Oljas Süleymenov :“Mənim
amalım dağı alçaltmadan çölü
ucaltmaqdır”
Müəyyən ixtisarlarla təqdim etdiyimiz müsahibə rus dilində “Azerbaydjanskie izvestiya” qəzetinin 2014-19 iyul sayında dərc olunub
Azərbaycan Yazıçılar Birliyinin qurultayı
başa çatdı. Təşkilat 80 illik yubileyi ilə bağlı
təbriklər qəbul etdi. Amma qonaqlar
getməyə tələsmirdi. Biz jurnalistlər
üçün də bu, bir fürsət oldu. Deməli, Azərbaycanın böyük dostu Oljas
Süleymenovla görüşmək imkanımız
olacaqdı.
Bu yerdə yazıçının həyat yolunu
qısaca xatırlatmaq istərdim. 1936-cı ildə
doğulub. Süvari alayın zabiti olan
atası 1937-ci ildə repressiyaya məruz qalıb. Çox sonralar tarixçi Lev Nikolayeviç Qumilyov
deyib ki, onun atası da Omar Süleymenovun güllələndiyi
düşərgədə onunla bir yerdə olub. Oljas Süleymenov orta məktəbi bitirdikdən sonra
Qazaxıstan Universitetinin geoloji kəşfiyyat fakültəsinə
daxil olub və sonra bu sahədə fəaliyyət göstərib.
1955-ci ildən ədəbiyyatla məşğul
olur. Sonradan Qorki adına Ədəbiyyat
İnstitutunda oxuyub, jurnalist işləyib, “Qazaxfilm”
kinostudiyasında, katibi olduğu Qazaxıstan
Yazıçılar İttifaqında
çalışıb...Təbii ki, bu sadaladıqlarım
böyük şair, alim, ədəbiyyatşünasın
qeyri-adi, parlaq, mürəkkəb taleyini tam əks etdirə
bilməz...
Və
budur, Yazıçılar Birliyinin qədim binasında
Qazaxıstanın Xalq yazıçısı (həm də qəti əminəm
ki, təkcə Qazaxıstanın yox) Oljas Süleymenovla
görüşürük.
–Oljas
Omaroviç, qurultay başa çatdı, Azərbaycan
Yazıçılar Birliyinin 80 illiyini qeyd etdiniz. Təəssüratlarınız necədir?
–
Çox müsbət. Fəxri üzvü
olduğum Azərbaycan Yazıçılar Birliyinin
qurultayında, birliyin 80 illik yubiley mərasimində iştirak
etmək üçün gəlmişəm. 1934-cü ilin iyulunda Moskvada SSRİ
Yazıçılar Birliyinin ilk qurultayı keçiriləndən
sonra bütün sovet respublikalarında, o cümlədən də
Azərbaycanda Yazıçılar İttifaqı təsis
edildi. Və indi bütün postsovet məkanında
Yazıçılar Birliyinin yubileyini xatırladan, qeyd edən
yeganə ölkə Azərbaycandır.
– Sizcə,
istedada, dahiyanə əsərlərin yaranmasına yubileylər,
ildönümləri hansısa formada təsir edirmi?
–İstehza aydındır. İndiki halda AYB-nin 80
illik yubileyi hökumətin ədəbiyyata münasibətini
göstərir. Sizin rəhbərlik bunu
aydın şəkildə nümayiş etdirdi. Bu da onu göstərir ki, Yazıçılar Birliyi
güclü təşkilatdır. Mənim
üçün əziz olan və əminəm ki, bu, təkcə
mənim üçün belə
deyil- dostum, istedadlı, böyük yazıçı Anar həmişə
və hər yerdə tam sərbəst şəkildə, bəzən
ümumi rəylə üst-üstə düşməyən arqumentlərlə öz
mövqeyini ifadə edir. Bilirsinizmi, istənilən
böyük, vurğulayıram –böyük
yazıçı azad adamdır. Ancaq əlbəttə,
o da bizim hər birimiz kimi özünə nədəsə məhdudiyyətlər
qoya bilər...
–Vladimir
İliç deyir ki, “cəmiyyətdə yaşaya-yaşaya cəmiyyətdən
təcrid olunmaq olmaz”...
–O, səhv
edib. Məhdudiyyətlər çərçivəsini sosial
mühit, tərbiyə, mədəniyyət, protokollar qoya bilər,
amma Yazıçı- məhz Anar kimi ( xahiş edirəm,
yazıçı sözünü böyük hərflə
yazın) Yazıçılar daxilən çox azad olurlar. Qurultayda çox maraqlı çıxışlar
oldu, problemlərə toxunuldu, onların həlli yolları təklif
olundu. Aydındır ki, Azərbaycan
mədəni yeniləşmə –daha doğrusu, mədəni
inkişaf dövrünü yaşayır. Dünyada
mütaliəyə və kitaba sevginin böhran
yaşadığı indiki dövrdə
yazıçıların öz kitablarını yazması
üçün Yazıçılar Birliyini qoruyub saxlamaq
çox vacibdir.
