Xalq yazıçısı Anara Çingiz Aytmatov Mükafatı təqdim edilib
Xəbər verildiyi kimi, Azərbaycanın Xalq yazıçısı, Azərbaycan
Yazıçılar Birliyinin
sədri, Türkdilli Ölkələrin Yazıçılar
Birliyinin rəhbəri
Anar MDB Parlamentlərarası
Assambleyası tərəfindən
Çingiz Aytmatov adına mükafata layiq görülüb.
Noyabrın 28-də Sankt-Peterburqda, Tavriya sarayında keçirilən
mərasimdə mükafatı
laureata təqdim edən Rusiya Federasiyası Federal Şurasının
sədri V.İ.Matvienko
və Qırğızıstan
Parlamentinin sədri Ə.Ş.Jeenbekov Anarı
müasir dövrün
görkəmli yazıçısı
kimi səciyyələndirib,
ədibin Azəraycan sərhədlərindən
uzaqlarda da geniş tanındığını
qeyd ediblər.
Anar mükafatın
ona verilməsini qərara alanlara və mükafatı təqdim edənlərə
səmimi təşəkkürünü
bildirib, bu mükafatın böyük
yazıçı Çingiz
Aytmatovun adını daşımasından xüsusi
qürur duyduğunu deyib. Çingiz Aytmatovun
onu kiçik qardaşı adlandırdığını,
Moskvada nəşr olunan kitabına ön söz yazdığını önə
çəkən Anar
qeyd edib ki, mükafatın məhz bu şəhərdə,
Puşkinin və Blokun, Axmatovanın və Zoşşenkonun şəhərində təqdim
edilməsi də əlamətdardır: "1942-ci ildə, müharibənin ən şiddətli vaxtında SSRİ ərazisində
yalnız bir yerdə, blokada şəraitində yaşayan
Leninqradda dahi Azərbaycan şairi Nizami Gəncəvinin 800 illik yubileyi keçirilib. Bizimçün
bu hadisə mühasirə olunmuş şəhərdə Şostakoviçin
7-ci simfoniyasının ifası
kimi böyük bir rəmzdir - leninqradlıların yenilməz
mənəvi
gücünün rəmzi.
Və nəhayət, bu təqdimatın, tarixi Tavriya sarayında keçirilməsinin də
xüsusi əhəmiyyəti
var. İndi burada bizim ölkənin nümayəndələri də
çalışırlar, vaxtilə
isə burada Dumada Azərbaycan deputatları fəaliyyət
göstəriblər. Onlardan biri - Əlimərdan bəy Topçubaşov Dumanın müsəlman fraksiyasının rəhbəri
idi və mən minnətdaram ki, indi bu
binada Ə.Topçubaşovun
- 1918-ci ildə ilk müstəqil
Azərbaycan Respublikasının
banilərindən birinin
büstü ucalır".
Ənənəyə görə, şəhərin
ən şərəfli
qonaqlarına Petropavlovsk qalasından
top atəşi açmaq
imkanı verilir. Noyabrın 28-də, saat 12-də belə bir müstəsna imkan Anar üçün
yaradılıb.
Bundan sonra şəhərin ən böyük kitab evində - Rusiya Milli Kitabxanasında görüş olub. Burada Azərbaycan
yazıçısının kitablarından ibarət sərgi təşkil edilib. Kitabxananın baş müdiri
A.V. Lixomanov Anarı salamlayıb və toplaşanlara ətraflı
təqdim edib. Anar görüşə gələnlərə
yaradıcılıq planlarından,
Azərbaycan ədəbiyyatından
danışıb və
çoxsaylı sualları
cavablandırıb.
525-ci
qəzet.- 2014.- 2 dekabr.- S.2.