"Küləklər şəhəri"

 

 

Bu gün külək yorğun-yorğun əsir... Nədənsə həmişə mənə elə gəlir ki, külək dünyanın heç yerində Bakıdakı kimi azad deyil. Haradasa yağış, haradasa sel, haradasa da mənə məlum olmayan digər nəsnələr küləyə mane olur, ona rahatlıq vermir. Təkcə Bakıda yayın bürkülü günündə belə, külək məlahətlə oxuyur, payızında sərt üzünü göstərir, qışında cövlan edir, baharında dəlilər kimi ağlayır, gülür... Demək, külək AZADLIQ EDİR!

 

Hər səhər yuxudan oyanarkən, pəncərədən baxıram. Ağacın yarpaqlarıpıçıldayırsasevinirəm. Küləyin yaşamağına deyil, azadlığını yaşamasına sevinirəm. Saçımı qarışdırdığına, gözlərimi yaşartdığına, qəlbimi sevindirdiyinə görə sevinirəm. yaxşı külək var. yaxşı ki, küləklər şəhərində yaşayıram.

 

Bu gün külək yorğun-yorğun əsir... Nədən yorulub görəsən? Onu qarğıyanlardan, qədrini bilməyənlərdən, yoxsa əbədi azadlığından? Toz-torpağı sovuran külək, görəsən, kimə təmiz görünmür indi?

 

Bu gün külək yorğun-yorğun əsir... Uşaqlar məyusluqla əllərindəki çərpələngə baxırlar. Küləklər şəhəri özü kimi görünmür... Elə mən ...

 

Özündən çıxıb, özlərinin arxasınca qaçanlara...

 

lll

 

Heç qəfil öz kölgəni görüb hürkdünmü? Yox demə! İnanmazlar sənə. Elə birinci özün inanmayacaqsan. Sonra da başqaları. Çünki elə insan yoxdur ki, ömründə bir dəfə olsun kölgəsindən hürkməsin. Tanımadın özünü?! Həə, sənin bənizin ağdır axı. Kölgənsə qara. Bəs bu, necə olur? Qaçırsan ki, kölgəni tutasan? Onun sən olmadığına inanmaq üçün.. Qaçırsan, təntiyirsən. Özündən çıxırsan. Daha bir sən, daha bir sən yaranır. Bəlkə, o kölgə sənlərdən biridir?!

 

Özündən çıxıb, özlərinin arxasınca qaçanlar... Bir olun, azad olun, özündən belə, asılı olanlar! Səhər açılır, ayılın!

 

Səni gözləmişik...

 

lll

 

Ruhumuzun ənginliyində Sənə bəslədiyimiz ölümsüz həsrətlə, dodaqlarımızda pıçıldadığımız sözlərlə Səni gözləmişik. Mahnılarda Səni səsləmişik. Aydınlığını, rövnəqliyini, günlü-günəşli çöhrəni, gül qoxularla əsən rüzgarını gözləmişik. Pəncərəyə yanaşıb pərdəni aralayarkən, Səni görmək istəmişik. Qaranlıq arxasından Səni görməyə ümidlənmişik. Bükük boyunlarımızı, yorğun dizlərimizi, həsrətlə döyünən ürəyimizlə bizi daha gözlətmə... Gəl, ey Səhər! Ruhumuzu saflaşdır. Yaşayaq xəyallarımızı doya-doya. Yuxulardan ayılaq. Gerçəkliyə qovuşaq. Bəmbəyaz üfüqlərini seyr edə-edə təmizlənək. Gəl, ey Səhər! Həyatımıza Günəşi gətir. Götür qaranlıq örtüyü üstümüzdən, qaldır qaranlıq pərdəni gözlərimizdən. Ərit hərarətinlə qəlbimizdəki buzu. Tavana zillənən donuq baxışlarımıza aydınlıq gətir. Olanları olduğu kimi görək. Gecə əzabdır çoxlarına. Yuxusuz gözləri nurlandır. Həyatı sevdir onlara. Həyatın yalnız qaranlığa bələnmədiyinə inandıra-inandıra... Sevginin Səninlə, Günəşlə doğulduğunu anlat onlara. Səhərə qədər sevənlərə... Gəl, ey Səhər! Gəl, ey Səhər!

 

lll

 

Səhərin açılması ilə gecənin gözləri altında təəssüflərin solğun izi açılır. Gecələr qədər uzun olsa da, səhərin gəlişinə təəssüflənir. Gecənin təbiətində kövrəklik var. Gecə həqiqət sandığımızı səhər yalan bilirik. Gecə qədər aydın olsa belə, tutqun səhərdən dumanlıdır. Qaranlıqda hər şey gözə gözəl görünür. Elə ki səhər açılır...

 

lll

 

Kaş ki günəş batmayaydı,

əsla gecə olmayaydı!

Gəl, ey Səhər! , Gəl, ey Səhər! –

dodaqları yormayaydı...

Hər qaranlıq arxasından

parlaq günəş boylanaydı

Bir andaca ömrümüzü nur rənginə

boyayaydı.

Kaş ki günəş batmayaydı...

Deməyəydik: – Bu nə Aydır?

Dünən bütöv, bu gün para...

Kim deyir ki, Günəşlə Ay

Əzəldən bir-birinə taydır?

Günəş hara, Ay hara?

Dünən bütöv, bu gün para...

Verir qanad yalanlara,

Sözü para olanlara.

Vədə vədənin ardınca

Qucaq açır yardan yara...

Günəş nurlu, Ay işıqlı

Çirkin olan da belə,

Görünür yaraşıqlı

Yarımçıq olsa belə...

Göz məğlub olur dilə.

Qaranlığa bürünənlər

Özlərini xoşbəxt sanır,

Bədbəxtliyin bilə-bilə...

BÜTÖVLÜK məxsus Günəşə

Gecə PARAdır həmişə!

Kaş ki günəş batmayaydı...

Salmayaydı insanları

bərkə, dara.

Olmayaydı gecənin üzü qara...

Kaş ki günəş batmayaydı,

əsla gecə olmayaydı!

Gəl, ey Səhər! , Gəl, ey Səhər! –

dodaqları yormayaydı...

 

 

Səadət

525-ci qəzet.- 23 avqust.- S.23.