Anardan yeni
möhtəşəm əsər
Xalq yazıçısı
Anarın “Yaşamaq haqqı” adlı tarixi-kulturoloji traktatı çapa hazırlanır. Bu əsər ilk dəfə
2013-cü ildə Anarın
“LİK Azerbaydjana” üçcildliyində
rus dilində çap olunub.
525.az-ın məlumatına görə, hazırda əsərin azərbaycanca
versiyası üzərində
son redaktə işləri
gedir. Əsərın Azərbaycan dilində
ayrıca kitab şəklində çapı
planlaşdırılır. Traktat Azərbaycanın qədim
dövrdən bugünümüzə
qədərki tarixini əhatə edir. Əsərdə təkcə Azərbaycan
tarixinə yox, bütövlükdə ümumtürk
tarixinə ekskurs olunur. Qədim türk abidəsi
olan Orxon-Yenisey kitabələrindən üzübəri
bir çox mühüm yazılı mənbələrə müraciət
edən müəllif
tarixi hadisələr,
görkəmli şəxsiyyətlər,
ictimai-siyasi xadimlər,
maarifçilərimiz haqqında
şəxsi mülahizələrini
bölüşür.
Xalqımızın millət olaraq formalaşması, özünüdərk
prosesi hansı çətin mərhələlərdən
keçib?
Dil problemi, işğalçıların
ana dilimizə təcavüz siyasəti, çar Rusiyasının xanlıqlarla müharibələri,
Azərbaycanın ikiyə
parçalanması, Şərqdə
ilk demokratik cümhuriyyətin
yaranışı, Sovet
imperiyasının qurulması
və Azərbaycanın
İttifaqa qoşulması,
Stalin hakimiyyəti, repressiyalar,
kütləvi qırğınlar
tariximizdə nə kimi izlər buraxıb?
Əsrlər boyu Azərbaycanın başına gətirilmiş
bəlalar ədəbiyyatımıza,
incəsənətimizə neçə sirayət edib?
Azərbaycan Respublikasının müstəqilliyinin
bərpa olunmasından
sonra ermənilərin
torpaqlarımıza təcavüzü
və Qarabağın
işğalı, 20 yanvar
hadisələri, Xocalı
faciəsi kimi qanlı-qadalı, ağrılı-acılı
hadisələrin kökündə
hansı məkrli niyyətlət gizlənirdi?
Vətəndaş müharibəsi təhlükəsi
və ölkədə
vəziyyətin kritik
həddə çatması,
hakimiyyət çəkişmələri,
belə bir vaxtda Heydər Əliyevin yenidən hakimiyyətə dönüşü,
bundan sonra pespublikanın mədəni,
iqtisadi, ictimai həyatında baş verən dəyişikliklər Azərbaycanı
hansı təhlükələrdən
xilas elədi?
Xalq hərəkatının
aparıcı nümayəndələri
olan Əbülfəz
Elçibəy, İsa
Qəmbər, Pənah
Hüseyn, Nemət Pənahlı və başqalarını hansı
portret cizgiləri səciyyələndirirdi?
Anar uzun illərin həyat təcrübəsinə və
dərin mütaliəyə
dayanan yazışı
baxışı ilə
əsərdə bütün
bu suallara cavab axtarır, Azərbaycan tarixinə müxtəlif rakurslardan işıq salır.
Bundan əlavə,
Azərbaycanın tarixində,
xalqın taleyində bu və ya
digər şəkildə
rol oynamış müxtəlif şəxsiyyətlərin
həyat və fəaliyyəti də əsərdə ön plana çəkilir. Cavad xan-Sisyanov qarşıdurması,
Məhəmməd Əmin
Rəsulzadənin millət
qarşısında xidmətləri,
ilk maarifçilərimiz Mirzə
Kazımbəyin, Abbasqulu
ağa Bakıxanovun, Mirzə Fətəli Axundzadənin, Həsənbəy
Zərdabinin Azərbaycan
mədəniyyəti üçün
gördüyü böyük
işlər, Üzeyir
Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov kimi bəstəkarlarımızın milli musiqimizin inkişafındakı rolu
barədə mülahizələr
traktatda önəmli yer tutur. Burada təzadlı
tarixi şəxsiyyətlərdən
olan Mir Cəfər Bağırovun fəaliyyətinin
bütöv, hərtərəfli
əksi isə xüsusi maraq doğurur.
Bu sadalananlarla paralel olaraq xarici qüvvələrin,
kənarda baş verən hadisələrin tariximizə, millətimizin
taleyinə təsirindən
də söz açan müəllif əsərdə Avqust Putçası, SSRİ-nin
dağılması, ölkəmizin
müstəqillik qazanması,
gənc suveren respublikaya kənardan təzyiqlər barədə
fikirlərini bölüşür,
məsələlərə tam yeni, fərqli aspektlərdən yanaşır.
Bundan əlavə, 2003-cü ildə
İlham Əliyevin hakimiyyətə gəlişi
və müasir Azərbaycanda gedən böyük quruculuq işləri kontekstində
ədəbiyyat və
mədəniyyət sahəsində
aparılan islahatlar, kitabların latın qrafikası ilə çapı, müxtəlif
ədəbi mükafatların
təsis olunması, yaradıcı gənclərə
dövlət qayğısı
məsələlərinə toxunan müəllif milli musiqimizin, mədəniyyətimizin, ədəbiyyatımızın
xaricdə təbliğı
üçün görülən
tədbirlərdən də
bəhs edir, öz fikir və
arzularını bildirir.
Əsərin əsas məziyyətlərindən
biri də yazıçının bilavasitə
iştirakçısı olduğu,
müşahidə etdiyi
hadisələrə öz
baxışını və
münasibətini ifadə
etməsidir.
Qeyd edək
ki, yaxın zamanlarda əsərdən
bəzi hissələrin
dövrü mətbuatda
yayımlanması planlaşdırılır.
Nəzrin
525-ci qəzet.- 2014.- 16 avqust.- S.17.