Mənim doğma universitetim
Bakı Dövlət Universitetinin
95 yaşı tamam olur. Şərqdə ilk demokratik dövlət
kimi meydana gələn Azərbaycan Xalq Cümhuriyyətinin şah əsərlərindən
biri məhz Bakı Dövlət Universiteti idi.
Doğma
universitetimiz
fəaliyyət göstərdiyi
bu 95 ildə bir çox mübarizələrdən keçib;
1920-ci illərin müəllim-alim
çatışmazlığı, 1930-cu
illərin Sovet-kommunist
repressiyası və bu represiyanın qurbanlarından olan neçə-neçə universitet
müəllimi, 1940-cı illərin
rus-alman müharibəsi
və bu müharibənin universitetimizə
vurduğu ağır
zərbələr, 1950-1960-cı illərin azacıq da olsa Sovet
ideoloji sisteminin bəzi güzəştləri
və universitetimizin dirçəliş illəri,
1970-1980-ci illər ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi dövründə yeni yüksəliş dövrünə qədəm qoymuş universitetimiz və nəhayət, bugünkü müstəqillik
dövründə Azərbaycan
dövlətinin qayğısı
ilə indi dünya təhsil sistemində öz yeri olan Bakı Dövlət Universiteti.
Göründüyü kimi, universitetimiz enişli-yoxuşlu yol keçsə də, öz elmi-tədris potensialını gücləndirib
və müasir günlərimizə
möhtəşəm bir maarif ocağı
kimi daxil olub.
Mən bu doğma universitetin 2-ci kurs tələbəsiyəm. Cəmi bir il yarımlıq təhsil müddətində
universitetimizin möhtəşəmliyini
duymuşam. Ona dövlət qayğısının
şahidi olmuşam.
Universitetin yeni tədris korpusunun açılışında
möhtərəm prezidentimiz
İlham Əliyevin qürurla söylədiyi nitqini qəzetdən oxumuşam. Universitetdə
aparılan quruculuq işləri, tədrisin keyfiyyəti, elmin inkişafı, yeni təcrübə avadanlıqlarının
alınması və
s. məsələləri bu
müəssisəyə rəhbərlik
edən akademik Abel Məhərrəmovun çıxışlarından
bilmişəm. Lakin bir məsələ məni universitetimizin tələbəsi
kimi çox düşündürür. Bu da bu möhtəşəm
elm-tədris müəssisəsinin
yataqxanasının olmamasıdır.
Biz internetdən aldığımız
informasiyalardan bilirik ki, dünya universitetlərinin
reytinqi həm də onlarda təhsil alan xarici tələbələrin
miqdarı ilə ölçülür.
Bakı
Dövlət Universitetinin
köhnə, yararsız
yataqxanaları xeyli vaxtdır ki, sökülməkdədir. Ancaq
təəssüf ki, bir il bundan əvvəl sürətlə gedən
bu proses birdən-birə dayandırıldı.
Uzun müddət qaçqın
və köçkünlərin
məskunlaşdığı bu yataqxanalardan həmin ailələr köçürüldü. Prezidentin göstərişi ilə
onlar rahat mənzillərlə təmin
olundular. Lakin yataqxanaların
sökülməsi və
onların yerində vəd olunan müasir tipli yataqxana kompleksinin tikintisi xəyal olaraq qaldı. Bir tələbə-jurnalist kimi
mən onu da öyrənmişəm
ki, yataqxana kompleksinin çox gözəl və yaraşıqlı bir maket-layihəsi də hazırdır. Amma onun
tikintisi niyə ləngiyir, bunu öyrənə bilmədim.
"Bakı Dövlət
Universiteti Azərbaycan
xalqının milli sərvətidir".
Ümummilli liderimiz Heydər
Əliyev universitetimizi belə qiymətləndirib
və bir də onu deyib
ki, "Mən fəxr edirəm ki, Bakı Dövlət Universitetinin məzunuyam".
Mən də bu gün bir
tələbəsi kimi fəxr edirəm ki, Heydər Əliyevin məzunu olduğu bir universitetdə oxuyuram. İki il yarım
da keçəcək
və mən bu möhtəşəm universitetin məzunu olacağam. Çox arzu edərdim ki mən universiteti bitirəndə onun çoxdan layihəsinin hazırlandığı tələbə
şəhərciyinin yataqxana
kompleksinin, ən azı, qızğın tikintisinin şahidi olum. Belə bir şəhərcik
xarici tələbələrin
universitetimizə axınına
səbəb olacaq.
Ümummilli liderimizin xalqın
milli sərvəti adlandırdığı universitetimizin
reytinqi hamını heyran qoyacaq.
95 yaşın mübarək,
mənim doğma universitetim!
Nəzrin
İSKƏNDƏRLİ
Bakı Dövlət
Universiteti Jurnalistika
fakültəsinin II kurs tələbəsi
525-ci qəzet.-
2014.- 3 dekabr.- S.2.