Qərbi Azərbaycan əyalətində gördüklərimiz - Maku şəhəri

 

Ötən həftə Azərbaycandan bir qrup jurnalist İranın Qərbi Azərbaycan əyalətinə səfər ediblər. Səfərdə əsas məqsəd iki ölkənin media qurumları arasında əlaqələrin inkişafı və möhkəmlənməsi, bölgənin potensialı ilə tanışlıq idi.

Bir həftə ərzində jurnalistlər Maku, Xoy, Mahabad və Urmiya şəhərlərində olub, hər bir şəhərdə rəsmi şəxslərlə görüşüb, iqtisadi və turizm potensialı ilə tanış olublar.

Maku - iki dağın arasında şəhər

Qərbi Azərbaycan əyalətinə səfərimiz  Maku şəhərindən başladı. Onu da qeyd edim ki, Maku qədim tarixə malik olan şəhərdir.  Onun tarixi 5500 il əvvələ gedib çıxır. Qədim dövrlərdə burada həm  albanlar, həm iranlılar yaşayıb.

Paytaxt Tehrandan 939 km aralıda yerləşən Maku, mülayim iqlimi olan, dəniz səviyyəsindən 1294 m hündürlükdə dağ ətəklərində yerləşən və yarımdairəvi formaya malik şəhərdir. Maku I Şah Abbasın hakimiyyət illərinin əvvəlində sadəcə bir qala idi. Maku Səfəvilər dövründə İrəvan şəhərindən köçmüş Bayat adlı Azərbaycan-türk tayfasına məskən olur. Bayatlar Pəhləvi dövrünə qədər (XX əsrin ortaları) Makuda hökmranlıq ediblər. Maku şəhərinin gözəl təbii landşaftı, çoxlu tarixi məkanı və zəngin təbiəti olan yerləri var. Onlardan mineral su bulaqları, Qalaçuq şəlaləsi, Mərakan qoruq zonası, Baxçe-Cuğ sarayı, məşhur Çaldıran düzünün və başqalarının adını çəkmək olar.

Ağrı dağın ətəyində yerləşən şəhərdə Urartu mədəniyyətinə aid nümunələr də tapılıb. Makunun bir özəlliyi də odur ki, iki dağın arasında yerləşir və şəhərin əsas meydanı iki dağın arasından keçir. Bura miladdan öncə 1100-cü ildə urartuların həm ovlaq, həm də mərkəzi yerləri olub. Urartulara aid yazılı kitabələr də tapılıb ki, burada onların hökmdarlarına aid məlumatlar əksini tapıb.

Burada Ağqoyunlu və Qaraqoyunlulara aid abidələr aşkarlanıb. Həmçinin Səfəvilərə aid abidələr mövcuddur. Hazırda ətrafına hasar çəkilən qədim Makuya aid şəhər də qalır. Orada cəbbəxanalar və anbarlar var. Orada hələ də insanlar yaşayır.

Şəhərdə Qafqaz mədəniyyətinə aid 3300 illik tarixə malik əşyalar tapılıb. Onların arasında parıltılı olan qara saxsılar da var. Bu Rusiyanın aşağı hissəsindən, xüsusən Azərbaycandan İranın Şəhri Kürd ərazisinədək inkişaf edib.

Sərdar Teymur Paşa  sarayı

Maku şəhərində gözəl tarixi abidələrdən biri də Qacarlar zamanı Müzəffərəddin Şah dövründə inşa edilən Sərdar Teymur Paşa sarayıdır (Baxçe-Cuğ sarayı). Bura Baxçe-Cuğ ona görə deyilir ki, eyniadlı kəndin 2 kilometrliyində yerləşir. Sarayda yaşayan hökmdarın adı Teymur Paşa olub ki, ona İqbalüd-dövlə də deyirdilər.

