İşığa
doğru
Onu lap çoxdan – “Qurucu” adlı rayon qəzetində ilk
hekayələri çap olunduğu 70-ci illərdən
tanıyıram. Həmin qəzetin məsul katibi olan, ömrü boyu ədəbiyyat
yanğısı ilə yaşayan Əmirqulu Quliyevin
özü kimi balaca, kasıbyana iş otağında
böyük ədəbiyyatın dərkolunmaz cazibəsinə,
sirli-sehrli tilsiminə
düşdüyümüzü xatırlayıram. Balaca boylu,
qara, gur saçları çiyinlərinə tökülən,
qalın, həbəşi dodaqlarının qəribə qəzəbli
sıxımında susqun bir etiraz yurd salan, qaramtıl eynəyinin
altından baxan kədərli gözlərində əbədi
bir tənhalıq vurnuxan xeyirxah Əmirqulu müəllim ədəbiyyata
gəlmək istəyən, lakin gəlib çıxa bilməyənlərdən,
ədəbi duyğu-düşüncə yollarının
qaradinməz yorğunu olanlardan idi. O vaxtkı gənclik
almanaxlarında ara-sıra əsərlərini – şeir və
miniatür hekayələrini çap etdirir, yazmaq və
çap olunmağın əzablarına qatlaşır, ədəbiyyat
“xəstəliyini” bizə də yoluxdururdu. Ağalar Mirzə
və mən hələ universitet tələbələriydik,
Aydın Tağıyev isə artıq diplomlu rus dili müəllimi
idi, Bakıdakı redaksiyaların yolunu bizdən daha
yaxşı tanıyırdı...
Aydın Tağıyev ədəbiyyata çətin, əzablı
yollarla gəldi, o yollarda heç vaxt dayanmadı, yorulmadı,
bezmədi və heyrətamiz bir inadla öz ədəbi
sözünün mənzil başına qovuşdu, taleyinin
haqq mərtəbəsinə çata bildi. Ədəbiyyata ötəri
qonaq kimi yox, doğma ev yiyəsi, halal haqq
sahibi kimi gəldi. Ədəbiyyata öz səsi-sözü,
öz yazıçı-vətəndaş vicdanı, öz
müstəqil mövqeyi, mənəvi missiyası ilə gəldi
Aydın Tağıyev. Və indi onun
otuzdan çox nəsr və publisistika kitabını, o
kitabların ədəbi-mənəvi yükünü, bədii-estetik
miqyaslarını göz önünə gətirəndə həmin
gəlişin uğurlu olduğuna, bir tale işi olduğuna qəlbən
inanıram.
Aydın Tağıyev öz taleyinin
yazıçısıdır. On illər boyu onu daim yeni yazılar
sorağında, təzə ədəbi söz yollarında
görmüşəm; o, heç vaxt yazmaqdan yorulmayıb,
qorxmayıb, usanmayıb, ədəbi söz cazibəsindəki
mənəvi, ruhi xoşbəxtliyi heç nəyə dəyişməyib;
hər dəfə təzə yazısını qoltuğuna
vurub, 120 kilometrlik yolu keçib əyalətdən Bakıya gələndə,
o yazılarını mərkəzi mətbuatda, qəzet və
jurnallarda, almanax və fərdi kitablarında çap etdirəndə
özünü dünyanın adamı hesab edib.
O,
çox yerdə işləyib. Uzaq dağ kəndində,
təyinatla getdiyi ucqar bölgədə müəllim də,
rayon sovetində deputat da olub. Qəzetdə sıravi ədəbi
işçi, şöbə müdiri, baş redaktor da, Azərbaycan
Dövlət Televiziya və Radio Verilişləri Şirkətində
zona müxbiri də işləyib... Hazırda
“Çıraqqala” ədəbi-bədii jurnalının
baş redaktoru, Prezident təqaüdçüsüdür.
Bəli,
o, çox yerdə işləyib, lakin heç vaxt vəzifə,
iş adamı olmayıb. Həmişə daha
çox sənət adamı, söz adamı, qələm əhli
olub Aydın Tağıyev. Onun
çörəyi həmişə qələmdən
çıxıb, taleyi qələmlə yazılıb.
