Yaxın tariximizin Çingiz Mustafayev səhifəsi
Ötən
əsrin ən amansız faciəsinin, qəddar erməni faşistlərinin əli ilə qətlə
yetirilib meyitləri çöllərdə, düzlərdə qalmış
günahsız
soydaşlarımızın başı üstündə hönkürtü qoparıb
ağlayan doğma, yaxın ilk adam Çingiz oldu ...
Onun bu
hönkürtüsünü
eşidəndə, lentə aldığı dəhşətli kadrlara baxanda bəs
biz nələr çəkdik?!.
Dünya
qarışıq elə çoxlarımız da Xocalı faciəsindən beləcə xəbər tutduq ...
Nə
gizlədək, bəlkə də elə o gündən, o telejurnalist hünərindən,
cəsarətindən sonra Çingiz Mustafayev hamımıza əziz, doğma bir
insana çevrildi ...
Adı
adlar çıxarmış fitnəkar ifritə Qalina Starovoytova
ilə telemüsahibəsinə baxandasa fikirləşdik ki,
Çingiz hələ,
doğrudan da, uşaqdı, cavandı ... Ancaq ölümlə
üz-üzə güllə qabağına gedəndə isə
bir deyənimiz olmadı:
"Sən
hələ uşaqsan, nə yaşın var! .."
Yaşadığım
Şabran bölgəsinə təyinatla işləməyə indiyəcən neçə-neçə gənc
mütəxəssis gəlib, yenə də gələcək. Üç illik
təyinat müddəti başa çatandan sonra çoxları
çıxıb gedib.
Çingiz Mustafayev də bir vaxt - 1984-cü ilin dekabrında rayon sanitar-
epidemioloji stansiyasına təyinatla həkim kimi gəlmişdi.
Üç il Şabranın sakini olan həkim sonra yenidən Bakıya,
doğulub boya-başa
çatdığı şəhərə
qayıtdı.
İndi
isə ... Müasirləri üçün də, gələcək
nəsillər üçün də cavan, 33 yaşında
olan Azərbaycanın Milli Qəhrəmanı
Çingiz Mustafayev neçə illərdir ki, yenidən
Şabrana qayıdıb. Bu dəfə
Şabranın əbədi sakini kimi...
Qədim
Yunanıstanda həkimlik peşəsinin adı "həyat
keşikçisi, həyat müdafiəçisi"
demək idi...
İndiki
Azərbaycan Dövlət Tibb Universitetini bitirmiş Çingiz Mustafayev
də həkimlik oxumuşdu. Amma
tale elə gətirdi ki, o, "həyat
keşikçisi, həyat
müdafiəçisi" kimi deyil, hamımızın
suyunu içdiyimiz, çörəyini yediyimiz,
havasını udduğumuz "könlümüzün məhbubu" Vətənin keşikçisi, müdafiəçisi
kimi yaddaşlarda qaldı, əzəli və əbədi Vətənimiz, doğma Azərbaycanın ayrılmaz parçası olan
Qarabağ uğrunda erməni qəsbkarları
ilə döyüşlərin şanlı salnaməsini
yaradanlardan biri oldu, bu
şanlı salnaməni yaratmaq qərarına gəldi ki, ötən əsrin
90-cı illərində öz tarixini qanı ilə yazan Azərbaycan
övladlarının Vətən eşqini, Vətən məhəbbətini əbədiləşdirsin.
Və elə özü də əbədiləşdi.
Sağlığında bəlkə də heç bir təltifi,
mükafatı
olmayan Çingiz Mustafayev ölümündən
sonra Milli Qəhrəman adına layiq görüldü.
Belə
deyirlər ki, hər bir adamı tanımaq üçün onunla bir pud duz
yemək lazımdır. Riyaziyyatçılar da hesablayıblar ki, bir pud duzu 16
ilə yemək olar ... Deməli, bu hesabla adamı
tanıyıb onunla dost olmaq üçün 16 il lazımdır
!..
Ancaq
çox vaxt belə olur ki, elə ilk tanışlıqdan həmsöhbətinlə tez
ülfət bağlayırsan, bu ülfətin, bu mehribanlığın səbəbini xəbər alanlara da cavabın qısa olur: "Ürəyimə yatdı ..."
1984-cü
ilin bir soyuq dekabr günündə təyinatla həkim kimi Şabrana gəldiyi elə
ilk günlərdən Çingiz
Mustafayev istər öz
yaşıdlarının, istərsə də özündən böyüklərin, özündən
cavanların - hamının
ürəyinə tez yatdı.
Xatirələr
işığında
Şabran
sanitar epidemioloji stansiyasında bir vaxt Çingizlə birgə çalışmış
iş yoldaşları ilə, onunla
ünsiyyətdə olmuş adamlarla
görüşüb söhbət edirəm. Onların
sözləridir:
-
Hamımız Çingiz həkimə elə öyrəşmişdik ki, indi onun yoxluğuna inanmırıq ...