–Qurultaydakı
çıxışınızda demisiniz: “Hakimiyyətin Yazıçılar
Birliyi ilə əməkdaşlığını
alqışlayıram. Bunu siz demisiniz: 70-ci illərdə
hakimiyyyət tərəfindən “əzizlənən” bir
yazar.
– Axı
70-ci illərdə əməkdaşlıq yox idi,
qarşıdurma vardı. Mən isə başqa məsələni dedim:
birinci məsələ kitabı diriltməkdir.
–Kitabı
diriltmək üçün bu gün sözün həqiqi mənasında
fasebookda azıb-qalan oxucunu xilas etmək lazımdı.
–Tamamilə
haqlısınız. İnternet mütaliəyə
mane olur. Əvvəl məktəb, (nəinki məktəb,
bağça da) ana, ata, ali məktəb
kitab oxumağa məcbur edirdi. Ölkə
(SSRİ-ni nəzərdə tuturam), bütün dünyada ən
mütaliəli ölkə hesab olunurdu. Bu
isə elmi, savadı stimullaşdırırdı.
–Eynşteynin
fikrini xatırladım: “Nisbilik nəzəriyyəsinin kəşfində mənə
Dostoyevski kömək etdi”
–Bax, bu da
sözlərimin isbatı. Əgər səhv
etmirəmsə, Moiseyeviç soyadlı görkəmli bir
riyaziyyatçıdan soruşublar ki, uşaqların
fizikanı və riyaziyyatı yaxşı mənimsəməsi
üçün nə etmək lazımdır? O deyib ki,
ancaq bir yol var: ədəbiyyat dərslərinin səviyyəsini
yüksəltmək . Sual verənlərin
heyrətləndiyini görən riyaziyyatçı bildirib ki,
ədəbiyyat beynin imkanlarını genişləndirir.
Ədəbiyyat oxuyan fizika və riyaziyyatı da
yaxşı öyrənəcək. 60-70-ci
illərdə kitablar minlərlə tirajlarla çap olunurdu.
Qonorar kifayət qədər yüksək idi,
stimul vardı. İndi qonorar vermirlər, ya da az verirlər. Qələm əhli
başqa yollarla pul qazanmağa məcburdu. Ona görə
də az yazırlar. Aydınca
görünür ki, Azərbaycan ədəbiyyata daha çox
diqqət yetirir. Belə görürəm,
2-3 ilə bu sistemi də tam qaydaya salacaqsınız.
–Oxumaq
lazımdı, deyirsiniz. Nə oxuyaq? Onsuz
da sayca az olan kitab mağazalarını dolduran detektivi,
qadın romanları?..
–Hamısını
sınaqdan keçirmək lazımdır. Əsas
odur ki, ədəbiyyat bundan zərər görməsin.
Bu yaxınlarda rus yazıçısı Eduard Limonovun
intervüsünü oxudum: “Puşkinə münasibətin necədir?”
sualına cavab verir ki, belə də, cəfəngiyyat
yazırdı, 37 yaşına qədər Ərəbistandan
başqa heç yerdə olmamışdı, hətta Amerikada
da. Səviyyə....
Gənclər mütləq klassikanı oxumalı, öz
ədəbi zövqlərini formalaşdırmalıdırlar. Klassik əsərlər
bunun üçün yazılıb. Bütün
dünyada –Azərbaycanda, Rusiyada, Qazaxıstanda –mütəmadi
olaraq klassik əsərləri mütaliə etmək
lazımdır.
– Məni
həmişə ədəbiyyat və mədəniyyət
söz birləşməsi təəccübləndirib. Sanki ədəbiyyat
mədəniyyətin tərkib hissəsi deyil...
–Razıyam.
Mədəniyyət təkcə mahnı və rəqsdən ibarət
deyil.
Mədəniyyət-insanın
cəmiyyətdə
yaşam sənətidir. Mədəniyyət
yaşamaq sənətidir. Mədəniyyət üstəgəl hər
şeydir.
–Yəni,
üstəgəl mahnı və rəqs.
–...Həm də qadağalar və icazələr sistemidir. İşıqfordakı yaşıl və qırmızı işıq kimi. Həmişə yaşıl işığın yanması düz deyil, yoxsa toqquşma qaçılmazdı. Həmişə icazə və iznin nümayiş etdirildiyi və heç bir qadağının olmadığı yerdə insan heyvaniləşməyə doğru gedir. Heyvanlarda qadağa anlayışı yoxdur.
–Bəs
din bizə nəyi təlqin edir?
– Din tamamən
tabudur. Hər bir müqəddəs kitabda tabu var:
öldürmə, oğurlama, yalan danışma. Əslində, insan mənəviyyatı elə bunun
üzərində dayanır. İnanclı
insanlara çox hörmətlə yanaşıram, amma fanatikləri
sevmirəm. İstənilən dini bilginin
məqsədi insanı yaxşılaşdırmaq, tərbiyə
etməkdir. Məsələn, islam
dini bank faizlərini, sələmçiliyi qadağan edir. Bankdan nə qədər pul götürdünsə,
hər hansı əlavə hesablamalar olmadan o qədər də
qaytarmalısan. Hər hansı əlavə
hesablamalar olmadan. Həmişə belə
olub. Və sən hər gün bir
xeyirxahlıq etməlisən. Bizim səfirlikdə
bir rus gənci sürücü işləyirdi. Bir
gün dedi ki, Oljas Omaroviç, mənə qarşı nəsə
təxribat hazırlayırlar. Demə, bir
gün üzbəüzdəki mağazaya girib, ərzaq
alıb, ancaq mağaza sahibi ondan pul götürməyib.