O, həmişə öz sözünün güney
yamacında, öz sənətinin sərin kölgəsində
dayanıb, cəmiyyətin min bir çətinliyindən,
sıxıntısından bezəndə öz
sözünün-sənətinin, özünəməxsus
fikirlər səltənətinin azadlığına çəkilib,
öz əsərlərinin əsəb tellərində,
yazılarının yaz yağışında xilas olub;
özü xilas ola-ola oxucularını da xilas edib, beləcə
daim işığa doğru, aydınlığa doğru
gedib.
Bu, əsl sənət adamının halal qisməti, mərdanə
taleyidir. Və mən köhnəlməyən köhnə
dostum Aydın Tağıyevin istedad və zəhmətindən
yaranan xoşbəxtliyinin, öz ədəbi
sözünün ədəbi dağ dolaylarında bəxtəvərliyinin,
dediyim kimi, şahidi çox olmuşam. Sovet
dövrünün mətbuat – qəzet, jurnal
kasadlığında, çıxılmaz çap çətinliklərində
qeyri-adi bir inadla sözünü deyən, ara-sıra nəşr
olunan hekayələrinin işığında sevinən,
xoşbəxt olan Aydın bizi də sevindirir, səfərbər
edirdi. O, balaca hekayələr yaza-yaza öz böyük
roman ömrünü, roman taleyini yaşayırdı.
İndi
bu yazını yaza-yaza, təxminən, otuz beş-qırx il əvvəlin bir yağışlı
gününü xatırlayıram. O yağışlı
günün yovşanlı dağlarda əks edən qeyri-adi
işığı, ruh oxşayan cənnətməkan
yüngül havası qalıb yadımda. Elə
işıqlı, yüngül hava idi ki, dünyanın
gözləri qamaşır, ağacların,
daşın-torpağın da uçmağı,
havalanmağı gəlirdi...
Ucqar dağ kəndi Əmirxanlıda dərs deyib
qayıdan Aydın Tağıyevin yolu bizim Surra kəndindən
keçirdi. Aydın bağçanın
aşağısından, yoldan məni
çağırdı. Nə illah elədimsə,
evə gəlmədi. Təzə, o vaxt dəb olan milmil
paltosunun qoltuq cibindən çıxartdığı
“Qurucu”nun – rayon qəzetinin təzə sayını mənə
verib gözlərində pöhrələnən işıqla
dedi ki, hekayəm çap olunub, oxuyarsan... Aydın on-on beş
kilometrlik yağışlı-palçıqlı yol gəlmişdi,
hələ evlərinə dörd-beş kilometrlik yorucu yol
qalmışdı və rayon qəzetində çap olunan o
balaca hekayənin istisi-işığı, mənəvi
gücü elə çox idi, elə möcüzəli idi
ki, onu bütünlüklə xoşbəxt edə
bilmişdi. Doğrusu, həmin gün mən ədəbi
sözün ədəbi möcüzəsinə bir daha
inandım, balaca hekayənin böyük gücünü,
qüdrətini, sirli-sehrli hikmətini gördüm. O
hekayə bəlkə də ciddi bir ədəbiyyat hadisəsi
deyildi, dünya, hətta yerli nəsr imkanları, nəsr təfəkkürü
baxımından sənət standartlarına cavab vermirdi;
söhbət bunda deyil, nəzərə çatdırmaq istədiyim
ədəbiyyata gəlməyə can atan gəncin, gənc
yazıçının özünə inamı və
ümidi, sənət sevgisi, ədəbiyyat
yanğısıdır. Əsas məsələ bundadır
ki, yazıçı Aydın Tağıyev sözə-sənətə
həmişə inanıb, ümid bəsləyib, etibar və
etiqad edib, nəsrin çətin, əzablı yollarında
inamla, inadla irəliləyib, daim onu çağıran
sirli-sehrli səslərə, işığa,
aydınlığa doğru gedib. Ədəbiyyat adamları
bilir ki, xüsusilə, Sovet dövründə paytaxtdan uzaqda, əyalətdə
yaşaya-yaşaya ciddi sənət yolunun yolçusu olmaq, ədəbi
ağırlığına çiyin vermək necə
ağır, məşəqqətli iş idi. Bunun
üçün o vaxt da, elə indi də həqiqi ədəbiyyat
sevgisi, əsl fədakarlıq, sarsılmaz inad və ümid, əsası
da zəhmət və istedad lazımdır. Və Aydın Tağıyev onlarla nəsr və
publisistika kitabıyla sübut etdi ki, o məhz belə ciddi sənət
adamıdır, gənclik illərinin söz sevgisinə
heç vaxt xəyanət etməyən
yazıçıdır, murada çatan şərəfli sənətkar
taleyinin sahibidir.
