Yaşamaq haqqı
AVQUST PUTÇU
VƏ SİSTEMİN İFLASI
Qorbaçov Forosda dincələndə və təbii ki, İttifaq müqaviləsinin imzalanmasına hazırlaşanda, ölkədə elə bir hadisə baş verdi ki, son nəhayətdə bütün ölkənin dağılmasına gətirib çıxardı.
19 avqust 1991-ci ildə SSRİ vətəndaşları
bir televiziya xəbəri ilə sarsıldılar. Bəyan olundu ki, Forosda olan
Prezident Qorbaçov, guya ki, səhhətinə
görə işdən kənarlaşdırılıb və
hakimiyyət vitse-prezident Yanayevin, baş nazir Pavlovun, güc
nazirləri – DTK sədri Kryuçkovun, müdafiə naziri
Yazovun, daxili işlər naziri Puqonun, bir sözlə, dövlətin
bütün yüksək mənsəbinin daxil olduğu
DFVK-nin – Dövlət Fövqəladə Vəziyyət Komitəsinin
əlinə keçib. Elə ilk bəyanatdan aydın oldu ki,
nələr nəzərdə tutulub – hər şeydən
öncə, boşalmış “qaykaları” sıxmaq...
Elə həmin
gün bizim Yazıçılar İttifaqının artıq
keçmişin qalığına çevrilmiş partkomu qəfildən
fəallaşdı və kabinetimə az
qala at belində daxil olub təşkilatın davranış xəttini
diktə eləməyə çalışdı. Mən dərhal
onu yerində oturtdum və dedim ki, ittifaqın siyasətində
heç nə dəyişməyəcək və o da
özünə aid olmayan işlərə
qarışmasın.
“Azadlıq” qəzetinin müxbiri Moskva hadisələri
haqqında sualları ilə anındaca özünü
yetirdi.
– Mən:
bunu faciə hesab edirəm, – deyə cavab verdim.
Növbəti
sual gəldi: – Hakimiyyətə gələnlərə Sizin münasibətiniz? Mən bu
sualı ona görə verirəm ki, bizdə güc
strukturlarının hakimiyyətinə sevinənlər var.
– Burda
sevinməli bir şey yoxdur, – dedim. – Bizim ölkənin bəlası
ondadır ki, söz heç vaxt əməllə uyğun gəlmir.
Onlar nədən danışırlar –
intizamın möhkəmləndirilməsi barədə
göstərişlərin icrasından, həyata keçirilməsindən.
Çox gözəl, bunlar yaxşı sözlərdi.
Amma axı, Qorbaçov özü də
qeyri-qanuni hərbi birləşmələrin buraxılması
haqqında sərəncam vermişdi. Bəs
nəticə? Heç bir nəticə
yoxdur. Onlar bu sərəncamı həyata
keçirtsələr, çox yaxşı olar. Əgər Azərbaycan ərazisi quldur
qruplarından təmizlənsə, biz şad olarıq. Amma ölkədə demokratiyanın taleyi, respublika
suverenliyinin taleyi, müstəqilliyimizin taleyi – bəs bunlar necə
olacaq? Bu məsələlərdə
uğurlu sonluğa inam yoxdur. Artıq
“Suverenitet” sözünə qarşı etiraz edirlər.
Əgər suverenitet anlayışının
özü belə məzəmmətə məruz qalırsa,
buna necə sevinmək olar? Mən xalqımıza
müraciət edirəm: sayıq və diqqətli olmaq
lazımdır. Biz xalqımızı
ağılagəlməz fəlakətlərdən
qorumalıyıq. Məndə heç bir
şübhə yoxdur ki, Azərbaycan tez, ya gec öz
suverenliyinə, müstəqiliyinə qovuşacaq. Amma
buna böyük qanlar bahasına nail olmamalıyıq. Biz öz xalqımızı müstəqilliyə
şikəst halda apara bilmərik.
–
Baltikyanı respublikalar bu hadisə ilə bağlı öz
mövqelərini bəyan ediblər. Azərbaycan
rəhbərliyi həmişə olduğu kimi gözləmə
mövqeyi tutub. Sizə elə gəlmirmi
ki, demokratiya üçün təhlükə dəqiqəsi
başlayanda, bizim də səsimiz eşidilməli idi. Azərbaycan ictimaiyyətinin, Azərbaycan
ziyalılarının, Azərbaycan rəhbərliyinin səsi?
– Şübhəsiz. Mən də bizim rəhbərliyin
reaksiyasını səbirsizliklə gözləyirəm.
Elə həmin gün, 19 avqustda verdiyim bu müsahibə
23 avqustda “Azadlıq” qəzetində yayımlandı.
