"Həyatda nəyəsə nail olmaq istəyirsinizsə,
özünüzə vaxt
ayırmalısınız"
Hüquqşünas, iqtisadçı Şahin Əliyev jurnalist Gülnar Məsimlinin suallarını cavablandırıb.
- Türkiyənin Mərmərə
Universitetinin hüquq,
ABŞ-ın Corc Vaşinqton Universitetinin isə maliyyə fakültəsini bitirmisiniz.
Hüquqşünas və iqtisadçı
- hər iki sahə istiqamət olaraq bir-birinin əksidir. İki fərqli ixtisası
seçməyə səbəb
nə idi?
- Məktəb illərində
"kim olacaqsan" sualına həmişə
"musiqiçi" cavabını
verərdim. Məktəbi qurtaranda valideynlərim
məni həkim görmək istədiklərini
bildirdilər. Onlara
hörmətim və sevgim sonsuz olsa
da, həkim olmaq istəmədiyimi dedim. Öz istəyimlə hüquq
fakültəsini seçdim.
Hüquq
fakültəsinə daxil
olanda atam narazılığını bildirdi.
Rəhmətlik atam özü
də hüquqşünas
idi və məni bu sahədə
görə bilmədiyini
belə əsaslandırdı
ki, sən təbiətcə çox
həssas, kövrək
insansan, hüquq sahəsində isə hisslərə yer yoxdur, sərt qayda-qanunlara birmənalı
şəkildə əməl
olunmalıdır. Məndən niyə bu sahəni
seçdiyimi soruşanda
isə ədalətin
təmsilçisi olmaq
istədiyimi bildirdim.
- Bəs iqtisadiyyat üzrə ali
təhsil almaq istəyiniz necə yarandı?
- Hüquq fakültəsini bitirəndən sonra hiss etdim ki, təhsilimi
daha da dolğunlaşdırmalıyam.
Bu baxımdan iqtisadiyyat sahəsini də öyrənməyin
vacibliyini anladım.
İqtisadiyyatın, maliyyənin incəliklərini
öyrənmək istəyi
məni ikinci təhsilə doğru yönəltdi. Bu gün geriyə nəzər salanda zamanında doğru qərar verdiyimə sevinirəm. İqtisadiyyat
üzrə ali
təhsil mənə biznes anlayışının
incəliklərini açdı
və geniş imkanlar yaratdı.
- Uğura doğru addımlamaq, uğur əldə etmək və uğuru saxlamaq - bunları bacarmaq üçün nə etmək lazımdır?
- Şübhəsiz ki,
uğur əldə etməyin açarı çalışmaq, çalışmaq
və bir daha çalışmaqdır. Əslində uğuru zəhmət və istedadın vəhdəti kimi görürəm. Uğuru
qoruyub saxlamağın
da bir şərti
var: hisslərini işə qatmamalısan. Qısa zaman ərzində böyük
uğura imza atan çox az insan
var. Onlardan biri kimi uşaqlıq dostum və bugünkü biznes partnyorum, gənc iş adamı, iqtisadçı Şahin Əlibəylini misal çəkə bilərəm.
Bir dəfə Şahinlə söhbət
zamanı ona buna oxşar sual verdikdə cavabı belə oldu: "Doğru zamanda doğru yerdə doğru insanlarla bir arada oldum. Çayın axarına düşsən,
o axar səni limana aparacaq".
- Bir iş adamı
olaraq iş prinsiplərinizi açıqlaya
bilərsizmi?
- Deyə bilmərəm ki, işlədiyim bütün biznesmenlərlə
yaxşı münasibət
qurmuşam. Həmişə nəzərə almışam ki, rəqiblərə düşmən
kimi yanaşmaq lazım deyil, onları məhv etmək cəhdi isə qətiyyən yolverilməzdir. Bu, insan təbiətinə ziddir. Əksinə, mən güclü
və ciddi rəqiblərə hörmət
edir, zəifləri isə bağışlayıram.
