"Tahir Salahov və gənclər" sərgisi açılıb

 

Məşhur rəssam, müasir Azərbaycan rəngkarlıq məktəbinin görkəmli nümayəndəsi, əsərləri milli incəsənət xəzinəsinin qızıl fonduna daxil edilmiş Tahir Salahovun ev-muzeyində "Tahir Salahov və gənclər" adlı sərginin açılışı olub.

 

AzərTAc xəbər verir ki, sərgi sənətkarın anadan olması gününə həsr edilib.

 

"İçərişəhər" Dövlət Tarixi-Memarlıq Qoruğunun direktoru Samir Nuriyev təbrik çıxışında qeyd edib ki, Tahir Salahovun ev-muzeyi Azərbaycan Prezidenti İlham Əliyevin 13 oktyabr 2011-ci il tarixli Sərəncamı ilə yaradılıb.

 

Tahir Salahov öz ev-muzeyinə 735 eksponat hədiyyə edib. Onların arasında rəssamın gözəl əsərləri, şəxsi əşyaları, xalça kolleksiyası və fotoarxiv vardır.

 

Ekspozisiya 3 mərtəbədə yerləşdirilib. Muzeydə memorial hissə vardır, ekspozisiyanın böyük bir hissəsi rəssamın yaradıcılıq fəaliyyətini nümayiş etdirir, yuxarı mərtəbədə onun emalatxanası vardır.

 

Açıldığı gündən burada mədəni tədbirlər keçirilir. Ötən il burada T.Salahovun yubileyi qeyd edilib.

 

S.Nuriyev sərginin təşkilinə kömək göstərdiyinə görə Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinə, "Rossotrudniçestvo" Agentliyinin nümayəndəliyinə və Rusiya Mədəniyyət-İnformasiya Mərkəzinin nəzdindəki "Sozvezdiye" klubunun kollektivinə minnətdarlığını bildirib:

 

"Tahir Salahov Azərbaycanın görkəmli rəssamı, pedaqoqu və professorudur. 1997-ci ildən Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti olan sənətkar Azərbaycan mədəniyyəti tarixində mühüm iz qoyub. O, xətlərin və rənglərin virtuoz ustasıdır, lakonik və dərin fərdi ifa manerasına malikdir. Tahir Salahov Azərbaycan-Rusiya münasibətlərinin, ölkələrimiz arasında humanitar əməkdaşlığın inkişafına çox böyük töhfə verib və verməkdədir. Bugünkü sərgi rəssamların yeni nəslinin formalaşmasına onun köməyini əks etdirir".

 

Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin deyib:

 

"Tahir Salahov Azərbaycanın görkəmli rəssamıdır, lakin biz onu həm də bizim, Rusiyanın rəssamı hesab edirik. O, öz yaradıcılığı və davranışı ilə həmişə Rusiya-Azərbaycan münasibətlərinin simvolu olub. Bu gün gənc rəssamların Tahir Salahovun əsərlərinin motivləri əsasında rəsm çəkməsi heç kimdə təəccüb doğurmur. O, rəssamların neçə-neçə nəslini ruhlandırıb və hələ bundan sonra da ruhlandıracaq. Tahir Salahov dəryadır, Azərbaycanın çox böyük sərvətidir".

 

V.Doroxin ona sağlamlıq və yaradıcılıq uğurları arzulayıb.

 

Dövlət Rəssamlıq Akademiyasının prorektorları Fuad Salayev və Səlhəb Məmmədov qeyd ediblər ki, Tahir Salahov həmişə həmkarlarına, gənc rəssamlara kömək edib, onları dəstəkləyib. Onun bir rəssam və vətəndaş kimi ölkə mədəniyyətinin inkişafına çox böyük kömək göstərdiyini vurğulamamaq olmaz. Onun

sayəsində Rəssamlar İttifaqının Naxçıvanda, Gəncədə filialları yaradılıb.

 

T.Salahovun əsərləri Rusiya və digər ölkələrin ən iri muzeylərində nümayiş etdirilir, dünyanın bir çox dövlət və xüsusi kolleksiyalarında saxlanılır. 1950-ci illərdən o, daim böyük ittifaq və respublika sərgilərində, akademik və tematik sərgilərdə iştirak edir.

 

Gənc rəssamların əsərlərindən ibarət sərgi nəsillərin varisliyini əks etdirir.

 

Sonra Rusiya Mədəniyyət-İnformasiya Mərkəzinin nəzdində fəaliyyət göstərən gənclərin "Sozvezdiye" yaradıcılıq klubu üzvlərinin konserti olub.

 

525-ci qəzet.- 2014.- 3 dekabr.- S.7.