Xalça sənəti - şah əsərimiz!...

 

 

 

Bir neçə il bundan əvvəl xalça muzeyinin təməli qoyulanda mən iştirak etmişdim. Bu dəfə açılışına da dəvət aldım. Avqust ayının 25-də, açılışa bir gün qalırdı. Hamıdan xəbərsiz, tək tənha xalça muzeyinə getdim. Yayın qızmarında xəzri mehi ürəyimə sığal çəkir, könlümü oxşayırdı. Şər qarışar-qarışmaz, günəş dağın arxasındakı yatağına çəkilər-çəkilməz, təkəm seyrək ulduzlar sayrışar-sayrışmaz vaxtıydı. Abidəni görcək gözlərimə inanmadım, hayıl-mayıl oldum. Xəyallandım, pərvazlandım, uçmağa qanadım yoxuydu. Elə bil yuxu görür, vəyğamı qarışdırırdım. Möcüzəli aləmə düşmüşdüm. böyük əzəmət, böyük vüqar, gözəl zəriflik, gözəl incəlik, İlahi.

Xalça Muzeyinin vaxtilə təməlini qoyan möhtərəm prezidentimiz cənab İlham Əliyev açılışını etdi. Səmimi, dərin məzmunlu, hərtərəfli çıxışında xalq mədəniyyətimizin tarixi, özünəməxsusluğu, cahanşümul uğurlarıyla, hamımızın fəxr etməyə, qürur duymağa haqqımız olduğunu dəlil, sübutlarla xatırlatdı.

Bu mötəbər sənət bayramında ürəyimdən keçənləri demək üçün mənə söz verildi...

Bu qarışıq dumanlı dünyada uğurlarımızın, qələbələrimizin, təntənələrimizin İlhamçısı, müstəqilliyimizin, dövlət dövlətçiliyimizin inkişafının ucalığı, hörmətli prezidentimiz İlham Əliyev, dahilik, dühalıq zirvəsində qərar tutan, bayrağımız, bayraqdarımız olan Heydər Əliyevin adını şərəflə daşıyan Heydər Əliyev Fondunun prezidenti, mədəniyyətimizə, mənəviyyatımıza çırağa, məşələ çevirib dünyaya tanıtdıran Mehriban xanım Əliyeva! Görkəmli sənətkarlar, alimlər ziyalılar! Xalça bayramınız mübarək. Bu bayram təkcə xalçaçı sənətkarların, mədəniyyətimizin deyil, həm xalqımızın bayramıdır. Xalçanı yaradan, yaşadan inkişaf etdirən xalqımızın bayramı.

Xalça sənəti xalqımızın bəşərə bəxş etdiyi şah əsəridi. Əzəli, əbədi, həmişəyaşar şah əsəri. Əvəzi, bənzəri, təkrarı olmayan şah əsəri. Kökümüzü, əslimizi, nəslimizi, adımızı, ünvanımızı dünyaya bəyan edən, tanıtdıran şah əsəri. Türk dünyamızın hikmət, heyrət, heyranlıq doğuran şah əsəri...

Xalça bitməz-tükənməz xəzinədi. Qızıla bərabər tutulan vardı, dövlətdi, gücdü, qüvvətdi, qüdrətdi. Xalça nurdu, işıqdı, qəlbə yaraşıq, könül xoşluğu, göz aydınlığıdı. Ana laylası, beşik nəğməsidi. Bayatıdı, oxşamadı, eydirmədi. Xalça sağlamlıqdı, rahatlıqdı, evlərə bəzəkdi, yaraşıqdı. Xalça nəsillərə ötürülən əvəzsiz qənimətdi, əmanətdi, yadigardı, bəxşişdi, nəsihətdi, vəsiyyətdi. Həqiqətdən yaranan möcüzədi, əfsanədi, nağıldı, sirli-sehirli bir aləmdi.

Xalça eşqli qızlarımızın, gözəl gəlinlərimizin incə duyğuları, zərif hissləri, pərvaz xəyallarıdı. Onların sehirli barmaqlarının əriş, arxaç üzərində oynayıb süzülən eşidilməmiş melodiyadı, ruhu oxşayan şərqidi, gözəl mahnıdı, telli sazdı. Xoş avazdı, muğamdı, "Qarabağ şikəstəsi"di, "Şur"du, "Qatar"dı, "Çahargah"dı. Daha nələr, nələrdi..

Xalça mənzərələr, gözəlliklərdi. Günəşin zərrin şəfəqlərinin, bədrəlcamal ayın aydınlığı, sayrışan ulduzların əksidi, əvəzidi. Başı qarlı dağların, şır-şır bulaqların zümzüməsidi. Çəmənzar, allı-güllü laləzardı. Şahə buynuzlu maralların, səkən, süzən ceyranların, xınalı kəkliklərin, ənginliklərdə qanad saxlayan qartalların, göylər şahzadəsi qatar durnaların görünüşləridi. Müdrik kəlamlar, təsirli yazılar, məzmunlu şeirlərdi.

Yüksək mədəniyyətin göstəricisi olan xalça naxışlar, rəsmlər dünyasıdı. Çoxçalarlı rənglər aləmidi. Al qırmızıdı, tox qırmızıdı, gömgöydü, yamyaşıldı. Dümağdı, bəmbəyazdı. Bağrı qan lalədi, mavi tər bənövşədi, sarı güldü, bülbülün yarı güldü. Ətirli qaymaq çiçəyi, boğça çiçəyidi. "Gəl məni gör, dərdimdən öl"dü. Daha nələr, nələrdi.

Xalça Qurani-Kərimdəndən götürülən ayələrdi, müdrik kəlamlardı, mənalı, məzmunlu yazılardı, təsirli şeir nümunələridi. Gör-götür dünyasıdı.

