitab çıxdı, Azərbaycanın və türk dünyasının elmi ictimaiyyəti arasında geniş əks-səda da doğurdu.
Və böyük alim Cavad Heyətin ana dilində iki cilddə nəfis şəkildə işıq üzü görmüş həmin şah əsərinin ilk səhifəsində bir ithaf da var: "Bu əsəri türk olmadığına baxmayaraq, saatlarca yalnızlığa dözən və mənim rahatlıqla bu kitabı ərsəyə gətirməyimə imkan yaradan sevgili həyat yoldaşım Fəridə xanıma ithaf edirəm".
Əziz ustad, vəfalı ömür yoldaşınız, fars qızı Fəridə xanımın da, sizi sevən, çox əziz bilən dostlarınızın da, millətimizin də sizsizliyin yalnızlığına daha saatlarla deyil, əbədi dözmək növbəsi gəlib çatdı.
Nə
qısa imiş 90 il!
...Bir
neçə gün
öncə xəstəxanada
yanınızdaydım. İlk dəfə
kostyumsuz, qalstuksuz, beretsiz görürdüm sizi. Yataqdaydınız. Ömür
tükənirdi. Damarlarınıza tibb
qurğuları qoşulmuşdu.
Əllərinizi sığallayırdım,
danışırdım sizinlə. Eşidirdiniz, həyəcanınızı
hiss edirdim. Nəsə deyirdiniz, amma səsiniz
çox dərində idi, zəif idi, eşidilmirdi.
Cavad Heyət
həqiqəti isə başqadır axı!
Millət
iftixarının ucadan-uca səsi eşidilməyə bilərmi
heç!
Sizin doğma səsiniz həmişə bizimlə olacaq. Bizə və bizdən sonra
gələn çox-çox nəsillərə eşidiləcək!
...Azərbaycanın
Məkkəsi və Mədinəsi saydığınız
Bakıda və Təbrizdə and yeri sayılası müqəddəs
məkanlarımız var: Bakıda Fəxri Xiyaban, Təbrizdə
"Məqbərət üş-şüəra".
Bu ziyarətgahlarda bəxtinə əbədi sönməzlik
düşmüş Azərbaycan ulduzları uyuyurlar.
"Heyət" sözünün də daha bir
anlamı "nücum", "ulduzlar elmi"dir.
Yurdumuzun ən elmli ulduzlarından olan böyük azərbaycanlı
Cavad Heyətin əsl yeri həmin kəhkəşanlardır. Elə
özünün də son arzusu bunlardan birində rahatlıq
tapmaq idi. Təbrizi ona qıymadılar.
Yenə Bakı Cavad Heyətə ağuşunu
açdı.
Amma əziz ustad, haçan Fəxri Xiyabana getsəm, nə
vaxt "Məqbərət üş-şüəra"ya
yolum düşsə, sizi onların ikisində də ruh
qardaşlarınızın arasında görəcəyəm.
Və bir də, sevimli millətimizin indikindən də
qat-qat məsud olacağı daha parlaq gələcəklərin
qoynunda.
Əsərləriniz, əməlləriniz yaşayacaq,
daim yurddaşlarımıza vətənçilik dərsləri,
millətçilik öyüdləri verəcək, həmişə
qanı təzələyəcək, ruhu duruldacaq, sizi də
bitməz sevgilərə ünvan edəcək.
VARLIĞınız
yenilməz milli ruhun rəmzlərindən biri, VARLIĞınızın
qovuşduğu yaşarı əsərlərinizin
hamısı birbaşa xalqın qan damarına qoşulu.
Azərbaycanla
birgə sonsuzadək
diri qalmaqçün
başqa nə lazımdır ki ?!
Rafael HÜSEYNOV
525-ci qəzet.-
2014.- 15 avqust.- S.3.