O, Azərbaycan nəsrində və publisistikasında özünəməxsus sözü, səsi olan qələm adamıdır. O, ali təhsilli övladları – Şəhriyarla Bəxtiyarla ilə ailəsində vətəni birləşdirən, bütövləşdirən xoşbəxt atadır. O, intellekti və istedadı, sənəti və şəxsiyyəti həmqafiyə olan, bir-birini tamamlayan ciddi yazıçı, fədakar ziyalı, əqidəli vətəndaşdır. O, sözü tutdu, sözün ədəbi işığına doğru getdi və bu gün də getməkdədir – bu, ciddi bir yazıçı taleyidir. O, nəsrdə daha sanballı, daha böyük uğurlara layiq yazıçıdır.
On illər boyu Aydın Tağıyevin yazıçı xoşbəxtliyinə onun daim izlədiyim nəsrində də, publisistikasında da tez-tez şahidi olmuşam. Bu, yazıçı ideyasının, ədəbi sözün mənzil başına çatdığı, sənətkarın demək istəkləri ilə deyə bildiklərininin üst-üstə düşdüyü möcüzəli məqamdır. Onun yadımda qalan ilk hekayələrindən birində – “Bir tay ayaqqabı” yazısında da, bu yaxınlarda “Ulduz” jurnalında oxuduğum hələlik sonuncu hekayələrindən olan “Adəmin oğlu” əsərində də sözün qələbə pıçıltıları eşidilir. Təxminən, 30-40 ilin ayırdığı bu iki hekayəni həm də ona görə analoji təhlilə cəlb etmək istədim ki, onların bədii-estetik ruhunda, sənətkarlıq mənzərəsində Aydın Tağıyev nəsrinin təkamülünü, inkişaf yolunu da izləmək mümkündür.
Az qala mənsur şeir ovqatına uyğun lirik təhkiyə tipi ilə ədəbiyyata gələn Aydın Tağıyev sonralar ağır-taxta bədii publisistik dilə, miqyaslı, prozaik təqdimata meyl edir, urbanizasiya qarşısında sıxılan, sarsılan müasir kənd mühitinin, daha çox kənd-qəsəbə psixologiyasının bir qədər köhnələn panoram lövhələrini yaradır, məhz özünəməxsus kiçik hekayə imkanlarını, böyük nəsr nəfəsini ortaya qoyur, necə deyərlər, özünü təsdiq edir. “Adəmin oğlu” tipli son yazılarında isə Aydın daha çox realistdir; bu hekayənin ədəbi düşüncə, fəhm çöllərindən satirik bir görüntünün, hətta uzaq bir sarkazmın səsi gəlir. Lirikadan yumora, yumordan satiraya aparan yollar, adətən, bədii-nəsr təsərrüfatında inkişafdan, bədii-estetik şüur hərəkətindən, dərketmə səviyyəsinin templərindən soraq verir...
Bu inkişaf dinamikasını onun publisistikasında da izləmək mümkündür. Aydın Tağıyevin jurnalist, publisist təqdimatı yüksək ədəbi dil normalarına riayət edilməsi, fəal vətəndaşlıq mövqeyi, əsas məna və mahiyyətin ön plana çəkilməsi, bəlağətli, ritorik kosmetikası yox, məhz bədii-intellektual tanıtması ilə seçilir. Onun “Ömrün 40 günü” (“Dəvə Şirvan yolunda...” kitabı, Bakı, “İşıq”, 1991) adlı elə ciddi, tam professional əsərləri var ki, bədii publisistikadan bəhs edən tədris kitablarına nümunə kimi salına bilər...
