"Əbədi zəncirin mübarək
halqaları"
Bu halqalar
zamanın dönəmlərində dartılmalara,
qırılmalara məruz qalsa da, bağları o qədər
möhkəm idi ki, hər şeyə rəğmən
ayrılmadı, qırılmadı, körükləndi
bir-birinə. Bu bağları bir-birinə daha sıx
düyünləyən bir də Mirzə Fətəli
Axundovlar, Əli bəy Hüseynzadələr, Əhməd bəy
Ağaoğlular, Hüseyn Cavidlər, Ziya Göyalplar, Əhməd
Cavadlar vardı. Türk mədəni
və siyasi düşüncəsinin Azərbaycanda səssiz-səmisiz
yarandığı XX əsrin əvvəllərində
Əli bəy Heseynzadənin "Türk-ittihadı" məfkurəsi
yarandı, siyasi türkçülük mühiti
formalaşmağa başladı. Onlar türklüyü
müsəlman ümməti anlayışından millət
müstəvisinə qaldırdılar.
Aramızda
hüquqi münasibətlərin olmadığı zamanlarda
dostluq, qardaşlıq münasibətlərini yaratdılar,
"Biz birik, heç bir fərqimiz yoxdur", dedilər. Və XX əsrin əvvəllərində
irfan işıqlarının həyatı bahasına başa
gələn milli özünüdərk prosesinin güclü
gedişi əsrin sonunda, XXI əsrin ilk illərində yenidən
ortaya çıxdı, mübarək halqaları daha sıx
bağladı.
Türkiyəlilər
sazın-sözün, ədəbiyyatın vətəni deyirlər
Azərbaycana, hər addımbaşı teatr salonu var deyirlər.
Haqlıdılar,
biz sənətə, ədəbiyyata, mədəniyyətə
düşkün millətik. Mədəniyyət və
Tanıtma müşaviri hörmətli Seyit Ahmet bəy də
dəfələrlə çıxışlarında bu məqamı
qeyd edib. Bəlkə də ona görədir ki, hörmətli
müşavir tez-tez Bakıda və bölgələrimizdə
mədəniyyət tədbirlərinin keçirilməsinə
səbəbkar olur, bu qədər zəhmətli işlərin
yükünü üzərinə götürür və
layiqincə də öhdəsindən gəlir.
Belə tədbirlərdən
biri də Türkiyənin Azərbaycanda keçirilən mədəniyyət
günləridir. Qardaş ölkənin Azərbaycandaki səfirliyinin,
xüsusən Mədəniyyət və Tanıtma
müşaviri, hörmətli Seyit Ahmet Arslan bəyin zəhmətilə
ərsəyə gələn Türkiyənin Azərbaycandakı
Mədəniyyət Günləri noyabrın 23-ü
axşamı Heydər Əliyev Mərkəzində iki ölkənin
Milli Marşları ilə möhtəşəm bir şəkildə
açıldı.
Mədəniyyət
və turizm nazirimiz Əbülfəs Qarayev həmkarı
Ömər Çeliki və başçılıq etdiyi
nümayəndə heyətini öz vətənlərində
salamladı. Ötən il Türkiyənin üç şəhərində
keçirilmiş Azərbaycan mədəniyyəti günlərindən
danışdı, maraqlı anları xatırladı,
ümidvar olduğunu bildirdi ki, Türkiyə Mədəniyyəti
Günləri də ölkəmizdə hadisəyə çevriləcək,
sevgiylə qarşılanacaq. Türkiyənin Mədəniyyət
və turizm naziri Ömər Çelik söhbətinə
dünyada tayı-bənzəri olmayan Türkiyə-Azərbaycan
qardaşlığından başladı: "Azərbaycanla
Türkiyə əbədi zəncirin mübarək
halqalarıdır. Bu halqalar zaman-zaman ağır sınaqlara məruz
qalıb. Lakin qırılmaq deyil, daha da möhkəmlənib,
bərkiyib, əbədiləşib. İndi bu mübarək
halqaları heç bir güc ayıra bilməz. Bizi bir-birimizə
bağlayan halqanın biri də çox dəyərli
irsimizdir. İrsimizi hər zaman dəyərləndirməli,
bu vəsilə ilə qardaşlıq əlaqələrimizi
daha da dərinləşdirməliyik".
"Kudret
ve Zafer bizlere miras dedemizden"
Tarihi
çevir nal sesi kısrak sesi bunlar,
Delmiş
Roma'nın kalbini mızrak gibi Hunlar.