- Deyirlər
pulu xərcləmək onu qazanmaqdan çətindir...
- Bəzən
insan gənc olanda bunu yetərincə anlaya bilmir. Mən çox məsələdə valideynlərimi
örnək götürmüşəm. Atamın
gələcəyimlə bağlı nəsihətlərinə
həmişə qulaq asmışam. O, tez-tez təkrar
edirdi: "Sən hələ ki, oxu. Vaxtı gələndə
pul qazanacaqsan. Pul alətdir. Mən istəmirəm ki, övladlarım buna görə
öz qürurunu, şəxsiyyətini və şərəfini
itirsinlər".
Uşaqlığımda eşitdiyim bu sözlər
zaman-zaman məni daha sakit və təmkinli edirdi. Atamın nəsihətlərinə
əməl edərək gələcək işlərimi
qurduqca hər dəfə onun haqlı olduğuna əmin
oluram. Ağıllı insan
üçün pulu sistemli xərcləmək problem
yaratmalı deyil, məncə. Dostum Şahin Əlibəylinin
bir fikri ilə bu sualı tamamlamaq istəyirəm: "Məni
pullar varlı etmədi, imkanım olmayan vaxtlarda zamanın və
pulun investisiyası varlı etdi".
-
Dostunuzla iş birliyində olduğunuzu qeyd etdiniz, dostunuz
çoxdurmu və sizə görə dost kimdir?
-
Dostluğun mahiyyəti sevgi, sədaqət və
dürüstlüklə biçilir. Səmimiyyət
isə onun formuludur. Uşaqlıq dostum
Emin Zeynalovla da lap kiçik yaşlarımızdan
dostluğumuz davam edir. Şahin Əlibəylini az öncə qeyd etdim və daha bir neçə
yaxın dostum var ki, onlarla da səmimi münasibət
qurmuşam. Dünyanın bir çox yerində
dostlarımın olması faktı məni olduqca fərəhləndirir.
Xarici ölkələrdə təhsil
almağım bu baxımdan böyük rol oynadı. Dostlarımla hər görüşümüzdə
həm də öz təcrübəmizi bir-birimizlə
bölüşürük.
Biz vacib, amma təcili olmayan işlərimizi "bir
qutunun içinə qoyuruq" və heç vaxt onları
oradan çıxartmırıq.
Təcili məsələlərlə məşğul
olduqda isə bu işi tez həll etməyə məcburuq. Vacib işlər başa
çatdıqdan sonra hiss etməyə başlayırıq ki,
fasilə verməli, geridə qalan təcili, əhəmiyyətsiz
işlərə dönməliyik. Bir az
istirahət edib güc toplamaq zərurəti ilə
üz-üzə qalırıq. Beləliklə,
təcili və daha ciddi işlərimiz başlayana qədər
əhəmiyyətsiz məsələlər bizim boş
vaxtımızı doldurur. Belə
davranış modeli illərlə həyatımızda davam edə
bilər və nəticədə bəzən vacib məsələlər
də əlimizdən qaça bilər. Həyat da bu
yolda əriyib yoxa çıxmaqla bizi son məqamda olduqca pəjmürdə
edər...
- Təcili
işlər dedikdə nəyi nəzərdə tutursunuz?
- İlk növbədə qarşıya məqsəd
qoymaq, gələcəyi qurmaq, yeni əlaqələrin
axtarışına başlamaq, biliklər əldə etmək,
eyni zamanda qidalanmanıza diqqət yetirmək, şəxsi
biznesin açılmasına, bəzi neqativ vərdişlərimizin
pozulmasına səy göstərmək. Bütün bunlar
qısamüddətli perspektivdə heç bir nəticə gətirə
bilməsə də, gələcəkdə böyük irəliləyişə
səbəb ola bilər. Əgər siz
hiss edirsinizsə ki, həyatda heç nəyə nail ola bilmirsiniz, o zaman ehtimal ki, sizi gecikdirən təcili
işləriniz olub, amma əhəmiyyətli işlərinizi
onlara qurban vermisiniz. Əgər siz həyatda nəyəsə
nail olmaq istəyirsinizsə, özünüzə vaxt
ayırmalısınız. Bunun
üçün təcili işlərinizi mümkün qədər,
məsələn, bir-iki günlüyə də olsa, təxirə
salmalı olacaqsınız. Axı insanlar
gözləyə də bilər. Sizin
ikinci yarınız da, övladlarınız da gözləyə
bilər.
