Ədəbi düşüncələrdə,
xatirələrdə közərən həmişəyaşar
ömür
Cəmiyyət həyatında qazanılan
uğurlarların ən ümdəsi, onun milli-mənəvi dəyərlərə
söykənməsidir. Bu dəyərlərin yeniləşən
həyatımıza təsirində ədəbiyyatın,
zaman-zaman yetişən ziyalıların rolu
böyükdür. Ustad
yazıçılarımız da öz əsərlərində
Azərbaycan həyatını, onun mentallığını,
milli-mənəvi xüsusiyyətlərinin
daşıyıcısı olan insanların xarakterik
obrazlarını yaratmışlar. Belə
yazıçılardan biri, Azərbaycan ədəbi-ictimai
fikir tariximizdə özünəməxsus yeri olan
yazıçı, ədəbiyyatşünas alim, pedaqoq Mir Cəlal
Paşayevin fədakar xidmətləri
yazıb-yaratdıqlarının timsalında özünün
əbədiyaşarlığını qazanmışdır.
Yaxın günlərdə filologiya elmləri
doktoru, professor Teymur Əhmədovun müəllif-tərtibçiliyilə,
böyük ömrün yollarını tam yeni istiqamətdən
işıqlandırdığı II cilddə “Mir Cəlal”
kitabı ədəbi ictimaiyyətə təqdim olunmuşdur.
İş
elə gətirib ki, Teymur Əhmədovun bu mövzuda tərtib
etdiyi bir sıra əsərləri, “Nəriman Nərimanov”, “Səməd
Vurğun”, “Süleyman Rüstəm”, “Xəlil Rza Ulutürk”
kitablarıyla tanış olmuşam. Onun 2012-ci
ildə nəşr etdirdiyi “Zəlimxan Yaqub” foto-albomunu da
şairin avtoqrafı ilə alandan sonra vərəqləmiş,
diqqətlə nəzərdən keçirmişdim. Kitabın mükəmməl bir süjet ətrafında
əsl ədəbiyyat, mədəniyyət nümunəsi
olduğu, ayrı-ayrı foto-mətnlər barədə təəssüratlarımı
təhlil-təqdir edərək geniş bir məqalə ilə
mətbuatda çıxış etmişdim. “Zəlimxan Yaqub” foto-albomunda bir sıra ciddi,
yaradıcı prinsiplərin gözlənilməsi, “ilin ədəbi
hadisəsi” olması da Teymur müəllimin bu sahədə zəngin
təcrübəyə malikliyindən irəli gəlmişdir.
Düşünürdüm ki, eyni mövzuda, yəni
bir neçə ədəbi şəxsiyyətin həyat və
yaradıcılığından bəhs edən belə
kitablardan sonra sonuncuda (axarıncı) özünəxaslığı
tapmaq çətin olacaq. Burda
oxşarlıqdan qaçmaq sadəcə mümkün
olmayacaq. Amma “Zəlimxan Yaqub” foto-albomundan necə heyrətlənmişdimsə,
“Mir Cəlal”la tanış olanda burda
duyduğum bənzərsizlik, yenilik bütünlükdə
düşüncəmi sardı. Bu mütəfəkkir
yazıçının, ədəbiyyatşünas alimin,
milli xarakterli hekayələr, romanlar müəllifinin belə
bir formada təqdim olunması Azərbaycan ədəbiyyatı
tarixinin yeni, həm də parlaq bir səhifəsidir.
T.Əhmədov burda əsərin müəllifi və tərtib
edəni kimi bir sıra yeniliklərə, ilkinlərə imza
atmışdır. İnanıram ki, kitabı sadəcə vərəqləyən
hər kəs də onun əvvəlki işlərilə
müqayisədə fərqi görərkən mənimlə
razılaşacaq. Amma bu kitabı sadəcə
foto-albom adlandırmaq da ən azından insafsızlıq
olardı. Gələcək nəslə, yaradıcı
gəncliyə örnək olacaq “Mir Cəlal”a böyük
ömrün monoqrafiyası, salnaməsi, epopeyası deməklə
yanaşı, kitab nəşrində ideya-məzmunu, nəfis
tərtibatı, poliqrafiq icrası, möhtəşəmliyilə
göz oxşayan ikicildliyi əbədiyaşar ömrün
tarixi də adlandırmaq olar.
