Qarabağ müharibəsinin əfsanəvi
salnaməçisi
HƏRBİ OPERATOR SEYİDAĞA
MÖVSÜMLÜNÜN YADA DÜŞMƏYƏN 60
İLLİK YUBİLEYİNƏ
Millətin
yolunda özünü fəda etmək qədər şərəfli
bir ömür yaşamaq elə asan deyil. Hər millətin
sağlamlığı və gücü onun fərdlərindədir.
Sağlam və əqidəli fərdlərdən
güclü, cəsarətli millət formalaşar.
Böyük ideoloq, Azərbaycanın görkəmli dövlət
xadimi M.Ə.Rəsulzadə yazırdı: "Ah...nə vaxt
bir mücahid özünü fəda etdi ki, cəmaət onun
qədrini bilmədi? Cəmaətə qədr bilməyi fədakarlığın
ilə gərək öyrədəsən. Əvəzsiz
heç nə alınmaz. Fəda ol, qədr gör!"
İndi hər gün Azərbaycan televiziyasına tələsən
bu insanı görənlər bəlkə də fərqinə
varmırlar ki, o şəxs yaxın tariximizin canlı bir
salnaməçisidir və o adi bir ömür
yaşamamışdır.
Əslində
onun haqqında yazmaq elə asan da deyil. 60 illik yubileyi beş ay
əvvəl (onun doğum tarixi 1 avqust 1954-cü ildir)
ötüb keçsə də, o heç kimə bu məlumatı
ötürmədi. Bəzi dostlarımızın yoluxduğu
"yubiley xəstəliyindən " uzaq olan bu insanı həmin
hadisədə çoxları yada salmadı. (Nə hərbçi
dostlarımız, nə jurnalistlərimiz, nə hər hadisəyə
"diqqətli" mətbuatımız, nə də jurnalist
təşkilatlarımız). Mən bu cəhdi etmək istəyəndə
isə qətiyyən razılaşmırdı və bu
sözləri deyirdi:"Mən kiməm ki? Axı nə
etmişəm ki? Siz şəhidlərdən,milli qəhrəmanlardan
yazın. Əsl qəhrəman onlardır".
Bizim
Seyidağa Mövsümlü ilə
tanışlığımızın tarixi 1988-ci ildən
başlayır. O zaman Azərbaycan cəmiyyətində ciddi
hadisələr baş verirdi: Sovet rejiminin eybəcərlikləri
üzə çıxır, arxivlər açılır,
adının çəkilməsi qadağan edilmiş şəxsiyyətlər
ciddi təbliğ edilirdi. Azərbaycan Televiziyasında efirə
gedən "Dalğa" verilişinin ardınca
"Çay dəstgahı" da
tamaşaçıların böyük marağına səbəb
olurdu. Tələbəlik illərini yeni başa vurduqdan sonra
burada hazırladığım süjetlərə ciddi maraq
göstərənlərdən biri operator Seyidağa Mövsümlü
idi. Xatırlayıram ki, Hacı Zeynalabdin Tağıyevin
qızı Sara xanımı ilk dəfə çəkib efirə
verdim və bu tamaşaçıların böyük
marağına səbəb oldu. Seyidağa isə bu çəkilişdən
sonra əsl sayğı və dostluq münasibətini hiss
etdirdi. Bu səmimi münasibətimiz
sonralar daha da möhkəmləndi. Və hər ikimiz
könüllü olaraq Azərbaycan ordusunda xidmətə
başladıq. O, hərbi operator kimi, mən isə "Azərbaycan
ordusu"nun baş redaktoru kimi. Müdafiə Nazirliyində
binaların birində 5-ci mərtəbədə üzbəüz
otaqlarda əyləşirdik. Və onunla tez-tez "dərdləşirdik".
Onun
keçdiyi ömür yoluna diqqət edək. Seyidağa bir
peşəkar operator kimi uzun müddət
çalışıb və formalaşıb. Bakıdakı
Dəmiryolu Texnikumunu bitirdikdən sonra 1970-ci ildən Azərbaycan
Televiziya və Radio Verilişləri Komitəsində fəaliyyətə
başlayıb. Bir
müddət sonra Moskvada Ümumittifaq Teleradio İnstitutunun
teleoperator kursunu bitirib.
