Möhtəşəm tarixi
abidə, təkrarsız memarlıq incisi,
misilsiz mədəni irs
nümunəsi
(Əvvəli
ötən sayımızda)
Qız qalası
Bakının tarixi tikililəri arasında ən möhtəşəm
və əzəmətli
memarlıq abidələrindən
biri sayılır. Uzaq keçmişdə
inşa edilməsinə
baxmayaraq, onun heyrətamiz zahiri forması, tərtibatı
və proporsiyalarının
uyarlığı əsas
gözəllik və estetik meyarlara tam uyğundur. Bunu dəyərləndirmək və dərk etmək üçün də peşəkar tarixçi və ya memar olmaq
gərək deyil.
Qız qalasının hündürlüyü
şimal tərəfdə
28, cənub tərəfdə
isə 31 metrdir.
Divarlarının qalınlığı isə 5 metr təşkil edir. Tikilinin görkəmi onunla təxminən eyni hündürlükdə olan
kontrforsla tamamlanan silindrik formaya uyğundur. Qalanın səkkiz mərtəbəsi
bir-birindən daş döşəmələrlə ayrılır. Onlar tikilinin divarının
cənub-şərq hissəsində
qurulmuş pilləkənlə
birləşir.
Bir çox
tədqiqatçılar Qız
qalasının ilkin olaraq dini məqsədlərlə
ucaldıldığını, dini mərasimlərin keçirildiyi bir ibadətgah kimi istifadə olunduğunu qeyd edirlər. Onların fikrincə,
bu, vaxtilə günəşə sitayiş
edən yerli sakinlərin inanc və ayinləri ilə bağlı olub. Qız qalasının quruluşu
da öz-özlüyündə
tikilidən dini məqsədlər üçün
istifadə olunması
fikrini daha çox əsaslandırır.
Belə ki, qalanın yuxarıdan görünüşü od, işıq və günəşin rəmzi olan və qədim zamanlardan etibarən Azərbaycanda geniş yayılmış simvollardan
biri sayılan butaya bənzəyir. Bundan başqa, tikilinin yuxarı dörd pəncərəsinin yerləşməsi
və quruluşu 22 dekabr qış gündönümündə günəş
şüalarının birbaşa
qalanın içərisinə
daxil olmasını təmin edir. Ehtimallara görə ilin ən qısa günü sayılan həmin tarixdə kahinlər günəşin
öz gücünü
bərpa etmək və onun dövrünü
yenidən hərəkətə
gətirmək məqsədi
ilə qalada ayinlər keçirirdilər.
Qız qalasının inşa və təyinatına dair alim və tədqiqatçılar uzun illərdir ki, ümumi fikrə gələ bilmir və bu məsələ sirr olaraq qalmaqdadır. Bakı buxtasının mərkəzində yerləşməsi, hündürlüyü, divarlarının qalınlığı, mühafizə olunan giriş hissəsi və bəzi digər məqamlar Qız qalasının müdafiə məqsədli bir tikili fərziyyəsinin irəli sürülməsinə əsas verir. Bu fikrə əsaslanaraq, bəzi tədqiqatçılar Qız qalasının Şirvanşahlar sülaləsinin hökmdarları tərəfindən XII yüzillikdə, şəhərin qala divarları ilə eyni vaxtda ucaldıldığını bildirirlər. Eyni zamanda, qalanın struktur quruluşunun və hörgü texnikasının V-VI əsrlərdə Azərbaycan ərazisində tikilən istehkamlara oxşarlığı bu tikilinin həmin dövrdə ucadılması fərziyyəsini irəli sürməyə imkan verir.
Bu fərziyyəyə şübhə ilə yanaşanlar Qız qalasında müdafiə tikililəri üçün səciyyəvi sayılan bəzi elementlərin olmadığını vurğulayırlar. Belə ki, 1960-cı illərdə aparılan bərpadan öncə qalanın içərisində mərtəbələr olmamışdır. Burada sadəcə üst platformayadək uzanan boşluq mövcud idi. Həmin boşluq habelə pəncərələrin düzülüş qaydası və ümumən abidənin strukturu onun önəmli dini və ya ayin mahiyyətli bir tikili ola biləcəyini ehtimal etmək üçün zəmin yaradır. Bu istiqamətdə aparılan elmi araşdırmalar isə onun e.ə. VIII əsrdə oda və günəşə sitayiş edən yerli tayfalar tərəfindən ucaldığını güman etməyə əsas verir.