Bir sutka ərzində
hər şey dəyişdi və bu əsl tarixi
tamaşanı teleziya ilə əvvəldən axıra izləmək mümkün
oldu.
Televiziya Yanayevin əlləri titrəyə-titrəyə
nəsə donquldandığı o uğursuz mətbuat
konfransından başlayaraq, bu tarixi hadisənin bütün məqamlarını
işıqlandırdı. Mətbuat
konfransında jurnalist Bovin xunta üzvlərinin birindən,
kolxoz sədri Staradubtsevdən soruşanda ki, bəs siz bu
kompaniyaya necə düşmüsünüz? – anladım ki, QKÇP-çilərin
başladığı iş iflasa uğrayacaq. Və
həqiqətən də, hadisələr bir-birinin ardınca
gərginləşməkdə davam edirdi. Moskva
küçələrində tanklar, Ağ evin
qarşısında izdiham, həlak olmuş üç cavan,
Yeltsinin xalq arasında görünməsi – bütün bunlara
Hollivudun döyüş filmləri kimi sonsuz maraqla
baxılırdı. Yeltsin tankın
üstündə hansısa tarixi filmin monumental obrazı kimi
görünürdü. Bu saatda o həqiqətən də
demokratiyanın müdafiəçisi, onun dayağı,
qarantı və duruş gətirməsi üçün ən
vacib adam idi. Putçistlər
(artıq onları belə adlandırırdılar) təzyiq
altında, yavaş-yavaş saatbasaat uduzurdular. Qorbaçovla kəsilmiş telefon əlaqəsi bərpa
olundu.
– Mixail Sergeyeviç,
əzizim, – Yeltsin telefonla ona belə müraciət etdi.
Çox keçmədi ki, Qorbaçov ailəsilə və
Rudskoyla birlikdə Moskvaya uçdular və Rudskoy elə həmin
təyyarəyə artıq zərərsizləşdirilmiş
DTK sədri Kryuçkovu da mindirdi ki, hər ehtimala
qarşı terror aktı, ya təxribat baş verməsin. Qorbaçov təyyarədə Yeltsinin şərəfinə
badə qaldırdı. Bütün
bunları bir sutka ərzində televiziya ekranı
qarşısından aralanmadan gördük və hələ
də hər şeyi bütün aydınlığı ilə
xatırlayıram. Putçistlər
ifşa və həbs olundular.
Bəs Qorbaçovun özü? Avqust putçu onun
taleyində hansı rolu oynadı? Bir tərəfdən
məlum oldu ki, o, döyüşdən qalib
çıxıb, öz vəzifəsinə qayıdıb,
ona quyu qazanların özləri isə qazdıqları quyuya
düşüblər. Ancaq bir qədər
sonra o da aydın oldu ki, bu Qorbaçovun “Pirr qələbəsi”,
məğlubiyyətdən betər zəfəri imiş, əsl
qalib Yeltsin oldu. Bu əhvalatdan SSRİ Prezidenti aciz girov
kimi çıxdı, rəqibi isə onun xilaskarı, həm
də, demə, “rus demokratiyasının atası” imiş – mif
yaradanlar Boris Nikolayeviçi dərhal belə qələmə
verdilər.
İndi, üstündən uzun illər keçəndən
sonra mən Qorbaçovun taleyi haqqında düşünəndə
təzadlı fikirlər keçirirəm. Əlbəttə,
90-cı ilin yanvarında onun sanksiyası ilə bizim xalqın
axıdılan qanını, Qarabağ məsələsində
açıq-aşkar riyakar mövqeyini və Sovet hakimiyyəti
illərində yüksək mənsəb sahibi olan yeganə
azərbaycanlının – Heydər Əliyevin hakimiyyətdən
kənarlaşdırılmasını ona heç zaman
bağışlamaram. Amma bir məsələ də var
ki, digər sovet respublikaları kimi Azərbaycan da SSRİ-nin
dağılması sayəsində müstəqil oldu,
SSRİ-ni isə hər şeydən öncə, çox
güman, öz ilkin planları və niyyətlərinin əksinə
olaraq, Qorbaçov dağıtdı.
Əlbəttə, başa düşürəm ki, Sovet
sistemi saysız-hesabsız nöqsanlar, siyasi, iqtisadi
yanlışlar, səhvlər və hətta milli məsələdə
yol verdiyi cinayətlər ucbatından dağılmağa məhkum
idi. Məlum oldu ki, o siyasətdə və iqtisadiyyatda
olduğu kimi ideoloji sahədə də müflisdir.
İflasının səbəblərinin sayı çox ola bilər. İnanırdım
ki, bu iflas tez ya gec, mütləq olacaq.