1988-ci ildə
Azərbaycanda başlanan milli-azadlıq hərəkatının
salnaməsini də yaratmağa başlayanlardan biri Seyidağa
bəy oldu. 1988-ci ilin dekabrın 5-dən 6-na keçən gecə
"Azərbaycanfilm" kinostudiyasının kinooperatoru Nizami
Abbas və rejissor Zaur Məhərrəmovla birgə
"Abşeron" mehmanxanasının damına qoyulmuş
kameralarla Azadlıq meydanında baş verən hadisələri
də çəkdilər. Sovet tanklarının köməyi
ilə əhalini ordan qovduqdan sonra isə əsgər və
zabitlər mehmanxanaya girib çəkiliş kasetlərini
almaq istədilər.
Lakin
oradakı insanların fədakarlığı ilə
Seyidağanın və dostlarının çəkdiyi kasetləri
gizlədib aradan çıxarmaq mümkün oldu.
Seyidağanın
həyatında unudulmaz hadisələrdən biri də 20
Yanvardır. Azərbaycan xalqının tarixində önəmli
bir günə çevrilən bu qanlı gecədə 100-dən
çox günahsız insanımız həlak oldu. 1990-cı
ilin yanvarın 19-da axşam Seyidağa televiziyada növbətçi
idi. Axşam saat 8-ə 10-15 dəqiqə işləmiş
Moskvanın xüsusi kəşfiyyat orqanlarının köməyi
ilə televiziyanın enerji bloku partladıldı. Rus əsgərləri
isə giriş və çıxışı
bağladılar. Sonra hadisə yerinə dövlət rəsmiləri
gəldi. Həmin günü gecə təxminən 1-ə
işləmiş dinc insanlara güllələr atıldı.
Bu hadisələrin efir vasitəsilə ictimaiyyətə
çatdırılmasında Seyidağanın böyük
rolu oldu.
Radionun
enerji bloku partladılmadığından efirə
çıxmaq mümkün idi. O, operator assistenti Azər
Muradovla efirə çıxdı və "Moyak"ın
dalğası ilə bu qanlı hadisə haqqında məlumatı
ictimaiyyətə çatdırdı (O zaman Seyidağa bu cəsarəti
göstərəndə televiziyada çalışanların
çoxu hələ günortadan ehtiyatlanaraq
çıxıb evinə getmişdi). Bir qədər sonra
silahlı əsgərlər Seyidağanı və digərlərini
gəlib həbs etdilər. Səhər saat 5-6 radələrində
general Dubinyak və general Ovçinnikov gəlib oraya
çıxdılar.
20 Yanvar
hadisələrini çəkmək elə asan olmadı.
Yanvarın 18, 19 və 20-də televiziyanın telekameralar olan
otağı bağlı idi (bu, qəsdən və bilərəkdən
edilmişdi). Çətinliklə bir kamera tapdıqdan sonra
çəkilişlər aparıldı.
Həmin
kasetlərin çoxu o zaman C.Cabbarlı adına
kinostudiyanın direktoru R.Fətəliyevə verildi.
Çünki R.Fətəliyev 20 Yanvar hadisələri
haqqında film hazırlayırdı. Həmin hadisələrdə
şair Bəxtiyar Vahabzadənin bir cəsarəti də onun
yadındadır. Ağır bir iztirab içində,
doluxsunmuş halda televiziyanın həyətinə daxil olan
Xalq şairi Bəxtiyar Vahabzadə erməni kapitanın
müşaiyəti ilə oraya yaxınlaşan general
Ovçinnikovun birbaşa üzünə tüpürüb
ona nifrətini bildirdi. Qəzəblənmiş generala o
adamın Xalq şairi və deputat olduğu söyləndikdə:
"Esli on bıl bı druqim, ya bı eqo srazu zastrelil!"(əgər
o başqa adam olsaydı, onu yerindəcə güllələyərdim!).
Yanvarın
21-də Azərbaycan Ali Sovetinin fövqəladə
sessiyasını çəkmək də ciddi problemə
çevrildi. Ali Sovetin qapılarında dayanan əli
silahlı rus əsgərləri çəkilişə imkan
vermirdilər. Seyidağa Xalq artisti Zeynəb Xanlarovaya
müraciət etdi. Zeynəb xanım heç tərəddüd
etmədən sürücü ilə kameranı göndərdi.
Lakin daha peşəkar kameraya ehtiyac vardı. Böyük
çətinliklə televiziyanın montaj otağına arxa
qapıdan daxil olub kameranı (TJK-nı) götürə
bildilər. Həmin tarixi iclası isə Xalq şairi
B.Vahabzadə və Xalq yazıçısı
İ.Şıxlı aparırdı. Müğənni
Lütfiyar İmanov da çox cəsarətli
çıxış etdi orada.
Yanvarın
22-də isə şəhidlərin dəfn mərasimi
keçirildi. O hadisəni çəkib tarixə
köçürən operatorlardan biri də Seyidağa oldu.
