Milli mədəniyyət və
düşüncə tariximizin "Ziya" səhifəsi
"Ziya"( "Ziyayi-Qafqasiyyə") 1879-1884-cü illərdə Tiflisdə Türki - Azərbaycan dilində, əslən şamaxılı olan Səid Ünsizadə
(1825-1905) tərəfindən həftədə bir dəfə nəşr olunan qəzetdir. Sonuncu nömrəsi
1884-cü il iyunun 11-də nəşr olunub. "Ziya"nın ilk iki nömrəsi hələ tapılmayıb. Xronoloji ardıcıllığına, hər
nömrənin pəncşənbə
günü çıxacağı
əvvəlcədən elan
olunduğuna görə
ilk nömrənin 1879-cu il yanvarın 25-də,
ikinci nömrənin isə növbəti pəncşənbə günü
- martın 1-də nəşr
olunduğu güman və təxmin edilir. Başqa variant da mümkündür.
Bəzi tədqiqatçılar ilk nömrənin
tarixini 14 yanvar 1879-cu ildən hesablayıblar.
Belə olan təqdirdə həftəlik qəzetdə
bir həftə ləngimə olduğunu düşünmək olar.
Rəsmi dövlət sənədlərində
Səid Ünsizadəyə
"Ziya" qəzetini
1879-cu ilin yanvarın əvvəllərindən başlayaraq
çıxarmağa icazə
verildiyi bildirilir.
"Ziya" qəzeti
1880-ci ilin dekabrından
"Ziyayi-Qafqasiyyə" adı ilə çıxıb. Addəyişmə
əməliyyatını qəzetin
sərlövhəsini dəyişən
rəssamın müdaxiləsi
kimi izah etsələr də, əslində bu, məqsədyönlü xarakter
daşıyıb, S.Ünsizadə
"Ziya"nın yayıldığı məkanı
bilərəkdən məhdudlaşdırıb.
Əslində "Ziya" qəzeti
Türkiyə və İranda da, Rusiyanın türk dili başa düşülən bir çox ərazilərində
də oxunurdu. Bunu Simferopoldan, Tambov quberniyasının
Spassk şəhərindən,
Sankt-Peterburq, Moskva,
Ufa, Həştərxan kimi
iri şəhərlərdən
gələn məktublar
sübut edirdi.
"Ziya"- maarif
ziyasıdır. Bu, elə
ziyadır ki, sərhəd tanımır,
öz şəfəqləri
ilə qaranlıq aləmi işıqlandırır,
xalqı işıqlı
günlərə səsləyir.
"Ziya"nın naşiri və imtiyaz sahibi Səid Ünsizadə öz maarifçilik fəaliyyətini, bu yoldakı axtarış və qarşılaşdığı
çətinliklərlə mübarizəni belə səciyyələndirirdi:
"Tiflis. 17 noyabr. "Ziya"qəzetəsinin təb
və nəşr olunmağını dost dutan
həzərata məlum
ola ki,
həmin ildə
(1879-cu ildə-N.N.)qəzetə verməkligi
öhdəmizə götürən
vəqtdə hərçənd
niyyətimiz ona müncərr (bir tərəfə çəkilən,sürüklənən-N.N.)
olmuşdu ki, qəzetimizi keçən
məhərrəm ayının
ibtidasından verək.
Çünki səneyi- islamiyyənin
ibtidası ondan başlanır və lakin işimizin ibtidası düşvar olduğuna görə bacara bimədik ki, bir parə
kəsr və nöqsanımızı cabəca
(yerbəyer-N.N.) edib məzkur niyyətimizi əmələ gətirək.
Ona görə naçar olub,səfər
ayının on dördündə
(islam təqviminin
1296-cı ilində-N.N.) əvvəlimci
nömrəmizi zühurə
gətirib, ahəstə-ahəstə
səy və himmət göstərdik"(19.11.1879,N
44).
