Şair və
jurnalist Əvəz Qurbanlı:
"Dünyaya
şair kimi gəlmişdim”
– Şairlik, qəzəlxanlıq, yoxsa jurnalistlik?
– Əvvəla, şairlik insanın özündən
asılı deyil. Şair və qəzəlxan sözlərini
isə ayırmaq düzgün olmazdı. Qoşma
yazan da şairdir, qəzəl yazan da. Yaradıcılığa
şifahi xalq ədəbiyyatından, aşıq şeiri
üslubundan başlayıb qəzələ və satiraya gəlib
çıxmışam. Jurnalistika da,
müsahibələrimdən birində dediyim kimi,
dolanışıq yerimdir. Baxmayaraq ki, bu
14 ildə bu peşənin incəliklərinə vardım,
ruzimi onunla qazandım, ancaq jurnalistikaya həmişə
qaşqabaqla baxdım. Çünki
dünyaya şair kimi gəlmişdim, amma istedadımı
jurnalistikaya xərclədim.
– “Yaradıcılıq yolu, Saatlı-Bakı yolu qədər
asan deyilmiş”. Bu fikirlə
nə demək istəmisiz?
– Şair təxəyyülü ilə dediyim fikrə
jurnalist məntiqi ilə cavab vermək çətin olsa da,
sualınızı cavabsız qoymaq fikrində deyiləm. Yaradıcılıq
deyəndə, təbii ki, bədii
yaradıcılığı nəzərdə tutmuşam.
Sənət baxımından yolum çox da
çətin olmayıb. Ancaq yaşam
reallığı ilə şair romantizminin ziddiyyəti həmişə
yolumda dəf edilməsi müşkül olan çətinliklər
yaradıb və indi də yaratmaqdadır. Saatlıdan
Bakıya gələndə çılğın bir gənc
idim. İstedadıma çox güvənirdim.
Ancaq sonradan gördüm ki, bu cəmiyyətdə
hər şey istedadla ölçülmür. Bir az “lal”, bir az yaltaq, bir az “dayday”lı
olmalısan ki, “yolun açıla”. Bu şəhər
mühiti məni Amerika filmlərinin qəhrəmanlarından
daha çətin vəziyyətlərə saldı. Öz istedadımı lazımi qədər üzə
çıxarmağa nə şərait oldu, nə də vaxt.
Kənardan özümə baxanda,
gözümün qarşısında katorqa cəzasına məhkum
edilmiş bir şairin taleyi canlanır. Axı
insan dünyaya təkcə maddi problemlərini həll etməyə
gəlmir. Özü də ola
yaradıcı insan... Vaxt isə gedir. Bu
gün yaza bilmədiklərimi sabah
yazmağa imkan olmayacaq. Heç vaxt
yazmadıqlarımı da heç kəs yazmayacaq. Bu həqiqəti dərk etdiyim üçün
çox təəssüflənirəm.
– “Xocalı baharı”nı yazandan sonra anladım ki,
ömrümdə ən mükəmməl şeirlərimdən
birini, bəlkə də birincisini yazmışam”. Bu şeir
haqda bizə məlumat verə bilərsiz?
– “Xocalı baharı” şeiri doğrudan da başqa
şeirlərimdən dil-üslub, mövzu və bədii sənət
baxımından fərqlənir. O şeiri 35 yaşıma bir hesabat
kimi dəyərləndirirəm. Bir millətin
şairi olaraq, ziyalısı olaraq o millətin dərdini ifadə
edə bildiyim üçün. “Xocalı
baharı” şeiri, Xocalı dərdinin uzun illər içimdə
alovlandırdığı ocağın üstündə
qaynayıb bişdi. Ona görə də
başqa şeirlərimdən fərqləndi. Digər tərəfdən, həmin şeirin bədii
tərkibi də çox uğurlu alındı. Əruz vəzninin müctəss bəhrində, rəvan
və təmiz ana dilimizdə qələmə alındı.