Göktürkler,
Uygurlar, Oğuzlar, Peçenekler,
Türkün
yüce tarihine bin bir zafer ekler.
Dünya
atının nalları altında ezildi,
Kaç
Haçlı sefer göğsüne çarpınca kesildi,
Bir
gün gemiler dağlara tırmandı denizden,
Kudret ve
zafer bizlere miras dedemizden.
Rəmzi
Ocaq, Sancaq və Zəfər olan mehteranlar Zəfər
marşıyla səhnəyə gəldilər. Səsləriylə,
hayqırtılarıyla türk-islam aləmini əsrlərdir
ayaq üstə saxlayan mehtər musiqiləri aldı zalı
başına.Damarımızda qanımızı coşdurdu,
içimizdəki Türk, Vətən sevdasını oyatdı,
nəfəs verdi sanki, canlandırdı bizi. Avstriya
kralının yuxusuna haram qatan "Cəddin dədə"
bizə sevgiylə gəlmişdi. Bir də "Ceyranım gəl-gəl"
xalq mahnımızı mehteranların ifasında dinləmək
ayrı gözəllik idi.
İstedadlı
müğənnimiz Azərin mehteranlarla bərabər
"Çırpınırdın, Kara deniz" oxudu, kəlməylə
ifadəolunmaz gözəllik bəxş etdilər ruhumuza.
Sonra Mevləvi ayinlərinin ifadəsi olan Səma törəni
gəldi səhnəyə. Hər fırlandıqca
bükülü əllərini açıb göylərin
sahibinə təslim olan "Səma"çılar Allaha
sevdalanmışların mənzərəsini çəkdilər
səhnədə. Bənzərsiz rəqsləri ilə
insanın ruhuna hakim kəsilir, bərrak edir Şəbu-əruz
. Sonra İstanbul Tarixi Türk Musiqisi Topluluğu Mehteran
kollektivinin, Nilgün Kızılcının, Zafer
Albayrakın, Dövlət Xalq Rəqsləri Ansamblının
çıxışları türk mədəniyyətinin və
musiıqisinin təkrarsızlığını göstərdi.
Türkiyədən
Rənglər
Türkiyədə
əl sənəti, miniatürlər, suvenirlər, tikmələri,
bükmələr, toxumalar, oymalar, süfrələr, səccadələr,
keçələr, baş örtükləri, incik-muncuq kimi
bəzək əşyaları, daha nələri bu ölkənin
tarixi qədər qədimdir. Həm də şahlarına,
sultanlarına, xatınlarına, saraylarına layiq. Saysan saya gəlməz,
çoxu da xanım əllərinin məhsulu, möcüzələr
yaradırlar. Ən önəmlisi odur ki, bu incilər
günümüzdə də yaşanır, inkişaf etdirilir.
Bu sahə Türkiyədə turizmin inkişafına dəstək
verən ən dəyərli tanıtımdır. Məsələn,
Bursanın Cumalıkızık köyünün insanları əl
işlərinin məhsulu ilə keçinirlər. Bursaya gələn
turistləri mütləq Osmanlıdan yadigar qalmış
Cumalıkızıka aparırlar. Yerli və xarici turistlər
bu qədim köyü gəzməklə qalmır, əl sənəti
bazarlığı da edirlər. Köyün
xanımlarının öz qapılarından bişirdiyi
mürəbbələri, pişintiləri,
hazırladıqları turşuları, əl sənətlərini
sevə-sevə alıb, yadigar kimi vətənlərinə
aparırlar.
Bakı
Muzey Mərkəzində "Türkiyədən Rənglər"
adı altında açılan sərgidə də bu insan əlinin
yaratdığı nadir incilər nümayiş olunurdu.
Türkiyənin Azərbaycandakı səfiri İsmayıl
Alper Coşkun çıxış edərək, mədəniyyəti
günlərini mədəni hadisə adlandırdı və
bu işdə əməyi olanlara minnətdarlıq etdi: "Hər
başarılı bir işin arxasında bir qəhrəman
olur. Bu tədbiri qəhrəmanı isə Mədəniyyət
və Tanıtma müşavirimiz Seyit Ahmet Arslandır.
Sözün əsl mənasında Türkiyə Kültür
həftəsinin, Azərbaycanda təşkilində
böyük əməyi olan müşavir Seyit Ahmet bəyə
təşəkkürlərimi bildirirəm". Sonra əl sənətlərindən
ibarət sərgilərə və foto-sərgilərə
baxdılar.
