Hər bir kəsin yerini və taleyini tarix
müəyyən edir
Bu bir
gerçəklikdir ki, həyat başqalarının dərdini
öz dərdi kimi yaşayanları, onların göz
yaşına öz göz yaşını qatanları,
onların sevincinə şərik olanları daha çox
ucaldır və onlara daha çox səadət və ucalıq
bəxş edir . Belə insanlar
üçün həyatda tək bir amal var. Həqiqi mənada
bu, onlarda hər cür təmənna hisslərindən uzaq
insanlığa xidmət etmək, bəşəri dəyərlər
adına, mənsub olduğu xalq və
ölkə adına şan və şöhrət gətirmək
arzusudu.
Belə
şəxsiyyətlərdə həyatda yaşamaq insanlığa xidmət
etmək üçün bir fürsət, vəzifə isə
bu amalları gerçəkləşdirmək
üçün bir vasitədir. Daha doğrusu
onların həyata baxışlarında zaman və məkan
insanların özünü təsdiqi üçün
verilmiş şanslardır.
Onlarda insanlığa olan bu tükənməz sevgi
Yaradana ilahi və əbədi məhəbbətdən
qaynaqlanır.
Bəli...
O, insanları insan olduğuna görə sevməklə
özünü sevdirdi və bununla da fəaliyyətə
başladığı ilk gündən təvazökarlıqla
öz mesajlarını cəmiyyətə, ümumiyyətlə,
hər kəsə çatdırdı.
Əslində
Mehriban xanım Əliyeva öz həyat kredosunun formulunu
“...Kimsənsə, elə də olmalısan....özgələrin
rollarını və obrazlarını gərək öz
üzərinə götürməyəsən... Çünki sən də, dünyada yerin də
yeganə və bənzərsizdir”- deməklə
bildirmişdi. Və hər kəsin də
öz formulunu müəyyən etməyi
arzulamışdı.
O, sadəliyi,
nəcibliyi, müdrikliyi, mərhəməti,
xeyirxahlığı, fədakarlığı,
işgüzarlığı, gərgin əməyi, eyni zamanda
təəssübkeşliyi, xeyir-duası ilə həyata
keçirdiyi layihələrlə qısa zaman kəsiyində
Azərbaycan xalqının böyük sevgisini və
inamını qazandı.
Onun dəstəyi ilə həyata keçirilən qlobal
səviyyəli layihələrin şüaları, tezliklə
onun məmləkətinin sərhədlərini aşaraq, beynəlxalq
təşkilatların, Avropa, Asiya, Afrika və daha uzaq yerlərin
diqqətini özünə cəlb etməyə
başladı.
Dünya Onun bu nəcib fəaliyyətini rəğbətlə
qarşılayaraq, alqışladı və bugün O, beynəlxalq
aləmdə zərif cinsin ən güclü simalarından
biri kimi tanınır, qəbul olunur və sevilir.
Azərbaycanın
Birinci Xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət
vəkili, UNESKO və İSESKO-nun Xoşməramlı səfiri
Mehriban xanım Əliyeva.
Bəli, O, taleyinə və qismətinə düşən
dövrün nəbzini tutaraq ağlı, bəlkə də,
yaşına uyuşmayan müdrikliyi, ən əsası, onu
gözəlləşdirən əməlləri ilə
zamanın fövqünə ucalmağı, onun parlaq zərrəsinə
çevrilməyi bacardı. İndi O, heç bir
mübaliğəsiz, şişirtməsiz, hamının birmənalı
qəbul etdiyi şəxsdir. Və etiraf edək
ki, müxtəlif səviyyəli, fərqli
dünyagörüşlü insanların qəlbinə
nüfuz etmək, hamını razı sala biləcək qərarlar
qəbul etmək elə də asan deyildi. O isə bunu
bacarır və özü də çox təbii və
yüksək səviyyədə.
İftixarla
deməliyik ki, çox qısa zamanda Mehriban xanım
Əliyeva Azərbaycan dövlətçilik tarixində ilk dəfə Birinci
Xanım İnstitutunu yaradaraq, onun banisi oldu.