“Mir Cəlal əslində bir xatirə kitabıdır. Həyat yolu, ədəbi-ictimai
fəaliyyəti böyük olan bir insan haqqında xatirə
kitabını hazırlamaq, ona olan ümumxalq sevgisini bir araya
gətirmək həm çətin, həm də çox məsuliyyətlidir.
Mir Cəlalın ədəbi ömrünün
fiziki yoxluğundan bir qərinədən də çox vaxt
ötdükdən sonra yeni və maraqlı üslubda təqdim
olunması müəllif-tərtibçinin hər iki cildin
ideya-məzmununa, məqsədinə apaydın təfəkkürlə
yanaşması onun müəllif məsuliyyəti, tərtibçi
cəfakeşliyini bütünlükdə ortaya qoyur. Elə fəslə girişində nəzərə
çatdırdığı yığcam, dolğun fikirləri
insanı rahat düşünməyə, Mir Cəlalın ədəbi
şəxsiyyətinə həssaslıqla yanaşmağa səfərbər
edir. Elmin, ədəbiyyatın münəvvərləri
tərəfindən Mir Cəlalın həyatı,
yaradıcılıq yolu, ayrı-ayrı əsərlərinin
tədqiqilə yenidən tanış
olmağın özü bir növ yaddaşa
qayıdışdır.
Mir Cəlal həyatın burulğanlarında bərkdən-boşdan
çıxmış, ətrafında baş verən hadisələrə
ayıq yazıçı müşahidələrilə
yanaşmış, əsərlərində
yaratdığı silsilə xarakterləri, ədəbi dəyəri
əsərlərinə gətirmişdir. Xalq ruhunun, həyatının
ictimai-mənəvi problemlərini açmağa
çalışmışdır.
Bəlkə də bir qədər təmtəraqlı və
pafoslu səslənən bunaqədərki fikirlərin (əslində
hər kəsin görüb-duyacağı) ardınca
ikicildliyin yeniliklərlə dolu məziyyətlərindən bəhs
etməyi məqsədə müvafiq bilirəm.
Zənnimcə, ilk söz olaraq “Mir Cəlal” ikicildliyinin
struktur, forma və quruluşunun özəlliyinə diqqət
yönəltmək doğru olar. Üç fəsildən ibarət
olan birinci cildin mövzusu belədir: “Həyatı, mühiti, ədəbi,
elmi və pedaqoji fəaliyyəti”. Adından da
göründüyü kimi, burada Mir Cəlalın
ömürlüyünü, irsini işıqlandıran
mükəmməl baxışlar elmi-ədəbi ictimaiyyətə
təqdim olunur. Həm də bu istiqamətdə
hazırlanan kitablardan fərqli olaraq mövzu yeni formada,
maraqlı fəsillər boyunca
işıqlandırılır. Burda həm
müəllif, həm də Mir Cəlal ocağının
varisləri tərəfindən fəsillərə
keçidi, yaxud ilk foto-mətnləri ömrün məxsusi,
həssas məqamlarını, tutiya anlarını
sözügedəcək fəsillərin proloqu da
adlandırmaq olar. “Ədəbi-nəzəri
düşüncələr” fəslinə bələdçilik
məqsədilə müəllif-tərtibçi “gənclik
dövründə yazıb-yaratdı”ğı əsərlərilə
mətbuata gələn M.Cəlalın ilk
yaradıcılıq nümunələrinin – şeir,
oçerk, məqalə və hekayələrinin,
yaradıcılığın böyük yoluna
çıxardığı bütünlükdə əsərlərinin
həyatın özündən gələn səslər kimi
yaddaşlara köçdüyünü diqqətə
çatdırır. “Ədəbi-nəzəri
düşüncələr” Mir Cəlalın ədəbiyyata
gətirdiyi çoxlu sayda xarakterik obrazlarla zəngin olan irsinə
sənətkar baxışlarının mükəmməl təcəssümüdür.
