Azərbaycan xalqının ədəbi
irsinə dost töhfəsi
Görkəmli
gürcüşünas, Azərbaycan-gürcü ədəbi
əlaqələrinin tanınmış tədqiqatçısı,
filologiya elmləri doktoru mərhum Dilarə Əliyeva hələ
ötən əsrin sonlarında - 1981-ci ildə Bakının
"Yazıçı" nəşriyyatında çapdan
çıxmış "Ürək bir, dilək bir"
adlı monoqrafiyasında yazırdı: "Azərbaycan və
gürcü xalqlarının ədəbi əlaqələrinin
tarixi bu xalqların böyük ədəbiyyatı və mədəniyyətinin
tarixi qədər qədim və zəngindir. Həmin əlaqələrin
qaynaqları uzaq keçmişlərdən məcralanır,
sorağı əfsanə və əsatirlərdən,
ozan-aşıq yaradıcılığından, bayatı və
mahnılarımızdan gəlir".
Bütün
bunların məntiqi nəticəsidir ki, xalqlarımız
bir-birinin söz sənəti, incilərini diqqətlə izləyib,
ən şöhrətlilərini öz dillərinə
çevirib, ədəbiyyatların qarşılıqlı təsiri
və zənginləşməsi işinə öz hədiyyələrini
daxil ediblər. Xalqımıza dərin hörmət bəsləmiş
və onun zəngin ədəbiyyatından bəhrələnmiş,
bunu özünün publisistik yazılarında dönə-dönə qeyd etmiş
görkəmli şəxsiyyətlərdən biri də
gürcü şair və tərcüməçi, Azərbaycan
ədəbiyyatının mahir bilicisi və yorulmaz təbliğatçısı,
bütün yaradıcılığı boyu dönə-dönə
Azərbaycan poeziyasına üz tutmuş Akaki Gelovanidir.
Akaki
Gelovani 1923-cü ildə anadan olub. İlk kitabı - Henrix
Heynenin lirik əsərlərinin tərcüməsi 1954-cü
ildə nəşr olunub. Akaki Gelovani "Svan
balladaları" (1963), "Epiqramlar" (1966) şeirlərinin,
"Külə dönmüş şöhrət" (1962),
"Şopenin ürəyi"
(1961), "Kirvənin sütunu" (1965), "Svanetinin
ağ papağı" (1976) roman və hekayələrin, digər
qiymətli əsərlərin müəllifidir.
Akaki
Gelovani İ. Götenin, F. Şillerin, H. Heynenin, H. İbsenin,
S. Svayqın, A. Qrifiusun və başqalarının əsərlərini
tərcümə edib.
Akaki
Gelovaninin Azərbaycan ədəbiyyatına xidmətləri əvəzsizdir.Təkcə
bunu demək kifayətdir ki, Akaki Gelovani Mirzə Şəfi
Vazehin 114 şeir-nəğməsini gürcü dilinə
çevirib və geniş ön söz yazaraq 1965-ci ildə Tbilisinin "Sabcota Sakartvelo" nəşriyyatında
çap etdirib. Kitaba yazılmış önsözü,
heç tərəddüd etmədən, Mirzə Şəfi
haqqında maraqlı tədqiqat əsəri adlandırmaq olar.
Məlum
olduğu kimi, 1840-cı ildə Gəncədən Tiflisə gələn
şair, mütəfəkkir və maarifçi M.Ş.Vazeh
buranın qaynar ədəbi mühitinə düşüb.
Şair Tiflisə gələndə artıq onun sevimli tələbəsi
M. F. Axundovun, böyük alim, şair və tarixçi
A.Bakıxanovun gürcü ədəbi-mədəni ictimaiyyəti
arasında önəmli nüfuzu, hörməti vardı.
Dostlarından qayğı və canıyananlıq görən
Mirzə Şəfi, əlbəttə, bu mühitdən kənarda
qala bilməzdi. Odur kı, şair Gəncədə təşkil
etdiyi "Divani-Hikmət" ədəbi məclisinin
işini davam etdirir və çox keçməmiş alman səyyahı,
sonralar Almaniyada tərcüməçi, alim, şair kimi
tanınan, məşhurlaşan Fridrix fon Bodenştedt bu məclisin
ən fəal üzvlərindən biri olur, Mirzə Şəfidən Azərbaycan
dilini, Şərq hikmətlərini öyrənir.