“Xocalı baharı” Azərbaycanın
hüdudlarını sürətlə aşdı, Türk
dünyasında sevilən bir şeir oldu. 6-7
Türkiyə televiziyasında səsləndirildi. Amma yenə təəssüf ki, Azərbaycan
televiziyalarına bir dəfə də olsun,
çıxmadı. Mənə Türkiyədən
zəng edib dedilər ki, “Xocalı baharı” şeiriniz Qazi
universitetinin filologiya fakültəsinin məzunlarına diplom
işi kimi təqdim olunacaq. Bu xəbərdən
təsirləndim. Ürəyimdə dedim ki, kaş bircə
dəfə də o şeiri Azərbaycan universitetlərindən
birinin tələbə auditoriyası qarşısında səsləndirmək
imkanı qazanaydım...
“Xocalı
baharı”nı 3 il bundan öncə
yazmışdım və bu şeir 35 yaşıma verdiyim
hesabat idi.
– Bəs
bu il necə, 38 yaşınıza hansı
hesabatı verdiniz?
– Həm
çətin, həm də maraqlı sualdı. Təbii ki,
yaradıcı adam üçün zaman məhdudiyyəti
yoxdu. Həm də yaradıcılıq planla deyil ki, hər il üçün ortada mütləq nəsə
samballı bir əsərim olsun. 38
yaşımda nəsr sahəsində, demək olar ki, işləmədim.
Amma bu yaxınlarda özümün də
çoxdan gözlədiyim bir nəzm əsəri ortaya qoydum.
“Milli savaş himni” adlı şeirim, əslində
bədii ədəbiyyat nümunəsindən daha çox, gəncliyə
və ümumilikdə Azərbaycan insanına
çağırış idi. Əruz vəzninin ritmik
imkanları fonunda bu şeir hərbi marş kimi səslənir.
“Milli
savaş himni”ni əvvəlcə sosial
şəbəkədə paylaşmışdım. Avqust ayının əvvəlləri idi. Cəbhədə böyük gərginlik vardı.
Əsgərlərimiz şəhid olmuşdu,
ordumuz isə bu itkinin əvəzini qat-qat artıq düşmənə
ödətdirmişdi. Belə bir zamanda şeiri sosial
şəbəkədə paylaşanda gözləmədiyim
reaksiya oldu: minlərlə bəyənmə, yüzlərlə
paylaşım və s. Sadə insanlar, müxtəlif sahələrin
təmsilçiləri olan ziyalılar və sənət
adamları, ictimai-siyasi xadimlər “Milli savaş himni”
haqqında yüksək fikirdə olduqlarını bildirdilər.
Hətta Xalq artisti Faiq Ağayev əsəri
götürüb öz səhifəsində paylaşdı.
Hətta sonra bu şeirin bəstələnəcəyi təqdirdə
məmnuniyyətlə oxuyacağını da dedi.
Açığı, 38 yaşımda
yazdığım əsərlər arasında belə reaksiya
verəni olmamışdı. Ona görə də
hesab edirəm ki, “Milli savaş himni” də 38 yaşıma
verdiyim hesabatdır.
– İndi qələm adamları bir yaradıclıq
növü ilə kifayətlənmir. Sizcə şair, elə
təkcə şeir yazmalıdı, vəssalam? Lap elə
siz olun...
–
Bilirsiniz, 2 il öncə “Canlı dirəklər”
adlı hərbi vətənpərvərlik romanım
işıq üzü gördü və bundan sonra demək
olar ki, nəsrə bir az ara vermişəm. Beynimdə
ciddi mövzular, müxtəlif mövzulu nəsr əsərlərinin
ideyası, bəzilərinin hətta süjeti də var. Bircə
bu vaxt məsələsi imkan vermir ki, ideyalarımı
gerçəkləşdirim, yarımçıq işlərimi
tamamlayım. Vaxtdan söz düşmüşkən,
belə bir dördlüyüm də var:
Ümidim
yox mənim axtardığımı tapmağıma,
Baxmamış
fərz edirəm: hər yerə baxdım – yoxdu.
Mənim
axtardığım ancaq itirilmiş vaxtdı,
İşə
bax: itkimi axtarmağa vaxtım yoxdu...