Nizami Kino
Mərkəzində azərbaycanlı kinosevərlərə təqdim
olunan "Aşk tesadüfleri sever" filmi də maraqla
qarşılandı. Nümayişdən əvvəl
çıxış edən "Azərbaycanfilm"
kinostudiyasının direktoru Müşfiq Hətəmov,
Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin
kinematoqrafiya baş müdirliyinin idarə rəhbəri Mustafa
Yavuzkanat iki ölkə arasında müvafiq sahədə əməkdaşlıqdan
danışdılar. "Aşk Tesadüfleri Sever" filminin
ssenaristi Nuran Evren Şit, rejissor isə Ömər Faruk
Sorakdır. Bu filmi iki gəncin sevgiyə doğru aparan həyat
yolundan bəhs edir. Filimdə baş rollarda Mehmet
Günsür, Belçim Bilgin, Yigit Özşener, Altan Erkekli,
Ayda Aksel, Hüseyn Avni Danyal və başqaları çəkiliblər.
Rəşid
Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan və Türkiyə
aşıqlarının deyişməsi də çox maraqla,
sevgiylə qarşılandı. Saz türkün
qardaşıdır, könlünün, ruhunun dərddaşıdır.
Odur ki, düşmən sazımıza sahib çıxa
bilmir, çünki saz qanımız, canımızdır. Tədbirdə
çıxış edən Seyit Ahmet Arslan bəy Türkiyə
Kültür həftəsini iki qardaş ölkələrin
birgə mühüm layihəsi adlandırdı və bu
işin mədəniyyətimizin inkişafına verdiyi
töhfələrdən danışdı. Sonra hər iki
ölkənin tanınmış aşıqlarının
ifasında deyişmə keçirildi.
Türkiyəli aşıqlar Gültəkin Buludoğlu, Bahəddin Yıldızoğlunun, Mustafa Alkan, Temel Şahin eləcə də Azərbaycanın Qazax, Gədəbəy və başqa bölgələrimizdən olan aşıqları Bakıda keçirilən Türkiyə Mədəniyyəti Günləri çərçivəsində "Yozqat Blues" filmi nümayiş olunub. Baş rolları Ercan Kesal, Ayça Damqaçı və Tansu Biçer oynayırlar. 2013-cü ildə Türkiyə və Almaniya kinematoqraflarının birgə istehsal etdikləri bu filmin rejissoru Mahmud Fazil Coşqundur. Ssenari müəllifləri Tarık Tufan və Mahmud Fazil Coşqundur. "Yozqat Blues" filmi bir sıra beynəlxalq festivallarda nümayiş olunaraq, müxtəlif mükafatlara layiq görülüb.
"Nereye?" - ölüm korkusu olmayan yerə!..
Ölüm qorxusu olmayan yer varmı?-deyə, düşünürük həmin an. Əslində yoxdur, amma öz vətənində yaşamaq mümkün olmayınca insanlar xəyallarında ölüm qorxusu olmayan yer axtarırlar yaşamağa və xəyallarının dalınca gedirlər. Təəssüf ki, müasir dünyanın xəyal dünyası Avropadır. Hər kəs orada xoşbəxt olacağını zənn edir və kökündən qoparaq "xoşbəxt olmağa" gedir. Sonu isə "Nereye" tamaşasında olduğu kimidir. Azərbaycan Dövlət Dram Teatrında bir anşlaq vardı 26 noyabr axşamı. Qardaş Türkiyənin Mədəniyyət Günlərinin teatr bölümünə toplaşmışdı Bakının teatr sevərləri. Səhnə açılırkən müasir dünyanın acı mənzərəsi ilə üz-üzə qaldıq.
Güclərin kirli oyunları məsum insanların üzərində hökmfərmadır. Ucuz insan bazarına çevrilən Avropa , qüruru tapdanmış məsumlara xəyal kimi görünür nə yazıq. Öz torpaqlarında ölümdən, zülümdən qaçan günahsız insanların taleləri oxşardır, harda olursa olsun. Nə fərq edər türkdür, ərəbdir, əfqandır ya kürtdür. Bu həyatı onlara zəhər edən güc eynidir. Önəmli olan da bu. Onlar xəyallarla yaşayırlar, silah səsi eşidilməyən, yaşamaq təhlükəsi olmayan dünyara gedirlər - İtaliyaya. Amma ölümün qucağına qaçdıqlarından xəbərləri yox. Orada yetərincə pul qazanacaqlarını, var-dövlət sahibi olacaqlarını, istədikləri kimi həyat yaşayacaqlarını zənn edirlər. Budur insanlığın dramı. Kökündən qoparsa ağac bir daha
yeşərmədiyi, rişələnmədiyi kimi, elindən, soyundan, kökündən ayrılan insan da xoşbəxtliyə vara bilmir.