Məqalə müəllifləri də onun
çağdaşı, müasirləri, zamanında bu
yaradıcılıq yolunu izləyən, nəzəri
baxışlarından keçirən dilçi, ədəbiyyatşünas,
yazıçı, şair, pedaqoqdur. Bu
yazıların əksəriyyətində qeyd olunduğu kimi,
yazıçının əsərləri sovet
dövrünün basmaqəlib ideyaları ruhunda deyil, məhz
Azərbaycan həyatına, milli düşüncəyə, təfəkkürə
söykəndiyindən əbədiyaşarlıq
qazanmışdır. Bu səbəbdən
də yazıçının elmi-ədəbi fəaliyyətinin
hələ bundan sonra da tədqiqat, araşdırma obyekti olan
irsinin ictimai həyatımıza qüvvətli təsiri
danılmazdır. M.Arifin
“Yazıçı və alim”indən başlamış
bütün məqalələr çağdaşları,
müasirləri tərəfindən zərgər incəliyinəcən
işlənmişdir. İstər
yazıçının bədii əsərlərində, istərsə
də elmi-nəzəri görüşlərində
qaldırdığı problemlərin həlli yolları, nəsrimizdə,
ədəbiyyatşünaslıq elmimizdə milli-ictimai
ağrılarımıza ciddi münasibəti layiqincə qiymətləndirilmişdir.
Bəzən cəmiyyətdə belə bir fikir də səslənir
ki, yazıçını, alimi öz ailəsindən
çox özgələr daha yaxşı tanıyır, dərk
edirlər. Mən
bu kitabda Mir Cəlal yaradıcılığının
geniş təhlil və tədqiqini ortaya qoyan
övladlarının, nəvələrinin xatirələri,
sanballı yazılarıyla tanış
olanda yazıçının sağlığında bu xoşbəxtliyi
yaşadığını duydum. Filologiya elmləri doktoru, professor Nərgiz Paşayevanın
“Yazıçı və zaman” məqaləsində ədibin
mühitinə, yaradıcı ömrünə bunca əhatəli
yanaşması insanda böyük təəssürat
doğurur. Bu yaradıcılıq yolunu belə
dolğun, sanballı bir təqdimatla gözlərimiz
qarşısında canlandırdığına görə nəvəsi
Nərgiz xanıma minnətdar olmaya bilmirsən. Burda XX əsrin
əvvəllərindən başlamış Azərbaycan ədəbiyyatı
və mədəniyyətinin yeni məzmun və formayla
inkişafı prosesi, “Firudin bəy Köçərlidən
sonra Azərbaycan ədəbiyyatı tarixini yazanlardan biri” olan
Mir Cəlalın mükəmməl bir ədəbiyyat tarixi
yaratdığını zənginlik və özəlliklə
xarakterizə etməsi onun Azərbaycan ədəbiyyatındakı
mövqeyinə yeni çalarlar, ştrixlər əlavə
etmişdir. Bu təqdimat şəxsi alüdəçilik
hissindən uzaq, ədəbiyyat tariximizin
qanunauyğunluqları prinsipinə, tutarlı və
çoxçeşidli nümunələrə söykənmişdir.
Bu fəsildə
toplanmış məqalələrin hər birində Mir Cəlalın
elmi-ədəbi düşüncələri, əsərlərindəki
müasir insan, onun arzuları,
keçmiş kəndin ağrıları, problemləri, qəhrəmanların
maddi-mənəvi, mədəni geriliklərlə
savaşı, çarpışması sərf-nəzər
olunur. Mir Cəlalın bütün
yaradıcılığı boyu bir sıra ictimai problemləri
qaldıran, onları ciddi, həm də satirik üslubda tənqid
edən, bütün bu çatışmazlıqları kəsib
atmağa qadir olan əsərləri böyük maraqla izlənilir.
Bu məqalələrin hər birinin üzərində
ayrıca dayanmadan, təhlil-tədqiqatlara, təəssüratlara,
bütünlükdə ədəbi-nəzəri
düşüncələrə yekun olaraq deməliyəm ki,
yazıçının yüksək dəyərlərə
malik xarakterik cəhətləri, təbiiliyi, mərdliyi, vətənpərvərliyi,
həyatsevərliyini ifadə edən “ədəbi-nəzəri
düşüncələr”i ədibin bütövlükdə
irsinin öyrənilməsində səhih və mükəmməl
mənbə hesab etmək olar. Bu gün
bunları bir toplum halında yaddaşlarda yenidən göyərtmək
elə Mir Cəlalın sənət dünyasını dərindən
öyrənmək, ondan faydalanmaq deməkdir.
