İki reportaj
haqqında, yaxud Mir
Şahinə təşəkkür məktubu
Əzizim
Mir Şahin!
Dünyanın yay keçirən bütün ölkələrində
bir qayda olaraq telekanalların da əksəriyyəti yay məzuniyyətinə çıxırlar.
Telekanallar bu boşluğu məzmunsuz filmlərlə,
köhnə proqramların
təkrarı ilə doldurmağa, vəziyyətdən
çıxmağa çalışırlar.
Etiraf edim ki, bir
tamaşaçı kimi
yalnız sənin məzuniyyətə getməyin
məni öyrəşdiyim
orijinal reportajlara, peşəkar “Hesabat”a həsrət qoyur. Xeyli vaxt idi ki, Bakıdan getmişdin və səni ANS-in efirində görməkdən məhrum
idik. Nəhayət, dünən (avqustun
21-də) məzuniyyətdən qayıtdığını gördüm.
Sən bir dəfə mənə gileylənmişdin
ki, yazı-pozudan, proqram hazırlığından
bir müddət aralı düşdüyüm
məzuniyyət vaxtının
bitməsindən sonra
yenidən işə başlamağın əzabını
yaşayırsan. Əzizim Mir Şahin,
birincisi, belə yaradıcılıq əzabını
yalnız böyük
peşəkarlar, böyük
sənətkarlar yaşayırlar.
İkincisi, sənin məzuniyyət sonrası ilk reportajın o qədər vacib, o qədər dəyərli bir mövzuda oldu ki, Azərbaycan teletamaşaçısı sənin işdə olmağının təsəllisini yaşadı. Söhbət sənin və Ləman Ələşrəfqızının avqustun 21-də “Xəbərçi”nin ana buraxılışında həssas bir mövzuya həsr olunmuş reportajlarınızdan gedir. Reportajın hər ikisi Azərbaycanın cəbhə xəttində baş verən olaylara medianın münasibətinə həsr olunmuşdur. Əvvəlcə Ləman xanımın- Mir Şahinin televiziya dərslərindən bəhrələnmiş böyük bir peşəkarın reportajına baxdım. Ləman xanım Azərbaycanın – müharibədə olan Azərbaycanın cəbhə olaylarını zarafata salan, bəzən lağa qoyan, bir sıra hallarda ordumuzun ləyaqətini yerə vuran, erməniyə informasiya ötürən saxta “saytların” saxta fəaliyyətini təhlil etdi. Belə bir təhlili, o tip “saytlara” belə bir dərsi ancaq siz verə bilərdiniz. Və bu reportajın ardınca- sənin- ustalığına və ustadlığına pərəstiş etdiyim Mir Şahinin müharibə və jurnalistika mövzusunda reportaj-dərsinə baxdım. Bu, Azərbaycanın indiki həssas çağında ölkəmizi, ordumuzu, xalqın, millətin inamını qəsdən heçə endirməyə çalışan bəzi “jurnalistlərə” bir dərs oldu. Sənin məzuniyyətdən qayıtmağınla teleməkanımızda bir canlanma yarandı. Çox böyük etik normalarla, ustad sözü ilə ustad dərsi keçdin. Allah səni qorusun.
Efirdən və millətin yanından əskik olmayasan!
Hörmətlə,
Cahangir Məmmədli.
525-ci qəzet.-
2014.- 23 avqust.- S.16.