Qaçaq yolu ilə İtaliyaya getmək istəyən insanların həyatını, acı hekayəsini anladırdı Hüseyn Alp Tahmazin və rejissor Volkan Özgömeçin bira raya gətirdikləri "Nereye" tragikomediyası.
Günlərdir şəraitsiz, havasız, susuz kamyonda yol gedirlər, onları ayaqda tutan, ölməkdən saxlayan ümiddir. Və bir gün ümid də ölür - anasının qucağında ölümsüz dünyaya gedən Hüseyn kimi. Can Atillanın tamaşanın boyuna biçdiyi musiqi parçası aktyorlardan belə daha təsirli ifadə vasitəsi idi. Bəstəkarın özünün dediyi kimi qırılan ümidlərin, çarəsizliyin, üsyanın və itirilmiş insanlığın musiqisidir bu. Oyunçular Bülent Çiftçi, Şevki Cepa, Cebrail Esen, Sedat Keçeci, Esma Çankaya, Acan Ağır Aksoy, Turgut Alkaçır, Özlem Dede, Celal Murat Usnamaz, Önder Yıldız, Buğra Koçtepe və Sedat Anar sadə və günahsız insanların üzərində dünyanın apardığı oyunları bəzən qəhqəhələrlə, göz yaşları və hayqırtılarla çatdırırdılar. Bütün aktyorlara dərin minnətdarlığımızı bildiririk.
Nə qədər az olsa da, o faciənin içində biz də görünürdük. Elə bir ay, həftə yoxdur ki, Rusiyadan tabutda oğullarımız gəlməsin. Təsəllimiz isə odur ki, Türk dünyası olaraq bir gün qlobal aləmin kirli oyunlarına birliyimizlə cavab verəcəyik, bir də kökümüzə, türklüyümüzə körüklənməklə. Kamyon yolçularından biri Cemalın dediyi kimi "Biz sapına kadar türküz".
Mədəniyyət Günlərinin sonuncu tədbiri "Meraklısı için öyle bir hikaye" adlı monotamaşa idi. Mədəniyyət tədbirləri günlərində Akademik Milli Dram Teatrında ikinci dəfə idi ki, zal ağzına qədər dolmuşdu. Ankara Dövlət Teatrının aktyoru Savaş Dinçəli qurd ürəyi yemiş sənətkar adlandırmaq olar. Zövqlü Azərbaycan tamaşaçısının qarşısında təkbaşına iki saata qədər monoloq demək və sonda yarım saata qədər alqış yağışına tutulmaq. Türk ədəbiyyatında, hekayə və romanlarında balıqçı obrazı adətən dünyagörmüş, ərdəmli, kamil, xeyirxah yaşlı kişi obraz kimi təsvir olunur. Bu hekayədə də türk yazarı və şairi Səid Faiq Abasıyanığın hissi,duyğusu, özgürcə yaşaması, bəzən özgürcədən bezib bir qəfəsə həbsolma istəyi vardır.
Onun üçün həyat dənizin səsi, martıların uçuşu, bir azda sınıq-salxax vapurunda dənizdə balıq tutmasıdır.
Gedir və həyatı arxasınca səsləyir. Ya da həyatı qovalayar, həyatsa işvəli xanım kimi qaçar bu zavallıdan.
O da bezməz, insanı çaşdıracaq bir səbrlə gözləyər gəlməsini. Və sonunda bir də görürsən ki, həyatı nə arxasınca çağırmaq istəmiş, nə də qovalamaq, həyatı yanında aparmaq istəmişdir, yaşamaq istəmişdir, hər şeyə rəğmən, geriyə baxmadan.
Öz təbirincə, öz anlayışınca. Aktyorun uğuru Səzid Faiqi Azərbaycan tamaşaçısına necə vardısa eləcə tanıtmaqdır. Bunu yarada bilmişdi. Biz bu ifada Səid Faiq Abasıyanığı tanıdıq, türk insanının həyat, dəniz, yaşamaq sevdasını öyrəndik, ən üstünü də özgürcə yaşamaqdır, bir də iki saata qədər bizi oturduğumuz yerdən tərpənməyə qoymayan aktyoru tanıdıq.
Rəsmiyyə
RZALI
525-ci qəzet.-
2014.- 3 dekabr.- S.5.