“Müasirlərinin xatirələrində” sənətkarın
elmi-ədəbi yaradıcılığının və
şəxsiyyətinin xarakterik detallarla açılması,
öyrənilməsi yüksək dəyərlərə
tapınır.
Bu yazılarda M.Cəlalı böyük sevgi,
minnətdarlıq hissilə xatırladan, mənəvi-əxlaqi
dəyərlərini üzə çıxaran elə fikirlər
var ki, hansı birinə diqqət etsən səni
duyğulandırır. Nəriman Həsənzadənin
xatirəsində belə bir cümlə var: “Mir Cəlal
işığı çox sevirdi. Evə gələn
kimi bütün çil-çırağı
yandırardı”. Bu, zahirən bir
insanın həyatda vərdiş etdiyi sadə hərəkətini
xatırladır. Başqa bir tərəfdən,
bunun həyatında əksini, M.Cəlalın
özünün işıqlı insan olduğunu, ictimai əhəmiyyətli
hadisələrə qəlbinin işığı ilə nəzər
salmasını, yazıçının yaşam düsturu da
adlandırmaq olar.
“Ədəbi-nəzəri düşüncələr”
yazıçının həyat hadisələrini ədəbi
əsərlərdə işləmə prinsipini, xarakterik
obrazlar yaratmaq ustalığını ədəbiyyatşünaslıqda
tədqiqat obyekti kimi nəzərə çatdırırsa,
“Müasirlərinin xatirəsində” onun insani keyfiyyətləri,
humanistliyi, xeyirxahlığı, alicənablığı,
insansevərliyi təqdim olunur. Hər iki fəsildəki
yazılar bir-birini ideya-məqsəd birliyi, fikir
ardıcıllığı ilə tamamlayır. Bu yazıların məcmusunda
yazıçının böyük həyat təcrübəsi,
müşahidələri öyrənilir, ədəbi məhsullarına
qədirdanlıqla yanaşmalar önə çəkilir. Gözümüzün
qarşısında həyatı dərindən öyrənən,
onun sərt üzündən dərs alan,
ağrı-acısında formalaşan, mətnləşən
Mir Cəlal qəhrəmanlarının obrazı canlanır.
Mir Cəlalın ədəbiyyata, elmə mərdanə
gəlişi haqqında yazılan bütün məqalələrdə
həmişəyaşar fikirlər ifadə olunmuşdur. Yaradıcılığında
səlis və cəlbedici təhkiyənin, zəngin və
maraqlı süjetlərin, bədii detalların, güclü
təsvir vasitələrinin, mənəvi-əxlaqi dəyərlərin,
milli-bəşəri ideyaların, doğurduğu nəzəri
düşüncələrin bir arada olması əsərlərinin
bütün zamanlar üçün müasirliyini,
aktuallığını göstərir. Xalq şairi
Mirvarid Dilbazi çox dəqiq ifadə etmişdir: “Mən Mir
Cəlal Paşayevi üç zirvənin fatehi kimi
xatırlayıram: alim, pedaqoq, yazıçı. Mir Cəlal müəllim fəth etdiyi çox
çətin elm zirvəsində müzəffər fateh kimi
dayandı, mütəfəkkir alim kimi tanındı”. Zatən bütün yazılar məhz bu vəzifələrin
üzərində kök salmış, qol-budaq atmış,
şaxələnmişdir.
“Əbədiyaşar ümumxalq sevgisi” müxtəlif
ünvanlardan öz işığını saçır. 100 illik yubileyilə
bağlı respublikanın bir sıra ali məktəblərində
keçirilən maraqlı tədbirlərdən
alınmış foto-fraqmentlər və onları açan,
canlandıran mətnlər fəsil boyu böyük maraqla və
sevgiylə izlənilir. Xüsusən də “Gəncədən
keçən yollar”ı işıqlandıran
yaşantılar insanı kövrəldir. Bizi xəyalən
ustad yazıçının gənclik illərinə
aparır, həyatının Gəncə dövrü ilə tanış edir. Əndəlib kəndindən
Gəncəyə gedən yolun üstündəki Xudafərin
körpüsünun əksi – tarixin isti, kədərli səhifəsi
mülayim bir meh kimi gözümüzü oxşayır.
