“Mühakimə etməyin ki, mühakimə
olunmayasınız”
Dövlətin əsas vəzifələrindən biri
dövlət və din arasındakı pozitiv proseslərin tənzimlənməsidir. Tarixdən məlumdur ki,
Qafqazda islamın
yayılması və inkişafı Azərbaycanla
bağlıdır.
Tarixçilər
çox vaxt öz millətinə, dininə müxtəlif fəndlərlə haqq
qazandırmaq üçün həqiqəti kor etməyə
hazırdırlar. Xüsusilə, əsrlər
boyu Azərbaycana qarşı yönələn əsassız
ittihamlar, yalana xidmət edən təbliğatlar bu gün də
bizim iqtisadi, mədəni tərəqqimizi gözü
götürməyən qüvvələrin
uydurmalarıdır. P.B.Rıbakovun və L.B.Alayevin redaksiyası əsasında
Rusiyanın Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun 2006-cı ildə nəşrə
hazırladığı “Şərqin tarixi” adlı
kitabın V cildində Azərbaycan
Qafqazda təcavüzkar ölkə kimi təqdim edilib. Tarixi hadisələr 1914-1945-ci illəri əhatə
edir. Alimlər
qaranı ağdan seçmək istəməyəndə,
tarixin başına cörab hörəndə gələcək
nəsillər üçün ən pis, ən ədalətsiz
miras qoyub gedirlər. Hadisələr
1918-20-ci illəri əhatə edir. Kitabdan oxuyuruq: “...Azərbaycan
eyni zamanda Naxçıvan və Dağlıq
Qarabağ uğrunda Ermənistanla, Axaltsixe, Axalkalaki üçün Gürcüstanla
döyüşüb. İngiltərənin köməkliyi ilə
Dağıstana da göz dikib, çünki Denikinin
Rusiyanı birləşdirmək planlarının həyata
keçə bilməyəcəyinə ümid edirdi....” Belə çıxır ki, regionda qonşu ölkələrin
dinc həyatına haram qatan yalnız Azərbaycandır.
Kitabda daha sonra oxuyuruq: “...Osmanlı hakimiyyəti 1915-ci ilin
yazında erməni xalqına qarşı genosidə
başladı. 1915-ci ildə misli görünməyən
genosidlə bağlı Ermənistanın tarixi qərb hissəsində
( Ərzurum, Van gölü ətrafı və
s. sahələr) erməni əhalisi demək olar ki, yox
oldu”. Şərqşünaslıq
İnstitutunun tarixi faktlara belə qeyri-obyektiv münasibəti
tarix qarşısında ən böyük günahdır.
Ermənistana məxsus olmayan xəritəni əsassız
iddialarla ağ vərəqlərdə
“yaratmaq”, onun “hüdudsuz” sərhədlərini genişləndirmək
cəhdi nə vaxta qədər davam edəcək? Qiyamət günü
bu yalanlarla Allah
qarşısında necə dayanmaq olar? Axı, əməl dəftərində
əməlləri yazan
mələklər heç kimin yalan
danışmasına imkan verməyəcək.
Atalar sözüdür, yalan ayaq açar, amma
yeriməz. Həmin kitabda
qeyd edilir ki, 1916-cı ildə rus ordusu Osmanlı ərazilərinin
dərinliklərinə doğru irəliləyərək
Ərzurumu aldı...və s. Kitabı diqqətlə
oxuyanda Ermənistanın tarixi ərazisi
kimi təqdim edilən
Ərzurumun əslində
Osmanlı ərazisində yerləşməsi məlum
olur. Düz deyiblər ki, yalançının
yaddaşı olmaz. Ümumiyyətlə,
“Şərqin tarixi” kitabında türk millətinə
qarşı aqressiv, mənfi mövqe özünü
qabarıq göstərir. Onu oxucunun gözündən hərtərəfli
salmaq üçün kitabın müəllifləri “böyük zəhmət”
çəkiblər. Sabah o siyasət bumeranq kimi özünə
qayıtmasın. Genosid qurbanı kimi dünyaya
car çəkən ermənilərin bu iftiradan savayı
başqa ölkədaxili problemləri yoxdur? Miskin, yazıq görkəmi almaq heç bir xalqa
başucalığı gətirmir. Atalar demişkən, yaxın
qonşu uzaq qohumdan yaxşıdır.