Yanvarın
24-dən 25-nə keçən gecə isə Sovet hərbçiləri
Seyidağanı tutmaq,ondakı kasetləri almaq istədilər.
Bu dəfə isə rejissor Vasif Babayevin (onu döyərək
tutub aparmışdılar) evindən zəng edib məlumat
verdilər ki, hədəfdə indi də sənsən,
ehtiyatlı ol! Gecə vaxtı Seyidağa ailəsi ilə (iki
körpə uşağı ilə birgə) kasetləri də
götürüb Buzovnaya getdi. Hərbçilər isə gəlib
onun qapısını bağlı gördülər.
Qonşulardan soruşsalar da, onun harada olduğunu kimsə deməmişdi.
20 Yanvar
hadisələri haqqında çəkilən "Qara
Yanvar" filmini Moskvaya - SSRİ Ali Sovetinin toplantısına
aparmaq da problemə çevriləndə Seyidağa
dostları Nizami Abbas və Tofiqlə oraya uçdular. Moskvada
azərbaycanlı deputatların və rus ictimaiyyəti
nümayəndələrinin iştirakı ilə həmin
filmi nümayiş etdirdilər.
Bu "fədakarlığı"
isə ona ağır başa gəldi. Bakıya qayıdanda
artıq onu işdən çıxarmışdılar.
Üç aylıq işsizlikdən sonra Ali Sovetin sədri
Elmira Qafarovanın köməyi ilə işə bərpa
olundu.
Seyidağanın vətənpərvərlik hissləri onu rahat buraxmırdı. Ermənilərin törətdiyi faciələr, torpaqlarımızı işğal etməsi onu döyüşə səsləyirdi. Elə bu hisslərin təsiri altında o,1991-ci ilin sonunda könüllü olaraq orduya getmək üçün Binəqədi Rayon Hərbi Komissarlığına müraciət etdi. Onu Şıxov briqadasına yazdılar. 1991-ci ilin dekabrın 18-də o, əsgər dostları ilə birgə "Dönmərik biz, dönmərik" marşını oxuyaraq Prezident Aparatı binasının qarşısından keçib Şəhidlər Xiyabanına getdilər və burada təntənəli andiçmə mərasimi oldu.
Həmin vaxt Şuşaya getmək üçün 24 nəfərlik bir tağım - dəstə formalaşdırıldı. (Əslində bununla da sonralar adına şeirlər yazılan, mahnılar qoşulan "Birinci batalyon" yarandı. Həmin mahnının müəllifi şair-bəstəkar Şahin Musaoğlu, ifaçısı isı Şəmistan Əlizamanlı idi).
1991-ci ilin dekabrın 9-da onlar Şuşada oldular. Yerli əhali bu cəsarətli Vətən oğullarını sevinclə, göz yaşları ilə qarşıladı. Bir haşiyə: indi o dövrdən çox illər ötəndən sonra Seyidağa həmin hadisəni doluxsunmuş, ağır qəhər içində danışır mənə. O hadisədən düz 23 il sonra.
Daşaltı və "Zapravka" istiqamətində ağır döyüşlər oldu ermənilərlə. Kərkicahanda baş verən döyüşlərin birində Seyidağa ayağından yaralandı. Onu əvvəlcə Şuşa xəstəxanasına,ordan isə vertolyotla Bakıya, xəstəxanaya çatdırdılar.
1992-ci il fevralın 19-da Müdafiə Nazirliyində Mətbuat Mərkəzinin operatoru kimi işə başladı. Həmin ilin fevralın 25-dən 26-na keçən gecə Xocalı soyqırımı baş verdi. Ağdamdan hadisə haqqında ilk məlumatlar daxil oldu. Təcili hadisə yerinə getmək, çəkiliş aparmaq lazım idi. Bu zaman millət vəkili Etibar Məmmədovla əlaqə saxlanıldı və o özünün "Soni" kamerasını Seyidağaya verdi (qeyd edim ki, həmin kamera hazırda "İstiqlal" muzeyində qorunub saxlanılır). Fevralın 26-da Seyidağa Ağdamda oldu. Özünümüdafiə batalyonunun komandiri Allahverdi Bağırovla görüşdü. Onun vasitəsilə, eləcə də meyitləri çıxarmaq üçün erməni hərbçilərinin komandiri Vitaliklə (həmin Vitalik indi Ermənistan ordusunda yüksək vəzifədə və general rütbəsindədir) əlaqə saxlanıldı.