100 illik yubiley görüşlərini
müşayiət edən, yaddaşımıza sanki canlı
olan həyat fraqmentləri kimi köçən bütün
fotolardan aydın görünür ki, Gəncədə
xalqın ziyalı oğluna böyük el məhəbbətinin
işığı parlaqdır. Tədbirlərdə
xalqla, oxucularla görüşdən əxz olunan fotoların
maraqlı bir ideya məcmusunda sıralanması onun sanki təhlil-tədqiqini
ifadə edən əhatəli mətnlərlə
müşayiət olunur. Maraqlı olan da
budur ki, o görüşlər, tədbirlər sanki
gözümüzün qarşısında canlanır. Bu təbii ki, o görüşlərin
yaddaşımıza söz-söz, şəkil-şəkil
köçməsinin fərqli üslubda ifadəsidir.
Burda doğmalarının gəncəlilərlə isti
görüşləri, ev muzeyində
olması, böyük bir salonda keçirilən yubiley tədbirində
ayrı-ayrı məqamların isti görüntüləri
yazıçının yazıb-yaratdıqlarına,
işıqlı xatirəsinə əsl ümumxalq sevgisinin əbədiyaşarlıq
nümunəsidir. Bu fotolar bizi həm də həzin
və şirin, bir qədər də həsrətli
xatırlamalarıyla kövrəldir. Bu
xatirə kitabının əhatə etdiyi söz-fikir məcmusu,
tarixi fotolar böyük ömrün yollarına düşən
solmaz-itməz naxışlar kimidir. O fotolar da, onları
müşayiət edən mətnlər də təbii ki, Mir
Cəlalın elmi-ədəbi fəaliyyətinə söykənir.
Kitabın
II cildi “Mir Cəlal: Ömrün mənalı anları”
adlanır. Yazıçı ömrünün
mənalı anları deyəndə təbii ki, orda
böyük, unikal olan yaşantılar başa
düşülür. Mir Cəlal kimi
ziyalının, ədəbi şəxsiyyətin belə
anlarına nəzər yetirməyimiz, kitabdan da duyduğumuz
kimi, ondan öyrənəcəyimiz, görüb-götürəcəyimiz
və ömrümüzün həyat manifestinə çevirəcəyimiz
qədər geniş bir proqramdan bəhrələnməyimiz
deməkdir. Burda da müəllif-tərtibçi
I cilddə olduğu kimi özünün araşdırma
materiallarını IV fəsildə
qruplaşdırmışdır. Maraqlı bölümlərlə
müşayiət olunan fikir karvanı “Fotosənədlər,
əlyazmalar, epistolyar irs” ideyası
altında işlənmişdir. Bu qədər bənzərsiz,
fərqli bir qruplaşmaya və üsluba əsaslanan ikinci
cildi də zövqlə və heyranlıqla vərəqləyirəm.
Bu cild Nərgiz xanım Paşayevanın kitaba
yığcam, həm də düşüncəmizi tarıma
çəkən bir bələdçi sözü ilə
açılır. Bu dəyərli fikirlərin məntiqi
davamı olaraq, Mir Cəlal Paşayevin 2008-ci ildə Parisdə,
YUNESKO-nun iqamətgahında 100 illik yubileyi münasibətilə
keçirilmiş möhtəşəm tədbirdən
alınan dəyərli fotolar
işıqlandırılmışdır. YUNESKO-nun baş
direktoru Koişiro Matsuura və Azərbaycanın birinci
xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri Mehriban
Əliyevanın çıxışları, Mir Cəlalın
həyat və yaradıcılığından bəhs edən
filmin nümayişi, “Könül dolusu musiqi” adlı konsert
proqramının nümayişi və mərasim
iştirakçılarının bunları heyranlıqla izləməsi,
bir azərbaycanlı kimi bizi qürurlandırır.
“Ömrün mənalı anları” təravətli, qiymətli,
əziz və dəyərli olan həyatın, bu həyatı
yada salan zəngin təəssüratların, tarixi əhəmiyyətli
məlumatların təsiri, əksi ilə süslənib. Böyük
ömür epopeya tipli romanlar kimi insanı öz cazibəsinə
alır, gözdolusu görmədən, bu tarixi epopeyanı
oxuyub başa çıxmadan səni ayrılmağa qoymur.