Bu gün
O, təkcə öz ölkəsinin sevimli Birinci Ledisi deyil,
dünyanın çox sevilən, ən fədakar və
hörmətlə yanaşılan Birinci Ledilərindən
birinə, bəlkə də birincisinə çevrildi. Onun qurduğu Birinci
Ledi İnstitutu bəzi ölkələrdəki formal bir
İnstitut kimi deyil, canlı bir varlıq , nümunəvi
bir model kimi bir çox ölkələrə
də örnək oldu.
Şübhəsiz
ki, zaman keçəcək illər və fəsillər
bir-birini əvəz edəcək və dünyanın Birinci
Ledi İnstitutunun
tarixi təcrübəsi vərəqlənərkən
Azərbaycanın Birinci
Xanım İnstitutunun zəngin təcrübəsi nümunəvi
bir məktəb olması ilə seçiləcək.
Sözsüz ki, heç tərəddüd etmədən
belə deyə bilərik ki, qədim və rəngarəng
tarixi keçmişi, bu keçmişdə gözəl
örnəkləri olan Azərbaycan qadınının ən
parlaq səhifəsi məhz ölkəmizin Birinci
Xanımının simasında indi açılır.
Bugün
O, beynəlxalq aləmdə Azərbaycan qadınının əsl
portretini təqdim etdiyindən, onun simvoluna çevrilib. Ölkəmizdə, eləcə də ölkəmizdən
çox uzaqlarda yüzlərlə, minlərlə sadə
insan indi öz ehtiyacları üçün mərhəmətin
və sevginin əsl ünvanı olan Mehriban xanım
Əliyevaya müraciət edirlər. Təbiidir... Çünki bu nəcib və müdrik xanım
öz fəaliyyəti, humanist ideyaları və
xeyirxahlığı ilə artıq çoxdan mütərəqqi
ictimaiyyətin cazibə mərkəzinə
çevrilmişdir. Onun çoxşaxəli
fəaliyyətini diqqətlə izləyir və yüksək
qiymətləndirirlər. Bu mənada fəxrlə deməliyik
ki, dünyanın elə bir ölkəsi yoxdur ki, O, bu ölkənin
və xalqın ən ali mükafatına
layiq görülməsin və dünyanın hər bir yerindən
olan bu insanlar artıq çox gözəl dərk edirlər
ki, bu ünvan çox nadir ünvanlardandır ki, hər kəslə
öz sevgisini və mərhəmət dolu yardımını
paylaşır. Mehriban xanım Əliyevanın
“...Bəzən cəmiyyətdə insan elə bir vəziyyətə
düşür ki, bütün döydüyü qapılar
onun üzünə bağlı olur. O öz dərdi ilə,
öz problemi ilə təkbaşına qalır...” fikirlərini
düşündükcə onun insanlığa olan sonsuz sevgi
və mərhəmətinin səbəbi tam aydın olur. Əslində bu fikirlər
eyni zamanda laqeyd və biganə dünyada bir mənəviyyat dərsidir.
Ayrı-ayrı
ölkələrdə hər cür siyasət və
riyakarlıqdan uzaq, təmiz və sadə insanlar Mehriban
xanım Əliyevaya olan məhəbbət və rəğbətlərini
Onun “...Bu gün bütün dünyanın
qarşılaşdığı ən ağrılı
problemlərdən biri mənəvi idealların
ucuzlaşması, onların saxta ideallarla əvəz edilməsidir...”-
mərhəmət fəlsəfəsinə , bəşəri
dəyərlərə sonsuz sevgisinə öz yazdıqları səmimi
müraciət, şeir və nəğmələri ilə ifadə edirlər. Bəziləri
isə onun obrazını təsəvvürlərində
yaratdıqları kimi: “Təhsil
Hamisi ”, “Kimsəsiz Uşaqlara
Ana Nəfəsi”, “ Bəşəri Dəyərlər Fədaisi
”, “Xocalının Haray Səsi ”, “Mərhəmət
Carçısı”, “Ümid Çırağı”...
adlandırırlar.
İnsanlar
Onun haqqında yazmağı, danışmağı və
fikir söyləməyi özlərinə şərəf və borc bilirlər.
Əlbəttə Mehriban xanım Əliyevanın
portretini cızmaq hədsiz dərəcədə çətindir.
Çünki
Mehriban xanım Əliyeva haqqında ən gözəl
sözü də , ən gözəl məqaləni
də, ən oxunaqlı kitabı, ən gözəl musiqini də
elə O, öz əməlləri və fəaliyyəti ilə
yaradıb.