Vaxt
doğrudan da dəhşətdi...
– Siz həm
də uzun illərdir ki, jurnalistika fəaliyyəti ilə məşğulsuz.
Bu peşə asandır?
–
Baxır sənin jurnalistika ilə necə məşğul
olmağına. Söhbət əsl jurnalistikadan gedirsə,
indi Azərbaycanda çox az adam bu işlə
məşğuldu. Bilirsiz, azad və müstəqil
mətbuat anlayışını cəmiyyət olaraq
yaxşı dərk edə bilmirik. Azad mətbuat
azad cəmiyyətdə formalaşa bilər. Azad cəmiyyətin formalaşması
üçün də fərdlər azad olmalıdır.
Beyin sərbəst düşünməlidir.
Bu gün hər bir Azərbaycan jurnalistinin
beynində qeyri-iradi senzura var. Biz millət və xalq olaraq
zaman-zaman basqıya məruz qalmışıq. Başımızı salamat saxlamaq üçün
dilimizə yiyəlik etmişik. Bu da nəsilbənəsil
təhtəlşüurumuza hopub, kodlaşmış informasiya
kimi qanla ötürülüb.
Müstəqil
dövlətin vətəndaşı kimi tarixdən cəmi
20 il götürmüşük. 20 il də çox qısa müddətdir. Gərək onillər keçə,
düşüncə tərzimiz dəyişə. Məncə, toplumun mübariz düşüncəsi
azad mətbuat üçün bazisdir. Bu
baxımdan məsələyə yanaşanda, jurnalistikanın
çox çətin bir peşə olduğunu
görürük. Dərdini demək istəməyənlərin
dərdini demək doğrudan da müşkül işdi.
Son vaxtlar dövlətimiz azad mətbuatın
formalaşması üçün ciddi addımlar atmaqdadır. İnanıram
ki, dövlətin bu sahəyə xüsusi diqqəti lazımi
nəticələr verə bilər. Amma
dediyim kimi, əsas problem, düşüncə tərzi ilə
bağlıdır. Təkcə ona görə
yox ki, jurnalistlər də bu toplumun elementləridir; həm də
ona görə ki, insanların öz dərdini ifadə etmək
istəyinin səviyyəsi aşağı olduqca, jurnalist daha
çox əziyyətlərə qatlaşmalıdır.
Digər tərəfdən, jurnalist qanunlarda təsbit
edilmiş hüququnu əsas götürüb informasiya
dalınca gedəndə, bəzi idarələr tərəfindən
yaradılmış bürokratik əngəllərlə
qarşılaşır və nəhayətdə
uğursuzluğa düçar olur. Bu uğursuzluq təkrar
olunduqca, jurnalistika peşəsinə həvəs də
azalır. Jurnalistika yalnız “palaza
bürünüb, el ilə sürünəndə” asan
peşədir.
– Dövlət
tərəfindən mənzil alan jurnalistlərin
siyahısında sizin adınız da vardı?
– Yox,
açığı, bununla bağlı müraciət etməmişdim.
Amma düşünürəm ki, bu dəfə
müraciət etməliyəm. Bunun
üçün tutarlı səbəblərim var. Birincisi,
ona görə ki, 14 ildir mətbuatdayam. İkincisi,
kirayə qalmaq ömrü-günü çürüdür.
Üçüncüsü, jurnalistlərə
növbəti dəfə mənzillər təqdim olunacaq.
Keçən il 150-dən artıq
jurnalistimiz mənzillə təmin olundu.Ancaq bu, hələ son
deyil. Mətbuat adamlarına Azərbaycan dövlətinin
qayğısı davam etməkdədir. Qarşıdakı
ildə daha 250 jurnalistin mənzillə təmin
olunacağı gözlənilir. Ümumilikdə, mənzil
alan jurnalistlərin sayı 400-ü
keçəcək. Düşünürəm ki, əgər
Azərbaycan kimi kiçik bir ölkədə 400 jurnalistin
arasında mənim yerim yoxdursa, 14 illik fəaliyyətim, bu
400-lük içərisinə məni sala bilməyibsə,
onda bu 14 ili hədər vermiş sayılıram. Bütün
bunları nəzərə alaraq fikrim var ki, bu il
mənzil üçün müraciət edim.