Səid Ünsizadə öz millətdaşlarına təmənnasız
xidmət nümunəsi
göstərirdi. O, Şamaxıdan
Tiflisə gəlib, burada ərki çatan insanların köməyi ilə əvvəlcə litoqrafiya
(daş basmaxanası),
sonra tipoqrafiya (hürufat basmaxanası
-N.N.) açmışdı. Onun fikrincə, "hər millətin öz xəttinə və dilinə məxsusi olan basmaxana (burada: litoqrafiya və tipoqrafiya-N.N.) o millətin
və əhvalatını
nəşr edən və fikrinə rəvac verən və yamanlıq yolundan mən ( qadağan etmə-N.N.)
edən və yaxşılıq yoluna tərğib edən və cəmaətin vəkili və onların səsi və yaxşının tərifçisi və yamanın məzəmmətçisi
və zalimlərdən
şikayətçi və
məzlumlara kömək
edəndir. Bu mülahizə ilə biz dəxi öz qüvvət və təvanımızdan artıq
öz millətimizə
məxsus, ümumi mənfəəti olan mətbəə dəstgahlarını
hasilə gətirməkdə
bacardığımızı müzayiqə eləmədik"
(03.12.1881, N2).
S.Ünsizadə proqram xarakterli bu məqaləsində dövrün ziyalılarını
əlbirliyə çağırırdı:
"Bir ev
bir eli tikə
bilməz, bəlkə
bir el bir evi tikə bilər...Bu
barədə hər bir tərəfdən himmət və iltifat göstərmək lazımdır və hər kəs basmaxana və qəzetimizi özününkü
hesab eləməlidir".
S.Ünsizadə qəzetdə nə
yazırsa yazsın, fikrini elə ifadə edirdi ki,onu anlayırdılar,
yaxşı başa düşürdülər. Qəzetdə başa düşülməyən
sözlərin və ifadələrin izahı, aydınlaşdırılması üçün müxtəlif
üsullardan istifadə
edilirdi. Bu məqsədlə ən çox mötərizə
və "yəni"
aydınlaşdırma bağlayıcısından
istifadə olunurdu.
Qəzetdə ayrı-ayrı sözlərin
izahında ətək
yazılarından da istifadə edilib. Bu qayda ən
çox Ezop maneralı tərcümələrdə
işlənilib. Bu cəhətdən
"Ziya"nın 26 iyul
1879-cu il tarixli 27-ci nömrəsində "Moskovckie
vedomosti " qəzetindən
çap tarixi göstərilmədən tərcümə
edilmiş bir yazı diqqəti cəlb edir. Yazıda inqilabi işlərə qoşulan bir nəfərin həbsindən
söz açılır.
O, tutulan vaxtı özünü Rusiya dövlətinin sosialistlərindən
biri olduğunu deyir. Tərcüməçi
"sosialist" sözünün
üstünə ulduz
işarəsi qoyaraq, qəzetin ətək yazısında onu və onula ilgili
daha üç sözü belə izah edir:
"Sosialist" latın lüğətidir. Bu halda Evropada sosialist o şəxsə deyirlər ki, sosializm məzhəbindəndir (yol-N.N.) və bu məzhəb iki şüqqə (qola-N.N.) münşəəqdir (parçalanmışdır-N.N.) ki, birinə qommunizm(mötərizədə ərəb qrafikalı qəzetdə rus hərfləri ilə "kommunizmc "- N.N.), o birinə sosializm (mötərizədə rus qrafikası ilə "sosializmc" - N.N.) deyirlər".
Daha sonra uzun-uzadı izahat gəlir. Əslində ilkin mənbədə-rusdilli
paytaxt qəzetində
nə sosialist sözü, nə də ki onunla
bağlı belə geniş izahat var.
Yeri gəlmişkən
qeyd edək ki, sosialist, kommunizm, sosializm və bunlarla ilgili revolyusioner sözlərini anadilli mətbuatda-Azərbaycan mətbuatında
ilk dəfə türkdilli
oxuculara çatdıran
Səid Ünsizadə
olub. Əlbəttə, biz onu inqilabçı
kimi tanıtmaq fikrində deyilik. Bu sözlər "Ziya"
qəzetində görünəndə
sonralar Lenin kimi tanıdığımız Volodya
İlya oğlu hələ tatar şəhəri Kazanda harasa dərs öyrənməyə gedirdi:
9 yaş 3 ay (mayın
31 gün olduğunu yaddan çıxarmasaq) 5 günlük idi, başqa sözlə, 10 yaşının 97-ci günündə
gələcəyinin planlarını
və yalanlarını
cızırdı.