Hətta ən qüdrətli yaradıcı sənətkar
belə Onu və onun insanlığa xidmət yolunda sevgi dolu fəaliyyətini
Onun qədər xarakterizə edə bilməz.
Onun
haqqında yazılan bütün əsərlərdə
, kitablarda, nəğmələrdə müəlliflərin
qələmə aldığı fikirlər Mehriban
xanımın müqəddəs fəaliyyətinin tərənnüm
edilməsi yolunda olan cəhdlərdir.
Mehriban
xanım Əliyeva ilk gündən yaratmaq istədiyi Kitabın epiloqunu : “Həyatda
hər bir kəsin yerini və taleyini tarix müəyyən
edir, odur ki, nə böyük, nə də kiçik rollar
olmur. Öz həyat kitabını yazmağa
ancaq sənin şəxsi, dərk edilmiş məsuliyyətin
imkan verir” deməklə öz məramlarını söyləyir.
Çox dərin fəlsəfi məna daşıyan bu
hikmətli fikirləri oxuyub düşündükcə Onun fəaliyyətinin
nə qədər yüksək zirvələrdə
dayanmasının bir daha şahidi oluruq.
Bu mənada Mehriban
xanım Əliyeva fəaliyyətinı son dərəcə
mahir və istedadlı yazıçı səriştəsi
ilə və ən əsası isə, böyük səmimiyyətlə
yazılmış bir “KİTAB”a bənzətsək daha
doğru olar. Səhifələri bitməyən və sevilərək
oxunan, həyata keçirdiyi çox şaxəli, çox həcmli
və çox miqyaslı layihələrlə zəngin bu
Kitab o qədər zəngindir ki, onu bir gündə, bir ayda,
bir ildə vərəqləmək, oxuyub başa çatdırmaq
mümkün deyil.
Bu kitab həm
də onun çox yığcam, ibrətamiz ,
müdrik və dərin fəlsəfi fikirləri ilə zəngin
olan məruzə və çıxışlarıdır. Mehriban xanım Əliyevanın hər bir cümləsi
sanki bir aforizmdir, bir hikmətdir. Bu Kitab həm
də Onun həyata baxış fəlsəfəsidir. Hədsiz maraqlı və gərəkli olan bu
kitabı oxucu oxuduqca onun əbədiyyən davam etməsini
arzulayır.
Əziz
oxucular!
Möhtərəm
Birinci Xanımımızın fəaliyyətini əks etdirən
, hər sətrində insan sevgisi, mərhəmət və fədakarlıq
dayanan və bizlərin şahidliyi ilə yaratmış
olduğu Həyat Kitabının səhifələrini vərəqləməklə,
ona olan səmimi düşüncələrimi böyük məmnuniyyətlə
sizlərlə birgə paylaşmaq istədim.
2004-cü ilin mayından ulu öndər Heydər
Əliyevin xatirəsinə ehtiram və onun ideyalarını
yaşatmaq arzusu ilə yaradılan və onun adını
daşıyan Fonda rəhbərlik edən Azərbaycanın
Birinci Xanımı tezliklə humanist ideyaların
carçısına çevrildi. O, tezliklə ölkəmizdə
xeyriyyəçilik hərəkatının
formalaşmasına və kütləviləşməsinə
nail oldu. Bu mənada Mehriban xanım Əliyevanı
xeyriyyəçilik hərəkatının banisi hesab etsək
heç yanılmarıq.
O, Azərbaycan
uşaqlarına diqqət və qayğını fəaliyyətinin
əsas istiqamətlərindən biri kimi müəyyən
etdi, bununla da Ulu Öndərin uşaqlara olan sonsuz sevgisini
layiqincə təcəssüm etdirir və yaşadır. Təsadüfi
deyil ki,Onun uşaqlarla bağlı
gördüyü işlər Fondun ilk və ən
böyük tədbirlərindən və ilk layihələrindən
biri oldu. Bir gözqırpımında sanki
işıq sürəti ilə, gecəsini gündüzünə
qataraq, ölkəmizdə elə bir həssas qrup və ya
köməyə ehtiyac olan sahə qalmadı ki, orada Möhtərəm
Birinci Xanımımızın ülvi şəfqəti və
dəstəyi olmasın. Qocalar evi, uşaq
və əlillər evi, internatlar....daha nələr...
sadalamaqla bitməz.