Axı, bu ədəbi ömrü gözümüz
qarşısında canlandıran, bizi həzin, duyğulu xatirələrlə
baş-başa qoyan fotosənədləri, əlyazmaları,
epistolyar irsi ilk dəfə olaraq belə bir tamlıq,
bütövlükdə gözümüzün
qabağında sərgiləyən, ruhən özünə
bağlayan nümunələrə yaxın olmağı və
həyat yollarında onlardan böyük dəyərlər əxz
etməyi kim istəməz?
Mir Cəlalla
Püstə xanımın böyük mənalara sığan
ömrü, birgə həyatlarının saf meyvələri
olan övladlarının kökə, nəslə gətirdikləri
başucalığı, cəmiyyətdəki mövqeləri
Mir Cəlal müəllimin mədəniyyətinin, mənəvi-əxlaqi
zənginliyinin fiziki və mənəvi varislərinin həyatında
davam etdirilməsi, yaşamasıdır.
“Ömrün mənalı anları” fəsli ağsaqqal,
nurani bir insanın şəklindən başlayaraq, 17
yaşından son günlərinə qədər mənalı
keçən həyatına, ictimai və əmək fəaliyyətinə
işıq salır. Ədibin gəncliyi, yeni həyat
uğrunda çarpışmaları, arzuları, bütün
bunların əsərlərində təcəssümü
özünün məntiqi ifadəsinə tapınır.
Klassik irsimizə göstərdiyi qədirdanlığı, ədəbiyyat
tariximizin araşdırılması, bütün bunların
timsalında mənalı, faydalı bir ömür
yaşaması həm də fotoların fonunda yeni, maraqlı bir formada təqdim
olunmuşdur. Burda müasirlərinin Mir Cəlal
şəxsiyyətinə ehtiramından doğulan sətirlər
fotoları dolğunluqla təqdim edir. Bu
şəkillər yazıçı-alimin ictimai-ədəbi
mühit içərisində yaşadığı
ömrü gözlərimiz önündə
canlandırır, həm də onu əhatə edən
ziyalılarla yaşanmış ömrə bir tarixi ekskurs təsiri
bağışlayır. Kimlər gəldi, kimlər
keçdi bu ömürdən... İllər, qərinələr
ötdükcə fotolar tarixiləşir və
özlüyündə böyük dəyərlər
yaşadır. O fotolar münəvvər insanların,
görkəmli ziyalıların, ədəbi şəxsiyyətlərin
həyatının nişanəsidirsə, o zaman bu tarixi dəyərlərin
nə qədər qiymətli olduğunu daha dərindən
anlayaq gərək.
“Həyatımda yaratdığım ən böyük əsərim – ailəmdir” fəslində bir nümunə sayılacaq fikri böyük, həm də çox mənalarda ifadə edən Mir Cəlalın ailə sərvəti Azərbaycan ailəsinin malik olduğu mənəvi-əxlaqi dəyərləri özündə ehtiva edir. Kökü Mir Cəlal və Püstə xanım olan bu ailə haqqında yüz eşidib-bilsək də, onu fotolardan, incə məqamları, övlad-valideyn bağlılığını açan mətnlərdən oxumaq daha təsirlidir. Maraqlıdır ki, onun ilk səhifələri hər ikisinin portret fotolarından sonra Püstə xanımın həyat tarixçəsilə davam etdirilir. Bu da ikicildliyin məram və məqsədinə köklənmiş ideyanın bir maraqlı əksidir. Ailə əsərinin obrazları kökün mənəvi dəyərlərini yaşadan ağıllı, cəsarətli övladlardır. Taleyin xoş bir məqamında qoşalaşan ömrün içində bu kök barlı-bəhərli ağac kimi qol-budaq atdı, böyüdü. Bu qol-budağın hər biri özlüyündə kökün nəcibliyini, əxlaqını, mənəvi varidatını hifz edərək ailənin şərəfini uca tutmağı bacardı.
“Mir Cəlalın əsərlərinin səhnə həyatı”. Burda tərcümə və təbdil etdiyi, həm də özünün əsərlərinin səhnə həyatına dair, elm-sənət adamlarının, aktyorların, sənətşünasların xatirəsindən qısa fikirlər, eləcə də afişaların fotoları da yer alıb.