Yadımdadır,
Moskva siyasi
landşaftına kifayət qədər bələd
qadın – “Drujba narodov” jurnalının əməkdaşı
hələ Andropov, ya ola bilsin ki, Çernenko, dəqiq
yadımda deyil, hər halda, Brejnev dövründən sonra mənə
söyləyirdi ki, Moskvada
liberal ziyalılarının bütün ümidi
Qorbaçovadır, əgər o hakimiyyətə gəlsə,
çox şeylər dəyişəcək. 1985-ci ilin
martında, nəhayət ki, Qorbaçov hakimiyyətə gələndə,
Moskvada, Mərkəzi Ədəbiyyat Evində ali
ssenari kurslarında birgə oxuduğumuz Tbilisidə yaşayan
erməni əsilli rusdilli yazıçı Armen Zurabovla görüşdüm.
Armen o illərdə mənə bir çox erməni
yazıçılarından fərqli olaraq milli məhdudiyyətdən
uzaq yazıçı təsiri
bağışlamışdı və düzünə qalsa,
sonrakı illərdə də, mənim bildiyimə görə,
özünü antiazərbaycan mövqeyi ilə ləkələməyib.
Xülasə, Armen artıq o illərdə, ilk “Qorbaçov”
ayında, hələ Tbilisi ilə tam
vidalaşmamışdı, vaxtının çoxunu Moskvada
keçirirdi, paytaxtın siyasi mühiti, ab-havası
haqqında xeyli məlumatlıydı, nüfuzlu adamların
evlərinə gedib-gəlirdi. Mərkəzi
Ədəbiyyat Evində nahar edərkən, yenicə
başlayan, daha doğrusu, sezilən yenidənqurma və
aşkarlıq haqqında mülahizələrimizi
bölüşdük. Mən dedim ki, 1956-cı ildə,
partiyanın XX qurultayından sonra olduğu kimi siyasətdə
müəyyən təshihlər mümkündür. –Yox,- dedi Armen, – dəyişikliklər daha koordinal
olacaq. 1917-ci ilin oktyabrında olduğu kimi.
Hər şey kökündən dəyişdiriləcək.
Sonralar əmin oldum ki, haqlı imiş. Hər şey
sürətlə dəyişdi. Artıq bir qədər
keçəndən sonra ideoloji partiya rəhbərləri jurnalistlərdən acizanə
şəkildə xahiş edirdilər ki, heç olmasa, hələlik,
Leninə və oktyabr inqilabına toxunmasınlar. Ən amansız tənqidlərə qarşı belə
bütün qadağalar götürüldü və çox
keçmədi ki, oktyabr rəhbərinin özünə də
aman vermədilər.
Sovet
imperiyasının iflasında bütün obyektiv tarixi səbəblər
öz yerində, onun tez bir zamanda dağılmasına, məncə,
əsasən səkkiz adam səbəb
oldu. Dördü bu tərəfdən
(Soljenitsin, Saxarov, Qorbaçov və Yeltsin), dördü dəmir
pərdənin o biri tərəfindən (Reyqan, Tetçer,
Roma papası, Bzejinski).
Bzejinski və Voytilanı (Roma papası II Pavel-İoannı) stimullaşdıran Polşa-rus qarşılıqlı münasibətlərinin bütün faciəli tarixi boyu davam edən genetik inciklik və hər ikisinin damarlarında axan polyak qanı idi. Əsrlər uzunu bu iki Slavyan xalqının – katolik polyakların və pravoslav rusların – münasibətləri çoxlu sayda qanlı və amansız mərhələlərdən – Reç Pospolita dövründən tutmuş Xatına müsibətinə qədər keçib. Dünya katoliklərinin başçısı ilə ABŞ prezidentinin məsləhətçisi öz tarixi Vətənini Sovet hegemoniyasının nəzarətindən xilas etmək istəyirdi. Reyqan və Tetçer daimi təhlükə mənbəyini, “şər imperiyasını”, öz təcavüzkar hərəkətləri ilə dünyanı təngə gətirən SSRİ-ni (56-da Macarıstanı, 68-də Çexoslovakiyanı, 79-da Əfqanıstanı qana boyayan, Berlin və Kuba böhranlarına səbəb olan, ölkə daxilində repressiyalarla göz qorxudan – Saxarovun sürgün olunması, Soljenitsinin ölkədən qovulması, Koreya sərnişin təyyarəsinin məhvi – birdimi, ikidimi, hansını sayasan) dağıtmaq niyyətində idilər. SSRİ daxilində isə artıq qeyd edildiyi kimi, digər dissidentlərlə yanaşı Soljenitsin, Saxarov, rəhbərlər arasında isə Qorbaçov və Yeltsin həlledici rol oynadılar. Yenə də obyektiv tarixi faktorlarla yanaşı, şəxsi motivlər də müəyyən rol oynadı. Ola bilsin ki, əgər Soljenitsin vaxtında Lenin mükafatı alsaydı, əgər onun “Xərçəng korpus”u və “Birinci çəmbərdə” əsərləri Sovet mətbuatında yayımlansaydı, o müəyyən dərəcədə sovet ədəbiyyatında yer tutardı. Hakimiyyət axmaqcasına Saxarovu da radikallaşdırdı. İmperialistlərə qarşı sovet atom bombasını yaratmış insanın qəfildən vicdanı oyandı.