Bura şəhərə gələn turistlər tərəfindən daha çox ziyarət olunan abidələrindən biridir. Sərdarın özü Qərbi Azərbaycandan olub. Həyat yoldaşı Analı xanım isə İrəvan azərbaycanlısı olub. Sərdarın ikinci həyat yoldaşı da azərbaycanlı olub. Sarayın bir neçə yerində Analı xanımın rəsmi təsvir olunub.

Sarayda Sərdar ailəsinə məxsus demək olar ki, bütün əşyalar qorunub saxlanılıb. Sarayın memarlığı Avropa memarlıq üslubuna aiddir. Sarayın üz hissəsinə bir sıra heykəllər bənd edilib. Heykəllərin əllərində təsvir olunan üzümlər isə dini motivi göstərir. Bizans dövrünün abidələrində mövcud olan şir başlarının təsviri də bu memarlıq abidəsində var. Binanın üst hissəsində sütunların qabağa çıxması müşahidə olunur ki, bu da Bizans dövrünün simvollarından sayılır. Sarayın içərisində isə gözəl naxışlar var ki, bu da saraya xüsusi gözəllik verir. Binanın içərisindəki rəsm əsərlərində həm Avropa, həm də İrana aid nümunələr var.

Maku şəhərinin tarixini öyrənən arxeoloq Bəhmən Kargər deyir ki, sarayın tikintisi 30 ilə başa gəlib, ümumilikdə isə 160 illik tarixi var. Bağın ərazisi isə 11 hektardır. O deyib ki, abadlaşdırma işləri gedən zaman tarixi abidələri qoruyub saxlamaq və onların turizm məqsədi ilə istifadə etdirib iqdisadi gəlir əldə etmək niyyətindədirlər:

 

"Bu sarayın sahibi  Sərdarı Teymur Paşaya həm də iqbalüd-övlə deyilirdi. Həmin dövrdə bir müddət rəhbərlikdə olan şəxsə ləqəb verilirdi. Həmin sərdar Rusiya və digər qonşu ölkələrlə yaxşı ticari əlaqələr qura bilmişdi. Bu sarayın memarlığı da Avropa Memarlıq üslubuna aiddir. Sarayın üz hissəsində bir sıra heykəllər quraşdırılıb. Binanın üst hissəsində stunların qabağa çıxması müşahidə olunur ki, bu da bizans dövrünün simvollarından sayılır. Sarayın içərisində isə gözəl nəqqaşlıq işləri var ki, bu da saraya xüsusi gözəllik verir. Binanın içərisindəki rəsm əsərlərində, həm Avropa, həm İrana aid nümunələr var. Orada Makunun özünə aid mədəniyyət nümunələri də mövcuddur".

Arxeoloqun sözlərinə görə, Sərdar Teymur Paşa  sarayının 11 hektarlıq bağı Maku sərdarının yaylaq sarayı olub. Qışda isə şəhərin özündə olan evdən istifadə edirlərmiş. Bu bağda qədim dövrə aid alma və ərik bağları olub:

 

"Biz də istəyirik ki, həmin bağları yenidən bərpa edək. Bu bağları həm yenidən bərpa etmək, həm də ondan iqtisadi gəlir əldə etmək niyyətindəyik. Sərdardan sonra buradan bir müddət yaşayış olmayıb. Sonra İranın mədəni irslərin qorunması təşkilatı təxminən 30 il əvvəl buranı alıb. Bura mədəni irs kimi qeydiyyata alınıb və bərpa işləri görüləcək. Hazırda sarayın bərpa işlərinə başlanılıb və ilkin mərhələ işləri aparılır. Qacar dövründən sonra Pəhləvi Rza Şah dövründə bir müddət bu saray yay evi kimi istifadə olunub".