Öz
ruhani fəaliyyətində dinlər arasında sülhə
xidmət edən
yüksək nümunəyə layiq olan rus
keşişi Aleksandr Meni
xatırlamaq yerinə düşər. O, həmişə
müxtəlif din nümayəndələrini
qarşılıqlı ehtiramla fikir mübadiləsi
aparmağa dəvət edirdi: “Əlbəttə, dini təsəvvürlər
arasında prinsipial fərqlər qalmaqdadır. Lakin
buddaçılar, müsəlmanlar, xristianlar, konfutsiçilər
Allahın ali varlığını təsdiq
edirlər...20-ci illərdə ekumenizm hərəkatı
baş vermişdi. Müxtəlif xristian təriqətləri
olan pravoslav, katolik və protestantlar arasında yaxınlıq və
qarşılıqlı anlaşma yaranmağa
başlamışdı. Təəssüf ki, mənəvi səviyyəsi aşağı olan
insanlar həmişə rəmzi düşmən obrazı
yaratmağı bacarırlar...”
Təəssüf ki,
Daniil Sısoyev kimi pravoslav
din xadimi isə
xristianlığın əsas məqsəd və vəzifəsini islam dininə qarşı mübarizədə öz kəskin
çıxışlarıyla sübut etməyə
çalışmışdı. Məsələn, Aleksandr
Men və Daniil Sısoyevi ayrı-ayrılıqda dinlədikdən
sonra xristian dini, İsa peyğəmbər haqqında,
ümumiyyətlə, insani dəyərlər, əxlaq
haqqında müxtəlif təəssüratlarla üz-üzə
qalırsan. İslam haqqında istər rus, istərsə də
avropalı din adamlarının, filosofların fərqli düşüncələri,
Qurana necə yanaşmaları
onların Allaha münasibəti, özləri haqda həqiqətin
etirafıdır.
Yeri gəlmişkən,
Daniil Sısoyevin islam dininə, Məhəmməd
peyğəmbərə olan neqativ fikirləri üzərində
az da olsa dayanaq. Onun “Məhəmməd peyğəmbər
kimdir?” mühazirəsi geniş dinləyici auditoriyası
üçün nəzərdə tutulmuşdu. O
sübut etmək istəyirdi ki, Məhəmməd peyğəmbərə
Allahın vəhyi baş mələk həzrəti Cəbrayıl
tərəfindən deyil, qara bir qüvvənin,
şeytanın əməlidir. Çünki
peyğəmbərin eşitdiyi səs çox zəhmli və
sərt olub, amma Həzrəti Cəbrayıl Məryəmlə,
qohumu Zəkəriyyə peyğəmbəri ilə çox
mülayim danışıb. Əgər
Daniil Sısoyevin dediyi kimi, Quran şeytan tərəfindən
nazil olubsa, niyə səmavi kitabda insanın düşməni
sayılan şeytan və cinlərə qarşı ayələr
var. Məgər onlar insanları ədalətə,
xeyirxahlığa dəvət edə bilərlər? Quranda qiyamət günündə cəhənnəm
qapıları kimlərin üzünə açılacaq?
Mömin və xeyirxah insanlarınmı?
Sısoyev Quranın surələrini mükəmməl bilmədiyi
halda heç bir məntiqə sığmayan fikirlər söyləyir. Heç,
şeytan da insanları cəhənnəmlə qorxudarmı?
Maddi dünyanın üstünlüyünü
hər vasitə ilə önə çəkər.
Qurani-Kərimin 114-cü “Nas” surəsinə nəzər salaq:
“(Ya peyğəmbər!) De, pənah aparıram insanların Rəbbinə!
İnsanların ixtiyar sahibinə. İnsanların Tanrısına. Vəsvəsə
edən (Allahın) adı çəkiləndə isə
qorxusundan qaçıb gizlənən şeytanın şərrindən. O
şeytan ki, ürəklərinə vəsvəsə
salır. (O şeytan
istər cinlərdən olsun, istər insanlardan.)”