- Hər
dəfə televizorda onu cəbhə bölgəsində
görəndə ondan
ötrü
özündən
çox biz nigarançılıq keçirir, narahat olurduq.
- Qəhrəman olmazdan əvvəl o bizimlə idi, aramızda, sıramızda idi və
əlbəttə, bu gün də bizimlədir...
Sonra da Çingiz Mustafayevlə
çalışanların xatirələrinə üz tuturam. Bu da onlardan birinin,
hazırda rayon Gigiyena
mərkəzi adlanan müəssisənin direktoru
Nazim Həmidovun dedikləri:
-
Çingiz rayon epidemioloji stansiyasında ilk əmək fəaliyyətinə o zaman
mənim müdir
olduğum şöbədə laborant kimi başladı. Şöbəmiz uşaq müəssisələrində,
məktəblərdə şagirdlərə verilən yeməklərin
keyfiyyətini və kaloriliyini müəyyən edirdi. Bu
elə dövr idi ki, necə deyərlər, əl-əli
yuyurdu... Çingizin də yaxşı qazanmaq imkanı var idi. Amma ... Yaşlı
işçilərimizdən guya
Çingizə canıyananlıq edib danışanlar var
idi ki, əşi, nə olsun ki,
cavandı, dünya malında gözü yoxdu, uzaqgörənliyi olsa, qara günü
üçün arxaya bir şey atar ... Düzlük, təmizlik elə
bil təkcə buna
qalıb.
Belə söhbətlər Çingizin də
qulağına çatırdı. Bir dəfə bu mövzuda onunla
məhrəm söhbətimiz olanda
köks ötürüb:
- Eh, müsəlman ki, müsəlman, - dedi, -
müsəlmanın qara günü bəlkə də elə o gündən başlayır ki,
oturub qara gün haqqında
fikirləşir ...
"Ötkəm
oğlan"
Çingiz
son dərəcə şəhər dəbi ilə geyinib gəzir,
oturub-durur və bu da balaca əyalət şəhərində
o zaman çox qəribə qarşılanırdı. Çingiz çox mehriban, xoşqılıq oğlan
olsa da, hər adamla oturub-durmazdı. Oturub - durduqlarına
qarşı isə çox həssas, diqqətli idi.
Ötkəm
bir oğlan olan Çingiz xüsusən haqsızlığa qarşı çox
dözümsüz idi. Haqqı nahaqqın
ayağına verməz, bu yolda sinəsini sipər etməkdən
çəkinməzdi.
Bir dəfə
belə bir hadisə olmuşdu: kinoteatrın qarşısında gəzişən
milislər, necə deyərlər, dayanıb durduğu
yerdə başıaşağı, sakit-fağır
birisini təhqir etmişdilər. Bu, orda olan Çingizə bərk
toxunmuşdu, günahsız
adamın müdafiəsinə qalxmışdı. Onun təhqir
etdikləri adama bu qəhmarlığı özündən
razı milis nəfərlərini bərk qəzəbləndirmiş və
Çingizi milis şöbəsinə aparmışdılar.
Şöbədə
onun haqqında saxta ittihamlarla protokol imzalamaq fikrinə
düşüblər. Lakin Çingizin özünü layiqincə müdafiə etmək
bacarığını görüb qorxaraq geri çəkilmiş, ondan
üzr istəyiblər. Lakin Çingiz bu üzrxahlıqdan sonra da
onlardan əl çəkməyib:
- Xeyr, -
deyib,- təhqir etdiyiniz vətəndaşdan da sizi bağışlamağı
xahiş etməlisiniz. Yalnız bundan sonra mən sizinlə barışa
bilərəm.
Milis nəfərləri
işin böyüyəcəyini, Çingiz adlı bu həkim
oğlanın, doğrudan da, onlardan əl çəkməyəcəyini
görüb təhqir etdikləri oğlanı axtarıb
tapıb elə Çingizin
gözləri
qarşısında ondan da
üzr istəmişdilər.
Bu əhvalat milis şöbəsi rəisinin də
qulağına çatmışdı. Təcrübəli və
xeyirxah bir insan olan rəis Çingizi kabinetinə dəvət edib həmin
milis nəfərlərini də
çağırtdıraraq:
- Sizə
minnətdaram, həkim, - demişdi, - mənim işçilərimə çox
layiqli, ibrətamiz bir dərs vermisiniz. İnanıram ki, şöbəmizdə
bu "dərsdən" paylarını alanlar da
olacaq...
Rayona səs salmış bu əhvalatdan
sonra milis işçiləri
bir müddət özlərini
yığışdırmışdılar.
Quşa
qıymayan ovçu
Nazim Həmidov:
-Çingiz həm
də ov həvəskarı idi.
Və onun ovçuluğa bu meyli təbiətə
vurğunluğunun bir təzahürü, ifadəsi idi.