Razılıq əldə edildikdən sonra Ağdamdan Əsgərana getdilər. Vitalik isə Allahverdiyə bildirirdi ki, bu hadisəni ermənilər yox, 366-cı alay törədib. Seyidağa Əsgəranda, Naxçıvanikdə ilk çəkilişlər apardı. Bu onun həyatının ən ağır məqamlarından idi. Erməni silahlılarının nəzarəti altında, qətlə yetirilmiş həmvətənlərinin faciəli görüntülərini lentə almaq həqiqətən dözülməz idi! Lakin o bu dərdə dözür və XX əsrin unudulmaz bir qətliamını lentə köçürürdü. Bunları dünyaya sübut etmək və gələcək nəsillərə çatdırmaq üçün edirdi. Özü belə danışır: "Meyitlərə baxanda ağlamaq istəyirdim. Lakin arxadan gələn erməniləri görüb dözürdüm".
Seyidağa Xocalı soyqırımı ilə bağlı fevralın 26-da çəkdiyi kaseti Az.TV-nin Qarabağ bölgəsi üzrə müxbiri Allahverdi Əsədova versə də, göstərmək mümkün olmamışdı. Sonradan, 1993-cü ilin əvvəllərində Seyidağa öz çəkdiyi kadrlar əsasında "Xocalı - əsrin faciəsi" adlı film hazırladı.Bu həmin hadisə haqqında ilk film idi (qeyd edim ki,həmin hadisə haqqında ilk tarixi-publisistik kitabı isə 1992-ci ilin mart ayında bu sətirlərin müəllifi hadisə yerinə gedərək yazıb və 30 min tirajla "Azərbaycan" nəşriyyatında nəşr etdirib. Bax:N.Yaqublu. "Xocalı Qırğını". Bakı,1992.).
1993-cü ilin iyulun 12-də Müdafiə Nazirliyində sənədli filmlər kinotelestudiyası yaradıldı. Bu zaman studiyanın arxivində 400-ə qədər videokaset, minlərlə foto-şəkil, çoxlu kino lenti toplanmışdı. Qısa bir zamanda Seyidağanın başçılıq etdiyi studiyada "Qan yaddaşı", "Azadlıq ordusu", "Səməd bəy
Mehmandarov", "Xocalı əsrin faciəsi", "Sərkərdə" kimi sənədli filmlər yaradıldı.
Yenə Seyidağanın ümumi rəhbərliyi ilə "And" hərbi verilişi hazırlanıb Azərbaycan televiziyası ilə ictimaiyyətə çatdırılırdı. O bu proqram vasitəsilə ilə də çalışırdı ki, insanlarımız vətəni sevsin, onun keşiyində dayansın, ordumuza ürəkdən bağlı olsun. Ən yaxın tariximizdə baş verənləri unutmasın.
Tanınmış hərbi operator Seyidağa Mövsümlü haqqında çoxlu xoş sözlər yazmaq mümkündür. Lakin düşünürəm ki,onun 60 illik yubileyi layiqincə qeyd olunacaq və orada daha rəsmi səviyyədə bu sözlər ona ünvanlanacaq, onun Vətən qarşısındakı xidmətləri əsl dəyərini tapacaq. Orden, medal almaq istəyindən uzaq olan, Vətənə təmənnasız xidmət göstərmiş bu insan yüksək mükafatlara layiq deyilmi? Niyə həqiqi xidməti olmuş fədakarlarımızı zamanında və sağlığında dəyərləndirməyək? Bəlkə Azərbaycan Televiziyasının və Mətbuat Şurasının rəhbərliyi bu yolda ciddi bir addım atıb ölkə rəhbərliyinə rəsmi müraciət ünvanlasınlar?
Yazımın sonunda isə böyük mütəfəkkir Əhməd Ağaoğlunun mətbuatımızn banisi Həsən bəy Zərdabinin dəfn mərasimində söylədiyi bir fikri xatırlatmaq istərdim. Əhməd bəy çıxışında "ulu babalarımızın bizə heç bir irs qoyub getmədiyindən" və "avamlıq, cəhalət, gerilik dolu bir mühitdə yaşamaq"məcburiyyətindən şikayətlənirdi. 60 illik yubileyi unudulan , yada düşməyən bu Qarabağ müharibəsi qəhrəmanı isə əsla narazı deyil. Səbəbi odur ki, millətinə, xalqına, təmənnasız xidmət edib, bu yolda ağır və şərəfli bir tarixin salnaməçisinə çevrilib, gələcək nəsillərə zəngin irs qoyub!
Nəsiman YAQUBLU,
tarix elmləri
doktoru
525-ci qəzet.-
2014.- 4 dekabr.- S.7.