Ev alan həmkarlarımı da təbrik edirəm,
yeni mənzillərinə həmişə xeyir işlər
qismət olsun.
– Azərbaycanda
ədəbiyyata olan maraq nə yerdədir? Şairlərə
və yaradıcı mühitin insanlarına lazımi dəyəri
verirlərmi?
– Dəyərli
olana dəyər verilməlidir. Verilmirsə, bunun iki səbəbi
ola bilər məncə. Ya dəyərləndirənlərin
lazımi səviyyəsi olmaz, ya da məqsədli şəkildə
dəyər verilməz. Sadə insanlara gəldikdə,
söz əhli həmişə yaradıcılığa
yüksək qiymət verir.
–
Özünüzə sual verməli olsaydız, hansı
sualı verərdiz və necə cavablandırardız?
–
Sualım belə olardı: Mən kiməm və
yaradılışımın səbəbi nədir?
Cavabım isə: Bilmirəm...
–
Qınağa necə baxırsız? Sizi
qınayan olubmu?
–
Qınaq yaxşı şeydir, ancaq bir şərtlə ki,
qınanmağa əsas olsun. Qınaq – insan
vicdanına verilən elektroşokdur. Qınaq
olmasa, insanlar insanlığın sərhədini tez-tez
keçərlər.
İndiyə qədər hansısa güclü
qınağa məruz qalmağımı isə xatırlaya
bilmirəm.
– Bu
günə qədər ən gözəl xatirəniz...
– Bu
sualı cavablandırmaqda çətinlik çəkirəm.
Gözəl xatirələr çoxdu, onları
bir-birindən fərqləndirmək istəmirəm. Hərəsinin öz yeri var.
– İncidiyiniz adamlar olubmu?
– Qəribə
də olsa, deyim ki, mən adamlardan incimirəm. Məni incik vəziyyətə
gətirən adamı bir zamanlar qəlbimə çox
yaxın buraxdığım üçün özümdən
inciyirəm...
– Həyat
sizə nə verdi?
– Həyat
mənə heç nə verməyib. Həyatın
özünü mənə Yaradan bəxş edib. Nə qazanmışamsa, Onun sayəsindədir.
Nemətlərinə şükr etməyi
bacarmadığımız bir Varlığın...
Əvəz
Qurbanlıdan bir şeir
Milli
Savaş Himni
Odur!
Üçrəngli Vətən bayrağı qalxıb havaya,
Ruhumu orda
şəhid ruhları səslər davaya!
Bircə
gün kəsmədi atəş! Kimə lazım bu
barış;
Bu barış torpağı qaytarmadısa bircə
qarış?!
Yetər
artıq! Bu yolu burda dayandırmalıyıq,
Vətən
uğrunda Savaş məşəli yandırmalıyıq!
Çağırır
cəngə əsir torpağımın intizarı,
Getməsəm,
çatladacaq qəlbimi qeyrət damarı!
Yurddaşım,
bəsdi, məzar qazma daha, səngər qaz!
Yazmaq istərsən
əgər başdaşıma – Tarix yaz!
Biz biz
olsaq, gözünə göz yaşı yığmaz bu Vətən,
Cızılan
gülməli sərhədlərə sığmaz bu Vətən!
Hazır
ol – haqqı nahaqdan seçəcək bir savaşa,
Yolu tək
Milli barışdan keçəcək bir savaşa!
Qarabağ
– tarixi fürsətdə dönüş nöqtəsidir,
İrəvan
– bayrağımın sancılacaq zirvəsidir!
Növbədə
Urmiya, Təbriz, Dərbənd, Kərkük var!
Ölməyin
vaxtı deyil, qaldıracaq çox yük var!
Yurddaşım,
bəsdi, məzar qazma daha, səngər qaz!
Yazmaq istərsən
əgər başdaşıma – Tarix yaz!
C. ŞÜKÜROV
525-ci qəzet.-
2014.- 16 avqust.- S.21.