Çünki ixtisasca ən humanist bir peşə sahibi olan bu cavan təbiətin
heç bir canlısına qıymağa ürək etmirdi.
Dəvəçidə
Xəzərin sahilindəki ovçuluq limanı hələ çox-çox
uzaq vaxtlardan Azərbaycanda məşhurdur. Hətta Rusiya
çarı II Nikolayın qardaşı burada
ov edib, çarın
qardaşının gəlişindən əvvəl limana gedən 15-20
kilometrlik yola daş döşənib.
İlk dəfə idi ki, Çingizi limana ova aparmışdıq. Dörd-beş nəfər yoldaş idik. Hərəmiz ayrı-ayrı yerlərdə durmuşduq. Mən Çingizlə bir yerdə idim.
Dənizin qırağında ins-cins dəymirdi. Əslində isə limana
yüzdən çox ovçu gəlmişdi. Hərə bir tərəfdə
pusquda durmuşdu .
Səhərin
ala-toranlığında qatarlanan quşlar göydə görünən kimi tüfənglər
açılmağa başladı. Bir güllə, ikinci
güllə, üçüncü güllə
...
Bir
partapart düşmüşdü ki, limana ilk dəfə ova gələn
Çingiz hər atəş səsindən sonra diskinirdi ...
Bu atəş
səslərini sakit qarşılaya bilməyən Çingiz
axır ki, dözə bilməyib özünəməxsus
yumorla:
- Əşi, bu dəniz sahilində
elə bil ikinci dünya müharibəsi gedir - dedi.
Hiss edirdim ki, ovçuların
apardığı bu "müharibə" Çingizi bərk
sarsıdıb. Çingiz güllə səsinə
dözə bilmir. Hər güllə
açıldıqca göydə bir quşun millənib
daş kimi yerə düşməsi ürəyiyuxa Çingizin qəlbini
parçalayır.
Eh, o vaxt
nə biləydik ki, quşların halına yanan Çingiz
vaxt gələcək ki, öz həyatından qorxub-çəkinmədən
Vətən uğrunda bir vaxt səsindən
diksindiyi güllələrin düz üstünə gedəcək
və özü də gülləyə
tuş gələcək...
... Hə, həmin ov əhvalatından sonra Çingiz bir
daha limana ova getmədi.
"Yox,
tüfəng ilə ov mənim işim deyil, dedi, mənimki tilovla balıq tutmaqdır ..."
"Ölümə
hazır olmaq - bu da bir silahdır ..."
Hələ
heç otuz üç yaşı tamamlanmamış dünyadan əbədi
köç edib gedən bir insan özündən sonra yer üzündə nələr qoyub
gedə bilər?..
Bu, abidə
də ola bilər; sözlə ifadə etmək mümkün olmayan
elə bir abidə ki, insanları
həmişə
xırdalıqlardan, cılızlıqdan uzaq olmağa səsləsin.
Çingiz
Mustafayev bir telejurnalist kimi döyüş bölgələrinə,
qaynar nöqtələrə, odun-alovun içinə ona
görə can atmırdı ki,
həyatı, yaşamağı başqalarından az sevirdi
... Yox, otuz üç yaşlı qaynar, enerjisi
aşıb-daşan Çingizin
həyatı hələ qabaqda idi. Yeganə
övladı, oğlu Fuad hələ təzə-təzə ayaq
açırdı. Onu böyütməli idi ...
Çingiz Mustafayev ona görə irəliyə
can atırdı ki, Vətənini daha çox sevirdi.
Çingiz
şöhrət üçün yaşamırdı, onun Vətən məhəbbəti
haqqında konkret anlayışı vardı. Xalqı qarşısında öz vəzifəsini, öz konkret borcunu dərk etmək
anlayışı vardı. Bəlkə də onun müasiri
olan gənclər Çingizin şəhidliyindən sonra bu
cəsur telejurnalistin öz
kamerası ilə necə tarixi bir vəzifəni yerinə
yetirməsinin fərqinə
vardı!..
Telejurnalist
Çingiz Mustafayev bizləri həm də öz həmkarlarımızla fəxr
etməyə, Vətən qarşısında borcumuzu dərk
etməyə vadar etdi. Qəhrəmanlıq qəlbimizdə təkcə
qürur, iftixar hissi
doğurmur, həm də insanı ən çətin
suala cavab axtarmağa məcbur
edir: Bəs mən?..
Rus
şairi Mixail Lvovun misralarıdır:
Ölümə
müntəzir olmaq bir silah,
Sən bunu ömründə bir dəfə sına.
Kişilər
ölməyi bacardığından
Ölməzlik
onları alır qoynuna ...
Çingiz Mustafayev bu sınaqdan qalib
çıxdı!
Aydın Tağıyev
525-ci qəzet.-
2014.- 27 avqust.- S.4.