Mehriban
xanım Əliyeva ...Bəzən nəinki bəşəriyyətin
səsini eşitmirik, hətta qonşu-qonşunu eşitmir,qardaş-qardaşa köçək əlini
uzatmaq istəmir. Deməsinin səbəbi də
Onun həyata keçirdiyi bütün layihələrin qayəsində
və təməlində sosial yönüm, humanizm, bərabərlik,
ədalət, insana sevgi və sabaha ümid dayanırdı.
Mehriban
xanım Əliyeva
“...Bəzən nəinki bəşəriyyətin
səsini eşitmirik, hətta qonşu-qonşunu
eşitmir,qardaş-qardaşa kömək əlini uzatmaq istəmir..
” düşüncəsi ilə insanları qayğı, mərhəmət
göstərməyə sanki tələsdirir..
Fond tərəfindən
Ulu Öndərimizin dillər əzbəri olan təhsil millətin
gələcəyidir prinsipini əsas meyar kimi
götürdü.
Azərbaycanın Birinci Xanımı Yeniləşən
Azərbaycan üçün Yeni Məktəb
konsepsiyasını irəli sürdü və qısa zamanda
çox böyük layihələrlə ölkəmizdə
inanılmaz uğurlar qazanıldı. Yüzlərlə məktəblər
daha doğrusu təhsil müəssisələri xalqın
istifadəsinə verildi. Minilliyin
çağırışlarının əsas hədəflərindən
olan hər kəs üçün təhsil Heydər
Əliyev Fondunun fəaliyyətinin əsas xətti oldu.
Mükəmməl səviyyədə təhsil almaq imkanı
üçün təhsilin ən müasir və yüksək
standartlara cavab verən infrastrukturu yaradılmağa start
verildi. Ən ucqar bölgələrdən
başlayaraq ardıcıl və çoxsaylı yeni məktəb
layihələri həyata keçirildi. Elə
layihələr ki, fiziki və əqli vəziyyətindən
asılı olmayaraq bütün azərbaycanlı
uşaqların zövqünü oxşadı. Sağlam
bədəndə sağlam ruh olar prinsipinə söykənərək,
ən zəruri səhiyyə layihələri insanların sabaha ümid
çırağına çevrildi.
Valideyn himayəsindən məhrum olan uşaqlara Ana məhəbbəti,
onlara qayğı əsl insanlıq nümunəsi oldu.
Kimsəsizlərə kimsə və dayaq olmağın
gerçək və həqiqi mahiyyətini əməli ilə
sübut etdi.
Əslində Fond tərəfindən gənc istedadlara
yaradılan şərait də bu uşaqların parlaq
sabahı və millətimizin isə gələcəyi demək
idi!..
Bugün Azərbaycan xalqı Fondun bəşəri dəyərlərə
xidmət edən, qlobal səviyyədə geniş miqyaslı
və humanitar proqram və layihələrinin nəticələrindən
qürurla danışır.
Fondun həyata
keçirdiyi layihələri arasında bir sıra xarici
ölkələrdə məktəblərin tikdirilməsi,
dünya mədəniyyətinin nadir incilərinin bərpasının
və qorunub saxlanmasının , xarici ölkələrdə
belə xüsusi qayğıya ehtiyacı olan uşaqlarla
bağlı xeyriyyəçilik tədbirləri Azərbaycanın
Birinci Xanımının insan və insanlıq naminə əsl
fədakarlığının nümunəsi idi!
Bu mənada təkcə ölkəmizdə deyil,
dünyanın bir çox ölkələrində milli mənəvi
dəyərlərin qorunmasına, müqəddəs inanc yerlərinin
bərpası və təmirinə yönələn layihələrin
böyük rezonans yaratması da təbiidir.
Mehriban xanım Əliyeva dünyaya gözünü
açdığı gündən hər bir xalqın milli və
mənəvi dəyərlərinin müqəddəsliyinin
olduğu mühitdə ruhda böyümüş və tərbiyə
almışdır.