"Ziya" qəzetində işlənən alınma
terminləri mövzusuna
görə bir neçə yerə bölmək olar:
1) ictimai -siyasi
məzmunlu terminlər
2) məktəb və maarifçilik terminləri
3) peşə, sənət, vəzifə
və məşğulluq
sahəsinə aid terminlər
4) maliyyə, pul
və bank əməliyyatları
ilə ilgili terminlər
5) hərbi anlayışları
ifadə edən terminlər.
"Ziya" qəzetində bəzi alınma sözlərin "Əkinçi"
qəzetində olduğu
kimi, "yəni"
aydınlaşdırma bağlayıcısı
ilə izah edilməsinə geniş yer verilib: "Peterburq.11
mart."Qolos"un nəqliyyatına
görə, Zaqafqaziyanın,
yəni Qafqazın qiblə tərəfinin teleqrafı ümumi teleqraf rəbtinə müəlləq( bir şeyə
söykənmədən havada
və ya boşluqda duran-N.N.) olunmaqdan ötrü bu ildən tədbir
olunur ki, Baku və Krasnovodskinin arasında teleqraf bəndləri nəsb eləsinlər (tiksinlər-N.N.)"(1879,N8).
"Zaqafqaziyada, yəni Qafqaz qitəsindəki müsəlman şəhərlərində
doqquz yüzə qərib sünni və şiələrə
məxsus oğlan və qız məktəbləri var imiş" (27.03.1880,N17).
"Bu işdən ötrü hökumətin kontroluna, (yəni onun zəbt və idarəsinə) verilmiş
sərmayə 7 135 270 markalıq
qızıl pul və yaxud 3 767 660 manatlıq rusi kağız puldur"(09.10.1881,N30).
"Ziya"da tərcümə
materiallarına xüsusi
qayğı göstərilib,
hər sözün anlaşıqlı variantı
seçilərək işlədilib. Bu cəhətdən
III Aleksandrın 15 may 1883-cü ildə Peterburqda təşkil olunmuş tacqoyma mərasimindən verilmiş reportaj diqqəti cəlb edir. Reportajda türkdilli oxucular üçün maraqlı
ola bilən 30-dan artıq Avropa məşməli alınma
söz vardır:
imperator, naçalnik, skaçka(əsb dəvanı-qaçan
atların yarışı-N.N.),
klub, natarius, çinovnik, hura (ura nidası-N.N.) çəkmək,hura cədası,
uşkola, imperatoriçə,
üç klaslu məktəb, zakon uçiteli, qəpik və s.
Dilimizdə bu gün geniş
populyarlıq qazanmış
alınma sözlü
terminlər "Ziya"
qəzetinin oxucularına
elə ilk oxudan məlum olurdu.Yazı müəllifi və ya tərcüməçi
sözün çətinliyini
başa düşəndə
həmin sözü izah etməyi yaddan çıxarmırdı. Yeri gəlmişkən
qeyd edək ki, sonralar "Dəbistan" uşaq jurnalında da bu qaydadan səmərəli
istifadə olunub.
Məsələ burasındadır
ki,"Dəbistan"da nömrənin
bütün çətin
sözləri jurnalın
sonuncu səhifəsində
ayrıca başlıq
altında "Ziya"dakından
fərqli olaraq, ərəb və fars mənşəli
sözlərlə Avropa
mənşəli sözlər
birlikdə verilirdi.
(Ardı var)
Nazim NƏSRƏDDİNOV,
Əməkdar müəllim, Təhsil
Nazirliyinin Elmi-Metodik Şurasının bölmə
üzvü, TQDK-nın Azərbaycan dili fənni üzrə
eksperti
525.-ci qəzet.-
2014.- 22 avqust.- S.4.