“Şəxsi arxivindən əlyazmalar”da bu nümunələrin yer alması da kamil bir ömrün daim yaradıcılıq axtarışlarında olduğunun bir başqa istiqamətdən görünməsidir. Elmi rəy və ədəbi qeydlərdən götürülmüş bu nümunələr onun çoxşaxəli yaradıcılığının bir qolu kimi bizdə böyük təəssürat oyatdı. Elə haqqında rəy, fikir söylədiyi şəxsiyyətlərin adlarına göz yetirəndə Mir Cəlal yaradıcılığının diapozonu da insanı düşündürməyə bilmir.
Mir Cəlalın epistolyar irsi də ilk dəfə bu kitabda üzə çıxarılmış, ədəbi ictimaiyyətə təqdim edilmişdir. “Epistolyar irs: ünsiyyətin canlı şahidi” fəslində verilən yazışmalarda nostaljilərə boylanmaq, doğmalığın hərarətli çağlarını duymaq qədər gözəldir, misilsizdir. Burda məni Mir Cəlalın ömür-gün yoldaşı Püstə xanıma uzaq Novosibirskdən yazdığı bir məktubu çox kövrəltdi. Ondan kiçik bir parçanı sitat verməyə bilmirəm: “... Gözüm balalarımızı axtarır. Qulağıma Arifin, Elmiranın səsi gəlir. Elə bilirəm bu saat Əliş səslənəcək, məni çağıracaqdır. Yəqin Hafiz yeriyir. Rəna onu tutub gəzdirir. Ailəmizin xoşbəxt saatları – axşamüstü hamımızın bir yerdə deyib-güldüyümüz yadıma düşür. Deyirəm əsl həyat, əsl səadət odur. Mən bir də o saatlara qovuşmaq, bir də balaları başıma yığıb şən uşaq səsləri şəraitində nahar eləmək, demək-gülmək həsrətilə yaşayıram”. Bu, yazıçının “Həyatımda yaratdığım ən böyük əsərim – ailəmdir”, fikrinin həqiqi ifadəsi, əksidir.
Böyük bir zaman tarixini gözümün önündə canlandıranda fikir verirəm ki, mənim də daxil olduğum nəsil, 1978-ci ilə qədər Mir Cəlalın nə qədər tələbəsi olub, bu mütəfəkkir insan nə qədər vətəndaş, müəllim, alim yetişdirib. Özünün malik olduğu keyfiyyətləri neçə-neçə nəsillərə ötürüb. Onu da görürəm ki, ədəbiyyat tariximizin nə qədər tanınmış simaları varsa, əksəri onun məktəbini keçmiş, ondan dərs almış, onun həyat fəlsəfəsinə bir köynək yaxın olmuşlar. Onların hər birində Mir Cəlal təfəkkürünün işığı var.
Fotolar da özlüyündə böyük bir tarixi yaşadır. Baxdıqca insanı xəyal qanadlarında ömür qatarının içiylə aparır, nələr yada düşmür, xatırlanmır. Çətin, həm də mübarizələr dolu yaşamlar, ictimai hadisələr gözlərinin qarşısından kino-lenti kimi ötüb-keçir. Mir Cəlal adlı ömür də bu fotoların timsalında xatırlanır, araşdırılır, öyrənilir, bir örnək olaraq nəsillərin yaddaşına ötürülür. Burda bir daha xatırlatmaq yerinə düşür ki, bu fotoları tarixinə, fikir-ideya ardıcıllığına görə qruplaşdırmaq tərtibçidən xüsusi həssaslıq, diqqət tələb etmişdir. Axı oxucu əlinə aldığı, nəzər yetirdiyi, izlədiyi belə kitablarda da bitkin və maraqlı olan süjeti görməyə, duymağa maraqlıdır. Şübhəsiz, araşdırılıb üzə çıxarılan böyük bir ədəbi sərvəti tədqiq edərək cilalı, məzmunlu, mədəni dəyərlərin məcmusu səviyyəsində təqdim etmək asan olmamışdır. Müəllif-tərtibçi qeyd etdiyimiz xüsusiyyətləri, vacib şərtləri məsuliyyətlə, bacarıqla ərsəyə gətirib. Təqdim olunmuş böyük ömür yolu əvvəldən axıradək öz nizamı, axarıyla işıqlandırılıb. Cəmi 70 ilə sığan bir ömrün əziyyətləri, ədəbi ictimai fəaliyyəti o qədər böyük və ibrətamizdir ki...
Şəfəq Nasir
525-ci qəzet.-
2014.- 30 avqust.- S.20-21.