Şairin
yenidən Tiflisə qayıtması və məhz burada əbədiyyətə
qovuşması bəlkə də taleyin hökmü idi,
çünki şair bu qədim və beynəlmiləl şəhəri
ürəkdən sevirdi, onun gözəlliyinə, füsunkar
təbiətinə, gürcü gözəllərinə,
gürcü xalqının mərdlik və mübarizliyinə
səmimi şeirlər həsr etmişdi.
Bu lirik
şairin zəngin yaradıcılığı hələ
XIX əsrin ortalarında gürcü ədəbi ictimaiyyətinin
diqqətini çəkmişdi. İlya Çavçavadzenin
redaktor olduğu "İveriya" qəzetində onun aforizmləri
verilmişdi. Ancaq Mirzə Şəfinin şeirləri, demək
ilar ki, yalnız ötən əsrin 60-cı illərində
gürcü dilinə tərcümə olunub oxuculara çatdırılıb.
Bu nəcib addımın ilk təşəbbüskarı məhz
görkəmli şair və tərcüməçi Akaki
Gelovanidir.
Yuxarıda
qeyd olunduğu kimi, Akaki Gelovani şairin 114 şeirindən
başqa, Fridrix fon Bodenştedtin "Şərqdə min bir
gün" kitabını da gürcü dilinə
çevirib. Bu sətirlərin müəllifi Akaki Gelovani ilə
olan bir neçə görüşü zamanı qəti əmin
olmuşdu ki, Akaki batono (cənab- A. Ə.) Azərbaycan dilini
yaxşı bilirdi və xalqımıza olan səmimi
münasibəti də bundan irəli gəlirdi.
Çox
maraqlıdır ki, Akaki Gelovani öz kitabında Mirzə
Şəfi şeirlərinin qısa şərhi ilə kifayətlənməmiş,
"Mirzə Şəfi nəğmələri"ndə
toplanmış şeirlərin müəllifinin kimliyi barədə
gürcü oxucularına obyektiv məlumat vermişdi. A.
Gelovani müdrik Azərbaycan şairini gürcü
oxucularına şirin söhbətcil adam, geniş qəlbli
insan, xəttat, lirik şair, bülbül tək cəh-cəh
vuran nəğməkar, gözəl əl qabiliyyəti olan rəssam
tipli bir insan kimi təqdim edir. O, Fridrix Bodenştedtin Tiflisə
gəlməsini və Mirzə Şəfini özünə
müəllim tutmasını səmimiyyətlə təsvir
edərək yazır: "Mirzə Şəfi bir çox ibrətamiz
hadisələr danışır, Hafizin, Füzulinin, Xəyyamın
şeirlərini, nəğmələrini, öz nəğmələrini
oxuyurdu. Bax, bu şəxsi şeirlər qoşa qanada
çevrilərək hər ikisini bütün Avropada
dolandırdı. Bodenştedt isə öz müəllimini
layiq olduğu zirvəyə qaldıran tramplin rolunu
oynadı".
Akaki
Gelovani "Şərqdə min bir gün" kitabında
verilmiş nəğmələrin kimə məxsus olduğu
barədə qəti fikir yürüdərək yazır:
"Nəhayət, Mirzə Şəfi kim idi? "Min bir
gün"ün baş qəhrəmanı-nağıl
dumanına bürünmüş , həm
sağlığında, həm də ölümündən
sonra həyatın min bir əzab-əziyyətinə məruz
qalmış bu şəxs nə türk, nə də
farsdır; o müdrik insan böyük Azərbaycan şairi,
müəllimi, xəttatı, maarifçisi, real şəxsiyyət
olan Mirzə Şəfi Vazehdir".
Akaki
Gelovani F. Bodenştedtin nəğmələrə sahib
çıxmaq cəhdini gülunc hadisə adlandırır.
Şair-tərcüməçi daha sonra yazır: "Təbiidir
ki, bu kitabda gürcülərin dostu, böyük Azərbaycan
şair və maarifçisi Mirzə
Şəfiyə daha geniş yer veririk, çünki
şairin həyat və yaradıcılığının
böyük, ən məhsuldar hissəsi Tiflisdə
keçmişdir və o öz
yaradıcılığını bizim gerçəkliyimizlə
bağlamışdır".