Daniil ata “ Quran Allahın sözü olduğunu iddia edə
bilərmi?” məqaləsində
məntiqdən, həqiqətdən uzaq fikirlərin
düyününə düşür. O, Quranı heç
bir vəchlə İncilin mükəmməl məzmunu,
cümlələri, yunan şairlərindən Homer, Esxil,
Sofoklun əsərləri ilə də müqayisə etmək
istəmir. Guya, Quranın mənəvi səviyyəsi nəcib Avropa səviyyəsinə
ucala bilmir.
Fikilərimizi
dahi Füzulinin “Mətlə ül Etiqad” əsəri ilə
davam edək: “...bütün peyğəmbərlərin peyğəmbərliyinin
sübutu müəyyən möcüzələrdən ibarət
olmuşdur. Lakin o peyğəmbərlərdən sonra həmin möcüzələrdən heç bir əsər qalmamışdır. Halbuki bizim
peyğəmbərin möcüzələrindən biri olan Quran
peyğəmbərdən sonra
olduğu kimi qalmış və
bütün zamanlar üçün
qiyamət gününə qədər olan peyğəmbərliyinin şahidi
olaraq qalacaqdır. Beləliklə, möcüzəsi
daha artıq yaşayan və daha sabit olan (peyğəmbər)
hamısından üstündür.”
Daniil Sısoyev “Məhəmməd peyğəmbər kimdir?” məqaləsində özünəməxsus sarkazmla yazır: “İncil” ibrani, arami, qədim yunan dillərində yazılıb. Bu üç dil yaşayan canlı dillərdir. Bu üç dil bütün dünyanın universitetlərində, məktəblərində öyrənilir, nəinki qureyşlilərin ərəb dili. Bu cəhətdən Quran İncillə müqayisədə geridədir. Ona görə də müsəlmanlar məcburdurlar ki, öz yanlış fikirlərinə bəraət qazandırmaq üçün “Allah” sözü altında alovun, terrorun, qətllərin vasitəsi ilə mübarizə aparsınlar...Quran ərəblər və cinlər üçün nəzərdə tutulmuşdur”. Bir sözlə, D.Sısoyevin fikrincə, Pravoslav kilsəsindən kənarda insanlar qurtuluş tapa bilməzlər. Nədənsə, o, “İncil”də yazılanları unudur. “Mühakimə etməyin ki, mühakimə olunmayasınız. Çünki nə hökmlə mühakimə etsəniz, onunla da mühakimə olunacaqsınız və hansı ölçü ilə ölçsəniz, o ölçü ilə sizin üçün ölçüləcəkdir”. Ən dürüst qanun budur ki, insanların sizinlə necə rəftar etməsini istəyirsinizsə, siz də onlarla elə rəftar edin”.
Quranın “Bəqərə” surəsinin 62-ci ayəsində deyilir: “Şübhəsiz ki, möminlərin, yəhudi, nəzrani və sabiilərdən Allaha və Axirət gününə iman gətirənlərin və yaxşı iş görənlərin mükafatı öz Rəbbi yanındadır. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər”. Qurani-Kərimdə müxtəlif dinlərə mənsub insanlar haqqında heç bir ayrı-seçkilik olmadan möminlərin Allah tərəfindən mərhəmət göstəriləcəyinin şahidi oluruq.