Həqiqətdir ki, İlahi payımız olan vətənimizin hər bir bölgəsinin özünəməxsus gözəlliyi, xalısı, xalçası var. Bizləri öyündürən, sevindirən xalısı, xalçası.

Heç şübhəsiz, xalça sənətimizin beşiyi, əzəli, ilki, başlanğıcı Təbriz xalçasıdı. Zirvələnən ucalıqdı, əl çatmaz, ün yetməzdi. Dünya tamaşası, heyranlıqdı. Nə tayı, nə bərabəri, nə əvəzi olan heyranlıq. İranda, Qafqazda, Şərq ölkələrində, Avropada bizi dünyaya tanıtdırandı. Gözəllərdi, zülfü pərişanlardı. Bənzərsiz mənzərədi. Təbriz xalçası gör-götürdü, bax öyrəndi, öyrədəndi. Dərs verəndi, mədrəsədi, məktəbdi, okuldu...

Bu yerlərdə ürəyimdən keçən, varlığıma hakim kəsilən bir məsələni də xatırlatmaq istəyirəm. Bəlkə, iki min dörd yüz yaşı olan Dağlıq Altay ərazisindəki kurqandan tapılan Pazrıq xalçası ulularımız olan Kiçik Midiya-Atropatena xalçasıdı. Bəlkə, Təbriz  xalçasının həmyaşıdı, yaxını, doğması, əzizidi. Bizlərə qalan əmanətdi, yadigardı, mirasdı. Bəlkəsiz.

Bir qənirsizlik də Qarabağ xalçasıdı. Al-əlvan güllər, çiçəklər aləmidi, işıq saçan, nur paylayan Qarabağ xalçaları. Qızılgülün yarı bülbülləri, cıdır düzüdü, xarı bülbülləridi. Qarabağın başı qarlı dağlarının, şırşır bulaqlarının, Topqapı meşəsinin gözəllikləridi, təkrarsız əksidi. Şahə qalxan misilsiz Qarabağ atlarının, Natəvanın, Vaqifin, Üzeyir bəyin xalçalarda əksidi. Xanın səsi, Qarabağın şikəstəsidi. Muğamlar dünyasıdı, tardı, kamandı, tütək səsidi, çayların zümzüməsidi.

Bir şöhrətli xalça da Gəncə-Qazax, Borçalı xalçalarıdı. Buraya Göyçə mahalını da daxil etmək olar. Daha çox türk dünyasının xalçalarının naxışlarını, çeşidlərini, çeşnələrini xatırladır. Gülü, çiçəyi nisbətən azdı. Özündə mahiranə şəkildə əks etdirən sadə olduğu qədər də mənalı, məzmunludu. Fəlsəfi həlli açıq, aşkardı. Dünyada  yüksək qiymətləndirilir, pərəstişkarları da yetərincə.

Ülviyyətin anası olan, alicənablar yurdu Şirvan xalqımızın tarixində mənəvi zənginliyində böyük rola sahibdir. Şirvan əsrlərcə şairlərin, alimlərin, təbiblərin vətəni kimi tanınır. Xalçaları da elə, xalıları da elə. Quba-Şirvanın incə zövqlü, zərif hisli xalçalarının öz aləmi, öz dünyası var. Təkrarsız, bənzərsiz Quba-Şirvan xalçaları Pirəbədil xalçasıdı, gözlərə işıq saçan, qəlbləri sevindirən Şahnəzərli Qollu çiçi, Sırt çiçinin, Xilə butanın sorağı geniş ərazidə, dillərdə, ağızlarda gəzir. Hamısı naxış-naxış, hamısı min alqışdı. Xalis yundan, əla növ ipəkdən toxunub ərsəyə gələn Quba-Şirvan xalçalarının xanalarında kirkid səsi, həvəng səsi.

Xalçaçılarımız yaşayır, yaradır, yeni-yeni uğurlar qazanır. İşləri, əməlləri dünyaya yayılır. Ona görə də hər birimizin yüksək xalça mədəniyyətimizlə öyünməyə, fəxr etməyə, qürur duymağa haqqımız var.

Mənə belə gəlir ki, dünyada nə tayı, nə bərabəri olan Xalça Muzeyimiz behişt kimi məkandı, müqəddəs məbəddi, pirdi, ocaqdı, ziyarətgahdı. Canlı abidədi, çoxəsrlik tarixdi. Yetərincə oxunmamış, yazılmamış, yozulmamış tarix. Zövq, bilik dünyamızdı, ürəklərin sevdasıdı..

Əziz dostlar! Bir maraqlı müşahidəmi, rəmzi məna daşıyan düşüncəmi sizlə bölüşmək istərdim. Baxın bir yanda muğam dünyası, bir yanda xalça aləmi. Qoşa dayanır, qoşa ömür sürürlər. Bu qoşalıqda bu yaxınlıq, bu qohumluq, doğmalıq açıq-aşkardır. Hər ikisi xəzərin ayna sularının ləpələrində yuxuya qalır, laylalanır. Nə gözəl, nə yaxşı.

Hörmətli prezidentimiz cənab İlham Əliyev, ölkəmizin birinci xanımı Mehriban Əliyeva! Zaman keçəcək, əsrlər əsrlərə qovuşacaq. Sizin xalqımıza etdiyiniz bu qoşalıq, bu heyrətamizliyə gələnlər Sizi təkrar-təkrar yad edəcək, xatırlayacaqlar. Əməlinizi ürəklərində gəzdirəcək, cahana yayacaq, Sizə minnətdar olacaqlar. Canınız sağlam, ömrünüz uzun, arzularınız, əməlləriniz üzünüzə gülsün!...

 

Teymur BÜNYADOV

525-ci qəzet.- 2014.- 2 dekabr.- S.7.