Akaki
Gelovaninin ön sözündə müəlliflik barədə
mübahisələrə ehtiyatla yanaşılır. Azərbaycan
ədəbiyyatşünaslarının bəzən birtərəfli,
tendensiyalı nəticələrinə incə şəkildə
irad tutulur. Tədqiqatçının çox haqlı olaraq
gəldiyi obyektiv nəticə belədir: "Əgər F.
Bodenştedt öz ad-sanının ən yaxşı tərəfi
üçün Mirzə Şəfiyə borcludursa, Mirzə
Şəfi də Avropada qazandığı ad-san
üçün Bodenştedtə minnətdar olmalıdır.
Xilas etməkdən, məharətlə çevirməkdən,
Avropa nəşriyyatlarına, ensiklopediyalarına təqdim etməkdən
başqa Bodenştedt şairi həm də ən yüksək
şöhrətə layiq
olanların belə çata bilmədiyi bir zirvəyə
ucaltmışdır".
Akaki
Gelovaninin kitaba yazdığı ön sözə bu ibrətamiz
cümlələrlə başlaması təsadüfi deyil:
"Kitabların və müəlliflərin öz taleləri
var. Əziz oxucu, bu kitabda rast gələcəyin şeirlər
artıq bundan yüz il əvvəl Avropanın onlarca dilinə
tərcümə olunmuş, Almaniyada isə təqribən iki
yüz dəfə nəşr edilmişdir ki, bu da nəşr
tarixində nadir hadisədir".
Bu sətirlər
Tiflisi böyük məhəbbətlə sevən Azərbaycan
şairinə qardaş xalqın layiqli ehtiramının parlaq
ifadəsidir.
Şair-tərcüməçi
Akaki Gelovani yalnız Mirzə Şəfi nəğmələrinin
hədsiz şöhrət qazanması səbəblərini
araşdırıb şərh etməklə kifayətlənməyib,
həmçinin yuxarıda qeyd etdiyimiz kimi, müdrik şairin
hikmətli sözlərini də gürcü dilinə cevirib.
Akaki
Gelovaninin Mirzə Şəfidən tərcümə etdiyi 114
şeirin dili rəvan, poetik keyfiyyəti yüksəkdir.
Müdrik kəlamların poetik təsviri orijinal təsiri
bağışlayır. Görünür, şeirlərin
ruhunun yaxınlığı, mən deyərdim ki,
doğmalığı şairə bu şirin nəğmələri
alman dilindən kamil çevirməyə imkan vermişdi.
Tbilisinin
"Xelovneba" ("İncəsənət") nəşriyyatı Akaki Gelovaninin tərtib
etdiyi "Müdriklik simfoniyası" kitabını nəfis
şəkildə çapdan buraxıb. 800 səhifədən
ibarət olan bu kitabdakı bütün dövrlərin və
xalqların hikmət sahiblərinin aforizmlərinin tərcüməsi
və oçerklərin müəllifi də Akaki Gelovanidir.
Qürur hissi ilə demək yerinə düşər ki, bu kitabın Azərbaycan
bölməsini Nizami Gəncəvinin, digər müdriklərin
hikmətli sözləri ilə yanaşı, Mirzə Şəfinin
50 aforizmi də bəzəyir.
Bütün
bunlara görə Azərbaycan oxucusu da Akaki Gelovaniyə, onun gərgin
və təmənnasız əməyinə məhəbbətlə
yanaşır, bu əməyi yüksək qiymətləndirir
və dünyasını dəyişmiş şair-tərcüməçinin
parlaq xatirəsi önündə öz ehtiramını
bildirir. Azərbaycan xalqının böyük dostu Akaki
Gelovani 1996-cı ildə əbədiyyətə qovuşub.
Akaki Gelovaninin şəxsi arxivi
Gürcüstan Milli Əlyazmalar Mərkəzində mühafizə olunur. Arxivi Mərkəzə onun varisləri
2009-cu ildə fevralın 26-da
bağışlayıblar.
ALMAZ ƏLİZADƏ
525-ci qəzet.-
2014.- 2 dekabr.- S.6.