Odur ki,
uzun əsirlik tarixi olan milli mənəvi dəyərlərimizin
qorunmasında xalqımızın hansı keşməkeşli
yollar keçdiyini Mehriban xanım Əliyeva öz
çıxışlarında daima insanlara xatırladır.
Onun müstəqil dövlətimizdə istər xalqımızın
Ulu Öndəri Heydər Əliyev və istərsə də
Prezidentimiz möhtərəm cənab İlham Əliyevin bu
sahəyə xüsusi diqqətinə dəstək verməsini
və bu məntiqi qiymətləndirməmək mümkün deyil .
Onun bu fəaliyyətinin nəticəsidir ki, Azərbaycan
mədəniyyətinin qarşısında yanan gur
işığın şöləsi dünyanın dörd
bir yanına yayılmış və bəşər
sivilizasiyasına çoxsaylı töhfələr verən
xalqımızın minilliklər boyu yaratmış olduğu
mədəniyyətin zənginliyi bəşər
insanını heyran qoymuşdur.
Bu gün
nə qədər xoşdur ki, insanların siyasətdən
usandığı və yorulduğu, siyasi
danışıqlara inamsızlığın mövcud
olduğu bir zamanda Mehriban xanım Əliyevanın həyata
keçirdiyi uğurlu, ardıcıl və prinsipial mədəniyyət
layihələrin nəticəsində dünyanın müxtəlif
coğrafiyasından olan fərqli rənglərdə və
dillərdə olan insanlar Azərbaycan musiqisinin və mədəniyyətinin
dilində danışır. Heydər Əliyev
Fondunun Prezidentinin əsl fədakarlığıdır ki, Azərbaycan
muğamı bəşəriyyətin qeyri-maddi irsinin şah əsərlərindən
biri hesab olunur.
Qobustan
Dövlət Tarixi-Bədii Qoruğu, İçərişəhər,
Qız Qalası, Şirvanşahlar Sarayı Kompleksi UNESKO-nun
Dünya Mədəni İrs siyahısında; aşıq sənəti,
xalçaçılıq sənəti, tar
ifaçılığı və hazırlanması sənəti,
Novruz bayramı, eləcə də xalqımızın qədim
milli Çövkən oyunu UNESKO-nun Bəşəriyyətin
Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ
siyahısında özünə yer almışdır!
Mehriban xanımın Azərbaycan mədəniyyətinin
dünyada tanıdılması istiqamətində fəaliyyəti
misilsizdir.
Onun təkcə UNESKO-nun Baş qərargahında təşkil
etdiyi möhtəşəm təqdimatları xatırlayaq: Azərbaycanla
bağlı nəşrlər,görkəmli şəxsiyyətlərimizin
yubileyləri, ölkəmizin sürətli inkişafı,
tarixi, mədəni abidələri, əsrarəngiz təbiəti,
xalçaçılıq sənəti, milli kulinariyası ,
müstəqillik illərində inamla irəliləyən Azərbaycanın
sürətli inkişafını göz önünə gətirən
bənzərsiz sərgilər, incəsənət
ustalarının doyumsuz konsert proqramları...
Hər biri bir-birindən bənzərsiz olan və Azərbaycan
təntənəsi yaşanan təkrarsız tədbirlər.
Əslində hər bir layihənin təbliğini bu
milli dəyərləri, bu mədəniyyəti yaradan Azərbaycan
insanın tanıtımı kimi də qiymətləndirmək
olar. Heydər
Əliyev Fondunun Pezidentinin , UNESKO-nun Xoşməramlı Səfiri
Mehriban Əliyevanın rəhbərliyi ilə keçirilən
bu tədbirlər təkcə Azərbaycan mədəniyyətinin
yox, eyni zamanda UNESKO tarixinin uğurlu layihəsi olmaqla da əlamətdar
tarixi hadisə kimi sayılmalıdır.
Yaxud bu qurumla birgə elm, təhsil, mədəniyyət
sahəsində Bakıda keçirilən mötəbər
beynəlxalq tədbirləri yada salaq. Birinci Ledinin Azərbaycan-UNESKO
münasibətlərinin möhkəmlənməsindəki
danılmaz xidmətləri də ayrıca söhbətin
mövzusudur.