Sərdar Teymur Paşa saray kompleksinin rəhbəri Əhməd Rəhiminin sözlərinə görə, sarayın giriş hissəsini Qacarlar dövründə yaşayan iranlı memar işləyib:

 

"O, orada gül, kollar və meyvə şəkilləri çəkib. Bunlar da həmin dövrlərdə çəkilən rəsm əsərləridir və heç bir yenidənqurma işləri görülməyib. Binada yenidənqurma işləri kimi əsasən ağartma işləri görülür. Rəsm əsərlərinə isə toxunulmur. İkinci girişi isə rus memarı işləyib və rus memarlıq üslubuna uyğundur. Bu memarlıq abidəsi həm Qacar dövrünün, həm də çar rusiyasının memarlıq üslubunun qarışığıdır. İki mərtəbəli olan binanın birinci mərtəbəsi qonaq gələnlərin gözləmə salonudur. İkinci mərtəbə isə yaşayış sahəsidir. 40 il əvvəl dövlət burada bərpa işlərinə başlayıb və buranı muzeyə çevirib. Alış zamanı həm bina, həm torpaq sahəsi, həm də binadakı əşyalar alınıb. Hər bir otağa rənginə uyğun ad verilib. Rəsmlər arasında həm Avropa, həm də İran süfrə mədəniyyəti əks tapıb. Avropa süfrəsində yüngül yeməklər, İran süfrəsində plov kimi ağır yeməklər var. Evin içərisindəki əşyalar arasında Rusiya, Avropa, Fransa, Avstraliya, Polşadan gətirilən əşyalar üstünlük təşkil edir. Bunların da bir çoxu Avropa padşahları tərəfindən Maku sərdarına hədiyyə kimi gətirilib".

Daha sonra jurnalistlər İranın Türkiyə ilə üç sərhəd qapısından biri olan Bazarqan sərhəd-keçid məntəqəsinə baş çəkiblər. Bazarqan sərhəd-keçid məntəqəsinin rəhbəri Əlirza Abbaspur deyib  ki, Qərbi Azərbaycan əyalətinin Türkiyə ilə üç sərhəd-keçid məntəqəsi var:

 

"Razidə dəmir yoludur. Sero-həsəndərə sərhəd keçid məntəqəsi isə üçüncüdür. Bu sərhəd-keçid məntəqələri ipək yolu üzərindədir və neçə illərdir bu yollarla ticarət olunur. Bu sərhəd-keçid məntəqəsi 70 ildən artıqdır fəaliyyət göstərir. Bu məntəqə vasitəsi ilə ildə orta hesabla 16 milyard dollardan artıq ticarət dövriyyəsi həyata keçirilir. Ay ərzində bu məntəqədən 24 mindən çox yük maşını bu sərhəd keçid məntəqəsindən gediş-gəliş edir. Gündə 300-400 maşın gömrükdən keçir.  Bu yük avtomobillərindən bir hissəsi yük maşınlarıdır. Bu yük maşınları, Türkiyə, Əfqanıstan, Pakistan, Özbəkistan, Türkmənistan, Tacikistan, Hindistan və Azərbaycana gedir. Bir hissəsi isə İranda qalır və daxili ticarət üçün mallar gətirir və ya ixrac üçün mal aparır. İdxal olunan mallar əsasən ərzaq və sənaye müəssisələrinin istehsalı üçün avadanlıqlar və tikinti məhsullarıdır. Bunlar həm idxal, həm də ixrac olunur. Pambıq, parça və meyvə ixrac olunan məhsullardır. Hazırda iki ölkə arasında maşınların gediş-gəlişini asanlaşdırmaq üçün bu gömrükxanada ikinci xətt açılması nəzərdə tutulur. Hazırda ikinci xəttin açılması üçün tikinti işləri gedir ki, bu da yük maşınlarının gediş-gəlişini müvəqqəti olaraq çətinləşdirir.  Ə.Abbaspur deyib ki, İran dünyada ən yaxşı və təhlükəsiz tranzit ölkə kimi tanınır.

Bazarqan gömrük məntəqəsi Qərbi Azərbaycan vilayətində, Türkiyə ilə sərhəddə yerləşən Maku şəhərinin 20 kilometrliyindədir.

(Ardı növbəti sayımızda)

Pərvanə Sultanova

(Bakı-Maku)

525-ci qəzet.- 2014.- 2 dekabr.- S.5.