Təsadüfü deyil ki, onun əsərləri, xüsusilə, kiçik hekayələri zaman-zaman diqqəti cəlb edib. Bu bədii nəsr nümunələri haqqında Xalq yazıçıları İsmayıl Şıxlı və Mövlud Süleymanlı, akademik Bəkir Nəbiyev, professorlar Nazif Qəhrəmanlı, Vaqif Yusifli, yazıçı və şairlərdən Əlibala Hacızadə, Novruz Nəcəfoğlu, Rəşad Məcid, Elçin Hüseynbəyli, Səyavuş Məmmədzadə, Tofiq Nurəli (bu siyahını xeyli uzatmaq da olar –S.E.) kimi ədəbiyyat biliciləri söz deyib, təqdiredici mövqe bildiriblər.
O, adətən, adi adamların adi taleyindən, xüsusilə, Şabran (keçmiş Dəvəçi –S.E.), kənd-qəsəbə mühitinin tipik adiliklərindən yazıb. Onun qəhrəmanlarına həyatın kiçik adamları da demək olar. Əsası odur ki, Aydın Tağıyev əksər əsərlərində adi adamların adi həyat lövhələrinin gizli, sirli-sehrli məqamlarını ön plana çəkə bilib, bir vaxtlar dəbdə olan ifadə ilə desək, zərrədə külli, mikromühitdəki makromühiti, adilikdəki qeyri-adilikləri görüb və göstərə bilib... Onun kiçik hekayələri həmişə ağır həyat yükü, böyük həyat materialı ilə məni düşündürüb və heyrətləndirib.
Hətta bəzən mənə elə gəlib ki, onun nə yazdığından, necə bədii məntiqə söykənib hansı bədii nəticələrə gəldiyindən heç özünün də xəbəri yoxdur. Bu, yazıçı təhtəlşüurunun tanrısal gizlini və o sirli fenomenin təlqin etdiyi spesifik yazı texnlogiyasının müşkül sirridir.
Bu məqamda Şabran rayon mərkəzində “Kitab evi”ndə keçirilən bir yığıncağı – Aydın Tağıyevin “Alma oğurlayan divlər” adlı növbəti nəsr kitabının “İmza günü” mərasimini xatırlayıram (Yeri gəlmişkən, son illər Şabran rayonunda xoş adət halını almış belə ədəbi tədbirləri alqışlayıram və daha genişmiqyaslı, həm də uzunömürlü olmasını arzulayıram). Taleyin qismətindən mən də həmin yeni kitab bayramında iştirak edirdim. Çıxış edənlərin A.Tağıyevin nəsri və publisistikasına hərtərəfli bələdliyi, onun haqqında hamının ürəklə, könül xoşluğuyla danışması məni xeyli sevindirdi, fərəhləndirdi. İstər bizdə, istərsə də bütün dünyada kitab mütailəsinin hiss olunacaq dərəcədə zəiflədiyi, İnternet şəbəkələrinin bütövlükdə ciddi mədəniyyətə, eləcə də ciddi ədəbi sözə, bütövlükdə kitab mifinə meydan oxuduğu müasir dövrdə “İmza günü” məni qəlbən, ruhən məmnun etdi. Əsası odur ki, ömrü boyu əyalətdə yazıb-yaradan, ədəbi sözün işığına doğru gedən, əsərlərində haqqın, həqiqətin, ədalətin zəfərinə can atan istedadlı bir yazıçının xoşbəxtliyinə növbəti dəfə şahid oldum. On illər boyu əsərlərini izlədiyim, ədəbi uğurlarına sevindiyim yazıçı dostumun sənətkar xoşbəxtliyi onun özünün özünə verdiyi ən böyük mükafatıdır. Bu, daim işığa can atan, aydınlığa doğru gedən Aydın Tağıyevin Aydın Tağıyevə mükafatıdır.
Sadıq Elcanlı
525-ci qəzet.-
2014.- 16 avqust.- S.18.