UNESKO-nun sabiq Baş direktoru Koişiro Matsuuranın
“Mehriban xanım Əliyevanın fəaliyyəti sayəsində
Azərbaycanla UNESKO arasında sıx əməkdaşlıq
yaranmışdır” fikri çox böyük mətləbləri
təsdiq edir.
Qurumun
hazırkı Baş direktoru İrina Bokovanın Mehriban
xanım haqqında qənaətini də bölüşməyə
bilmərəm: “Sizi Xoşməramlı Səfirlər
sırasında görmək bizim üçün, UNESKO
üçün şərəfdir. Siz UNESKO-nun
humanist dəyərlərinin əsl bayraqdarısınız”.
İzlədiyimiz bütün tədbirlərdə
Mehriban xanım Əliyevanın UNESKO-nun xoşməramlı səfirləri
arasında nə qədər böyük nüfuza malik
olmasını iftixar hissi ilə şahidi oluruq.
Təbiidir, Azərbaycanın Birinci Xanımı
UNESKO-nun məqsəd və məramlarının həyata
keçirilməsində çox əhəmiyyətli işlər
görərək, təşkilatın nüfuzuna mühüm
töhfələr verir.
Əminliklə deyə bilərəm ki, təsis edildiyi
gündən çağımızadək UNESKO-nun
keçdiyi tarixi yola baxsaq UNESKO-nun xoşməramlı səfirləri
sırasında Mehriban xanım Əliyevanın özünəməxsus
və misilsiz xidmətlərinin olduğunun şahidi
olarıq.
Mehriban xanım Əliyeva İSESKO-nun Xoşməramlı
Səfiri kimi qısa müddətdə üçüncü
minilliyin ən önəmli problemlərindən olan mədəniyyətlərarası
dialoqa və tolerantlığa özünün davamlı
töhfələrini verir. Günümüzdə gündən-günə
artan irqçilik fonunda Onun bilavasitə təşəbbüsü
ilə yaradılmış Beynəlxaq Tolerantlıq Mərkəzi
beynəlxalq ictimaiyyət üçün model olmaqla,
sülhün,humanizmin, hüzurun, sabitliyin,
dostluğun, qardaşlığın və rifahın
qorunması üçün dünya insanlarına bir
çağırışıdır. Bu mənada Azərbaycanın
Birinci Xanımının ictimai vəzifələri
sırasında, daha doğrusu insanlıq üçün təmənnasız
xidmətləri sırasında İslam ölkələrinin
Təhsil, Elm və Mədəniyyət Təşkilatının,
İSESKO-nun Xoşməramlı Səfiri kimi fəxri, şərəfli
və məsuliyyətli missiyasından doğan fəaliyyəti
islam dünyası üçün bir fəxarətdir desək
daha ədalətli yanaşma olar. Heç də təsadüfi
deyil ki, ölkəmizlə İƏT-nın müxtəlif təşkilatları
arasında münasibətlərin möhkəmlənməsində
Onun fəaliyyəti də islam aləmində
çox təqdirəlayiq qiymətləndirilir.
“Bu fəaliyyətdə
nəyi özünüz üçün əsas hesab
edirsiniz” sualına Azərbaycanın Birinci Xanımı belə
cavab verir: “Bu fəaliyyət mənim ölkə daxilində
görməyə çalışdığım işlərə
çox yaxındır. Eyni zamanda, bu, beynəlxalq
arenadır və mən orada öz ölkəmi təmsil edə
bilərəm. Bu, müasir Azərbaycanı,
onun çox dərin tarixi və mədəni köklərə
malik olan xalqını göstərmək, bizim mədəniyyətin,
incəsənətin, musiqinin, ədəbiyyatın nailiyyətlərini
bütün dünyaya çatdırmaq imkanıdır”.
Mehriban
xanımın bütün fəaliyyətinin böyüklüyü və
ucalığının səbəbi onun içdən gələn
səmimimiyyəti və vətənpərvərliyidir!
O, istər
UNESKO-dan, istərsə İSESKO-dan, istərsə də digər
mötəbər tribunalardan mütləq Azərbaycan həqiqətlərinin
çatdırılması üçün istifadə edir,
özü də böyük məharətlə.