Qız qalasının Günəşin illik dövranını və qədim insanlar üçün bəzi önəmli göy cisimlərini müşahidə etmək imkanı verdiyi üçün bir qrup alimin həmin abidənin qədim rəsədxana kimi istifadə olunması fərziyyəsində israrlı olmasına əsas verir. Daha bir fərziyyəyə görə, abidənin günümüzədək gəlib çatmamış və ya köklü dəyişikliklərə məruz qalmış ilkin strukturu e.ə. IV-III minilliklərdə ucaldıla bilərdi.
Hal-hazırda tədqiqat və araşdırmalar davam etməkdədir. Hər bir fərziyyənin tərəfdarları yeni-yeni dəlillər irəli sürürlər. Şübhəsiz, bütün bunlar abidənin önəmini artıraraq ona dair bilik və məlumatları daha da zənginləşdirir.
Əsrlər ötdükcə Qız qalası həm təbii , həm də fiziki amillərin təsirinə məruz qalmış, zaman keçdikcə zədələnib. Bu səbəbdən tikili üzərində vaxtaşırı bərpa və yenidənqurma işləri aparılıb. Bütün bunlara baxmayaraq bu əzəmətli abidə tarixin olayları və sınaq imtahanlarını uğurla qət edərək günümüzə öz ilkin görkəmini və struktur quruluşunu çatdıra bilib. Həmin bərpa işlərinin natamamlığı və qeyri-mükəmməl üsullarla aparılması səbəbindən struktur və fəsadındakı daşların tamlığı və dayanıqlığı təmin olunmayıb, nəticədə bir müddət sonra abidə ciddi təhlükə ilə üzləşib.
Abidənin ümumdünya əhəmiyyətini nəzərə alaraq, onun qorunub saxlanması və mövcud görkəminin gələcək nəsillərə olduğu kimi çatdırılmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən 2009-2013-cü illərdə Qız qalasında konservasiya işləri həyata keçirilib.
Bu layihə çərçivəsində görülən işlərin başlıca məqsədi tikilinin zahiri görünüşündə xələl gətirmədən təbii dağılma prosesinin və insan amilinin abidəyə əsrlərlə vurduqları ziyanı aradan qaldırmaq olub. İşlər Avropanın aparıcı bərpaçıları tərəfindən yerli mütəxəssislərin də cəlb olunması ilə yerinə yetirilib. Elmi araşdırmalarla müşayiət olunan bu layihə çağdaş texnologiya və materiallardan istifadə etməklə xüsusi həssaslıqla həyata keçirilib.
Qız qalasının konservasiya layihəsinin gerçəkləşməsi həmçinin Heydər Əliyev Fondunun dəstəyi nəticəsində mümkün olub. Özünün çoxşaxəli fəaliyyətində milli-mədəni dəyərlərin qorunması və təbliğində böyük önəm verən Fond ekoloji məsələlərin həllinə də xüsusi diqqət yetirir. Abidənin konversiyası prosesində onun daşları arasındakı boşluqlarda yuva salan uzunqanad köçəri quşlar üçün alternativ yuvaların qurulması təşəbbüsü məhz Fondun adı ilə bağlıdır. Bu təşəbbüs çərçivəsində xüsusi hazırlanmış yuvalara abidə ilə üzbəüz olan binada qurulmuşdur. Qalanın özünə gəldikdə isə ona ziyan yetirməmək şərti ilə burada 150-yə qədər yuva saxlanılıb. Uzunqanad quşlarının qorunması məqsədini daşıyan sözügedən layihənin uğurla gerçəkləşməsi tarix boyu bu məkanda formalaşmış ekoloji balansın qorunub saxlanmasını təmin edib.
Gün ərzində Qız qalasına yerli əhali ilə yanaşı turistlər də gəlirlər. Təxmini rəqəmlərə görə, bir gündə qalaya 300-500 arası ziyarətçi baş çəkir. Qala həftə arasından daha çox şənbə və bazar günləri ziyarətçiləri qəbul edir.
Vəfa MƏMMƏDLİ
525-ci qəzet.- 2014.- 16 avqust.- S.25.