Lakin rus inqilabçısı, keçmiş SSSR-nin Elmlər Akademiyasının fəxri üzvü, yazıçı, Nikolay Morozov 1930-cu ildə Moskva Dövlət nəşriyyatında çap olunan “İsa” kitabının müəllifi kimi islam dininə birtərəfli, qərəzli yanaşır. Əsərin giriş hissəsində qeyd edilir: “...mənə dönə-dönə deyilib: Əgər qədim tarixi əks edən materiallarımda həqiqəti təhrif edən sənədlər olsa, tarixi həqiqət fantaziyadan necə fərqlənə bilər? O, “həqiqəti” olduğu kimi deyil, görmək istədiyi kimi təqdim edir. Kitabın ikinci hissəsinin birinci başlığı belə adlanır: “Quran nədir?” O, özünəməxsus inamla qeyd edir ki, Quran yəhudi-xristian İncilindən bəhrələnib. Bu kitab əxlaqi tövsiyələrin xaotik toplusu, həmçinin İncildə adları qeyd olunan peyğəmbərlər haqqında rəvayətlərdən ibarətdir. Qurani-Kərimin “Qəsəs” surəsinin 44-cü ayəsində deyilir: “(Ya Rəsulum!) Biz Musaya vəhy etdiyimiz ( peyğəmbərlik bəxş edib Firon əhlinin yanına getməsini buyurduğumuz) zaman sən (Tur dağının) qərb tərəfində Musanı gözləyənlər arasında deyildin. Sən( buna) şahid olanlardan da deyildin! (Sənin yəhudilərə və ərəb müşriklərinə bu xəbərləri doğru söyləməyin yalnız Allahdan nazil olan vəhylərdir!)
Daha sonra
N.Morozov ən savadsız suallarından birini verir. “Quran harda
yazılıb? Guya o nə Məkkədə, nə də
Mədinədə yazılıb, coğrafi şəraitinə
görə onlar mədəniyyət mərkəzlərindən
biri ola bilməz.
N.Morozovu
rahatsız edən suallar çoxaldıqca, həqiqəti
sübut edən geniş səviyyədə cavablar verməkdə
acizliyi hiss olunur: “Gəlin araşdıraq, görək ki,
Quran hansı dildə yazılmışdır? Bizə deyirlər
ki, ərəbcədir, belə olduqda, səni məcbur edirlər inanasan
ki, o Səudiyyə Ərəbistanında yaranıb. Əslində
bu, elə deyil...”Ərəb” sözünün özü
xalqın, tayfanın adı deyil, islam dinini bildirir...mən ərəb
dilini adicə olaraq, islamçı, yaxud qureyşli
adlandıracağam...” Bir vaxtlar ərəb dilində qureyş ləhcəsi
üstünlük təşkil etsə də Quran nazil olduqdan sonra o öz əvvəlki
mövqeyini, üstünlüyünü itirmişdi. Bir
çox ərəb yazarları Quranın bəlağətli
dili qarşısında öz acizliyini hiss etmişdilər. Ona bənzər yazılar üzə
çıxartmaq istəyən bəzi ərəb şairlərinin
isə canfəşanlığı, zəhməti hədər
getmişdi. Bu haqda
Quranın “Yasin” surəsinin 69-cu ayəsində deyilir: “Biz ona
(Məhəmməd əleyhissalama) şeir öyrətmədik
və bu ona heç
yaraşmaz da (lazım da deyildir)”. Qurani-Kərimin dili
olan ərəb dili qiyamətə qədər heç vaxt
dünya tarixindən silinə bilməz. Allah o dilə öz
xeyir-duasını verib. Həmçinin səmavi
müqəddəs kitab hədis, fiqh üsulu, fiqh elmlərinin
inkişafına səbəb olub. Şərqşünaslar
qeyd edirlər ki, ərəb dilinin söz ehtiyatının zənginliyi
onun özgə dillərdən az bəhrələnməsinin
göstəricisidir.
Əslində
sərt təbiətə,
çətin həyat şəraitinə malik ərazidə
əhalidə nikbinlik, iradə, vahid Allaha iman
aşılamaq, xeyirlə şərin
sərhədlərini fərqləndirmək vacib məsələlərdən
biridir. Cənnət kimi yerdə yaşayan insana xoşbəxt
olmağı öyrətməyə ehtiyac varmı?!
Əsas
odur ki, dünya mədəniyyətini
yaxından öyrənməklə yanaşı həmçinin
öz əxlaqi dəyərlərimizə, mədəniyyətimizə
sadiq olaq. Təəssüf ki, “Şərqin tarixi” kimi kitablar əsl
tarixə qeyri- obyektiv
münasibətlər göstərdikcə xalqlar
arasında mənəvi yadlıq, uçurum dərinləşəcək.
Unutmayaq ki, məhz Allahın iradəsiylə günəş Şərqdən
doğur.
Zöhrə Əsgərova
525-ci qəzet.- 2014.-
16 avqust.- S.19.