O,
çox önəmli auditoriyalarda
çıxışları zamanı ölkəmizin
uğurlarını diqqətə çatdıraraq, nəzərləri
hər zaman Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinə yönəltməyə
çalışır, qaçqın və məcburi
köçkünlərin problemlərindən
danışır, işğal altında qalan tarixi və mədəni
abidələrimizin qorunması məsələsini
qaldırır, onların məhv edilməsindən
narahatlığını ifadə edir.
Fərqi yoxdur hansı tipli tədbirdir,
Mehriban xanım Əliyevanın mükəmməl nitqləri,
çıxışları Azərbaycanı tanıtmaq, onun
keçdiyi şərəfli yol haqqında yığcam və
yüksək səviyyəli təəssürat yaratmaq, bir
sözlə, xalqımızın milli kimliyinin təqdimatı
baxımından xüsusi əhəmiyyətə malikdir...
Qeyd etmək
lazımdır ki, Heydər Əliyev Fondunun Prezidenti Mehriban
xanım Əliyevanın dəstəyi və iştirakı ilə
Azərbaycanın müstəqilliyinin bərpasının
20-ci ildönümü münasibətilə bir sıra xarici
ölkələrdə keçirilən tədbirlər də
sıradan tədbirlər deyildi!
Dünyanın harasında olursa-olsun, bu tədbirlər
Azərbaycanın layiqli təqdimatı, Azərbaycanın təbliğidir. Bu tədbirlər
Şərqlə Qərbin daha doğrusu mədəniyyətlərin
qovşağında yerləşən Azərbaycanın qədim
və zəngin mədəniyyətə malik olduğunu hər
kəsə dönə-dönə anlatmaqdır.
Bugün Avropaya öz mədəniyyəti ilə gedən Azərbaycan
sübut edir ki, o, artıq nəinki Avropa ailəsinə
inteqrasiya edir, hətta bu ailəyə sonsuz töhfə verərək
onun ayrılmaz bir üzvüdür!..
“Biz azərbaycanlılar öz mədəniyyətimizlə,
qədim tariximizlə fəxr edirik. Eyni zamanda, dünya mədəni
irsinə çox böyük hörmətlə
yanaşırıq” deyən Mehriban Əliyevanın dəstəyi
ilə həyata keçirilən qlobal layihələr də
geniş əks-sədaya səbəb oldu.
Onun bu
fikirləri Azərbaycanın Birinci Xanımının
bütün layihələrində və fəaliyyətində milli dəyərlərlə bəşəri
dəyərlərin sintezinin və vəhdətinin vacibliyini
bir daha sübut edir .
Bütün bu humanist addımların və ülvi fəaliyyətin
əsl fəlsəfəsi ancaq bir amala söykənir. Bu müqəddəs amal
dünyanın mədəni irsini qorumaq, dünya insanına,
bütövlükdə bəşəriyyətə sevgi və
mərhəmətlə xidmət etmək!
Bugün istər ölkə daxilində, istər ölkə
xaricində bu amallar hər kəs tərəfindən məhz
Heydər Əliyev Fondunun əsas prinsip və idealları kimi
də qəbul edilir.
Yaxud... 20-ci əsrin ən böyük faciəsi olan
Xocalı soyqırımı ilə bağlı həqiqətlərin
dünya ictimaiyyətinə çatdırılmasına Heydər
Əliyev Fondu qədər böyük və davamlı dəstək
verən ikinci qurum tapmaq çətindir.
Etiraf etməliyik ki, dövlətimizin, möhtərəm Prezidentimiz İlham Əliyevin bu sahədə gördüyü işlərə ən böyük dəstəyi məhz Heydər Əliyev Fondu vermişdir və indi də davam edir!..
Biz Mehriban xanım Əliyevanı, həm də beynəlxalq səviyyədə çox fəal bir siyasi xadim kimi görür, onun fəaliyyətini bir Azərbaycan qadını kimi sonsuz qürur hissi ilə izləyirik.
O, bu fəaliyyəti ilə bizə, məxsus olduğu xalqın qadınlarına əsl nümunədir.
Fəxr edirik ki, O, harada olursa-olsun, hansı işi görürsə-görsün, onun üçün AZƏRBAYCAN sevgisi, İNSAN sevgisi birincidir!
Bu sevgidən isə hər kəsdən əvvəl xalqımız və əlbəttə hər bir Azərbaycan övladı bəhrələnir...