O ki qaldı, Yeltsinlə Qorbaçovun qarşılıqlı münasibətinə, aydındır ki, Yeltsin siyasi büroya üzv seçilsəydi, o ürəyində kin saxlamazdı, neytrallaşdırılmış olardı və sovet tarixi bəlkə də tamam başqa yolla gedərdi.
Ola bilsin, mən problemləri çox sadələşdirirəm, Sovet imperiyası tez, ya gec çökməli idi. Amma bu subyektiv amillər olmadan, mənim nəzərimcə, imperiya belə tez çökməzdi və Allaha şükür ki, (17-ci ilin oktyabr çevrilişi və vətəndaş müharibəsi ilə müqayisədə) qansız ötüşdü. Yeri gəlmişkən, kommunist rejimində SSRİ-ni imperiya adlandıranlara antisovetçi damğası vurardılar və cinayət kodeksinin uyğun maddəsiylə ittiham edərdilər. Amma elə ki, sistem və ölkə laxladı, ruslar özləri (və ilk növbədə rus yazıçıları) məhz rus xalqının adından min yaşlı imperiyanın məhvi barədə haray-həşir qaldırdılar. Əlbəttə, rus xalqı adından – “bərabərhüquqlu” xalqların saxta-riyakar sovet cəmiyyəti adından yox, hakim xalqın adından. Beləcə hər şey öz yerini tutdu. Məlum oldu ki, ölkənin beynəlmiləlçi xarakteri barədə bütün boşboğazlıq yalnız imperiyanın iç üzünü-mahiyyətini pərdələmək, ayıbını örtmək üçün əncir yarpağı imiş.
Bizim süjetə qayıdaq. Beləliklə, Qorbaçov Yeltsini “böyük siyasətə” buraxmır, incidilmiş Yeltsin öz iddialı xarakterinə görə inada düşür. Buna görə dövlətin ona qarşı daha sərt tədbirləri – mətbuatda rüsvay etməsi, ələ salması, alçaltması və bütün bunlar – onun qisas ehtirasını daha da coşdurur, özünü təsdiq etmək istəyi baş qaldırır və öz iradəsi, dözümü, ötkəmliyindən yararlanaraq – (Qorbaçovun kütləvi təbliğat maşınının səylə çalışmasına baxmayaraq) Yeltsin cəmiyyətin ən geniş qatında yüksək reytinq, böyük əksəriyyətin rəğbətini qazanır. Yaxşı çar ümidilə yaşayan kütlənin gözündə çara çevrilir (Rusiyanın əzəldən və həmişə ümidi ədalətli Çaradır) və elə o dalğada da, hələlik, Rusiyanın rəhbəri mənsəbinə yüksəlir.
30 avqustda Azərbaycan Ali Soveti respublikanın müstəqilliyini
elan etdi. Mən bu sessiyanın iştirakçısı idim
və hamı ilə birlikdə deklarasiyanı ayaqüstə
alqışladım. Hər bir xalqın qəlbində
yaşayan – öz evinin ağası olmaq, öz taleyini hər
cür çətinlikləri ilə bir yerdə özü təyin
etmək istəyi – ən ümdə arzular çin
olmuşdu. Doğrusu, ömrümün sonuna qədər
bütün bunların gerçəkləşəcəyinə
ümidim az idi. Budur,
ağlasığmaz şeylər gerçəkləşdi.
Bəs qəlbimdəki bu
nigarançılıq nədir? Nə
üçün mən (yəqin ki, mən tək deyildim) bu
kimi tarixi ümummilli hadisələrdə tamamilə təbii
olan ümumi ruh yüksəkliyi keçirmirdim? Doğrudanmı bütün bu duyğular
ağır, nursuz və yorucu illər ərzində qəlbimdə
yanıb kül olmuşdu?
Amma bəlkə
də bu ona görə idi ki, müstəqilliyin qələbə
marşını qana bələnmiş, od-alov içində
yanan Qarabağ torpağından gələn güllə
vıyıltıları, gurultulu partlayışlar üstələyirdi...
ANAR
525-ci qəzet.-
2014.- 23 avqust.- S.15.