- Bəs
bu cür yanaşma eqoistlik deyilmi?
- Qətiyyən
yox. Çox tez-tez rast gəlinən və bir kənara
qoyulan bu vacib məsələlər başqalarına maksimum
fayda gətirəcək. Misal
üçün, siz öz sağlamlığınızı
yaxşılaşdıracaqsınızsa və insanlara
münasibətinizi dəyişdirəcəksinizsə, ətrafdakılar
da bundan faydalanacaq. Siz müdirinizin mənafeyinə deyil,
özünüzə uyğun olacaq yeni iş yaratsanız, bu,
sizin və ətrafdakıların xeyrinə olacaq. Çünki müdir burada eqoist tərəfdir və
yalnız özünü düşünməkdədir.
-
Sadaladıqlarınızın hər hansı bir qızıl
qaydası varmı?
- 5 illik
test. Siz təcili hallarda işlərinizi tarixə
salmağı qərarlaşdıranda öz şəxsi
görüşləriniz üçün 5 illik testdən
istifadə edin. Bu halda yalnız özünüzdən
soruşun: "Əgər mən bu işi qırağa
qoyaramsa, 5 ildən sonra nə olacaq?".
Çox tez bir zamanda hiss edəcəksiniz ki, zamanla
düşündüyünüz təcili işlər həyatınızda
bir o qədər də dəyişiklik etməyib. İndi isə əhəmiyyətli işlərinizi
öz prinsiplərinizdə tətbiq edin. Onlar
5 ildən sonra sizin həyatınıza necə təsir edəcək?
Əksər halda belə nəticələr
çox böyük olur və bu, təcili işlərə
yox deyib, vacib işlərə vaxt ayırmaq üçün ən
yaxşı səbəblərdən biridir. Nə etsəniz
də, o 5 il bənzərsiz keçəcək
və siz bu dəfə yanlış tərəfdə
özünüzü tapacaqsınız.
- Siz
keçmişə baxanda son 5 ildə həyatınızda
böyük addımlarınızı
görürsünüzmü? Siz yalnız təcili
işlərlə məşğul idiniz, yoxsa vacib işlərə
də diqqətinizi yönəltdiniz?
-
Özünüzə son 5 il ərzində
nə vəd edərdiniz? Cəsarət.
Düşünə bilərsiniz ki, insanların təcili
xahişlərini həmin an yerinə yetirəndə
şərəf hissi duyursunuz. Xahiş edirəm,
aldanmayın. Çünki qəlbinizin dərinliyində
bilirsiniz ki, bütün bunlar həyatınızı gecikdirməyiniz
üçün bir səbəbdir! Bəlkə
də sizdən ona vaxt ayırmağınızı istəyən
həmin insana "yox" demək üçün
böyük bir cəsarət, özü çox böyük
bir cəsarət tələb olunacaq. Zamanla
sizə "yox" demək daha asan olacaq. Sizin qısa
zaman gecikmələriniz bəzən insanları kədərləndirə
bilər və bu halda hətta özünüz də aciz ola bilərsiniz. Lakin insanların
çoxu sizi bağışlayar. Faktiki
olaraq insanlar sizin dəyərli vaxtınıza hörmətlə
yanaşacaqlar, onlar anlayacaqlar ki, sizin niyyətiniz ciddidir və
bu, ilk öncə sizi onların gözündə yüksəldəcək.
525-ci qəzet.-
2014.- 2 dekabr.- S.4.