“Mən siyasətlə məşğul olmuram, sadəcə insanlara kömək edirəm. Əgər bunu siyasət adlandırmaq olarsa, buyurun, elə də hesab edin” – bu, Azərbaycanın Birinci Xanımı Mehriban Əliyevanın fikridir. Nə qədər səmimi və nə qədər təvazökar bir münasibət! İnsanlara təmənnasız kömək etmək təməlində əxlaq və vicdan dayanan siyasət deyilmi.
Mehriban xanım Əliyeva “...hər bir kəs özünü şəxsi həyatının və dünyanın qurub yaradıcısı, yaxud dağıdıcısı olmasını özü yazır...” deməklə müxtəlif siyasi oyunlardan, hakimiyyət davasından, yeni torpaq və ərazi bölgülərindən , separatizmdən, müxtəlif münaqişələrdən, başqalarının sərvətlərini haqsız yiyələnməsindən, gücün ədalət, xaosun demokratiya kimi təqdim olunmasından, anbaan artan parçala və hökm sür deyənlərdən yorulmuş çağdaş dünyaya sanki çağırış edir.
Bu fikirlər və düşüncələr bir daha göstərir ki, məhz mənəvi ucalıq zirvəsində dayanan Azərbaycanın Birinci Xanımı nəcibliyi ilə böyük hərflərlə yazılmış İNSANLIĞA xidmət edir!..
Onun fəaliyyəti
bir Kitabdır, dedim. Azərbaycan xalqının
ruhunu oxşayan və insanlığa xidmət edən bu Kitab
heç bir tərcüməyə ehtiyac olmadan bütün
dillərdə sevilə-sevilə oxunan bir kitabdır. Vətənə, xalqa, insanlığa xoşməramlı
xidmət davam edəcək və bu kitabın səhifələri
də sonsuza qədər davam edəcək. Və biz də
o Kitabı dönə-dönə vərəqləyəcək
və sevə-sevə oxuyacağıq..
Bu yazıda mən ürək sözlərimi
Prezident İlham Əliyevin Mehriban Əliyeva
haqqında fikri ilə yekunlaşdırmaq istərdim. Heç
şübhəsiz, heç kim onu, onun
ömür gün yoldaşı, Respublikamızın prezidenti
möhtərəm cənab İlham Əliyev qədər
xarakterizə edə bilməz: “Mən çox şadam ki,
Mehriban ölkənin bir çox vacib işlərində fəal
iştirak edir. Birinci Ledi statusu bir növ həyat
yoldaşının vəzifəsindən yaranır, ancaq bu
statusun arxasında onu daşıyan insanın iradəsi, səyi
və canatımı durur. Mən çox sevinirəm ki,
Mehriban xanımın başçılıq etdiyi Heydər
Əliyev Fondu çətinlik çəkən insanlar
üçün çox iş görür. Heydər
Əliyev Fondu dövlət qurumlarında problemlərini həll
edə bilməyən insanların son ünvanıdır.
Fond son pəncərədir . İnsanlar ora
eşidilmək ümidi ilə gedirlər və ümidləri
doğrulur... Mən əminəm ki, Mehriban
Əliyeva xeyriyyəçilik, insansevərlik, mərhəmət,
Azərbaycan xalqının mentalitetinə, mədəniyyətinə,
düşüncəsinə, əsrlərdən bəri
formalaşan ənənələrimizə xas olan ən
gözəl keyfiyyətləri davam etdirməyə
çalışacaq”.
Bəli, Mehriban xanım Əliyevanın insan sevgisi ilə
dolu olan ürəyindən çağlayan nəcib əməlləri
cildlərlə kitabların qızıl hərflərlə
yazılmış sətirlərində, insanların qan
yaddaşında öz əksini tapacaqdır.
O Kitab ki,
yazanı da, yaradanı da Azərbaycanın Birinci Xanımı,
UNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər
Əliyev Fondunun Prezidenti və millət vəkili Mehriban
Əliyevadır.
Bu
Kitabın isə bir proloqu var: milyonlarla könüllərdə
ucalmış əbədi xalq məhəbbəti.
Məlahət İBRAHİMQIZI
Millət vəkili, Siyasi elmlər
üzrə fəlsəfə doktoru
525-ci qəzet.-
2014.- 23 avqust.- S.8-9.