Bir neçə həftədən sonra yenə gedib, yenə ödənişi
almayıblar. Üçüncü dəfə
o, artıq sadəcə qorxub. “Bu nədir,
təxribat hazırlanır?” deyə düşünüb.
Dedim ki, yox, təxribat deyil. Sadəcə Quranda bildirilir ki, əsl
müsəlman gün ərzində heç olmasa bir xeyir
iş görməlidir- yolçunu doyurmalı, yadellini qonaq
etməli, ehtiyacı olana kömək etməlidir. Mağaza sahibi görür ki, kürənsən, deməli,
əcnəbisən. Sən onun yaxşılıq
, Qurana əməl etməsi üçün bir imkansan. Və o bundan sonra günün qalan hissəsini
yaxşı əhval-ruhiyyə ilə başa vurur. Ancaq hər halda, mağazanı tez-tez dəyiş.
–Siz
kütləvi ateizm dönəmində tərbiyə olunmusuz. Amma yəqin sizdə də elə situasiyalar olub ki,
Allahdan başqa tapınacağınız varlıq olmayıb.
Hansı dualarla ona müraciət etmisiniz? Və ümumiyyətlə müraciət etmisinizmi?
– Tez-tez
olur. O vaxt da. Sonra da. İndi
də. Düşünürəm ki, hər halda ali qüvvə var. Bunu həmişə hiss eləmişəm.
Bunu necə adlandıraq? Biz
insanlar onu Allah adlandırmağa öyrəşmişik.
Təbiətdə nəsə ali bir qüvvə var ki, o, Yerdəki prosesləri
idarə edir. Biz hamımız artıq milyon illərdir
davam edən qlobal bir eksperimentin
iştirakçısıyıq. Bunu nəsə
adlandırmağa qorxuram.
–Siz
fatalistsiniz?
– Bilmirəm.
Mənim ulu babam Oljabay batır nə vaxtsa deyib: “ Mənim yeddinci nəslimdən kimsə
Qalım olacaq”, yəni, geniş mənada bilici. Millət daha çox biliyə ehtiyac duyur. Gəncliyimdə
ulu əcdadlarımın bu vəsiyyətini biləndə
özüm üçün ali məqsəd
seçdim- öyrənmək və millətimə hardan gəlib
hara getdiyimizi demək. Uzun illərdir, elə
bununla məşğulam. Sovet
dövründə SSRİ ideologiyasına cavabdeh olan Suslov və
ona tabe olan akademik və yazıçılar məni millətçilikdə
və pantürkizmdə suçlayırdılar. Razı deyiləm. Bu gün isə
bəzi yerli opponentlərim məni beynəlmiləlçi
olduğuma görə tənqid edirlər. Mən həmişə beynəlmiləlçi
olmuşam və indi də beynəlmiləlçiyəm.
1963-cü ildə yazdığım “Günəşli gecələr”
kitabımda yazmışam: “Mən hər incidilən
xalqın vətənpərvəriyəm. Mənim amalım
dağı alçaltmadan çölü ucaltmaqdır”...
–Siz
yaradıcılığa şair kimi
başlamısınız..
–Bəli.
Qəzet redaktorunun tapşırığına əsasən
insanın kosmosa uçması ilə bağlı şeir
yazmalıydım. Gecə bir neçə sətir
yazdım, aprelin 12-də Qaqarinin kosmosa uçduğunu elan eləyəndə
şeirlər artıq
qəzetdə çıxmışdı və
şeir dərc olunan səhifələri təyyarə ilə
Almatının və Qazaxıstanın üzərinə səpələdilər.
Bu tarixi hadisənin təsiri ilə həmin şeirləri bir
həftə ərzində “Yer kürəsi, insana baş əy”
adlı poemaya çevirdim və may ayında poema işıq
üzü gördü. Poemamı mərkəzi televiziya və
radio ilə yayımladılar, qəzetlərdə çap
etdilər, demək olar ki, hər həftə hansısa
şəhərdə –zavoda, fabrikdə, tələbə
auditoriyalarında çıxış edirdim. Bax,
belə bir uğur qazandım. Poema tezliklə
Qazaxıstan Mərkəzi Komitəsinin mükafatına layiq
görüldü.
– Sonda
şəxsi sual. Ədəbi və elmi
yaradıcılığı siyasətlə necə bir araya gətirə
bilirsiniz?
–Məndən
tez-tez bu haqda soruşurlar. Belə cavab verirəm: axşama qədər
dövlət üçün, gecələr isə bəşəriyyət
üçün çalışıram.
Lyudmila Xoxlova
Rus dilindən tərcümə
525-ci qəzet.- 2014.- 16 avqust.- S.15.